12 sektorda sahibkarlara dəyən ziyan qiymətləndirilir ÖZƏL - AÇIQLAMA

"Hazırda 4 İşçi Qrupu yaradılıb və bu İşçi Qrupları həm maliyyə və iqtisadiyyat sektoruna dəyən ziyanın qiymətləndirilməsi, həm də sahibkarlara dəstəyin gücləndirilməsi ilə bağlı təkliflər hazırlayacaq. Burada əsas 12 sektorda sahibkarlara dəyən ziyan qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun əhəmiyyətindən və Fondun perspektivdəki fəaliyyət prinsiplərindən danışarkən deyib.

O bildirib ki, koronavirusa qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda koronavirusun iqtisadiyyatımıza, eləcə də sahibkarlara və vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmaı ilə bağlı dövlət büdcəsindən vəsaitin ayrılması həyata keçirilib:

"Bütün bunlarla yanaşı formalaşdırılan xüsusi Fond bu fəaliyyətlərin daha sistemli, daha çevik şəkildə həyata keçirilməsinə imkan verəcək. Nəzərə alsaq ki, ölkə Prezidentinin təşəbbüsü ilə sahibkarlara, eləcə də məşğul əhaliyə, muzdla çalışan vətəndaşlarımıza dəyən ziyanın minimumlaşdırılması ilə bağlı 1 milyard manat vəsait ayırılıb. Vəsaitin həm sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi, həm sahibkarların maliyyə dəstəyinin, həmçinin digər formada dəstək paketinin həyata keçirilməsi istiqamətində 4 İşçi Qrupu yaradılıb. İşçi Qrupları həm maliyyə və iqtisadiyyat sektoruna dəyən ziyanın qiymətləndirilməsi, həm də sahibkarlara dəstəyin gücləndirilməsi ilə bağlı təkliflər hazırlayacaq. Burada əsas 12 sektorda sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi, eyni zamanda sahibkarların subyektlərində çalışan muzdlu vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi, onlarla bağlı sahibkarların subyektlərinə maliyyə dəstəyinin nümayiş etdirilməsi, həmçinin yalnız maliyyə dəstəyi deyil, həm də, sahibkarların subyektlərinə vergi güzəştləri və digər formada dəstək həyata keçiriləcək. Bununla bağlı artıq meyarlar hazırlanıb. Bu meyarlar tam hazır olduqdan sonra sahibkarlara birbaşa dəstək nümayiş etdiriləcək".

Dəstək Fondu tərəfindən koronavirusa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin də həyata keçiriləcəyini əlavə edən millət vəkili bu tədbirlərin daha da gücləndiriləcəyini vurğulayır:

"Digər tərəfdən Prezident İlham Əliyevin Sərəncamına əsasən tibb işçilərinin əmək haqlarının 3-5 mislində artırılması əhəmiyyətli addımlar sırasında gəlir. Eyni zamanda bütövlükdə koronavirusun yayılmasının məhdudlaşdırılması ilə bağlı tədbirlərin də maliyyələşdirilməsi həyata keçirilir. Bu baxımdan, həm Fondun yaradılması, həm də Prezident tərəfindən Nazirlər Kabinetinə 1 milyard vəsaitin ayrılması ondan xəbər verir ki, Azərbaycan çevik şəkildə koronavirusa qarşı mübarizəni davam etdirir. Həmçinin koronavirusun sahibkarlara, sahibkarların subyektlərində çalışan vətəndaşlarımıza, özəl sektorda çalışan vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması ilə bağlı sistemli şəkildə addımlar atılır. Bu da koronavirusun Azərbaycan iqtisadiyyatına təsirlərini azaltmağa imkan verir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...