Ekspert: "Neftlə bağlı əsas qərarı ABŞ verəcək" AÇIQLAMA - SƏS TV

"Neft ətrafında baş verən proseslərin hamısı Rusiya iqtisadiyyatının çökdürülməsinə yönələn addımlardır. Dünyada neft sahəsi hazırda o qədər siyasiləşmiş prosesdir ki, burada iqtisadi tərəflər həddindən artıq azdır. Ona görə, hər hansı proqnoz vermək, mütəxəssis rəyi ortaya qoymaq çox çətindir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov deyib.

Mütəxəssis OPEK-in Dohadakı toplantısında razılığa gəlinməməsi haqda fikirlərini bildirib: "Toplantıda OPEK-in bütün üzvləri iştirak etmirdi. İclasda iştirak etməyən dövlətlərdən olan İran bəyan edib ki, gündəlik neft hasilatını 4 milyon barelə çatdırandan sonra OPEK-in neft hasilatını azaltmaqla bağlı təşəbbəsünə qoşula bilər. Belə olan halda aparıcı rol Rusiyaya məxsusdur. Bir qədər öncə Rusiyanın Sankt-Peterburq, sonra isə Moskva şəhərində görüş keçirilməsi ilə bağlı danışıqlar aparıldı. Nəticədə bu şəhərlərdə görüşlər baş tutmadı. Dohada baş tutan görüşün isə pozulacağını deyirdim. Çünki dünyanın böyük iqtisadi gücü olan ABŞ-ın istəyinin əksinə OPEK və bu təşkilatda aparıcı rola malik Sədudiyyə Ərəbistanı qərər qəbul etməyəcəkdi. Ona görə də görüş nəticəsiz oldu. Səudiyyə Ərəbistanı bəhanə gətirdi ki, OPEK-in bütün üzvləri toplantıda iştirak etmir. Guya Səudiyyə Ərəbistanı öncədən bilmirdi ki, toplantıya hansı üzvlər gələcək? Bu formal yığıncağın nə mənası var idi? Əgər orada qoyulan məsələyə "yox" deyəcəkdinizsə, yığışmaq nəyə lazım idi?".

F.Yusifov bildirib ki, bu qəbildən olan növbəti toplantının iyun ayında keçirilməsi nəzərdə tutulur: "İndidən deyirəm ki, o görüş də nəticəsiz yekunlaşacaq. Çünki, neftlə bağlı əsas qərarı dünyanın böyük iqtisadi gücü olan ABŞ verəcək. Həlledici səs o dövlətindir. ABŞ OPEK-ə üzv olmasa da, toplantılarda iştirak etməsə də siyasi iradə onlardadır və qərarı da onlar verəcək. İki ilə yaxındır neft ölkələri neft sənayesinə investisiyalar yatırmır. Çünki, hazırda bu, iqtisadi cəhətdən səmərəli deyil. Nəticədə isə neft hasilatı azalır. Neft sənayesinin ziyanla faliyyət göstərməsinə baxmayaraq, ABŞ bunu qəbul edərək işləri dayandırmır və siyasi oyunlar davam edir. Heç bir mütəxəssis neftin qiymətlərində hansı proseslərin gedəcəyini deyə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə