Müslüm Maqomayevə həsr olunan müsabiqədən öncə nə baş verib?

Dekabrın 8-də Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsinin final mərhələsindən öncə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında xarici ölkə səfirliklərinin nümayəndələri, Truskavets şəhər meriyasının rəhbərliyi, münsiflər heyətinin üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu müsabiqədə çox istedadlı vokalistlər iştirak edirlər.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir. Beynəlxalq vokalistlər müsabiqəsi artıq ənənə halını alıb və gələcəkdə bu cür müsabiqələrin keçirilməsi üçün dəstək göstəriləcək.

Azərbaycanın Ukraynadakı Səfirliyinin üçüncü katibi Təbriz Qarayev bildirib ki, səfirlik hər zaman mədəni layihələrə dəstək göstərib. Bildiyiniz ki, səfirliyin təşkilatçılığı ilə Kiyevdə Müslüm Maqomayev adına park açılıb və orada möhtəşəm heykəli qoyulub. Bundan başqa Dneprin mərkəzi küçələrindən birinə M.Maqomayevin adı verilib. Səfirlik bundan sonra da bu cür tədbirlərə dəstək verəcək.

Qeyd edək ki, beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar da dəstək verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə