“Şəki-Oğuz” Aqroparkı aqrar sahənin inkişafına töhfələrini verməkdədir TƏHLİL

Ölkəmizdə yüksək iqtisadi inkişafa istiqamətləndirilən siyasət aqrar sahənin, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə və qeyri-neft sektorunun sürətli inkişafına səbəb olub. Bu, dövlət başçısının da qeyd etdiyi kimi, iqtisadiyyatın neft amilindən asılılığına son qoyulması deməkdir.

Bu gün ölkə iqtisadiyyatı özünün mühüm inkişaf mərhələsini yaşayır. Həyata keçirilən irimiqyaslı islahatlar, bu sahədə imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində iqtisadiyyatın artım göstəriciləri ildən-ilə yüksəlir. İqtisadiyyatımızın əsas istiqamətlərindən olan aqrar sahənin inkişafı isə artıq öz töhfələrini verməkdədir.

11 min hektarlıq qoz, badam və zeytun bağları

Azərbaycanın zəngin təbiəti, müxtəlif iqlim qurşaqlarına malik olması ölkəmizdə bütün növ meyvə-tərəvəzin yetişdirilməsinə, yüksək məhsuldarlığa imkan verir. Ulu Yaradan sanki bu torpaqlara öz qələmi ilə xüsusi çalar qatmış, hər bölgəmizi meyvə-tərəvəzin bir növünə “vətən” etmişdir. Meyvə-tərəvəzlərdən söz düşəndə həmin an almanın, şaftalının, narın, əriyin, zeytunun, kartofun, pomidorun, eləcə də qoz, fındıq və badamın hansı bölgənin təbiətinə, havasına, suyuna vurğunluğu da söhbətin mövzusu olur. Lakin öz “vətənləri” ilə yanaşı, bütün meyvə və tərəvəz növlərinın əkini ilə ölkəmizin bütün rayonlarında məşğul olunur. Bu gün bazarlarımızdakı bolluq zəhmət adamlarının torpağa tər verib, əvəzində zər almasının nəticəsidir.

Ölkə bazarlarındakı bolluğa xidmət edən subyektlərdən biri də Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkıdır.

Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuşdur.

2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın “Webster” şirkətinin təcrübəsi əsas götürülüb. Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.

Dövlətimizin başçısı Aqroparkın ərazisində ağac əkib

Prezident cənab İlham Əliyev dekabrın 2- də Oğuz rayonuna səfəri çərçivəsində “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına Aqroparkda yetişdirilən məhsullar təqdim edilmiş və məlumat verilmişdir ki, ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub. Bu il ilk dəfə olaraq “AzBadam” şirkətinə 1,2 ton məhsul satılıb.

Qeyd olunmuşdur ki, hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub. “Zirə Zeytun” şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması da nəzərdə tutulub.

Məlumat verilib ki, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub. Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib. Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.

Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub.

Dövlətimizin başçısının Aqroparkın ərazisində ağac əkməsini rəmzi mənası ilə yanaşı, həm də parkın gələcəkdə daha da genişləndirilməsi, məhsuldarlığının artması ilə aqrar sahənin inkişafına töhfəsi kimi də dəyərləndirmək olar.

Yeni suvarma suyu Aqropark ərazisinə həyat verəcək

Su həyatdır. Kənd təsərrüfatının inkişafında, məhsuldarlığın artmasında əsas şərtlərdən birincisi sudur. Su olan yerdə həyat vardır. Suvarma suyunun olması zəhmət adamlarının əməyinin hədər yerə getməyəcəyinə, onların, necə deyərlər, bir əkib, min götürəcəklərinə təminatdır. Təbii ki, əkinçilik və bağçılıqda ərazilər genişləndikcə, suvarma suyuna olan ehtiyac da çoxalır.

Bu mənada dekabrın 2-də dövlətimizin başçısı “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə də tanış olmuşdur.

Məlumat verilmişdir ki, “Şəki-Oğuz” Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi “Azdövsutəslayihə” İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.

Bu məqsədlə Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib. Eyni zamanda, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nasos stansiyasının xarici elektrik təchizatı üzrə 14 kilometr uzunluğunda 35 kVt-luq ikidövrəli elektrik xətti və 16 min kVt gücündə 2 transformator yarımstansiyası inşa edilib.

Oğuz rayonu ərazisində isə bu məqsədlə Ağçay üzərində suqəbuledici qurğu inşa edilib, 10,2 kilometr uzunluğunda metal boru, 160 metr uzunluğunda təmizləyici polad boru xətləri çəkilib və tutumu 2500 kubmetr olan basqılı su hovuzu tikilib.

Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə salmışdır.

“Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub

Prezident cənab İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda həm də “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoymuşdur.

Dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verilərək bildirilmişdir ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.

Qeyd edilmişdir ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur.

Zavodda həmçinin ilkin olaraq 40 yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğu da bildirilmişdir. Bu da yeni iş yerlərinin açılması və vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində təqdirəlayiq haldır.

İdtisadiyyatımızın inkişafı naminə...

1990-cı illərin əvvəllərində iflasa uğramış iqtisadiyyatımız müstəqilliyimizin bərpası illərindən sonra ötən dövr ərzində ilbəil gücləndirilmiş, inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunu ötən illərin iqtisadi yüksəlişlə bağlı statistikasında da görmək mümkündür. 90-cı illərdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması ilə ölkədə süni şəkildə yaradılan sosial-iqtisadi tənəzzül insanların maddi rifah halının aşağı səviyyəyə enməsi ilə yanaşı, onların iş yerlərini itirmələri ilə də nəticələnmişdi. Bütün bunlar isə ümumi əhali rifahına böyük zərbə endirmişdi. Əmək haqlarının az olması, iş yerlərinin bağlanması, ərzaq qıtlığı həmin illərin bu gün xatırlanan ən acınacaqlı anlarıdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının ötən illər ərzində ölkəmizdə uğurla həyata keçirilməsinin nəticələrini bu gün həyatımızın bütün sahələrində hiss edirik. Ölkədə torpaq islahatının aparılması, torpaqların öz sahiblərinə qaytarılması yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasında mühüm amil oldu. Kənd zəhmətkeşlərinə istehsal etdiyi məhsulu satmaları üçün şəraitin yaradılması, imtiyazların və uzunmüddətli kreditlərin verilməsi kəndli təsərrüfatlarının yaranmasına və sahibkarlığın inkişafına yeni üfüqlər açdı.

Ölkənin gələcəyə hesablanmış prioritetlər əsasında idarə olunması iqtisadi gücümüzü artırdı. Bunun nəticəsidir ki, təməli qoyulan bu zavod kimi hazırda ölkəmizdə yüzlərlə istehsal müəssisəsi fəaliyyət göstərir. Azərbaycan artıq yüzlərlə adda məhsul ixracatçısıdır. Yaxın gələcəkdə o məhsulların sırasına bu zavodun istehsalı olan qoz da əlavə olunacaq.

Ölkəmizdə qoz bağları sahələrinin daha da genişləndirilməsinə və bu zavodun ardınca neçə-neçə zavodların açılacağına böyük ümidlər bəsləyirik. Çünki bağlarımız nə qədər çox olarsa, istehsal zavodlarımız da bir o qədər çox olar. Bağlardan zavodlara daşınan məhsul isə ixrac üzrə ölkəmizi dünyada birinci edər.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə