Dəyişən reallığa uyğunlaşan mədəniyyət FOTOLAR

Rəqəmsal fəaliyyətin dövrün tələblərinə uyğun təşkili mədəniyyət subyektlərinin gələcək fəaliyyətinin səmərəliliyinə xidmət edəcəkdir. Bu və digər mövzuları iyulun 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal dünyanın yeni mədəniyyət məkanlarına inteqrasiyası və insanlara psixoloji təsiri” adlı elmi vebinarda iştirak edən alim və mütəxəssislər müzakirəyə çıxarıblar. Mərkəzdən SİA-ya bildirilib ki, vebinarda Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın baş müəllimi, professor, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “İkinci nəfəs” psixologiya mərkəzinin direktoru, psixoloq Natiq Muradbəyli, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, BMA-nın Elmi tədqiqatlar laboratoriyasının müdiri Nuridə İsmayılzadə mövzu ətrafında açıq müzakirələr aparıblar.

Mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və daha çox onun müxtəlif istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqteyi-nəzərdən müzakirə olunub.

Vebinarda, həmçinin mərkəzin elmi katibi Cavid Əliyev, elmi işçisi Səadət Şirinova, metodist Sevinc Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, koronavirus sayəsində dünyanın bütün inkişaf etmiş texnologiyaları bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və digər sistemlərini qaçınılmaz dəyişikliklərə məruz qoyub. Unifikasiya, mədəni deqradasiya, yad tendensiyaların yeridilməsi, ənənəvi dəyərlərin dəyişikliklərə uğraması, yeni peşə münasibətləri meyarının meydana gəlməsi və s. bu kimi amillərin aktuallaşması müasir dövrdə sahə əməkdaşlarından öz işlərinə ikiqat məsuliyyətlə yanaşmanı tələb etdiyini bildirən A.Usubəliyev mövcud istiqamətdə qısa müddət ərzində gücləndirilmiş təlimlərin təşkil olunacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə