Şərəfli ömür yolundan soraqlar - Kazım Axundov-100

Qədim Azərbaycan torpağı Şuşanın yaddaşında yaşanan əsrləri əhatə edən tarixdə böyük salnamələr yaranıb. Müdrik ziyalıların nəfəsi duyulan bu torpaqda sözün əsl mənasında, həmişə xüsusi önəm kəsb edən milli mənəvi-dəyərlər əxz olunub. Ayna kimi saf və şəffaf, buz kimi soyuq bulaqlarından su içən, buranın gözəlliklərindən ilhamlanaraq yaşayıb-yaradanların ruhuna hakim olan dəyərlər onları zirvələrə yüksəldib. Gözəlliklər məkanında ruhi rahatlığa qovuşan insanları bir tərəfdən təbiətin gözəlliyi, digər tərəfdən isə onları əhatə edən insanların mənəvi keyfiyyətləri, nəcib hissləri, düşüncələri əhatə edib. Bir sözlə, Şuşanın yaradıcılıq, sənət duyğularından yoğrulmuş mühiti elinə, obasına bağlı olan və ali dəyərləri ilə bu torpağa şöhrət, şərəf gətirən məğrur ziyalılar yetirmişdir.

Şuşa mühitinin yetirdiyi insanların ismi Azərbaycanın ictimai-mədəni, elmi mühitində fəxarətlə hallanır. Bir sözlə, görkəmli şəxsiyyətlər yetirən ulu yurdumuzun qoynunda tarix boyu nəsillərimizə örnək olacaq dahi şəxsiyyətlər yetişmişdir. Bu alimlərin hər birinin Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafında xidmətləri vardır. Belə ziyalılardan biri də professor Kazım Fərrux oğlu Axundovdur.

Onun yaşadığı zamanının səhifələrini vərəqləyirik və tərümeyi-halına həkk olunan illər professorun şərəfli ömür yolundan soraqdır. 1922-ci il fevralın 28-də Şuşa şəhərində həkim ailəsində anadan olan Kazım Axundov 1935-ci ildə Bakı 1 saylı Tibb Texnikumuna daxil olub, feldşer sənətinə yiyələnib. 1938-ci ildən 1946-cı ilə qədər feldşer işləyib. 1952-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitar Gigiyena fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Milli Elmi Tədqiqat tibbi profilaktika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Kazım Axundov müxtəlif vaxtlarda ayrı-ayrı vəzifələrdə çalışıb.

1964-cü ildə SSRİ-nin "Səhiyyə əlaçısı" fəxri adını almışdır. Çox keçmir ki, 1970-ci ildə tibb üzrə elmlər doktoru dərəcəsinə, 1973-cü ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb. 1992-ci ildə isə professor diplomunu almışdır. Gigiyena elmi sahəsində 10 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru hazırlamışdır. Səmimiliyi ilə seçilən professor işində tələbkar və qətiyyətli olub. Məhz bu və ya digər keyfiyyətləri onu uğura doğru aparıb. Saysız-hesabsız elmi-metodik tövsiyələr, monoqrafiyalar, ixtiralar, elmi məqalələr və tibb elmi sahəsində kitabları işıq üzü görüb.

Vurğulayaq ki, o, 1970-ci ildə Azərbaycan Respublikasında içməli və məişətdə istifadə edilən su mənbələrinin – su ehtiyatlarının sanitar gigiyenik səciyyələndirilməsi və onların sanitar mühafizəsi sahəsində apardığı elmi tədqiqat işlərində əsasən, yaşayış məskənlərinin su ilə təchiz edilməsində nəticələr əldə etmişdir. Belə ki, yeni su mənbələrinin aşkar edilib öyrənilməsində su normativlərinin işlənib hazırlanmasında, suda tətbiq edilən reagentlərin gigiyenik qiymətləndirilməsində və s. sanballı elmi-praktik nəticələri ilə uğur qazamışdır.

Onu da bildirək ki, Kazım Axundov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən partiyanın üzvü olub.
Azərbaycanın əməkdar həkimi, Tibb elmləri doktoru, professor Kazım Axundov 2006-cı ildə dünyasını dəyişib. Dəsti-xətti, özünəməxsus cizgiləri, elmi fəaliyyəti və qənaətləri, nailiyyətləri keçdiyi ömür yoluna təkrarsız naxış salıb.

Bu gün artıq onun doğulub boya-çatdığı Şuşa şəhəri yeni dünyasını yaşayır. İşğaldan azad olunan şəhərdə nəhəng abadlıq-quruculuq işləri aparılır. Bu torpağın əzəli sakinləri tezliklə müasirliklə qədimliyin vəhdətində olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada həyatlarını davam etdirəcəklər. Nigaran, yorğun, həsrətli baxışlara yeni can gəldi, nəfəs gəldi.

Ruhu göylərdə haray qoparanlar da Zəfər günümüzə şahidlik etdilər. 100 yaşını qeyd etdiyimiz Kazım Axundovun da ruhu bu gün şaddır. Saysız zinəti, rəngi olan bu əsrarəngiz torpaqda ocaq qalanır, tonqal alovlanır, tüstüsü, atəşi ətrafa yayılır və bu torpağın əzəli sakinlərinin donmuş ruhları istilik tapır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə