Ötən gün kənd təsərrüfatı naziri İsmət Abasovun 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransa Respublikasına səfəri başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Orn vilayətinin prefekturasında keçirilmiş mətbuat konfransında Fransa ilə müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrinin genişləndirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük önəm verildiyini diqqətə çatdıraraq bu səfərin əsas məqsədinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində konkret əməkdaşlıq istiqamətlərinin araşdırılmasından ibarət olduğunu bildirib. İ.Abasov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyinə dəstəklədiklərinə görə Azərbaycanın dostlarına öz təşəkkürünü ifadə edib. Xocalı soyqırımı ilə bağlı jurnalistlərin suallarına cavab verən nazir İ.Abasov bu faciəni insanlığa qarşı cinayət və bəşəriyyət tarixində ən ağır faciələrdən biri kimi qiymətləndirıb.

Daha sonra nazir İ.Abasov Orn vilayətində yerləşən Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna səfər edərək bu qurumun fəaliyyəti, genetika sahəsində həyata keçirilən tədqiqatlar, habelə Normandiya cinsinə məxsus olan inəklərin saxlandığı təcrübə ferması ilə tanış olub, bu cinsə məxsus olan inəklərin Azərbaycana idxal edilməsi imkanları müzakirə edilib.

Heyvanlarının süni mayalanması sahəsində Fransanın təcrübəsi ilə tanış olmaq məqsədilə nazir İ.Abasov "İMV Technologies" şirkətində olub və süni mayalama üzrə genişçeşidli məhsullara baxış keçirib. Nazir Orn vilayətinin Leql şəhərinə səfər edərək şəhərin meri cənab Tierry Pino ilə görüşüb. Səmimi qəbula görə minnətdarlığını bildirən Nazir İ.Abasov Fransanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi səyləri, Fond tərəfindən Fransada həyata keçirilən layihələr və Azərbaycanın Fransada geniş təbliğatı nəticəsində bu ölkə ilə qarşılıqlı münasibətlərin yeni müstəviyə qədəm qoyduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə