"Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ölkə iqtisadiyyatı üçün xüsusi önəm kəsb edir"

Ölkə iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi, aqrar sektor dövlətin diqqət mərkəzindədir. Bu sahənin inkişafı həm sosial, həm ölkənin iqtisadi maraqlarının təmin edilməsi, həm də ətraf mühitin qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Kənd yerlərinin inkişaf etdirilməsi, kəndin infrastruktur problemlərinin həlli, hər bir regionun təbii iqlim şəraiti nəzərə alınaraq kənd təsərrüfatının müvafiq sahələrinin stimullaşdırılması, suvarma, irriqasiya-meliorasiya tədbirlərinin həyata keçirilməsi və bir çox digər tədbirlər qeyd olunan sosial-iqtisadi və ekoloji problemlərin həllinə yönəlib. Bu baxımdan Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövrün tələbindən irəli gəlir və zəruriliyi ilə diqqəti cəlb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov deyib.

Ötən il idxal edilən düyü ölkə ehtiyatlarının 88,4 faizinə bərabər olub

O qeyd edib ki, statistikaya nəzər salanda maraqlı mənzərənin şahidi oluruq. Belə ki, 2000-ci ildə ölkədə 4463 hektar çəltik əkini sahəsi olmasına baxmayaraq, sonralar çəltiyin əkin sahəsində davamlı azalma meyilləri özünü göstərib və 2007-ci ildə 76,4 faiz azalaraq 1055 hektara düşüb. 2007-ci ildən etibarən subsidiya sisteminin tətbiqi ilə bu sahədə canlanma yaranıb və 2016-cı ildə artıq ölkədə çəltik əkinlərinin ümumi sahəsi 2,4 dəfə artaraq 2511 hektara çatıb. Amma bu göstərici də 2000-ci ilin göstəricisindən aşağıdır.

“Əgər 2011-ci ildə ölkəyə 18,93 min ton düyü idxal edilmişdisə, 2015-ci ildə bu göstərici 40,7 faiz artaraq 26,64 min tona qalxıb. 2016-cı ildə isə ölkəyə 48,2 min ton düyü idxal edilib və bu, həmin dövr üçün ölkədəki düyü ehtiyatlarının 88,4 faizinə bərabər olub. Qeyd edilməlidir ki, 2016-cı ildə ölkədə cəmi düyü ehtiyatları 54,5 min ton olub və bu ehtiyatların 76,1 faizi birbaşa ərzaq məhsulu kimi istehlak edilib. Göründüyü kimi, ölkədə düyüyə tələbat artmaqdadır. Nəzərə alsaq ki, düyü ölkə əhalisinin qida rasionunda əhəmiyyətli yer tutur və bu məhsul üzrə ehtiyatların əsas hissəsi idxal hesabına formalaşır, o zaman sahənin inkişaf etdirilməsinə ciddi ehtiyac var”, - deyə ekspert bildirib.

Sitrus bağlarının sahəsi davamlı olaraq artmaqdadır

Azərbaycanın kənd təsərrüfatında xüsusi yer tutan sitrus meyvələrinin istehsalı da xüsusi əhəmiyyət kəsb edir. Sitrus meyvəçiliyi həm regionun inkişaf etdirilməsi baxımından, həm də ölkənin ixrac potensialının artırılması baxımından dəyərlidir. Bu barədə danışan N.Şalbuzov deyib: “Ölkənin əsas sitrus meyvələrinə limon, kivi, portağal, feyxoa və naringi aiddir. Statistika göstərir ki, son dövrlərdə bu məhsullara maraq artmaqdadır və bu məhsulların bağlarının sahələri davamlı olaraq çoxalmaqdadır. Əgər 2000-ci ildə ölkədə 94 hektar portağal bağı mövcud idisə, 2016-cı ildə bu göstərici 2,7 dəfə artaraq 255 hektara çatıb. Bu artım bütün məhsullar üzrə müşahidə edilib. Belə ki, müqayisə olunan dövrdə limon bağları 4,8 faiz, feyxoa bağları 54,1 faiz, naringi bağları 52,9 faiz artıb. Kivi ölkəyə nisbətən yeni gətirilmiş məhsuldur və əsasən 2006-cı ildən istehsal edilməyə başlanıb. Sahənin ixrac potensialını nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlərin reallaşdırılması yüksək qiymətləndirilir”.

Hər il orta hesabla 18-20 milyon dollar həcmində çay idxal edilir

Ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutan məhsullardan birinin də çay olduğunu bildirən N.Şalbuzov qeyd edib ki, 2000-2010-cu illərdə çayçılıqda geriləmə müşahidə olunub. Bunu çay əkinlərinin sahəsindəki azalma da göstərir. Belə ki, 2000-ci ildə ölkədə çay əkinlərinin ümumi sahəsi 5392 hektar olduğu halda, 2010-cu ildə bu göstərici 9,2 dəfə azalaraq cəmi 587 hektar təşkil edib. Sonrakı dövrdə çayçılıqda canlanma müşahidə edilib və çay əkinlərinin ümumi sahəsi 2010-cu illə müqayisədə 73,1 faiz artaraq 1016 hektar olub. Buna baxmayaraq, bu göstərici 2000-ci ildəki göstəricidən 5,3 dəfə aşağıdır.

Ekspert bildirib ki, hər il ölkəyə orta hesabla 18-20 milyon dollar həcmində çay idxal edilməkdədir. Bu, ölkədə çaya olan tələbatı göstərir və sahənin inkişaf etdirilməsinin zəruriliyini bir daha sübut edir. Bu baxımdan sərəncamda çayçılığın inkişaf etdirilməsi ilə bağlı tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Əkin sahələrinin və bağların regionlar üzrə düzgün strukturlaşdırılması diqqət mərkəzindədir

“Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı müxtəlif aspektlərdən ölkə iqtisadiyyatı üçün xüsusi önəm kəsb edir”, - deyən N.Şalbuzov qeyd edib ki, bu sahələrin inkişaf etdirilməsi üçün seçilmiş rayonlar həmin istiqamətlərdə böyük təcrübəsi olan rayonlardır. Eyni zamanda, həmin sahələrin inkişaf etdirilməsi üçün müvafiq təbii-iqlim şəraitinə malikdirlər. Sərəncamda məhsulların əkin sahələrinin və bağlarının regionlar üzrə düzgün strukturlaşdırılması da diqqət mərkəzindədir. Bu da kənd təsərrüfatı istehsalının uğurlu təşkili üçün ilkin zəruri şərtlərdən biridir. Həmçinin istehsal infrastrukturunun inkişaf etdirilməsinə də xüsusi önəm verilir ki, bu da istehsalın səmərəliliyinin təmin edilməsində öz rolunu oynayacaq. Qeyd olunanlarla yanaşı, müvafiq nazirliklərin və yerli icra hakimiyyəti orqanlarının işə yaxından cəlb edilməsi istehsalçılara zəruri dövlət dəstəyinin vaxtında və effektiv şəkildə göstərilməsini təmin etmiş olacaq.

“Ümumilikdə, sərəncamdan irəli gələn tapşırıqlar hər bir məhsul üzrə dəyər zəncirinin bütün həlqələrini əhatə etməyə imkan verir. Tapşırıqlar və yerinə yetirilməli olan tədbirlər məntiqi ardıcıllıqla müəyyənləşdirilib ki, bu da gələcək müvəffəqiyyətin təmin edilməsində öz rolunu oynayacaq və hər bir sahə üzrə inkişafa nail olunacaq”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə