Qədim Şuşa kitabxanalarının tarixi

30 ilə yaxın bir dövrdə Ermənistanın əsarətdə saxladığı qədim və əzəli Azərbaycan torpaqlarında mədəni irsimizə, tarixi abidələrimizə qarşı törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış kitabxanalar və kitab fondlarının bərpası, erməni saxtakarlığının qarşısının alınmasında, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, iqtisadiyyatı, elmi, təhsili və mədəniyyəti, baş vermiş münaqişələr, yerli əhaliyə qarşı erməni vəhşilikləri haqda məlumatların, bütövlükdə Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də dünya ictimaiyyətinə qərəzsiz çatdırılması hər birimizin qarşısına mühüm vəzifələr qoyur.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamı ilə ölkədə “Şuşa ili”nin elan edilməsi də xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Bu baxımdan Şuşa ilində Şuşa mədəniyyəti, kitabxanaları, kitab çapı, əhalinin mütaliə vərdişləri ilə bağlı araşdırmanın aparılması çox aktualdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir və sahəsi 289 km²-dir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci il may ayının 8-də rayon erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı 480 nəfər insan qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri, müqəddəs məbəd və məscidlər, kitabxanalar zəngin kolleksiyaları ilə birlikdə düşmən tərəfindən talan edilmişdir.İkinci Qarabağ müharibəsi nəticəsində 8 noyabr 2020-ci il tarixində doğma Şuşamız mənfur düşməndən azad edilmişdir.

Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, Qarabağ ərazisinə XIX əsrin 30-cu illərindən etibarən köçürülməyə başlayan ermənilər, bu torpaqların əsl sahibləri olmadığından və “gəlmə xalq” kimi zorla məskunlaşdırıldıqları torpaqlarda hər hansı bir elm, təhsil, mədəniyyət ocağının yaradılmasına nə bir təşəbbüs göstərmiş, nə bu sahəyə bir töhfə vermiş, nə də bu müəssisələrin rəhbəri olmuşdur. Qədim Şuşada tarixən ilkin kitabxanaların yaradılması, günümüzə qədər fəaliyyəti və inkişafı azərbaycanlılar tərəfindən həyata keçirilib. Ermənilər isə əzəli xislətlərinə uyğun olaraq yalnız məhv etmək, dağıtmaq, talamaqla məşğul olublar.

Apardığımız araşdırma nəticəsində aydın olur ki, Qarabağ ərazisində ilk kitabxana-qiraətxana məhz Şuşada yaradılmışdır. Şuşa Realnı məktəbinin fransız dili müəllimi Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada müsəlman qiraətxanası adı ilə şuşalılar üçün yeni kitabxana açmışdır. Bəzi mənbələrdə qiraətxananın 3 il ərzində fəaliyyət göstərdiyi və kitab fondunun 500 nüsxəyə çatdığı da bildirilir. Şuşa əsrlərdən bəri xalqımızın mədəniyyət mərkəzi kimi tanınmış və ilk kitabxana kimi ilk kitab çapı da Şuşada baş tutmuşdur. Belə ki, o zaman Şuşada məktəb şəbəkəsinin genişlənməsi dərs kitablarına tələbatı artırmış və bu da öz növbəsində kitab çapını zəruri etmişdir. Dövrünün görkəmli şəxsiyyətlərindən, mütərəqqi ziyalılarından biri olmuş Mir Möhsün Hacı Seyid Əhmədoğlu Ağamirzadə Nəvvab Qarabaği (1832-1918) 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya) üsulu ilə kitab çap edən mətbəə təşkil etmiş və burada dərs kitablarını, özünün, eləcə də müasirlərinin bir sıra məcmuələrini, dini risalələri çap etmişdir. Kitab çapı genişləndikcə onların toplandığı və istifadə edilə biləcəyi bir məkana da ehtiyac duyulurdu. Elm öyrənmənin, kitabın, mütaliənin əhəmiyyətini anlayan ziyalımız M.M.Nəvvab 1903- cü ildə Gövhərağa məscidinin həyətində növbəti kitabxana qiraətxananı da açmışdır. Hətta mənbələrdə bu kitabxanada onun oğlu Miriş ağanın da çalışması barədə məlumatlar qeyd edilib. Nəvvabın mətbəəsində çap edilən kitablar Şuşa kitabxanalarında mühafizə edilir və geniş oxucu kütləsinə təqdim edilirdi. Dövrünün alimləri həmin kitabxanalarda toplaşır və elm, təhsil, ədəbiyyat barədə müzakirələr aparırdı. Beləliklə, Şuşada elmi, mədəni, ədəbi mühit formalaşırdı.

Sonralar Şuşada 1924-cü ildə şəhər kitabxanası təşkil edilmiş və ilk zamanlar kitabxananın 4875 nüsxə kitab fondu, 269 oxucusu olmuşdur. Digər bir maraqlı fakt isə odur ki, dövrünün tanınmış ziyalısı, yarım əsrdən çox bir dövrdə Azərbaycan maarifi və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Xosrov Axundzadə (Şaiq) 1935-ci ildə Şuşa şəhər kütləvi kitabxanasına müdir təyin olunmuşdur. Təbii ki, pedaqoji və zəngin ədəbi irsi ilə yanaşı “Qarabağın tarixçisi”kimi də tanınan Xosrov Şaiqin kitabxanaya rəhbərlik etməsi də əhaliyə kitabxana xidmətinin və kitabxananın fəaliyyətinin yaxşılaşdırılması, fondunun zənginləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edirdi. 1938-ci ildə Şuşa şəhər kitabxanasının fondunda 4875 nüsxə ədəbiyyat, 269 nəfər daimi oxucu, Şuşa rayon kitabxanasının fondunda isə 12000 nüsxə ədəbiyyat, 695 oxucu var idi. Həmin ildə Şuşada uşaq kitabxanası da yaradılmışdır.

Sonrakı illərdə 1 mərkəz, 31 kitabxana filialından ibarət Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi istifadəyə verildi. 1977-ci ilin məlumatına əsasən Mərkəzi kitabxanada 50 minə yaxın kitab var idi. Yeni kitabxanada 160 yerlik oxu zalı, musiqi məktəbinin şagirdləri üçün linqafon zalı oxuculara xidmət edirdi. Kitabxananın müdiri Ruslan Əliyev idi. Kitabxanada mübadilə fondu yaradılmış və kənd əhalisinə bu fond vasitəsilə vaxtaşırı səyyar xidmət təşkil edilirdi. "Şuşa" qəzetində dərc edilmiş başqa bir məqalədə kitabxanada 2 şöbə- xidmət və uşaq şöbələri fəaliyyət göstərdiyi qeyd edilmiş, kitabxanada müxtəlif əlamətdar və tarixi günlərlə əlaqədar kütləvi tədbirlərin müntəzəm olaraq keçirildiyi də bildirilmişdir. Eyni zamanda göstərilir ki, kitabxana ölkədə dərc edilmiş “Pravda”, “Kommunist”, “Azərbaycan gəncləri”, “Bakinskiy raboçiy” qəzetləri və “Azərbaycan”, “Ulduz” jurnallarına da abunəliyi həyata keçirərək oxuculara xidmət zamanı dövri mətbuat nümunələri də təqdim edirdi. Kitabxananın fəal əməkdaşları arasında Ruslan Əliyev, Miniş Ələkbərova, Şura Həmzəyeva, Səmayə Rüstəmova, Tahirə Əliyeva, Ofelya Ağayeva, Zülfiyyə Məmmədova, Bəxtiyar Abdullayev, Lyudmila Vəliyeva fərqlənirdi.

Qeyd edək ki, rayonun yerli "Şuşa" qəzetində kitabxananın fəaliyyəti, qabaqcıl kənd kitabxanaları, fəal kitabxanaçılar haqqında vaxtaşırı məqalələr dərc edilir, geniş ictimaiyyət məlumatlandırılırdı. Qəzetin 1967-ci il 01 aprel tarixli sayında “Kitabxanalara ictimai baxış” adlı yazı dərc edilib. Bu yazıda göstərilir ki, rayonda 16 kütləvi kitabxana fəaliyyət göstərir, 5 kənd kitabxanası əsaslı təmir edilib. Rayon Mərkəzi kitabxanasında oxucuların sayı ötən ilin müvafiq dövrünə nisbətən 450 nəfər artmışdır. Qəzetin digər 1968-ci il 14 noyabr sayında dərc edilmiş “Kitabxanadan istifadə qaydalarına ciddi əməl etməli” adlı yazıda Şuşa rayon kitabxanasının müdiri Ş.Həmzəyeva oxucular tərəfindən geri qaytarılmayan kitablar barədə məlumat verir. Bu məlumata əsasən kitabxanada qismən də olsa hansı kitabların olması barədə informasiya əldə etmiş oluruq: Mark Tven “Şəhzadə və dilənçi”, Salam Qədirzadə “Başabəla Paşabala”, Əlfi Qasımov “Adilənin taleyi”, “İnsanın normal anatomiyası”, H.Mehdi “Qara daşlar”, Ə.Rzayev “Maldarlıq”, M.Qəniyev “Baytarlıq mikrobiologiyası” və s..

1991-ci ilin məlumatına gorə isə rayon MKS-də çalışan işcilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüsxə, oxucularının ümumi sayı 10 min nəfər təşkil etmişdir. 1992-ci il 8 may tarixində Şuşa rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, rayon ərazisində etnik təmizləmə əməliyyatı aparılmışdır. İşğal nəticəsində rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unikal kitablar yandırılmış və qiymətli nəşrlər məhv edilmşdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində maddi ziyan dəymişdir. Erməni vandallarının törətdiyi mədəni və mənəvi ziyanı isə rəqəmlərlə hesablamaq mümkünsüzdür.

İşğaldan sonrakı dövrdə 1993-cü il fevral ayından etibarən Şuşa kitabxanası Bakı şəhəri N.Nərimanov rayonu, Təbriz küçəsi 2 A ünvanında yaşayış binasının altında 3 otaqda fəaliyyətini bərpa etmişdir. Təbii ki, kitabxananın fonduna məxsus kitablar işğal zamanı məhv edilmiş, heç bir nəşr Bakıya gətirilə bilməmiş, bərpa olunmuş kitabxana isə ziyalıların dəstəyi və səyləri nəticəsində yeni kitab fondu ilə fəaliyyətə başlamışdır.
Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasovanın verdiyi məlumata əsasən Şuşa rayon MKS-nin yalnız 3 filialı işğaldan sonra fəaliyyətini çətinliklə də olsa bərpa etmişdir.

2007-ci ildə çap edilmiş “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” adlı ensiklopedik kitabda 2004-2005-ci illər üzrə regional kitabxanaların fəaliyyətinə dair bir sıra statistik göstəricilər təqdim edilmişdir. Burada 2004-cü ildə kitabxananın fondu 11037 nüsxə, kitab verilişi 2370 nüsxə, oxucuların sayı isə 395 nəfər olduğu göstərilir, 2005-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 19000 nüsxə, 9800 nüsxə, 420 nəfər idi. 2015-ci ilin məlumatına görə isə MKS-də kitab fondu 34912 nüsxə, oxucuların sayı 3871 nəfər, kitab verilişi 49212 olmuşdur. Halbuki işğaldan öncə 200 minə yaxın ədəbiyyat fondu olan Şuşa kitabxanası 10000 nəfərdən çox oxucu kütləsinə xidmət göstərirdi.

Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova ilə müsahibəmizdə aydın oldu ki, Şuşada ilk şəhər kitabxanasının yaranma tarixi 1897-ci ilin fevral ayı olduğu qəbul edilmiş, 2017-ci ildə isə indiki Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa kitabxanasının yaradılmasının 120 illiyi qeyd edilmişdir. Şuşa şəhər kitabxanasının 120 illiyi münasibətilə Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşları nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif edilmiş, direktor Gülsarə Abbasova Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

Kitabxananın fəaliyyətinə dair göstəricilərin təhlili onu deməyə əsas verir ki, erməni işğalı kitabxananın həm fondunun məhv edilməsinə, həm fəaliyyətinin geriləməsinə, bir sıra avtomatlaşdırılmış kitabxana proseslərinin ləngiməsinə, regionun hərtərəfli inkişafına böyük zərbə vurmuşdur. Burada təkcə 1 statistikaya nəzər salsaq aydın olur ki, 200 min dəyərli, unikal və tarixi nəşrin məhv edilməsi, mühüm tarixi faktların təhrif edilməsi, 1 regionun tarixi, mədəniyyəti, elmi, təhsili və bütövlükdə milli-mənəvi dəyərlərinin talan edilməsi deməkdir. Və qeyd edək ki, 200 min nüsxə təkcə Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olmuş kitabxanaların fonduna məxsusdur. Mənfur erməni quldurları Şuşada təkcə ictimai, kütləvi kitabxanaları deyil, orta məktəb, orta-ixtisas məktəbi, idarə və təşkilatlarda mövcud olan kitabxanaları, şəxsi kitabxanaları da yandırmış, evlərdə saxlanılan neçə-neçə qiymətli kitablar, əlyazmalar, nadir nüsxələr də tamamilə məhv edilmişdir.

İnanırıq ki, 2020-ci ildə qazandığımız zəfərdən sonra ən qısa zamanda kitabxana öz fəaliyyətiniəzəli torpağımız olan doğma Şuşada yeni qurulmuş ağıllı şəhər və kəndlərdə yenitipli modern “smart” kitabxanalarda davam etdirəcək.

Adilə Abdullayeva,
Tarix üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə