Azərbaycan numizmatikasının XIV əsr incisi – Qarabağ gümüş dirhəmi - MÜSAHİBƏ
Müsahiblərimiz Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Qərbi Kaspi Universitetinin “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirovdur.
- Hörmətli müsahiblərim! Sizləri salamlayıram və bugünkü söhbətimizi Azərbaycanın mənfur düşmənə qarşı qurtuluş mücadiləsi verdiyi müasir dövrümüzdə doğma diyarımız olan Qarabağın tarixinə həsr etmək istəyirəm.
Bilirik ki, tariximizin faktiki tapıntılar əsasında öyrənilməsi vacib əhəmiyyət kəsb edir. Belə faktiki tapıntılardan biri də sikkələrdir. Xüsusən də sikkələrin numizmatik təyinatı tarixi Azərbaycan şəhərlərini müəyyən etməyə, bir sıra sosial, iqtisadi əlaqələri açıqlamağa yardım edir.
- Məlumdur ki, Azərbaycanda sikkə zərbi qədim tarixə malikdir. Bəs məhz “Qarabağ” sözü olan sikkələr məlumdurmu?
Aygün Məmmədova: - Sizi salamlayıram və belə bir aktual mövzuya müraciət etdiyiniz üçün təşəkkür edirəm.
Tariximizdən bəllidir ki, Azərbaycan xalqı müxtəlif mərhələlərdə xarici müdaxilə ilə üz-üzə gəlməli olmuş, yaxın və uzaq təcavüzkarların dağıdıcı hücumlarına məruz qalmışdır. Lakin xalqımızın mətin iradəsi, yenilməz əzmkarlığı sayəsində Vətənimizdə müstəqil hakimiyyət bərpa edilmiş, tariximiz qorunmuşdur.
2000-ci ildə “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə ümumilli lider Heydər Əliyev ona xas tarixi-siyasi təfəkkür və bəsirətlə, hakimiyyətin əsas müasir atributları sırasında pul vahidini qeyd etmişdir.
Azərbaycanın keçmişini, xüsusən də dövlətçiliyini səciyyələndirən bir sıra faktlardan biri də arxeoloji qazıntılarda və ya təsadüfi tapıntılarda aşkarlanan numizmatik faktlar – sikkələrdir.
100 illik yubileyini qeyd etməyə hazırlaşan AMEA Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın tarixi yaddaşını yaşadan məzəxdir.
Hörmətli alim, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə fəaliyyət göstərən muzeydəki fondlarda Azərbaycan ərazisində tapılmış tarixi faktlar qorunur. Belə fondlardan biri də t.ü.e.d, professor Yevgeni Paxomovun (1885-1965) zəhməti ilə təsis edilmiş və daha sonrakı dövrlərdə azərbaycanlı alim, t.ü.e.d., professor Əli Rəcəblinin rəhbərliyi ilə zənginləşdirilmiş Numizmatika Fondudur. Hazırda bu fondda 100 000-dək sikkə vahidi qorunur.
Numizmatika Fondunda Azərbaycan tarixinin müxtəlif mərhələrini əks etdirən sikkələr saxlanılır və onların bir qismi, təbii ki, muzeyin ekspozisiyasında nümayiş edilir.
Sualınızla bağlı qeyd etmək istərdim ki, Azərbaycan ərazisində tapılmış numizmatik artefaktlara əsasən, ölkənin əhalisi sikkə ilə Makedoniyalı İsgəndərin Şərq yürüşündən və Yunan-Makedoniya imperiyasının yaranmasından sonra – (eramızdan əvvəl III əsr) tanış olmuşdur.
Tarixi Alban dövlətində (e.ə. IV yüzil – eramızın VII yüzili) Mehranilər sülaləsi başda olmaqla Böyük Alban Knyazlığı (603–705) kimi mövcud olmuşdur. Ölkənin baş şəhərləri Qəbələ, Şamaxı və Bərdə idi. Albaniyanın geosiyasi mövqeyi antik və ilkin orta əsrlərin iri dövlətlərini özünə cəlb edirdi.
Antik Azərbaycanda sikkə zərbi eramızdan əvvəl III – I əsrləri əhatə etmişdir.
Beləliklə, hələ antik çağlardan Qarabağda sikkələr zərb edilmişdir. “Arranın anası” adlandırılan Bərdədə və Gəncə şəhərlərində sonrakı mərhələlərdə, yəni Sasanilər (III - VII əsrlər) və Ərəb Xilafəti (VIII – IX əsrlər) dövründə sikkə zərbinin davam etdiyi də numizmatik tapıntılarla təsdiqini tapır. Uyğun dövrün Azərbaycan sikkələrinin bir qisminə Qarabağın şəhərləri (Bərdə, Gəncə), digər qisminə isə inzibati ərazi adları həkk edilmişdir.
Azərbaycan Şirvanşahlar dövləti (VI yüzil – 1549-cu il) – ən uzunömürlü dövlət olmuşdur. Bu dövlətin ilkin rəhbərləri olan şirvanşah Məzyədilərin ( ) günümüzə qədər gəlib çatmış yadigarları – gümüş dirhəmlərinin “Arran” şəhər-zərbxanasının istehsalı olduğunu görürük.
Azərbaycanın orta əsr dövlətləri Sacilər (889 - 929), Salarilər (919 - 1062), Rəvvadilər (955 - 1071) və Şəddadilər (951 - 1199), Azərbaycan Atabəyləri (1136 – 1225) dövlətində hərbi-siyasi baxımdan qüdrətli Azərbaycan şəhərlərində (Təbriz, Marağa, Həmədan, Urmiya, Səlmas, Gəncə, Şəmkir, Naxçıvan) sikkə zərbinin icra edildiyi Azərbaycanda aşkarlanan tapıntılarla təsdiqini tapır.
Çingizilərin qolu olan Hülakülər (Elxanilər) dövləti (1256 – 1357) İran, İkiçayarası, Cənubi Qafqaz və Kiçik Asiyada hökmranlıq etmişlər. Marağa. Təbriz, Sultaniyyə şəhərləri bu dövlətin paytaxtları olmuşlar.
Dəfələrlə Mamlükilərlə uğursuz müharibələr edən Elxanilər həm də Cuçilər və Çağataylarla vuruşmuşlar. Hökmdar Əbu Səidin (1317 - 1335) vəfatından sonra bu dövlət parçalanmış və Çobanilərlə Cəlairilərin rəqabətinə obyektinə çevrilmişdir.
Sonuncu Hülakü xanları - Tuqa Timur 1353-cü ildə qətlə yetirilmiş, Ənuşirvan adından isə sikkə zərbi 1355-ci ilədək davam etmişdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan Elxanilər (1256 - 1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin gümüş dirhəmi yeganə numizmatik faktdır ki, bu dirhəmdə məhz “Qarabağ” sözü vardır.
- Çox maraqlıdır... Daha dəqiq desək, bu sikkə hansı Elxani hökmdarı dövründə zərb edilib?
- 17-ci Elxani xanı Ənuşirvanın (1344 - 1356) hakimiyyəti dövründə...
1,18 q çəkili bu gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: “sultan”, ikinci sətirdə uyğurca: “Ənuşirvan”, 3-cü sətirdə: “hakimiyyəti davamlı olsun”; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: “Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə”; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: “Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur”, ətrafında 4 xəlifə adları: “Əbubəkr / Ömər / Osman / Əli” sözləri zərb edilmişdir.
Bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan, Tovuz, Tərtər şəhərlərində olduğu söylənə bilər.
Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər.
Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Bu Qızıl Orda xanı Cani bəyin (1341 - 1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etməsi ilə əlaqədar baş vermişdir. Məhz bu ərəfədə Elxani xanı Məlik Əşrəf (1344- 1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir.
Numizmatik faktlara əsasən Elxanilər dövründə Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b. şəhərlərdə də sikkə zərbi icra edilmişdir.
- Ətraflı məlumat üçün sağ olun, Aygün xanım. Deməli, məhz Qarabağ sözü olan gümüş sikkə məhz Elxanilərin son hakimiyyəti dövrünə aiddir...
Nurlan müəllim! Sizin də namizədlik dissertasiya işiniz Azərbaycanın orta əsrlər tarixinin önəmli mərhələsi olan Elxanilər dövrünün tarixşünaslığına həsr edilmişdir. Bu dövrün araşdırıcısı və mütəxəssisi olaraq, Çingizxan varislərinin Azərbaycanı istilasının müsbət tərəfi nə idi?
Nurlan Nəsirov: - Müasir dövrümüzdə belə bir mövzuya müraciət etdiyiniz üçün təşəkkür edirəm. Elxanilər tarixini açıqlayan yazılı qaynaqlar, faktiki tapıntılar (xüsusən arxeoloji materiallar), tarixi əsərlərdən məlumdur ki, bu dövlətin ərazisi Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanırdı. Gürcüstan, Trabzon imperiyası, Konya sultanlığı, Kilikiya çarlığı, Kipr krallığı, Heratın müəyyən qismi Elxanilərdən vassal asılılığında olmuş, vergilər ödəmişlər.
“Bölgə hökmdarı” və ya “xana bağlı torpaqlar” titulları ilə adlandırılan, Çingiz xan (1155 – 1162? - 1227) varisləri olan - Elxanilərin ilkin inancları sırasında - şamanlıq dini, Günəşə, Aya inam yer almış, yuxuyozma, numerologiya və d. elmləri vüsət almış, Hülaqu (1256 - 1260) və Abaqa (1266 - 1281) Tibetin bilici şəxləri – lamalarla məsləhətləşmiş, Urmiya, Xoy şəhərlərində çoxsaylı abidələr inşa etdirmişlər.
Lakin Aygün xanımın da qeyd etdiyi kimi, bu dövrün sikkələrindəki əsas İslam kəlmələri (Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur), hicri təqvimə uyğun zərb tarixi və müsəlman təqvimi aylarının qeyd edilməsi göstərir ki, Elxanilər nəticədə İslamı qəbul etmişlər. Xüsusən də Qazan xan ( ) dövründə İslam dini rəsmi din elan edilmişdir.
Elxanilər dövlətinin yaranmasıyla türk boylarının sayı artmış, Yaxın Şərq və xüsusən Anadoluda türkləşmə, Qızıl Orda dövlətində islamlaşma prosesi sürətlənmişdir. Məhz bu cəhət, yəni islamlaşma elxani istilasının müsbət tərəflərindən biridir.
- Bütün bu proseslər təbii ki, dövrün ticarət əlaqələrinə də təsirsiz qalmamışdır...
Nurlan Nəsirov: - Elxanilər dövründə Yaxın və Uzaq Şərq ölkələri, hətta Avropa arasında olan ticarət əlaqələri genişlənmiş, elmi, mədəni mübadilə artmışdır.
İtaliya, Hindistan tacirlərinin dövrün ən zəngin şəhəri olan Təbriz şəhərinə gəldiyi tarixi məlumatlarda qeyd edilmişdir.
Elxani istilasına qədər Azərbaycan, Güscüstan, eləcə də Kiçik Asiyanın ticarət yolları və geniş otlaqlarını Qızıl Orda xanları idarə edirdilər. Bəzi məlumatlarda hətta idxal olunan məhsullara görə vergi alınmaması da qeyd edilir.
Qara dənizdən Azərbaycanın cənub hissəsinə uzanan ticarət yollarını mənimsəmək üçün Elxanilərlə Cuçilər arasında müntəzəm olaraq müharibələr baş verirdi. Bu mübarizədə qalib olan tərəf Cənubi Qafqaza sahib olmaqla yanaşı həm də Avropaya olan karvan yoluna nəzarəti ələ keçirmək şansı qazanacaqdı. Zəngin təbii ehtiyatlara və otlaqlara malik Azərbaycan monqolları cəlb edirdi...
- Dəyərli məlumata görə çox sağ olun Nurlan müəllim. Elxanilərlə Cuçilər arasındakı bir əsrə yaxın mübarizə dünya tarixində müəyyən iz qoymuşdur...
Nurlan Nəsirov: - Bu iki sülalə arasındakı müharibələr üç mərhələyə - 1262, 1318 və 1318-1357-ci illərə ayrılmaqla tədqiq edilir. Təbii ki, bu illərdə hərbi-siyasi hakimiyyət bir dövlətdən digərinə ötürülməsi ilə tarixdə iz qoymuşdur.
Nəticədə Cuçilır Ulusu ilə Hülükülərin belə mübarizəsi hər iki dövlətin iqtisadi və siyasi maraqları ilə əlaqədar baxımdan əlverişli olan ərazilərin işğalı ilə əlaqədar idi. Dəşti Qıpçaq, Cənubi Qafqaz, İran, Xorasan, Asiya, Misiri əhatə edən geniş regionda baş verən mübarizə həm milli, həm də dünya tarixi gedişatına təsirini etmişdir.
- Aygün xanım, bilirik ki, müasir dövrümüzdə Elxanilər dövrünə orta əsr şəhərlərindən bəzilərinin adları yalnız sikkələrdə qalmışdır...
Aygün Məmmədova: - Haqlısınız... Müsahibədə qeyd etdiyim şəhərlərdən əlavə Elxanilər dövründə həm də Gülüstan (Şamaxı yaxınlığında qala), Varran (İsfəhan yaxınlığında), Urmiya, Əlincə, Sarayi-Mansuriyyə (Muğan düzündə), Səlmas (Urmiya gölündən şimali-qərbdə), Qazaniyyə (Arquniyyə də adlandırılır, Təbriz yaxınlığında məntəqədir), Əcnan (Naxçıvanda mis mədənləri ilə zəngin məkan), Şəhristani-Raşidi (Təbriz şəhərindən cənub-qərbdə) və d. şəhər-zərbxanaların fəaliyyət göstərdiyi numizmatik faktlarla təsdiqini tapır.
- Müasir dövrümüzdə milli təhsil sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Universitet tələbələrinə tariximizin tədrisi və maarifləndirilmə işi hansı yeniliklər var?
Nurlan Nəsirov: - Qərbi Kaspi Universitetinin müdiriyyəti və müəllim-professor heyəti müasir təhsil tələblərinə cavab verən tələbləri tədris prosesində tətbiq edirlər. Online dərslər zamanı müvafiq qaydalara riayət edilməklə müəllimlərə tələbələr əlaqə yaradırlar, dərsliklər və digər ədəbiyyatları elektron formada təqdim edirlər. Müxtəlif elektron prezentasiyalar vasitəsilə tarixi mövzuları tədris edilir, diplom işlərində aktual mövzular işıqlandırılır.
Məlumdur ki, müasir dövrümüzdə xarici dil biliyi beynəlxalq arenada tanınmağımız üçün vacib əhəmiyyət kəsb edir. Bu məqsədlə Qərbi Kaspi Universitetində müxtəlif dil kursları təşkil edilmiş, metodik vəsaitlər və digər ədəbiyyatlar çap edilmişdir.
- Çox sağ olun. Maraqlı müsahibə üçün Sizlərə təşəkkür edirəm. Ümidvaram ki, aktual mövzulara həsr edilmiş müsahibələrimiz davamlı olacaqdır!
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB