Azərbaycan Mədəniyyəti – 2040: Naxçıvan və mədəni turizmin yüksəlişi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası yalnız sənət və irsin qorunması üçün deyil, həm də ölkəmizin dünya mədəni arenasında tanıdılması və turizm potensialının artırılması baxımından da strateji sənəddir. Konsepsiya milli-mənəvi dəyərlərin qorunması, yaradıcı sənayelərin inkişafı və mədəniyyətin iqtisadi dəyərə çevrilməsini əsas prioritet kimi göstərir.

Bu sənəd mədəni siyasətin strateji istiqamətlərini müəyyən edir:

tarixi-mədəni irsin qorunması, mədəniyyət və turizmin qarşılıqlı dəstəyi, daxili və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi, həmçinin Azərbaycan mədəniyyətinin 21-ci əsrin çağırışlarına uyğun inkişafını təmin etmək.

Konsepsiyada turizm və onun əhəmiyyəti

Dünya ölkələrinin bir çoxu üçün turizm əsas gəlir mənbəyidir. Konsepsiya Azərbaycan üçün də bu sahənin strateji əhəmiyyətini vurğulayır. Mədəni turizm ölkənin zəngin tarixini, musiqi və incəsənət irsini, kino və teatr ənənələrini turistlər üçün əlçatan etməklə həm iqtisadi, həm də sosial fayda yaradır. Konsepsiyada mədəniyyətin iqtisadi potensialının reallaşdırılması, yaradıcı sənayelərin dəstəklənməsi və turizmin mədəni irsin qorunmasına xidmət etməsi əsas hədəflər kimi göstərilir. Bu yanaşma Azərbaycanın həm daxili, həm də beynəlxalq turizm bazarında rəqabət qabiliyyətini artıracaq.

Naxçıvanın timsalında mədəni turizm: imkanlar və perspektivlər

Bu məqaləmdə konsepsiyaya Naxçıvan konteksindən yanaşacağam: Burda doğulmuşam, bir sıra vəzifələrdə çalışmışam və qədim diyarın sosail-iqtisadi, ictimai-mədəni potensialına yaxından bələdəm.

Naxçıvan Muxtar Respublikası Azərbaycan mədəniyyətinin incilərindən biridir. Burada 30-dan çox muzey fəaliyyət göstərir, 2 minə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur. Bu zəngin irs regionu həm mədəni, həm də dini turizm üçün cəlbedici edir.

Ekoturizm imkanları:

Naxçıvanın təbii sərvətləri turistlər üçün unikal təcrübələr təqdim edir. Dağlar, meşələr, saf bulaqlar və mineral sular, həmçinin təmiz hava ekoturizm imkanlarını daha da artırır. Bu, həm istirahət və sağlamlıq turizminin inkişafına, həm də turistlərin regionun təbiətini daha yaxından hiss etməsinə şərait yaradır.

Dini və tarixi irs üzrə turizm imkanları:

Əshabi-Kəhf ziyarətgahı: Hər il minlərlə insanın ziyarət etdiyi dini və tarixi məkan.

Xanəgah türbəsi və Qarabağlar türbəsi: Regionun dini və tarixi irsini əks etdirən abidələr.

İmmzadələr: Dini mərasimlərin və tarixə aid elementlərin qorunduğu digər mədəniyyət obyektləri.

Əlincə qalası: tarixin məğrurluq rəmzi

Ordubad şəhəri və Gəmiqaya abidələri: Tarix və memarlığın vəhdəti, qədim milli-mədəni irsin daşıyıcısı

Batabat qoruğu və oradakı Fərhad evi abidəsi: Təbiət və tarix

Şərur yallısı və milli rəqslər, zəngin milli mətbəx: Yaşayan milli irsi

Zəngəzur dəhlizi və Naxçıvanın strateji imkanları:

Zəngəzur dəhlizinin açılması yalnız iqtisadi və nəqliyyat sahəsində deyil, həm də mədəni turizm baxımından tarixi əhəmiyyət kəsb edəcək. 5 ildir məlum səbəblərdən bağlı qalan quru sərhədlərinin açılması ilə Naxçıvan artıq daha əlçatan və açıq bir regiona çevrilir.

Bu dəhliz sayəsində dəmir və magistral yollarının işə düşməsi, regiona turist axınını əhəmiyyətli dərəcədə artıracaq. Xarici və daxili turistlər artıq Naxçıvanın tarixi abidələrini, muzeylərini, təbii gözəlliklərini və dini ziyarətgahlarını rahatlıqla ziyarət edə biləcəklər. Bu, regionun ictimai və siyasi rolunu da gücləndirir, Azərbaycanın strateji mövqeyini beynəlxalq turizm və mədəniyyət xəritəsində daha da ön plana çıxarır.

Geopolitik əhəmiyyəti:

Naxçıvanın İran və Türkiyə kimi böyük turist potensialına malik ölkələrlə sərhəddə yerləşməsi, regionu yalnız mədəni və ekoturizm baxımından deyil, həm də strateji və iqtisadi baxımdan önəmli edir. Ermənistanla imzalanacaq sülh müqaviləsi fonunda, Zəngəzur dəhlizi və sərhəd açılışları Naxçıvanın regional mədəni və turizm mərkəzinə çevrilməsini, iqtisadi əlaqələrin genişlənməsini və beynəlxalq turistlərin artan marağını təmin edəcək. Beləliklə, Naxçıvan həm mədəni, dini və ekoturizmin təşviqi, həm də Azərbaycanın strateji və iqtisadi maraqlarına xidmət edən əhəmiyyətli region kimi ön plana çıxır.

Nəticə

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin qorunması ilə yanaşı, mədəni, ekoloji və dini turizmin strateji əhəmiyyətini vurğulayır. Naxçıvanın zəngin tarixi və mədəni irsi, 30-dan çox muzey, 2 minə yaxın tarixi abidə, ekoturizm imkanları (təmiz hava, saf bulaqlar, mineral sular) və dini turizm obyektləri, Zəngəzur dəhlizi və sərhəd açılışları fonunda Azərbaycanın turizm potensialını daha da artırır.

Dəmir və magistral yollarının fəaliyyətə başlaması, Naxçıvana turist axınının sürətlə artması və regionun daha əlçatan olması, həm milli irsin qorunmasına, həm də iqtisadi inkişafın gücləndirilməsinə xidmət edir. Naxçıvan timsalında mədəni və dini turizmin inkişafı, Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünyaya tanıdılmasında və ölkənin strateji mövqeyinin güclənməsində vacib rol oynayır.

Əşrəf Nəcəfov

Dövlət Qulluğunun Baş Müşaviri

Bütün xəbərlər Facebook səhifəmizdə