Əcəmi Əbubəkr oğlu Naxçıvani 900 il Möminə xatun türbəsində memar Əcəminin ustalığı və müdrikliyi yaşayır

Azərbaycan memarlıq tarixinin görkəmi nümayəndəsi, Naxçıvan Memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin 900 illiyi 2026-cı ildə geniş şəkildə qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 30 dekabr 2025-ci il tarixdə müvafiq Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur. Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Əcəmi dühasının məhsulu olan Mömünə Xatun məqbərəsi və Yusif Küseyir oğlu türbəsi islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illiyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir”. Çox əlamətdar haldır ki, "Şəhərsalma və Memarlıq İli" elan olunan 2026-cı ildə də bu işlərin miqyasının daha da böyüdüyünün bir daha şahidi olacağıq. Şübhəsiz ki, bugünkü Azərbaycanın inkişafı birbaşa bizim tarixi zəfərimizdən sonra ölkəmizə yerli və xarici tərəfdaşlarla əlaqələri nəticəsində qazandığı uğurların, eyni zamanda daxili siyasətimizin təntənəsini davam edəcək. "Şəhərsalma və Memarlıq İli"nin elan olunması heç də təsadüfi deyil. Azərbaycan özü tarixən həm memarlıq və şəhərsalma mədəniyyəti, o cümlədən şəhərlərin yaranması baxımından dünyada sivilizasiyanın ən mühüm mərkəzlərindən biri olub. Tarixən Azərbaycan ərazisində şəhər mədəniyyətinin formalaşması ənənələri yaranıb. Naxçıvan da qədim şəhərsalma mədəniyyətinə malik olan, çox qədim tarixlərdən ərazisi ilə, memarlıq məktəbi kimi tanınan coğrafiyalardan biridir. Naxçıvan öz memarlığının inkişaf dövrünü Əcəmi memarlığı dövrü ilə özünün ən yüksək inkişaf səviyyəsinə çatdırıb. Əcəmi memarlıq məktəbinin izləri nəinki Azərbaycanda, eləcə də Yaxın və Uzaq Şərqin bir sıra bölgələrində bu gün də rast gəlinir. "Şəhərsalma və Memarlıq İli"nin Əcəmi Əbubəkr oğlunun 900 illik yubileyinə təsadüf etməsi də ayrıca xüsusi bir məqamdır. Ona görə ki, Əcəmi memarlığının izlərinin şöhrəti məhz bu məktəbin yubileyinin UNESCO səviyyəsində qeyd olunmasına qədər gətirib çatdıra bilib. Biz fəxr edirik ki, Naxçıvanın Orta əsrlər dövrünün belə bir görkəmli şəxsiyyətinə UNESCO səviyyəsində yubiley keçirilir. Biz bir daha minnətdarıq ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamlarda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı qəbul olunub və bu inkişaf proqramında nəzərdə tutulan məsələlərdən biri də muxtar respublikanın ərazisində yerləşən tarixi öz əksini tapıb. Artıq Naxçıvan ərazisindəki memarlıq abidələrinin bərpası, eyni zamanda Sərəncam çərçivəsində Naxçıvan ərazisində yerləşən bir sıra abidələrin bərpasına başlanılıb. O cümlədən, ölkə başçısının müvafiq Sərəncamı ilə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri sayılan Möminə Xatun türbəsində bərpa işləri həyata keçirilir. Əlbəttə ki, abidələrin bərpa olunması, onların qorunması yüksək peşəkarlıq tələb edir. Dövlətimizin yüksək qayğısı ilə bu abidələrin bərpasında, xarici mütəxəssislərin cəlb olunması əminlik yaradır ki, bizim tarixi abidələrimiz elmi əsaslandırmalar çərçivəsində bərpa olunacaq, onların orijinallığı qorunacaq və gələcək nəsillərə biz öz tarixi mirasımız haqqında orijinal, obyektiv məlumatlar ötürə biləcəyik. Azərbaycanın orta əsr memarlıq inciləri ölkə sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda Yaxın və Orta Şərq regionunda təsir dairəsinə malik olmuşdur. İslam dövrü memarlığının monumental nümunələri, əsasən, XII əsrlərdə özünün inkişaf zirvəsini fəth etdiyi üçün bu dövr memarlığın, eləcə də incəsənətin intibah dövrü adlandırılır. Orta əsr memarlıq sənətinin şah əsərləri Möminə xatun, Yusif Küseyir oğlu, Bərdə türbələri memarlıq şərhi, daş nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımından orta əsr Azərbaycan memarlığının ümumi üslub sistemini formalaşdırmışdır. XII əsrin əvvəllərində Naxçıvan şəhərinin qüdrətli Atabəylər dövlətinin paytaxtına çevrilməsi ilə onun əhəmiyyəti olduqca artır, burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələrin ümumi Azərbaycan memarlığına xas cəhətlərlə birləşməsindən bariz siması olan bir memarlıq məktəbi yaranır. Qısa müddət ərzində Naxçıvan sənətkarları qarşısında duran memarlıq-inşaat problemlərini müvəffəqiyyətlə həll edərək Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olur və Yaxın Şərq ölkələri memarlığında ön mövqedə durur. Memar Əcəmi yaradıcılığı dünən, bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyidir. Müəllifi olduğu memarlıq abidələri ilə həm zəngin kompozisiyası istərsə də ifadə etdiyi mənaya görə dünyanın diqqətini cəlb edir. Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan mədəniyyətinin inkişaf etdiyi bir vaxtda, XII əsrdə Naxçıvanda yaşayıb. Həmin dövrdəki intibah özünü həm memarlıq, həm də ədəbiyyatda göstərirdi. XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi 2021-ci ildə ölkəmizdə geniş şəkildə qeyd olundu. Bu dövrün parlayan ulduzlarından biri də memarlıq sahəsinə yenilik gətirən Əcəmi Naxçıvani idi. O Naxçıvani ki Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamış, Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdır. Naxçıvan şəhərində yüksələn Möminə xatun türbəsi görünüşü, zəngin memarlıq elementləri ilə ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxil olan Möminə xatun türbəsində memar Əcəminin ustalığı və müdrikliyi aydın duyulur. XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatunun şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlar qadın ucalığını, qadın möhtəşəmliyini, zərafətini daşıyır və hiss edir. Möminə xatun türbəsi təkcə Azərbaycan memarlığında deyil, ümumən İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin başında yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” beyti isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatun kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq. Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir: "Bu abidənin qiyməti yoxdur. Möminə xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərmişdir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir". Bu əhəmiyyətli memarlıq abidəsi tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Möminə xatun türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına düşməyə qadirdir. Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin 2026-cı ildə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi hamımızı qürurlandırdı. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsi ölməzdir və bütün dünya onun ustalığını qəbul edir. Bu həm də ona imkan verir ki, memar Əcəmi yaradıcılığı daha geniş tədqiq olunsun. Çünki onun irsi gəncliyimizə, gələcəyimizə nümunədir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma

Altında Muzey Kompleksinin direktoru

Rəhim Rəhimov

Bütün xəbərlər Facebook səhifəmizdə