Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Daşkənddə özbək dilində işıq üzü görüb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində çapdan çıxıb.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Kamal tərcümə edib. Nəşrdəki “Ön söz”ün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, layihənin rəhbəri AMM-in direktoru Samir Abbasov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmmədzadədir.

“Nizaminin qocalmayan gözəlləri” adlı “Ön söz”də Rafael Hüseynov Şərq intibahının müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaradan bütün şairləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, heç bir qələm sahibi özündən sonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməyib. Akademik vurğulayıb ki, Nizami pak və təmənnasız məhəbbətin cazibədar mənzərələrini əvvəlki əsərlərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri “Yeddi gözəl”də isə həmin xətti davam etdirir, antik və müsəlman mütəfəkkirlərinin mülahizələrini təzədən işləyib, öz sələflərinin təlimlərindən tamamilə fərqlənən, keyfiyyətcə yeni məhəbbət konsepsiyası yaradır.

Yazıda Nizami Gəncəvinin özbək ədəbiyyatına təsiri, Əlişir Nəvainin dahi Nizamidən bəhrələnərək türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış Azərbaycan-Özbəkistan dostluq ənənələrinin davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda da sevildiyi qeyd olunur.

Özbək dilində hazırlanan nəşrdə AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniatürlərdən istifadə olunub

AMM-nin direktoru Samir Abbasov deyib ki, artıq dahi şairin “Xəmsə”yə daxil olan əsərləri özbək dilinə çevrilib və Daşkənddə nəşr olunub. O, Azərbaycan və dünya ədəbiyyatının nadir incisi olan “Xəmsə”nin özbək dilinə tərcüməsi və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılandığını və gələcəkdə Nizami irsinin öyrənilməsi, tədqiqi istiqamətində yeni imkanların açacağına ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin, irsinin bir daha Azərbaycan xalqının istedadını, böyük mədəniyyət, ədəbiyyat yaratdığını söyləyən S.Abbasov onun Şərq və türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına töhfələr verdiyini qeyd edib.

Nəşrin Özbəkistan və Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə özbək dilinə tərcüməsi layihəsinin başa çatdığını və AMM tərəfindən bu nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə