“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar olaraq açıq havada sərgi təşkil edib. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə “Nəsimi ili” ilə əlaqədar fotostend, İmadəddin Nəsiminin seçilmiş əsərləri və görkəmli şair haqqında kitablar, qəzet və jurnal nəşrləri nümayiş olunub.

Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova çıxışında bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. O, 15 noyabr 2018-ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını xatırladıb.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərib, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirib. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə