“Cıdır düzü” kitabının təqdimatı keçirilib...

İyunun 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində şair, yazıçı və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü Eldar Əhədovla görüş və onun Azərbaycan dilində nəşr olunmuş “Cıdır düzü” kitabının təqdimatı keçirilib.

Tədbir interaktiv müzakirə formatında keçirilmişdir.

SİA-nın məlumatına görə, muzeydən bildirilib ki, Eldar Əhədov öz həyat və yaradıcılıq yolu haqqında, Azərbaycan bəstəkarları ilə dostluğundan, caz bəstəkarı, Vaqif Mustafazadənin davamçısı Cəfər Əliyevlə birgə yaradıcılığından, bu gün Almaniyada yaşayan bəstəkar və orkestr rəhbəri Xədicə Zeynalova ilə dostluğundan danışıb. Tədbirdə onların müəllifi olduğu əsərlərin videoyazıları nümayiş olunub.

Görüş zamanı vokalçı, bəstəkar Qasım Xəlilov, jurnalist, tədqiqatçı və teleaparıcı Fuad Axundov, Eldar Əhədovun “Cıdır düzü” kitabının tərcüməçisi Əlviz Əliyev çıxış ediblər.

Gənc şairə Lalə Həsənovanın rəhbərliyi ilə təşkil olunmuş bədii hissədə şairlər Bayram Məhərrəmov, Samirə Şıxıyeva, Zaur Cəfərov, Ziba Rəsul, Aytən Həsənzadə “Cıdır düzü” kitabından hekayələri və şeirləri qiraət edib, gənc pianoçular Ləman Cəfərova və İmran Şıxıyev musiqi ifalarını təqdim ediblər. Bütün çıxışlar Eldar Əhədovun yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Sonda Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Eldar Əhədovu yeni kitabının təqdimatı münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə