Məzahir Süleymanov-80
Məzahir Süleymanov: “Teatr çox çətin bir yer olduğuna, bəzilərinin dözümü, səbri olmadığı üçün bu burulğanlara duruş gətirə bilməyib vaxtından əvvəl bu sənətdən uzaqlaşıblar”
Azərbaycan Respublikasının Xalq artisti Məzahir Süleymanov. Bu ad və soyad çoxminli oxucularımıza yaxşı tanışdır. Çünki bu sənətkarı oxucular həm teatr və həm də televiziya ekranlarında uzun illərdir tez-tez görürlər. Və onun çox ustalıqla, böyük sənətkarlıqla yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət obrazlarda sevir və bəziləri də yaratdığı mənfi obrazlara görə yamanlayırlar. Deməli, aktyor oynadığı hər bir obrazı sevərək yaradır və onun ərsəyə gəlməsində, tamaşaçılar tərəfindən məhəbbət və nifrət qazanmasında böyük zəhmət sərf edir. Məzahir Süleymanovu 48 ildir ki, tanıyıram. Mənim və başqa rejissorların quruluş verdiyi çoxlu tamaşada maraqlı obrazlar yaratdığından onun haqqında qətiyyətlə bu sözləri deyə bilərəm: “Məzahir Süleymanov çox zəhmətkeş, məsuliyyətli insandır və yaratdığı hər bir rolu məhz zəhmət çəkərək və cavabdeh yanaşaraq oynayır. Ən kiçik rolları belə obraz səviyyəsinə yüksəldə bilir. Bu isə hər aktyora nəsib olan bir xüsusiyyət deyil. Bunu yalnız əsl ustad sənətkarlar bacarırlar”.
Əziz oxucular, gəlin, birlikdə Məzahir Süleymanovun həyat və sənət yollarında keçdiyi keşməkeşli, maraqlı məqamlara və ömürünün qısa tarixçəsinə nəzər salaq. Azərbaycanın belə bir ustad aktyorunun əsl korifey sənətkar olduğu ilə tam razılaşaq.
Qısa arayış: Məzahir Həbulla oğlu Süleymanov 1944-cü ilin 29 yanvar tarixində Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Razin (indiki Bakıxanov) qəsəbəsində 2 nömrli tiexniki peşə məktəbdə iki il təhsil alıb. Orada çilingər peşəsinə yiyələnib. Texniki peşə məktəbində oxuyan zaman o, Montin qəsəbəsindəki “Elm və Texnika” Mədəniyyət Sarayında fəaliyyət göstərən Dram dərnəyinin üzvü olub. Aktyor olmaq həvəsi Məzahirdə elə həmin vaxtdan yaranıb. Texniki peşə məktəbini bitirəndən sonra bir müddət ayrı-ayrı müəsisələrdə çilincər işləyib. 1963- cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. Elə həmin ildə ordu sıralarına gedib. Dörd il hərbi dəniz donanmasında çox uğurla xidmət edib. Hərbi xidmətdən qayıdandan sonra yenidən, 1967- ci ildən təhsilini həmin institutda davam etdirib.
O, 1972- ci ildə ali məktəbi bitirərək, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına işləməyə gəlib. Uzun illər- təxminən 42 il o, bu teatrda aktyor kimi çalışıb. Bu illərdə sıravi aktyorluqdan pillə-pillə yükələrək, Xalq artisti, ali dərəcəli ustad sənəkara çevrilib. Bu, əlbəttə, oynadığı rollara çəkdiyi zəhmətin sayəsində olub. Bu gün Azərbaycanda əksər aktyor onun oynadığı rollar siyahısını izlədikdə yaratdığı obrazlara həsəd apara bilər. Azərbaycanın milli dramaturqlarının, klassiklərinin ən maraqlı pyeslərindən tutumuş, dünya klassiklərinin inci əsərlərinə qədər oynadığı tamaşaların sayı yüzdən çoxdur. Çoxu da əsas və baş rollar. Məzahir Süleymanov teatrda işlədiyi illər ərzində, demək olar ki, bütün tamaşalarda oynayıb. Çünki quruluşçu rejissorlar çox istəyiblər ki, belə istedadlı aktyor məhz onların hazırladığı tamaşada rol oynasın. Və onların hazırladığı tamaşalar hər kəs tərəfindən sevilsin, rəğbətlə qarşılansın. Axı hər bir rejissor istedadlı aktyorla işləməyi xoşlayır. Mənim qənaətimə görə, Məzahir Süleymanov təkrarsız formada yaratdığı obrazlarla Azərbaycan teatr tarixində əbədi qalacaq. Jan Batist Molyerin “Skapenin kələkləri”ində Oktav, Eqon Rannetin “Azmış oğul”unda Lembit, Nazim Hikmətin “Domoklın qılıncı”nda Arxitektor, Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Hacı Həsən ağa, Mirzə Fətəli Axundovun “ Müsyo Jordan və Dərviş Məstəli şah”ında Müsyo Jordan, Anarın “Adamın adamın”ında Tərs Tahir, Mövlud Süleymanlının “Dəyirman”ında Sarı Qasım, Nazim Hikmətin “Bayramın birinci günü”ndə Vəli Əfəndi, Hüseyn Cavidin “Afət”ində Qaplan, Azat Abdulinin“13-cü sədr”ində Prokuror, Nikolay Qoqolun “Müfəttiş”ində Bələdiyyə rəisi, Ağalar İdrisoğlunun “Sabir Rüstəmxanlının porteret cizgilərin”ində Cavad xan, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”ında Temiçkin, Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri”ində Şeytan, Nikolay Qoqolun “Evlənmə” əsərində Podkolyosnıy, Georgi Xuqayevin “Varlı ev”ində Beçir, Ağalar İdrisoğlunun “Şah İsmayıl”ında Hüseyn Lələ bəy, Georgi Xuqayevin “Qocaların məhəbbəti”ndə Qaqutsa, Georgi Xuqayevin “Bir köpək vardı” əsərində Çoban, Georgi Xuqayevin “Ailə”sində Jorji, Mark Tvenin “Şahzadə və Dilənçi” əsərində Lord Hetford, Yudjin Onilin “Qarağaclar altında məhəbbət”ində Efraim Kebot, Aqşin Babayevin“Xilaskar”ında Filosof-deputat, Nodar Dumbadzenin “Ağ bayraqlar”ında İsidor Salidze, Abdulla Şaiq və Süleyman Sani Axundovun “Qaraca qız”ında Piri baba və başqaları. Mənə elə gəlir ki, Sumqayıt teatrının tarixində hələ heç bir akytora nəsib olmayıb ki, bu qədər rollarla Azərbaycan teatr tarixinə düşsün. Məhz buna görə də Məzahir Süleymanovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona 2006-cı ildə Əməkdar artist, iki ildən sonra isə Xalq artisti fəxri adları verilib. Dəfələrlə Prezident mükafatına layiq görülüb. Haqqında 100-dən çox məqalə, ressenziya yazılıb. Amma çox əfsus ki, Prezidentin Fərdi Təqaüdü Məzahir Süleymanova verilmir. Niyə verilmir? Bax, onu başa düşə bilmirəm…

80 yaşlı sənətkar bu gün də özünün peşəkarlığını qoruyub saxlasa da, amma teatr rəhbərliyi və rejissorları tərəfindən artıq tam unudulub. Ona yeni rollar verilmir. Teatr rəhbərliyi “yaş senzini” bəhanə gətirib, belə bir ustad sənətkarı teatrdan uzaqlaşdırıb. Televiziya və kino rejissorları onu artıq yaddan çıxarıblar. Amma Məzahir Süleymanov bu gün teatra, televiziya tamaşalarına və kinofilmlərə çox tələbatlı aktyordur. Əgər ona rollar verilsə, bir-birindən maraqlı obrazlar yaradaraq yenə tamaşaçıların sevimlisi olar, rejissorlara yalnız və yalnız uğur qazandırar.
Məzahir Süleymanov haqqında yazdığım portret cizgilərini bu fikirlərlə də bitirə bilərdim. Amma onu 48 ildir ki, tanıdığımdan, onunla səhnədə tərəf müqabili olduğumdan və quruluş verdiyim tamaşalarda bir-birindən maraqlı rollar oynadığından onun haqqında deyiləsi sözlərim çoxdur. Məzahirdən bir insan və sənətkar kimi daha geniş bəhs etmək istəyirəm. Çünki insanlıq və sənətkarlıq eyni vəhdətdə hər kəsdə olmur. Bu, yalnız Allah vergisi olan insanlarda olur. Öncə vurğulamaq istəyirəm ki, Məzahirin ürəyində nə varsa, dilində də odur. Heç vaxt heç kimə qarşı kin saxlamır və qisasçılıq mövqeyi tutmur. Saf olduğuna görə həmişə haqqı müdafiə edir, haqqın yanında olur. Heç kimə məddahlıq eləməyib. Öz işinin xatirinə heç bir rejissora və teatr rəhbərinə yaltaqlanmayıb. Çünki o, xarakteri bütöv və möhkəm əqidəli insandır. Dostluqda da çox möhkəmdir.

Bir sözlə, böyük şəxsiyyətdir. Teatr rəhbərlərinin, baş rejissorların çoxunun səhvləri olanda onlar istəsələr də, istəməsələr də Məzahirin haqlı tənqidilə hesablaşıblar. Xarakterindəki bütövlük və yuksək mədəniyyəti Məzahir Süleymanovun oynadığı bütün rollarda özünü lazımi səviyyədə göstərib. Buna görə də oynadığı roller digər aktyorların rollarından seçilib və sevilib. Onun zəhmətkeşliyinə, rol üzərində günlərlə yorulmadan həvəslə işləməsinə, məşqlərdən bezməməsinə də aktyorların çoxu həmişə həsəd aparıblar.
O, həmçinin yaxşı yol yoldaşıdır. Uzun illər biz onunla həm Azərbaycan Respublikasının rayonlarında və həm də keçmiş Sovetlər məkanında qastrol səfərlərində olmuşuq. Məhzahir Süleymanov insani keyfiyyətini, dözümlüyünü, yoldaşa qarşı diqqətini həmişə yaxşı formada büruzə verib. Heç kim ondan narazı qalmayıb. Heç vaxt özünü başqalarından üstün tutmayıb. Düşdüyümüz çətin məqamlarda belə, müdriklik, səbr və dözümlük nümayiş etdirib. Altı ay Dağıstan Respublikasında qastrolda olduğumuz müddətdə və mənim yaratdığım Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasında çalışanda mən və orada olan kollektiv bunun tam şahidi olmuşuq.

Vaxtilə rəhbərlik etdiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında quruluş verdiyim çoxlu tamaşadan altısında Məzahir Süleymanovun oynadığı rollar haqqında oxuculara məlumat vermək istəyirəm. Çünki bu rollar heç biri digərinə oxşamırdı. Nə xarakterinə, nə də dünya görüşünə görə. Bu əsərlər Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın!” pyesindəki Temiçkin, Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri”ndə Şeytan, Georgi Xuqayevin “Qocaların məhəbbəti”ndəki Qaqutsa, “Varlı ev”dəki Beçir, müəllifi olduğum pyeslər-“Sabir Rüstəmxanlının portret cizgiləri”ndəki Cavad xan və “Şah İsmayıl” tamaşasındakı Hüseyn Lələ bəy rollarıdır. Temiçkin öz fikri olan, öz məqsədi yolunda mübarizə aparan müəllimdir. O, istəyir ki, bütün şagirdlər yalnız öz biliklərinə layiq olduğu qiymətləri alsınlar. Bu sahədə çox barışmazdır. Hətta İcraiyyə Komitəsi sədrinin oğluna dərslərini bilmədiyinə görə heç üç qiymət də yazmır. Buna görə təkcə məktəb kollektivi ilə yox, şəhərin bütün rəhbərlərilə vuruşur. Mübarizə aparır Temiçkin. Şeytan- Məlikməmmədi tora salmaq üçün hər cürə hiylələr quran, tez-tez cilddən-cildə girən şər qüvvədir. Məzahir Süleymanov da Şeytanın hər bir hərəkətini çox peşəkarcasına edirdi və bir anın içində cilddən-cildə girməyi bacarırdı. Qaqutsa lirik xasiyyətli, cavanlıq illərində Babutsanı sevən, amma qocalana qədər öz məhəbbətini, sevgisini ona deyə bilməyən bir aşiqdir. Beçir sərt, tərs, qəddar xasiyyətli, yalnız özünü sevən, özünə aludə bir bəy və valideyndir. Cavad xan Vətənini və xalqını sevən, igidlik mücəssəməsi olan Azəri oğludur. Və nəhayət, Hüseyn Lələ bəy Şah İsmayıl kimi tarixi şəxsiyyəti, sərkərdəni yetişdirən sadiq dost, igid döyüşçü, ağsaqqal, müdrik insandır. O, bu obrazları oynayanda böyük ustalıqla, sənətkarlıqla başqalaşırdı və həqiqətən də bu obrazların daxilinə nüfuz edirdi. Hətta onun baxışı, yerişi, duruşu, gözlərinin baxış forması, düşüncə tərzi, danışığı belə dəyişirdi. Bu tamaşaların müəllifi olsam da, oynadığı hər bir tamaşada o, obrazı ustalıqla yaratması ilə məni məcbur edirdi ki, ona tamaşaçı kimi baxım. Əlbəttə, belə oyun usulu yalnız ustad sənətkara nəsib olur.

Mən fikirlərimi bu cümlələrlə də tamamlaya bilərdim. Amma fikirləşdim ki, bu gün artıq bəzi şər qüvvələrin unutdurmağa çalışdığı Məzahir Süleymanov kimi bir sənətkar haqqında yazdığım portret cizgilərində o, öz ürək sözlərini deməsə, bu yazı yaramçıq alınar. Ona görə də qərara gəldim ki, 80 yaşlı sənətkara bir neçə sualla müraciət edim. İlk sualım isə belə oldu:
- Teatra gəlişinizi necə xatırlayırsınız?
- Mən Azərbaycan Dövlət İncəsənət İnstututunun axşam şöbəsində təhsil almışam. O vaxtlar axşam şöbələrində oxuyanlara təyinat verilmirdi. Biz özümüz teatrlara müraciət edib, iş tapmalı idik. Amma həmin vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək təşkilatçı insan, sənətşünaslıq üzrə elmlər doktoru Rahib Hüseynova müraciət etdim. O, məni diqqətlə dinlədi və dedi ki, “gəl, səni təyinatla göndərək Naxçıvan Dövlət Musiqili-Dram Teatrına. Həmin teatra cavan aktyorlar lazımdır”. Mən razılaşdım. Təyinat götürüb, Naxçıvana getdim. Açığı, elə Dəmir yolu vağzalında qatardan düşəndə Bakıdan sonra bu şəhər heç xoşuma gəlmədi. Bura mənə kənd təsiri bağışladı. Naxçıvan indi çox gözəl, müasir şəhərə çevrilib. Həmin vaxt teatr qastrolda olduğuna görə rəhbərliklə görüşə bilmədim və yenidən axşam qatarla Bakıya qayıtdım. Teatr rəhbərliyi ilə görüşə bilmədiyimə sevindim. Bəlkə də bu, işin xeyrinə oldu. Yenidən institututa getdim. Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. Məsləhət bildilər ki, Sumqayıt teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və ali təhsilli aktyor kadrlarına burada ehtiyac vardı. Həmin vaxt teatrın direktoru Salman Dadaşov və baş rejissoru Ağakişi Kazımov idi. Açığı, onlar məni elə də yaxşı qarşılamadılar. Bir ay get-gələ saldılar. Sonra Ağakişi müəllim mənim kurs rəhbərim, Əməkdar incəsənət xadimi Əşrəf Quliyevlə söhbət edəndən və müəllimim də məni tərifləyəndən sonra ən aşağı dərəcə ilə məni işə götürdülər. Beləliklə, 1972-ci ilin noyabr ayından mən Sumqayıt Dövlət Dram Teatrında işə başlamışam. Həmin vaxtdan artıq 52 il ötür. Teatrda ilk rolum Eston dramaturqu Eqon Rannetin “Azmış oğul” pyesində Lembit rolu olub. Oynadığım bu rolu teatr mütəxəssisləri çox təriflədilər. Tamaşanın quruluşçu rejissoru Moskvada məşhur A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan, istedadlı insan, amma teatrda çoxlu konfliktlə qarşılaşan, keşməkeşli bir ömür yaşayan və sağlığnda layiqli qiymətini ala bilməyən, mərhum Arif Ağayev idi. Onu da vurğulayım ki, teatr çox konfliktli bir yer olduğuna görə çoxlu sənətkar möhkəm səbrləri olmadığına görə bu burulğanlara duruş gətirə bilməyib, vaxtından tez ya bu sənətdən uzaqlaşıblar, ya da haqq dünyalarına qovuşublar. Bu, teatr dünyasının ən böyük və kədərli faciəsidi.

- Siz yüzdən çox tamaşada çıxış edibsiniz. Bu rollardan hansılar sizinçün daha əzizdir?
-Açığı, aktyorçün bütün rolları əziz olur. Çünki rollar aktyorun dünyaya gətirdiyi övladlarıdır. Övladları isə bir-birində ayırmaq olmaz. Hansının daha yaxşı olduğunu söyləmək düzgün deyil. Çünki aktyorun həyatında elə rolları olur ki, onu oynamağa tərəddüd edir, amma ona verirlər. Məcbur olur ki, oynasın. Amma hər hansı rolu zəif oynamağa da onun haqqı yoxdur. Mənə elə gəlir ki, elə rollarım var, onları daha yüksək səviyyədə oynamışam. Elə rollar da var ki, bu rollar çox yüksək səviyyəli olur və aktyor qorxusundan, özünə inanmamasından onları oynamaq istəmir. Yəni, özündə bu qabiliyyəti görmür. Amma rejissor onu inandıranda və ona belə ağır rollar verəndə həvəslə işləyir. Mənim də həyatımda belə rollar olub. Məsələn, Georgi Xuqayevin “Varlı ev” faciəsindəki Beçir obrazı. Bu rolu siz məndən başqa iki aktyora da vermişdiniz. Hər ikisi də çox yaxşı aktyor idi. Mən bu rolu oynamaq istəmirdim. Qorxurdum ki, bu rol məndə alınmaz. Çünki Beçir çox dəhşətli, ağır xarakterli, psixoloji obraz idi. Bu rolu oynamaqçün aktyordan yüksək peşəkarlıq, cingiltili, sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və hətta yüksək əsəblə demək lazım idi. Buna da lazım olan kimi məşq olunmamış səs dözməzdi. Qırılardı. Mənə elə gəlirdi ki, bu rolu oynamaq mənimçün hələ tezdir. Amma siz bu tamaşanın quruluşçu rejissoru kimi məni inandırdınız ki, “sən bu rolu yaxşı oynaya bilərsən”. Yuxarıda dediyim kimi, baxmayaraq ki, məndən başqa iki aktyora da bu rol verilmişdi. Onların hər ikisi də çox istedadlı aktyorlar idilər. Amma siz mənə daha çox inandınız. Böyük səbrlə mənimlə məşq etdiniz. Səs tembirimi qurdunuz. Hətta mən bu tamaşada pıçıltı ilə danışanda belə ən arxada əyləşən tamaşaçılar məni aydın eşidirdilər. Deyilənə görə, mən bu rolu çox yaxşı oynadım. Bunu təkcə tamaşaçılar yox, hətta teatr mütəxəssisləri də deyirdilər. Çoxlu qəzet bu haqda ressenziyalar yazdı. Azərbaycan Dövlət Televiziyası dəyərli ziyalı, maraqlı yazıçı, həmin vaxtı orada Ədəbi dram verilişləri redaksiyasına rəhbərlik edən Vaqif Əlixanlının təkidi sayəsində bu tamaşa çəkildi. İndi bu tamaşa televiziyanın qızıl fondunda qalır.
Hətta siz bu rola Xalq artisti, böyük aktyor, müqtədir sənətkarımız Həsənağa Turabovu da dəvət etmək istəyirdiz. O, bu rolu oynamağa razılıq vermişdi. Həsənağa müəllim həmin tamaşada mənim oyunuma baxanda çox razı qaldı və təvazökarlıqdan uzaq olsada dedi ki, “Məzahir, mən bu rolu belə, sənin kimi oynaya bilməzdim”. Baxmayaraq ki, bu tamaşanın premyerası 1992- ci ildə olub, bu gün də bəzi tamaşaçılar həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını bildirirlər.

- Bayaq dediyiniz kimi, teatr aləmində konfliktlər çox olur. Bu konfliktlər teatrın yaradıcılığına necə təsir göstərir?
- Mən teatra təzə gələndə, cəmi 27 yaşım vardı. Elə ilk günlərdən Sumqayıt Dövlət Dram Teatrındakı ab-hava xoşuma gəlmədi. Çünki teatrın direktoru və baş rejissoru arasında konfliktlər vardı. Bu da teatrın kollektivinə və yaradıcılığa pis təsir göstərirdi. Açığı, təsadüfi bir adamın teatra rəhbərlik etməsi həmişə teatra zərbə vurur. Və çox acınacaqlı haldır ki, uzun illər, yəni 1997-ci ildən sonra təsadüfi adamlar teatra rəhbərlik etdiklərindən Sumqayıt teatrı artıq quyunun dibinə düşüb. İndi onu həmin quyunun dibindən çıxarmıq çox çətindir. Bəli, mən bütün həyatım boyu təkcə yaradıcılıqla məşğul olmamışam, həm də bu haqsızlıqlara qarşı vuruşmuşam. Bəzən mənə deyiblər ki, sən akytorsan, get, öz işinlə məşğul ol. Amma mən teatrın uçuruma getdiyini gördükdə sakit dayanmağı bacarmamışam. Baxmayaraq, uzun illər mən baş və əsas rolları oynamışam və özü də pis oynamamışam. Amma teatrın rəhbərlərinin pis əməllərini onların üzünə dediyimə görə mənə uzun illər fəxri adlar verilməyib. Hətta heç Mədəniyyət Nazirliyinə gedən təqdimat siyahısına belə salmayıblar. Mənə yalnız 2006-cı ildə Əməkdar artist və iki il sonra isə Xalq artisti fəxri adlarını veriblər. Onu da deyim ki, Əməkdar artistə iki il sonra Xalq artisti adı verilməsi Azərbaycan teatr tarixində nadir hadisədir. Mən buna görə ilk öncə həmin vaxt Sumqayıtın İcra Hakimiyyətinin başçısı olmuş və bu gün Azərbaycan Mədəniyyət nazirinin birinci müavini işləyən cənab Vaqif Əliyevə minnətdaram. Vaqif müəllim Sumqayıta rəhbərlik etdiyi zamanda bu şəhər üçün çox yaxşı işlər görüb. Eləcə də Sumqayıt Dövlət Dram Teatrına indi məskunlaşdığı binanın verilməsində əvəzsiz işlər görüb. Teatr yaranandan həmin binada kirayənişin idi və bu problemi şəhərin heç bir rəhbəri həll edə bilmirdi. Amma Vaqif Əliyev müsbət həll etdi. Bunanı “Azərikimya” Şirkətindən alıb, teatra verdi. Teatrın işçilərinə fəxri adların və mənzillərin verilməsində də onun xidmətləri əvəzsiz olub. Bu insan incəsənətin vurğunudur. Allah onun canını sağ eləsin. Azərbaycan mədəniyyəti və incəsənəti üçün Mədəniyyət Nazirliyində də çox yaxşı işlər görür. O, elə bil ki, yalnız yaxşılıq etmək üçün dünyaya gəlib.

- Sizin artıq 80 yaşınız tamam oldu. 70 yaşınızda sizi təqaüdə göndəriblər. Amma 70-80 yaş aktyorun yaradıcılığında hələ çiçəklənmə dövrü və öz sənətini cavanlara öyrətmək məqamıdır. Elə qonşumuz Rusiyada aktyorlar var ki, 96-97 yaşına qədər teatrda işləyir və rollar oynayırlar. Siz, “yaş senzi” adlanan bu qondarma “qanuna” necə baxırsız?
- Çox pis baxıram. Mənə elə gəlir ki, bu, düzgün deyil. Doğrudan da gülməli və acınacaqlıdır. Aktyoru 70 yaşında təqaüdə göndərmək çox absurd bir işdir. Dünyanın heç bir yerində belə vəziyyət yoxdur. Bəli. Siz deyən kimi Rus teatrlarında aktyorlar var ki, 90 yaşına kimi səhnədədirlər. Məşhur rejissor Yuri Lyübimov 94 yaşında Vaxtanqov adına Akademik Dram Teatrında “Əbləhlər” əsərinə yüksək peşəkar səviyyədə quruluş verdi. Vladimir Etuş 97 yaşına qədər, yəni ömrünün son dəqiqələrinə qədər teatrda maraqlı rollar oynadı.
Rusiya teatrlarında yaşı doxsanı keçmiş çoxlu rejissorlar, aktyorlar, aktrisalar çaslışır. Və böyük həvəslə rollar oynayırlar. Eləcə də bizim müqtədir aktyorlar-Möhsün Sənani, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Firəngiz Şərifova, Süleyman Ələsgərov və onlarca belə aktyorlar, aktrisalar ömürlərinin axırına qədər səhnədə olublar və bir-birindən maraqlı rollar oynayıblar. Axı mənim canım salamat, ağlım, yaddaşım yerində və potensial gücüm yüksək səviyyədə olduğu bir vaxtda teatrdan niyə getməliyəm? Axı elə rollar var ki, tərifçün demirəm, həmin rolları mənim kimi heç bir aktyor oynaya bilməz. Teatrda “yaş senzinə” fərdi yanaşmaq lazımdır. Bu gün elə aktyor var ki, 50 yaşı var, amma səhnə üçün yararsızdır. Nə canının sağlamlığı, nə də fiziki gücü imkan vermir ki, səhnədə çıxış etsin. Amma yaşı az olduğuna görə teatrda qalıb işləyir. Və hətta uzun müddət rol da oynamır, amma əmək haqqı alır. Belələri teatr üçün bir yükdür. Lakin aktyorun 70-80 yaşı var və maraqlı rollar oynayır, teatra çox lazımdır, amma onu teatrdan uzaqlaşdırırlar. Açığı, bu mənə çatmır. Mən bunu başa düşə bilmirəm. Biz oxumuşuq və görmüşük ki, aktyor səhənədə ölməlidir. Tarix boyu sübut olunub ki, cavan aktyorlar peşəkarlığı teatrda yaşlı aktyorlardan öyrənirlər. Bu “yaş senzi” qərarı hələ də mənimçün qaranlıqdır. Yaşlı rejissorlara, aktyorlara, aktrisalara qarşı belə sərt münasibət olmasını istəməzdim. Mənə elə gəlir ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu haqda dərindən düşünməli və humanist bir qərar qəbul etməlidir. Yeni Mədəniyyət nazirimiz cənab Adil Kərimli mədəniyyət sahəsində çoxlu islahat aparmaq istəyir. Yəqin bu “yaş senzi” oyununa da baxacaq və yaşlı istedadlı aktyorların, aktrisaların, rejissorların teatrlarda işləməsinə şərait yaradacaq. Əgər belə olmasa onlar bu yolla çoxlu peşəkar aktyorları, aktrisaları, rejissorları itirə bilərlər. Onları vaxtından tez o dünyaya göndərə bilərlər. Bu da Azərbaycan teatrına, səhnəsinə çox baha başa gələ bilər. Doğrudanmı onlar bunu fikirləşə bilmirlər? Kim bilir. Bəlkə də elə onlar, yaşlı aktyorları o dünyaya daha tez yola salmaq istəyirlər?.. Niyə?.. Nə üçün?.. Axı yaşlı rejissorların, aktyorların, aktrisaların günahı nədir? Ona görə də Mədəniyyət Nazirliyinin yeni komandası bununla bağlı humanist rəyə gəlməli və bunu ölkə başçısına çatdırmalıdır. Əgər bu, “yaş senzi” oyunu davam etsə, Azərbaycan incəsənəti çox şey itirəcək. Gələcək nəsillər isə bunu bizə bağışlamayacaq. Düşünən beyinləri, istedadlı insanları qorumaq lazımdır ki, ölkəni tərk edib, xarici ölkələrə getməsinlər. Bu, Vətəni qorumağa bərabər bir müqəddəs işdir. Qarabağda qələbə çaldığımız bir vaxtda düşünən beyinlər Vətənimizə daha çox lazımdır. Ona görə də onlara hər cürə şərait yaratmaq lazımdır.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi,
dramaturq-rejissor
26-28 Yanvar 2024-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB