Qeyri-dövlət pensiyalarının tətbiqi mühüm sosial-iqtisadi vəzifələrin həllini hədəfləyir - RƏY

"Ötən əsrdən başlayaraq dünyada dövlətin rolunu xeyli gücləndirən fəal sosial dəstək tədbirləri böyük həcmdə vəsaitləri cəlb edir və bəzi ölkələrdə sosial xərclər hətta ümumi daxili məhsulun 30 faizini haqlayır. Lakin yaradılan iqtisadi potensialın sosial sferanın getdikcə artan maliyyə yükünə qatlaşa bilməməsi xüsusilə son qlobal böhranın fəsadlarından biri kimi ciddi şəkildə sezilməkdədir. Sosial dövlətin davamlı ekspansiyasının səmərəliliyini sual altına qoyan bu problem, eyni zamanda, belə ekspansiya imkanlarının tükənə biləcəyindən xəbər verir. İnsan kapitalının strateji önəmə malik olduğu müasir dövrdə maliyyə resurslarından daha səmərəli istifadə üçün realistik sosial siyasətin formalaşmasında ünvanlılığa və aktiv məşğulluq tədbirlərinə güc verilməsi ilə yanaşı, dövlət paternalizminin rasional sərhədlərinin müəyyənləşdirilməsi də həlledici amillərdəndir. Təsadüfi deyil ki, sosial sferanın əsas qolu olan pensiya təminatında yeni transformativ proseslər öhdəliklərin artan resurs yükünün məhz işəgötürənlərə və vətəndaşlara ötürülməsi ilə assosiasiya olunur". Bu barədə saytımıza açıqlamasında beynəlxalq təcrübədə pensiya islahatlarının əsas trendlərindən bəhs edən müstəqil ekspert Yalçın Müslümov məlumat verib.

Y.Müslümov deyib ki, problemin həllinə köklənən bu transformasiya prosesləri pensiya təminatının təşkilati-hüquqi formasının və maliyyə mexanizminin dəyişdirilməsini şərtləndirir: "Əhalinin gəlirlərində differensiallaşmanın güclənməsi, məşğulluğun ənənəvi modelindən fərqli yeni-yeni formalarının meydana çıxması, demoqrafik tərkibin sürətlə dəyişməsi müstəvisində konkret ölkədə bir neçə pensiya institutunun paralel fəaliyyət göstərməsi halları intensivləşir. Pensiyaların əvəzetmə əmsalının aşağı düşməsi tendensiyası da həmin sosial ödənişlərin mənbələrinin şaxələndirilməsi üçün əlavə pensiya sxemlərinin tətbiqini vacib edir.

Qeyri-dövlət pensiyalarına böyük ümid bəsləndiyini bildirən ekspert bu ödənişlərin sosial müdafiənin tərkib hissəsinə çevrilərək pensiyaçıların gəlirlərinin formalaşmasına və alıcılıq qabiliyyətinin saxlanmasına sanballı töhfə verdiyini vurğulayıb. Məsələn, özəl pensiyaların payı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə 49 faizlik ümumi əvəzetmə əmsalının təqribən beşdə birini təşkil edir, bəzi üzv ölkələrdə isə təşkilat üzrə orta göstəricini 2 dəfədən çox üstələyir.

Müxtəlif ölkələrdə pensiya sistemləri fərqli hüquqi status və maliyyə-iqtisadi modeli əsasında fəaliyyət göstərir ki, bu da ictimai quruluş və ənənələr, cəmiyyətin sosial tərəqqi baxışları, iqtisadiyyatın inkişaf səviyyəsi kimi amillərlə bağlıdır. Bu səbəbdən bir sıra ölkələrdə sosial müdafiə sistemində özəl pensiyaların funksiyası daha qabarıq şəkildə özünü büruzə verir, digər ölkələrdə əlavə pensiya təminatı qismində tətbiq edilir. Qeyri-dövlət pensiya sxemlərində iştirak isə konkret ölkənin pensiya modelinin xüsusiyyətlərindən asılı olaraq könüllü, məcburi və ya kvazi-məcburi qaydada olur. Başlıca olaraq, özəl pensiya fondları vasitəsilə reallaşdırılan qeyri-dövlət pensiya təminatı bəzən sığorta şirkətləri və bankların pensiya məhsulları, işəgötürənlərdə formalaşdırılan ehtiyatlar çərçivəsində həyata keçirilir".

Ekspert yığım vəsaitlərinin cəlb edilməsi yolu ilə uzunmüddətli investisiya resurslarını formalaşdıraraq iqtisadiyyatın inkişafına təkan verən qeyri-dövlət pensiyalarının mühüm makroiqtisadi əhəmiyyətini də qeyd edib: "Dünyanın bir çox ölkələrində özəl pensiya qurumları iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə böyük həcmdə vəsait yönəldən ciddi institusional investor qismində çıxış edir. İƏİT-in məlumatına görə, 2018-ci ildə üzv ölkələr üzrə özəl pensiya aktivlərinin ümumi həcmi 41,4 trln. ABŞ dolları olmuşdur (o cümlədən, ABŞ-da 27,6 trln. ABŞ dolları, Böyük Britaniyada 2,8 trln. ABŞ dolları, Niderlandda 1,5 trln. ABŞ dolları, Almaniyada 267,6 mlrd. ABŞ dolları, Baltikyanı ölkələrdə orta hesabla 4,5 mlrd. ABŞ dolları və s.)".

Sosial rifahın daha da yaxşılaşdırılması məqsədilə əhaliyə könüllü qaydada əlavə təminat imkanları yaratmaq üçün özəl pensiyaların tətbiqinin Azərbaycanda da aktual olduğunu diqqətə çatdıran Y.Müslümov məlumat verib ki, bu “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ilə müəyyən edilmiş hədəflərdən biridir. Ekspert qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsinin mürəkkəb prosess olduğunu, bu yöndə kompleks tədbirlərin reallaşdırılmasının vacibliyini vurğulayıb: "İlk növbədə, özəl pensiya sisteminin beynəlxalq təcrübəyə uyğun fəaliyyət texnologiyası tam aydınlaşdırılaraq konseptuallaşdırılmalı və pensiya vəsaitlərinin toplanması, investisiyalara yönəldilməsi, pensiya ödənişlərinin təyinatı və aparılması kimi biznes prosesləri, habelə bu proseslərin bütün iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən əhatəli hüquqi baza yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir proses öz növbəsində çoxsaylı elementləri daxil edir (məsələn, pensiya vəsaitlərinin toplanmasına benefisiarların cəlb edilməsi metodları, fərdi pensiya planlarının işlənməsi, pensiya təminatı müqaviləsinin hazırlanması və imzalanması, sığorta haqlarının məbləği, ödənilmə qaydası, pensiya hesablarının açılması, bu hesablar üzrə analitik (fərdi) uçotun aparılması, benefisiarın vaxtından əvvəl pensiya planından imtina etməsi və s. elementləri aid etmək olar) və bütün bunlar adekvat qanunvericilik normalarına söykənməlidir.

Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının, bu prosesə cəlb olunan idarəetmə şirkətlərinin və digər iştirakçıların fəaliyyətində maksimum informasiya şəffaflığı, aidiyyatı üzrə korporativ idarəçilik, daxili nəzarət, aktuar hesablamalar, monitorinq və risklərin idarə olunması praktikası təmin edilməli, sahə üzrə səmərəli uçot, hesabatlılıq, nəzarət və lisenziyalaşdırma sistemi qurulmalıdır. Toplanmış vəsaitlərin qorunub saxlanması və pensiya vəsaitlərinin idarə olunmasına dair çoxpilləli təminat və tələblərin nəzərdə tutulması da prioritet məsələlərdəndir. Bu məqsədlə özəl pensiya sığortasının ehtiyaclarına uyğun olan, iqtisadi inkişafa töhfə verən, şaxəlilik, gəlirlilik və yol verilən risk həddi arasında optimal tarazlığı saxlayan investisiya siyasəti işlənməlidir".

Y.Müslümov qeyd edib ki, ölkədə qeyri-dövlət əsaslı pensiya təminatının geniş vüsət alması həmçinin əhalinin gəlir səviyyəsindən, bu prosesdə işəgötürənlərin yaxından iştirakından, o cümlədən peşə pensiyalarının tətbiqindən, eləcə də təkmil maliyyə bazarının fəaliyyət göstərməsindən, cəmiyyətin özəl pensiya institutlarına inamından asılıdır: "Sahənin sürətli inkişafı üçün vergi güzəştlərinin və digər stimullaşdırıcı tədbirlərin tətbiqi də məqsədəuyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə