"Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi, eyni zamanda tədbirdə səsləndirilən fikirlər növbəti dəfə Azərbaycanın bölgə üçün mühüm əhəmiyyətə malik ölkə olmasını təsdiqlədi. Tədbirin əhəmiyyəti odur ki, Azərbaycan-Avropa İttifaqı əlaəqlərində yeni mərhələ başlayacaq, enerji layihələrində, o cümlədən bərpa olunan enerji mənbələrinin istismarı və şaxələndirilməsində əlavə imkanlar yaradacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa regionuna qaz və neft məhsulları ilə yanaşı, gələcəkdə yaşıl enerji ixracında da rolu artacaq, respublikamız bölgədə bütün növ enerji mənbələri üzrə aparıcı dövlətlərdən birinə çevriləcəkdir: “Tədbirdə çıxış edən ölkələrin dövlət başçılarının, o cümlədən, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun bəyan etdiyi kimi enerji təhlükəsizliyi Aİ-ni düşündürən birinci məsələdir və Azərbaycan tərəfdaş ölkə kimi bu bölgənin enerji təhlükəsizliyinin və sabitliyin təmin edilməsində rolunu daha da artırır. İstifadəyə verilməsindən 2 il keçməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi ilə 20 milyard kubmetrdən çox qaz nəql edilib. Ötən il Bakıda Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memoranduma gələcək planlar üçün aydın yol xəritəsidir və Cənub Qaz Dəhlizinin imkanlarının artırılması nəzərdə tutulur.

Məşvərət Şurasının iclasında da qeyd edildi ki, qarşıdakı əsas planlardan biri TAP kəmərinin nəql gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsidir. Bu, Azərbaycanın əlavə enerji mənbəyinə böyük ehtiyacları ödəməsi deməkdir. Yəni, ölkəmiz Aİ bölgəsinə həm ixracı, həm də enerjinin coğrafiyasını genişləndirir. Ümumilikdə, Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bunun üçün ölkəmizin resursları mövcuddur. Cənab Prezidentin bəyan etdiyi kimi ölkəmizin qaz ehtiyatları Azərbaycana və tərəfdaşlarına ən azı 100 il üçün kifayət edəcək”.
Millət vəkili bərpaolunan enerji ilə bağlı ölkəmizin imkanlarından da bəhs edib və bildirib ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir: “Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, azad etdiyimiz torpaqlarda isə bu ehtiyatlar 10 qiqavata yaxındır. “Azərbaycan həmin resurların istehsalı üçün beynəlxalq investorlarla çox mühüm sazişlər imzalayıb. Belə ki, həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal etmək üçün beynəlxalq investorlar olan “Masdar” və “Fortescue” şirkəti tərəfindən əməkdaşlıq başlanılıb. Eyni zamanda, “ACWA Power” şirkəti 2,5 qiqavat enerji istehsal edəcək. Bu, onu göstərir ki, Azərbaycan Avropa İttifaqı regionuna həm də yaşıl enerji ixrac edə biləcək. Artıq bununla bağlı 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb və bu ixrac marşrutu Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə