“Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqısını həyata keçirib. SİA xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, gəminin alınması layihəsi üzrə maliyyələşmə ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlardan əldə olunan vəsait hesabına həyata keçirilib.

Yeni alınan “Handysize” Prezident İlham Əliyevin tapşırığına əsasən “Murovdağ” adlandırılacaq.

Bu quru yük gəmisi də cari ilin mayında istismara qəbul edilən ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton dedveytə (yükgötürmə imkanına) malikdir. Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına şərait yaradır.

Ekoloji baxımdan beynəlxalq standartlara cavab verən, yanacaq sərfində qənaətcilliyə malik olan, yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilən bu gəmi 2020-ci ildə Yaponiyada inşa olunub.

Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin ilk səfəri Çindən Ekvadora, oradan isə Kolumbiyaya olacaq. Onun dekabrda təyinat limanına çatması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə