Araz Ağayev: "Azərbaycanda qazlaşdırma prosesi 90%-ə yaxınlaşıb"

"Hazırda Azərbaycanda qazlaşma prosesi 90%-ə yaxınlaşıb. Bununla belə, ilin axırına qədər ayrı-ayrı rayonlarda da qazlaşma ilə bağlı tədbirlər həyata keçiriləcək". Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın hər bir rayonunda müəyyən ərazilər var ki, hələ burada qazlaşma prosesi getməyib: "Ucqar dağ rayonlarında müəyyən yaşayış məntəqələrinin qazlaşması texniki cəhətdən çətinliklərlə müşayiət olunur. Bəzi yerlərdə relyef və evlərin bir-birindən pərakəndə halda yerləşməsi buna imkan vermir. Elə kəndlər var ki, burada məskunlaşma 10-15 evdən ibarətdir. Bu kimi ərazilərin qazlaşması iqtisadi cəhətdən səmərəli deyil. Qazlaşma prosesinin texniki cəhətdən çətinliklərlə müşayiət olunduğu yüksək və dağlıq ərazilər istisna olunmaqla, yaxın 1-2 il ərzində Azərbaycanın digər rayonlarında da bu işlərin başa çatdırılması gözlənilir".

Araz Ağayev son illər ölkənin bəzi ərazilərində təbii qaz xətlərinin yeraltı çəkilişi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, qaz xətlərinin yeraltı çəkilişi normativlərə uyğundur: "Bəzi ərazilər var ki, burada qaz xətləri yeraltı çəkilməlidir. Bu məsələdə heç bir normativ qaydaların pozulmasından söhbət getmir. Daimi olaraq avtomobillərin hərəkət etdiyi müəyyən ərazilərdə, yol kənarlarında qaz xətlərinin yerüstü çəkilməsi, ümumiyyətlə mümkün deyil. Lakin qaz xətlərinin yeraltı çəkilişi zamanı normativ qaydalara riayət olunmalıdır. Vətəndaşlar yeraltı və yerüstü olmasından asılı olmayaraq, çəkilən qaz xətlərindən sızma müşahidə etsə, dərhal 104 qaz-qəza xidmətinə müraciət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə