Sənətində layiqli qiymətini ala bilməyən aktrisa - (Portret cizgiləri - Esse)
Mən onu ilk dəfə səhnədə 1986-cı ildə Xalq şairi Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” tamaşasında Seda rolunda Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, mərhum rejissor Yusif Əkbərovun çox peşəkar quruluşda qoyduğu tamaşasında görmüşdüm. Səhnəyə ilk çıxışından tamaşaçıları çox asanlıqla ələ alırdı. Səhnədə çox sərbəst və həddindən artıq baxımlı idi. Onun səhnəyə hər gəlişi və çıxışı gür alqışlarla qarşılanırdı. Belə ki, həmin tamaşada o, əsas rolları oynayan Xalq artistləri Valeh Kərimovdan ( Moşu), Afaq Bəşirqızından (Söylü) heç də az alqış qazanmırdı. Teatr aləmindən xəbəri olan insan kimi, tam inandım ki, bu aktrisa az bir vaxtda böyük uğurlar qazanacaq.
Həmin vaxtı mən artıq Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ( indiki Rusiya Dövlət Sənət Akademiyasında) rejissorluq fakültəsinin son kursunda qiyabi oxuyurdum. Azərbaycan mədəniyyət naziri, böyük ziyalı, mərhum Zakir Bağırovun əmrilə, təyinatla Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilmişdim. Amma Sumqayıt teatrı mənə doğma olduğuna görə, orada səkkiz il aktyor işlədiyim üçün və ailəm də hələ ki, Sumqayıt şəhərində yaşadığından imkan düşdükcə bu teatrın tamaşalarına gəlib baxırdım. Və tamaşalar haqqında öz ürək sözlərimi, fikirlərimi deyirdim. Həmin vaxtı mən onu Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Süleyman Sani Axundovun “Tamahkar” tamaşasında - Gülzar və Nabat, Hüseyn Cavidinin “Afət” tamaşasında-– Müğənni qız, Cəfər Cabbarlının “Oktay Eloğlu” tamaşasında -Nərgiz, Sara Nəzirovanın “Dədə Qorqud” tamaşasında - Ana, Mövlud Süleymanlının “Dəyirman”ında - Temirin arvadı, Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərində - Ermek, Vasili Şukşinin “Diribaş adamlar” ında- Vera rollarında da gördüm. O, bu rolları da böyük coşqu və peşəkarlıqla oynayırdı.
1989-cu ilin yanvar ayında məni Ağdam Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru vəzifələrindən Sumqayıt Dövlət Dram Teatrına elə bu vəzifələrə dəyişdilər. Teatrda işə başladığım ilk gündən eşitdim ki, həmin aktrisa analıq məzuniyyətinə çıxandan sonra geri qayıtmayıb, öz ərizəsilə işdən çıxıb və Sumqayıtdakı Pionerlər Evində dram dərnəyinə rəhbərlik edir. Mən təcili onu teatra dəvət elədim. Söhbət etdik və yenidən teatra qayıtmağa razılıq verdi. Və az bir vaxtda teatrın ən aparıcı aktrisalarından biri oldu. Elə həmin vaxtlar bu teatrda quruluş verdiyim Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın!” tamaşasında- Direktor və özüm yazdığım Sabir Rüstəmxanlının “Portret cizgilər” tamaşasında- Aparıcı rollarını yüksək peşəkarlıqla oynadı. Beləliklə, teatrın reperturarında olan Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşasında- Nisəxanım, “Alıy Lotos”da- Lena, Nikolay Qoqolun “Müfəttiş” tamaşasında- Mariya Antonovna və unter zabitinin arvadı, Geor Xuqayevin “Ər və arvad” əsərində- Zəritə, Nazim Hikmətin “Bayramın birinci günü” tamaşasında - Aytən, Cahangir Məmmədovun “Cinbalalar” uşaq tamaşasında- Nənə, Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasında - Şəhrəbanuxanım, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” musiqili tamaşasında- Səməni, Əyyub Qiyasın “Qarışqa yuvası” əsərində- Naza, Cəlil Məmmədquluzadənin “Danabaşlılar” tamaşasında - Zeynəb, Aqşin Babayevin “Kim nə deyər bizdə olan qeyrətə” müzikılında - Nazlı, Firudun Məhərrəmov “Oğuzlar” əsərində - Burla Xatun, Əvəz Mahmud Lələdağın “Batmanla gələn dərd” tamaşasında - Qaçqın Ana, Çingiz Məmmədovun “Kişi” əsərində - Müəllimə, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında - Sara, Aqşin Babayevin “Xilaskar” əsərində - Aparıcı, Marat Haqverdiyevin “Məhəbbət, şeytan, ağ ölüm” əsərində - Raqifə xanım, Famil Süleymanovun “Qisas” tamaşasında - Leyla və başqaları. Heç biri, bir-birinə oxşamayan, yüksək xarakterli, maraqlı rollar. Və bu rolların hər birini obraz səviyyəsinə qədər qaldırmaq, aktrisadan böyük peşəkarlıq tələb eləyrdi. O, bunu yaxşı bacarırdı. Həmin vaxtlar onun haqqında çoxlu ressenziyalar yazıldı. Tamaşaçılar ünvanına xoş sözlər dedilər.
Hə. Yazımın bu yerinə qədər əziz oxucu, yəqin bir neçə dəfə özünüz-özünüzə sual veribsiniz ki, axı Allah vergisi olan bu aktrisa kimdir? Niyə müəllif onun adını, soy adını yazmır? Sizin bu naharahatçılığınıza son qoymaq üçün indi sizi həmin aktrisa ilə daha yaxından tanış etmək istəyirəm əziz oxucu.

Bu aktrisa, Ulu Tanrının ona verdiyi böyük istedadı ilə və hər bir rolu ilə tamaşaçıların sevimlisinə çevrilən Yasəmən Yəhya qızı Məmmədovadır. Özünə çox cavan yaşlarında haqq dünyasına qovuşan, arzularının çiçək açmasını sona qədər görməyən Malik adlı qardaşının adını təxəllüs kimi götürən Yasəmən Malikdir.
O, 1961- ci ilin fevral ayının 4-də Masallı şəhərində anadan olub.
1984-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyoru fakültəsini bitirib və təyinatla Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına işləməyə göndərilib. Sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə gəlib. 1986-cı ildən 2008-ci ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrında və paralel olaraq (2002-2005-ci illərdə) Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili KomediyaTeatrında aktrisa işləyib. 2008-ci ildə Dövlət Gənclər Teatrına işə qəbul olub, amma altı ay sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı ilə, Dövlət Gənclər Teatrı birləşdiyinə görə, 1 May, 2009-cu ildən etibarən bu günədək Azərbaycan Dövlət GəncTamaşaçılarTeatrında aktrisa vəzifəsində işləyir. Eyni zamanda müxtəlif teatrlarda- İrəvan və Şəki teatrlarından da dəvət alaraq, həmin teatrların tamaşalarında rollar oynayıb. Yasəmən Malik təkcə teatr aktrisası deyil. Onun həm də çox melodik, ürəyə yatımlı səsi, səs tembiri olduğuna görə, dövlət səviyyəli tədbirlərdə müğənni kimi də çıxış eləyir. Onun, millətimizin baş tacı olan müqəddəs torpağımız Şuşaya həsr olunan və 1999-cu ildə çəkilmiş “Həsrət” adında çox maraqlı, dərin məzmunlu bir klipi də var. Eləcə də oynadığı çoxlu rollarda maraqlı mahnılar ifa eləyib. O, Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə - 28 May, 8 Mart, ulu öndərimiz Heydər Əliyevə, akademiklər Həsən Əliyevə, Əziz Əliyevə və başqa görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş bütün tədbirlərin əsas Aparıcısı olub. Bu işi də çox peşəkarlıqla yerinə yetirib Yasəmən Malik.
Onu da vurğulayım ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə və Sumqayıt zəhmətkeşlərilə görüşdüyü vaxt onun şəninə hazırladığımız teatrlaşdırılmış tamaşada aparıcı kimi Yasəmən Malik yüksək peşəkarlıqla çıxış etdi. Hətta həmin tədbirdə onun dörd yaşlı qızı Cahan da Ulu Öndərə həsr olunan şeiri elə maraqla, məharətlə söylədi ki, bu şeir də dahi rəhbərin xoşuna gəldi.
O, 2002-ci ildən bu günə kimi dublyaj sahəsində yüksək səviyyədə fəaliyyət göstərir. AZTV, İTV, ATV, Xəzər, Lider telekanallarında minlərcə xarici film, serial, sənədli və çizgi filmlərinin Azərbaycan dilində səsləndirilməsini yüksək peşəkarlıqla reallaşdırıb. Dublyaj sənəti çox çətin sahədir. Buna görə aktyordan, aktrisadan böyük peşəkarlıq və bir andaca səs tembirində, daxilində yüksək səviyyədə başqalaşma tələb olunur. Bunu da hər sənətçi lazım olan səviyyədə bacarmır. Amma Yasəmən Malik bu sahədə də yüksək peşəkardır.
Yasəmən Malik Sumqayıt Dövlət Musiqili-Dram Teatrından öz ərizəsilə işdən çıxandan sonra, bəziləri elə fikirləşirdilər ki, bununla da onun yaradıcılığı dayanacaq və aktrisalıq həyatına son qoyulacaq. Amma elə olmadı. O, Dövlət Gənclər Teatrında işə başlayandan və bu teatr Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndə sonra, onu başqa teatrlar da tamaşalarda oynamağa dəvət etdilər.
Yasəmən xanım hələ Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Xalq şairi, gözəl dramaturqumuz Nəriman Həsənzadənin “Atabəylər” əsərində - Gülaçar rolu ilə gələcəkdə necə yaxşı aktrisa olacağını sübut etmişdi. O, bu sübutu Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrında oynadığı, Rauf Hacıyevin “Talelər qovuşanda” operettasında - Sona, Aqşin Babayevin “Əlin cibin də olsun” musiqili tamaşasında oynadığı - Əsmər, Əli Əmirlinin “İtkin ər” müzikılında- Bikəxanım, Cahangir Məmmədovun “Məsməxala dayımdır “ musiqili tamaşasında - Katibə, Rüfət Əhmədzadənin musiqili komediyası “Gülmək qadağandır”da - Aparıcı və İfaçı, Cahangir Məmmədovun “Baş tutmayan hiylə” musiqili tamaşasında- Tülkü rollarını oynamaqla sübut elədi ki, onun istedadının qarşısını heç cür almaq olmaz. O, həqiqətən Allah vergisidir. Yasəmən Malik Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında oynadığı Nobel mükafatı laureatı Slovomir Mrojekin “Xoşbəxt hadisə” əsərində- Qadın və Əbdürrəh bəy Haqverdiyevin “Pəri Cadu” əsərində Pəri Cadu rolunu oynamaqla doğrudan da Allah vergisi olduğunu tam sübut elədi.
2009-cu ildə Azərbaycan Dövlət GəncTamaşaçılar Teatrında aktrisa kimi işə başlaması ilə onun yaradıcılığının yeni çalarları da üzə çıxdı. Belə ki, bu teatrda oynadığı Hofmanın “Şelkunçik” əsərində - Baş Dayə, Əli Əmirlinin “Mən səni sevirəm”də - Mələk, Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında- Zema, Kəndli qadın, Vera Suqrayevanın “Qohumlar” əsərində- Saqana, Firuz Mustafanın “Pələng ili” tamaşasında- Türfə, Vilyam Şekspirin “Romeo və Culyetta” faciəsində- Ledi Montekki, E.Uspenskinin “Çeburaşka” nağıl tamaşasında- Şapoklyak, İlgiz Zeyniyevin “Varislər” əsərində- Zeynəb, Əli Əmirlinin “Ünvansız qatar” tamaşasında - Telli, İ.İmanın “Balaca, yaramaz məxluq” əsərində- Direktor Solmaz xanım, Mehriban Ələkbərzadənin “Kod adı VXA” faciəsində Vətən xaininin arvadı Yelizavetta Qorbunova və sairə obrazları səhnədə yüksək peşəkarlıqla canlandırıb Yasəmən Malik.
O, təkcə teatr tamaşalarında deyil, Azərbaycan televiziyalarının da sevimli aktrisalarından biridir. Məhz buna görə də tez-tez seriallara dəvət olunur və bir-birindən maraqlı rollar oynayır. Bu seriallardan “ Yanmış Körpülər” (Azərbaycan televiziyasında ilk seriallardan biridir), “Şans” ( bədii film), “Muradına Çatan Günəş”, “2-ci bahar”, “Ağabəyovlar”, “İmtahan”, “Uçurum”, “Kölgə”, “Həyat varsa”, “Sayrışan işıqlar”, “Yalan həqiqət” və başqa serialların adını çəkə bilərəm.
Bax, bu qədər teatr və kino aləmində xidmətləri olan belə bir istedadlı, maraqlı aktrisaya hansı sirdisə bu vaxta qədər fəxri ad verilməyib. Özü də Yasəmən Malik həmişə səhnəni hər şeydən üstün, uca, ülvi tutub. Buna çox misallar çəkə bilərəm. Mənə elə gəlir ikisini desəm kifayətdir.

Yadıma gəlir. 1996-cı ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrda Xalq şairi Sabir Rüstəmxanlının 50 illik yubileyinə öz ssenarim əsasında hazırladığım “Sabir Rüstəmxanlının portret cizgiləri” tamaşasında Yasəmən xanım dörd aparıcıdan biri idi. Amma onlar təkcə aparıcı yox, həm də tamaşanı dirijor kimi idarə edir, rəqslər oynayır, mahnılar ifa edirdilər. Beləliklə, tamaşanın əsas iştirakçısı idilər. Həmin vaxtı bizi bu tamaşa ilə Azərbaycanın Cənub bölgəsinə qastrol səfərinə dəvət etdilər. Orada yeddi tamaşa oynamalı idik. Bir gündən sonra qastrola gedəcəydik, teatra xəbər gəldi ki, Yasəmən xanımın qardaşı Malik çox cavan yaşında - 37 yaşında haqq dünyasına qovuşub. Yasəmən xanım da təcili Masallıya, qardaşının dəfninə gedib. Artıq çıxılmaz bir vəziyyətdə qalmışdıq. Yasəmən xanımın bu tamaşada dublyoru yox idi və yuxarıda yazdığım kimi onun rolu çox çətin, çoxlu sözü və mizanları, mahnıları, rəqsləri olan bir obraz idi. Qastrolu da saxlamaq olmazdı. Çünki Cənub bölgəsinin beş rayonunda artıq biletlər də satılmışdı. Onun roluna isə bir günə dublyor hazırlamaq da olmazdı. Həmin vaxtı teatra mənim adıma belə bir teleqaram gəlmişdi: “Salam Ağalar müəllim, mənim qardaşım Malik haqq dünyasına qovuşduğuna görə Masallıdayam. Qastrolu saxlamayın. Mən sizi Masallıda gözləyirəm. Rolumu özüm oynayacam. Bu, aktrisa kimi mənim müqəddəs borcumdur”. Açığı onun bu teleqramına görə Yasəmən Malikə hörmətim daha da artdı. Və qastrolda da elə yaxşı oynadı ki, heç elə bil çiynində belə ağır qardaş dərdi, yükü yoxdur.
İkinci bir misal. Mehriban xanım Ələkbərzadənin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında özünün yazdığı və hazırladığı “Kod adı VXA” tamaşası çox ağır və dörd saat davam edən maraqlı bir tamaşadır. Tamaşada həddindən artıq çətin mizanlar və hərəkətlər var. Bu tamaşada “Vətən xainləri” adlanan insanların həyat yoldaşlarına, qız övladlarına Sovet rejiminin faşistləri tərəfindən dəhşətli işgəncələr verilir. İsmətlərinə toxunulur, alçaldıcı səviyyədə təhqir olunurlar. Tamaşanın son proqon məşqində Yasəmən xanımın elədiyi ağır, çətin mizanlar nəticəsində burnu sınıb. Huşunu itirib və teatra Təcili Tibbi Yarım heyyəti gəlib. Ona ilkin yardım olunub və vəziyyəti yaxşı olmadığına görə Neftçilər xəstəxanasına aparılıb. Ona orada rentgenlə burnunda sınıq diaqnozu qoyulub və həkim bildirib ki, bu vəziyyətdə hələ ki, səhnəyə çıxmaq olmaz. Hətta həkim həmin vaxtı Yasəmən xanımla xəstəxanaya gedən Əməkdar artist, teatrın Həmkarlar Təşkilatının sədri İlham Əsədova da dönə-dönə tapşırıb ki, “Yasəmən xanım bu vəziyyətdə səhnəyə çıxa bilməz”. Amma Yasəmən xanım tibbi yara bantı burnunda, həkimlərin köməkliyi və vurduqları ağrıkəsici iynələrlə, iki gün dalbadal həmin ağır tamaşada yüksək peşəkarlıqla oynayıb. Onun belə ağır xəstə vəziyyətdə olduğunu heç bir tamaşaçı başa düşməyib.
Bax, budur Yasəmən Malikin bir aktrisa kimi fədakarlığı və teatra sevgisi, məhəbbəti. Amma çox acınacaqlıdır ki, ona qarşı həmişə haqsızlıqlar olub. Bir aktrisa kimi bütün bu xidmətlərinə görə nə Əməkdar artist fəxri adını, nə də Prezident mükafatını ona hələ də verməyiblər. Yasəmən Malik bəzi yollarla bunları ala bilərdi. Çünki keçmiş Mədəniyyət nazirlərinin vaxtında belə şeylər çox olurdu. Heç bir xidməti olmayanlar Əməkdar artist və hətta Xalq artisti də olurdular. Amma o, bunu heç vaxt özünə və şəxsiyyətinə sığışdırmayıb. Və fikirləşib ki, “axı mən bunlara çoxdan layiqəm. Bəs onda niyə mənə fəxri ad və Prezident mükafatı verilmir?”
Mən, ömrümün 50 ilini teatr sənətinə həsr edən bir mütəxəssis kimi inanıram ki, yeni Mədəniyyət nazirimiz cənab Adil Kərimli tərəfindən Yasəmən Malikin (Məmmədovanın) layiq olduğu Əməkdar artist fəxri adı elə bu il, ulu öndər Heydər Əliyevin 100 illik yubileyində və Azərbaycan Milli Teatrının 150 illik yubileyində yəqin ki, ona veriləcək.
Beləliklə də, haqq öz yerini tapacaq.
Dahi rəhbər Heydər Əliyev də deyirdi ki, “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”. Ona görə də gəlin ədaləti, ədalətlə bərpa edək və hər kəsin layiq olduğu qiyməti ona vaxtında verək. Onda həyatda, yaşamaq da, yaratmaq da gözəl olar. Axı hər bir insan layiq olduğu qiyməti vaxtında alanda, onda işləməyə həvəs, istək daha çox olur. Həmin vaxtı o, xalq üçün daha çox işlər görür. Bəs onda niyə biz, bir millət olaraq, hər kəsin qiymətini vaxtında vermirik?!..

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB