Unudulmaz teatr təşkilatçısı, əsl sənət fədaisi (Esse

1973-cü ildə yenidən bərpa olunan və fəaliyyət göstərən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi son 50 illik yol, bütöv bir sənətkar nəslinin yetişdiyi böyük tarix, sənət salnaməsi deməkdir. Lənkəran Dövlət Dram Teatrının yaradıcısı, 1973-1981-ci illərdə bu sənət ocağına rəhbərlik etmiş Məbud İbrahim oğlu İsmayılzadənin həmin salnamədə xüsusi yeri və böyük xidmətləri var.

Tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə 1924-cü ilin mart yaının 24-də Zərdab rayonunda dünyaya gəlib. Onun çox çətin, ağır, məşəqqətli uşaqlıq illəri olub. Teatr sənətinə, ədəbiyyata həvəs onda çox erkən yaşlarında formalaşıb. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər heç də yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim “Çinar”, “Şur” kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. O, respublikada ilk teatrlaşdırılmış kütləvi bayramların əsasını qoyub. Onların ssenari müəllifi və rejissoru olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış “Xalq yaradıcılığı bayramı”nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, rejissoru, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz Məbud İsmayılzadə olmuşdu. Eləcə də böyük dövlər xadimi Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə dövlət səviyyəsində 1967-ci ildə rəsmi keçirilən Novruz bayramının, 1970-ci illərin məhsul bayramlarının və sonrakı Novruz bayramı şənliklərinin də əsas təşkilatçılarından biri və rejissoru məhz Məbud İsmayılzadə olmuşdu. 1982-ci ildə Şuşada, böyük peşəkar səviyyədə təşkil olunan Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejissoru da məhz Məbud İsmayılzadə idi. Bu tədbirlər özünün rəngarəngliyinə, dərin rejissor yozumuna görə də Məbud İsmayılzadənin sayəsində böyük tamaşaçı marağı qazanmışdı.

1960-cı illərdən bədnam qonşularımız ermənilər bizim “Sarı gəlin” mahnısını öz adlarına çıxıb, erməni dilində ifa edirdilər. Həmin vaxtı Məbud İsmayılzadə Azərbaycan Mərkəzi Komitəsi səviyyəsində məsələ qaldırıb ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır. O, bunu lazım olan sənədlərlə sübut edib. Hətta bu mahnının əsasında maraqlı bir kompazisiya da hazırlayıb. Və həmin vaxtdan bu mahnı azərbaycanlı müğənnilər tərəfindən ifa olunub.1990-cı ilin əvvəllərində ermənilər dünyaya car çəkdilər ki, guya “Sarı gəlin” onların mahnısıdır və biz azərbaycanlılar bu mahnısı onlardan oğurlamışıq. Bu vaxtı yenə də Məbud İsmayılzadə əlindəki tutarlı sənədləri Azərbaycan Mədəniyyət naziri Polad Bülbüloğluna təqdim etdi. Məhz bu tutarlı sənədlərlə Mədəniyyət Nazirliyi dünya xalqlarına sübut elədilər ki, ermənilər yalan deyir. Bu mahnı “Sarı gəlin” həqiqətən qədim Azərbaycan xalq mahnısıdır.

Məbud İsmayılzadə Respublika Xalq Yaradıcılığına rəhbərlik etdiyi 20 il müddətində Azərbaycan ədəbiyyat, incəsənət işçiləri üçün də çox böyük işlər görmüşdü. Həmin vaxtı rejissorlar, bəstəkarlar və başqa sənət adamları çox çətin dolanırdılar. O, rejissorları məcbur edirdi ki, nəsr əsərlərini səhnələşdirib və ya özləri də pyeslər yazıb, Xalq Yaradıcılığı Evinə versinlər. Bu əsərlərə görə onlara lazım olan qədər qonorar verilirdi. Eləcə də bəstəkarlar öz əsərlərini bu təşkilata satmaqla yaxşı qonorar alırdılar. Dramaturqlar da öz pyeslərini bu təşkilata satmaqla yüksək səviyyədə qonorar alırdılar. Bütün bunlar da Məbud İsmayılzadənin ziyalı kimi böyüklüyünə əyani bir sübutdur.

Həmin vaxtı məşhur bəstəkar, dünya şöhrətli “Cücələrim” mahnısının müəllifi Qənbər Hüseynli bəzi bədxah adamların ucbatından həbs olunmuşdu. O, həbsdən azad olunandan sonra heç yerdə işə götürmürdülər. Məbud İsmayılzadə heç bir təpkiyə baxmayaraq, Qənbər Hüseynlini işə götürüb, rayon Xalq Yaradıcılığı Evinin rəhbəri təyin elədi. Bax, bu yüksək kişilik əməllərinə, keyfiyyətinə görə bəzi bədxah adamlar onun haqqında danoslar yazdılar. Azərbaycan mədəniyyətinə düşmənçilik elədilər. Məhz buna görə hansısa bədxahlar Məbud İsmayılzadəyə keçmiş ittifaq səviyyəli bu maraqlı işilərini davam etdirməyə imkan vermədilər. Həmin haqsızlıqlara görən Məbud müəllim öz ərizəsi ilə işdən çıxdı. Sonra 1972-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və Muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışdı.

1973-cü ildə Lənkəranda yenidən Dövlət Dram Teatrının bərpası və bu teatra kimin rəhbər təyin olunması haqqında məsələ qalxanda, Mədəniyyət Nazirliyinin rəhbərliyi Məbud İsmayılzadənin adı üzərində dayandı. Çünki uzun illər aparıcı rəhbər vəzifədə işləmiş və özünün də sənəti rejissorluq olan Məbud müəllimdən yaxşı kadr fikirləşib tapmaq olmazdı. Yeni yaranan teatrı yaşatmaq və respublikada tanıtmağı yalnız onun kimi böyük təcrübəsi olan rəhbər bacarardı.

Bildiyimiz kimi zəngin tarixi olan Lənkəran Dövlət Dram Teatrı ilk dəfə 18 yanvar 1891-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk tamaşası Nəcəf bəy Vəzirovun "Oddan-alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası olub. Deməli, tarixi sənədlərə istinad etsək, bu teatrın indi 132 yaşı var.

1930-cu ildən Hüseyn Ərəblinskinin adını daşıyan Lənkəran Dövlət Dram Teatrına uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik etmişdi. İosif Stalinin Azərbaycan incəsənətinə böyük zərbə vurması və Zaqafqaziyada yalnız Gürcü teatrlarının öndə olmasını özünün ali məqsədi kimi qarşıya qoyan Stalinin əmrilə Azərbaycanın bölgələrində olan çoxlu teatrlar bağlanıb. Lənkəran Dövlət Dram Teatrı da 1949-cu ildə bağlanıb. 1949-cu ildən Xalq Teatrı kimi fəaliyyət göstərən Lənkəran Teatrı 6 dekabr 1973-cü ildən yenidən bərpa olunaraq, Dövlət Teatrı kimi fəaliyyətini davam etdirib. Bu tarixdə teatrın səhnəsində ilk tamaşa kimi Mirzə İbrahimovun "Yaxşı adam" komediyası göstərilib.

Beləliklə, 1973-cü ildə Məbud İsmayılzadə teatrın ilk bədii rəhbəri və direktoru təyin olundu. Bununla da onun həyatının ikinci və daha maraqlı, cavabdehli dövrü başladı. Teatrın ilk tamaşalarından olan Nazim Hikmətin “Bayramın birinci günü” səhnə əsərinə özü maraqlı quruluş verdi. Əlbəttə, yeni yaranan teatrın qayğıları da həddindən artıq çox idi. İlk növbədə, teatr üçün ayrılmış mədəniyyət evi binasını peşəkar teatr məkanına uyğunlaşdırmaq lazım idi. Buna görə böyük vəsait, texnika, lazım olan materialları tapıb gətirmək xüsusi təşkilatçılıq, böyük bacarıq tələb edirdi. Ali məktəbi bitirən bir qrup gənc mütəxəssisin Lənkəran teatrına işləməyə gəlməsi həm sevindirici idi, həm də böyük məsuliyyət tələb edirdi. Onların mənzillə təmin olunması, sosial problemlərinin həlli və sairə lazım idi. Bütün bu çətinliklər də məhz onun üzərinə düşürdü. Məbud müəllim həmin vaxt Lənkəran rayonunun partiya komitəsinin birinci katibi işləmiş, teatr sənətinə, mədəniyyətə böyük marağı olan, dəyərli ziyalı, Sosialist Əməyi Qəhrəmanı, bir vaxtlar Naxçıvanın Mədəniyyət naziri olmuş İsa Məmmədovun və respublikanın Mədəniyyət naziri, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru, Azərbaycan mədəniyyəti üçün böyük işlər görən Zakir Bağırovun yaxından köməkliyi sayəsində bu məsələlərin hamısını həll etdi. Aktyorlar hamısı mənzillə təmin olundular. Lənkəranda həmin vaxt peşəkar teatrın açılması Cənub bölgəsi üçün çox böyük bayram və tarixi hadisə idi. Bu teatrın bütün tamaşaları təkcə Lənkəranda yox, bütövlükdə Cənub bölgəsində və eləcə də Azərbaycanın başqa yerlərində həmişə anşlaqla keçirdi. Hətta Lənkəranda hər bir kənd və təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Həmin günlər insanlar böyük bayrama gələn kimi, gül dəstələri ilə tamaşalara gəlirdilər.

Desəm ki, həmin vaxtlar Cənub bölgəsi teatr sahəsində intibah dövrünü yaşayırdı, yəqin ki, yanılmaram. Çünki mən özüm həmin vaxtlar bu teatrın tamaşalarına baxanda, bu bayramın şahidi olmuşam. Bütün bunların da əsas təşkilatçısı, əsas aparıcı rəhbəri məhz Məbud müəllim idi. Ona görə də belə bir deyim var ki, teatrın ən böyük uğuru ilk növbədə ona rəhbərlik edən şəxsiyyətdən çox asılı olur. Yəni teatr rəhbəri ilk növbədə yüksək təşkilatçı və böyük şəxsiyyət olmalıdır.

Məbud müəllim Bakıda işini, vəzifəsini qoyub əyalətə, bu teatra rəhbərlik etməyə gedəndə də onu yalnız bir şey maraqlandırırdı. Teatrı respublikada və ondan kənarlarda tanıtmaq. Həmin vaxtlar bizim onunla bu haqda bir neçə dəfə söhbətimiz də olmuşdu. Mən onun təmkininə, hər sözünü ölçüb-biçib danışmasına, ağıllı məsləhətlər verməsinə, müdrik ağsaqqal olmasına heyran olmuşdum. Ondan teatra rəhbərlik etməyin sirlərini öyrənmişdim. Çünki artıq 1977-ci ildə mən də Sumqayıtın tarixində ilk dəfə olaraq, “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Üç yüz sumqayıtlı həvəskara burada aktyor, teatrşünas, balaetmeystr, jurnalsit, ədəbiyyat, tarix müəllimi olan dostlarımla teatrdan, səhnə danışığından, ədəbiyyatdan, tarixdən, incəsənətin başqa növlərindən dərslər keçir və tamaşalar hazırlayırdıq.

Məbud müəllim, teatra rəhbərlik etdiyi səkkiz ildə də bu böyük təşkilatı işləri çox uğurla görə bildi. Həmin səkkiz ildə artıq Lənkəran Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri oldu. Təkcə Azərbaycan yox, dünya klassiklərinin və müasirlərinin ən maraqlı əsərləri bu teatrın repertuarını bəzədi. Çox görkəmli aktyorlar, aktrisalar, rejissorlar bu teatrda yetişdi. Eləcə də Azərbaycanın tanınmış rejissorları bu teatrın səhnəsində maraqlı tamaşalar hazırladılar. Hətta həmin bölgədən olan ziyalılar bu teatrın premyeralarına baxmaq üçün Bakıdan Lənkərana gedirdilər. Həmin vaxtlar teatr haqqında tez-tez respublika qəzetlərində yazılır və Azərbaycan televiziyasında maraqlı verilişlər göstərilirdi. Mənim müəllimim, SSRİ Xalq artisti, Sənətşünaslıq doktoru, professor, Azərbaycanda özünün teatr məktəbini yaratmış Mehdi Məmmədov, 1978-ci ildə Lənkəran teatrının tamaşalarına baxandan sonra belə yazmışdı: “ Lənkəran Dövlət Dram Teatrı yaşca balaca olsa da, repertuar səviyyəsinə görə daha dolğun, daha mənalıdır. Sözün əsl mənasında bu teatra qibtə edirəm. Bütün akademik teatrlar bu teatrdan öyrənməlidir”. Azərbaycan teatrının görkəmli şəxsiyyətlərindən olan Mehdi Məmmədovun 1978-ci ildə dediyi bu sözlər Məbud İsmayılzadənin əməyinə verilən ən yaxşı və düzgün qiymət idi.

Gördüyü bu uğurlu işlərə görə Məbud müəllimi dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçmişdilər. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilmişdi və 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.

O vaxtlar Məbud müəllimin özünün yaxşı işinə, təşkilatçılığına və böyük ziyalılığına görə Azərbaycanın Cənub bölgəsindəki ziyalılar, tanınmış insanlar, rəhbər vəzifəli işçilər arasında çox böyük hörməti vardı. İmkanlı adamlar, kolxoz sədrləri, sovxoz direktorları, təşkilat rəhbərləri Məbud İsmayılzadəyə olan böyük hörmətlərinə və onun xahişinə görə teatr işçilərinə maddi cəhətdən də çox köməklik edirdilər. Belə ki, həmin vaxtı əmək haqqı az olan bütün aktyorlar, aktrisalar həmin təşəkilatlar tərəfindən işə götürülürdü və onlara əlavə əmək haqqı verilirdi ki, güzəranları yaxşı olsun. Hətta həmin vaxtı Məbud İsmayılzadə teatrdan avtobus ayırmışdı ki, aktyorlar həmin avtobusla bazara gedib, evlərinə bazarlıq edir və həmin avtobusla da aldığı şeyləri daşıyıb evlərinə gətirirdilər. Buna görə Lənkəran camaatının aktyorlara, aktrisalara hörməti, sevgisi daha çox artırdı. Bu da Məbud İsmayılzadənin uzaqgörən biliyinə, teatrı sevməsinə dəyərli bir sübut idi.

Beləliklə, Məbud İbrahim oğlu İsmayılzadə Lənkəran Dövlət Dram Teatrı üçün səkkiz ildə səksən illik iş gördü. Artıq bu illərdə teatr Azərbaycan teatr aləmində özünün layiqli yerini tapdı. Və sübut etdi ki, yaşamağa və bundan sonra da peşəkar fəaliyyət göstərməyə layiqdir. Həmin illərdə onun böyük təşkilatçılığı və qayğısı sayəsində Əməkdar incəsənət xadimləri, sonralar teatrın baş rejissorları işləmiş, maraqlı rejissorlar Oruc Qurbanov və Baba Rzayev, təşkilatçı direktorlar Füzuli Məmmədov, Əməkdar artist Elşad Zeynalov və iyirmidən artıq ustad aktyorlar, aktrisalar yetişdi. Və hər birinin adları Azərbaycan teatr tarixinə düşdü. Bax, bu idi Məbud İsmayılzadənin böyüklüyü və xeyirxahlığı.

Teatrdakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edildi. Məbud müəllim uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi çoxlu işlər gördü. Bir-birindən maraqlı teatrlaşdırılmış konsert tamaşaları hazırladı. Bu tamaşa-konsertlərlə təkcə respublikamızda yox, həm də Sovetlər Birliyində və xarici ölkələrdə çoxlu maraqlı çıxışlar elədi. Həmin konsertlər haqqında da maraqlı yazılar çap olundu və Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlandı. Məbud İsmayılzadənin həm bədii rəhbər və həm də rejissor kimi işi layiqincə qeyd olundu. O, burada da çoxlu müğənnilərin, musiqiçilərin yetişməsində böyük əmək sərf elədi.

Məbud İsmayılzadə həmişə cavanlara çox inanırdı və çalışırdı ki, onlar özlərinə inansın və öz işlərinə maraqla yanaşsınlar. Belə bir maraqlı hadisə mənimlə də olmuşdu. O, Lənkəranda işlədiyi vaxtlar mən Sumqayıt Dövlət Dram Teatrında aktyor və Sumqayıt şəhərində yaratdığım “Ümid” Teatr-Studiyasının rəhbəri idim. Özüm əslən Masallıdan olduğuma görə rayona gedəndə Lənkəran Dövlət Dram Teatrında işləyən tələbə dostlarıma gedib baş çəkir və onların oynadığı tamaşalara baxırdım. Məbud müəlliimlə də tanışlığımız həmin vaxtdan yaranmışdı. O, Bakıda Azərbaycan Konsert Birliyinin bədii rəhbəri olanda dəflərlə görüşmüdük. Həmin vaxtlar mənə təşkilatı işləri qurmaqda çoxlu məsləhətlər də verirdi. Həm də istəyirdi ki, mən Azərbaycan Konsert Birliyində müğənnilərlə teatrlaşdırılmış konsert - tamaşalar hazırlayım. Çünki mən həmin vaxtı artıq Moskvda A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda musiqili teatrlar rejissorluğu fakültəsində qiyabi təhsil alırdım. Amma Sumqayıtda işim çox olduğundan buna razılıq vermirdim. Bir dəfə Məbud müəllimlə görüşəndə belə dedi:

-Rəşid müəllim Mahnı Teatrının açılışı üçün bizdən ssenari və rejissor istəyir. Yaxşı ki, sən gəlibsən. Get teatrın açılışını hazırla. Elə ssenarini də özün yazarsan. Məbud müəllim mənim yazıçılıq, ssenari yazmaq qabiliyyətimin olduğunu bilrdi. Çünki hələ Lənkəranda işlədiyi vaxt onun haqqında “Əsl teatr direktoru” adlı sənədli hekayə yazmışdım və xoşuna gəlmişdi. Onu da vurğulayım ki, bizim Məbud İsmayılzadə ilə isti münasibətimiz o, haqq dünyasına qovuşana qədər davam elədi.

O, Rəşid müəllimə zəng vurub dedi ki, “Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində oxuyan Ağalar adlı bir cavan oğlan var. Siz də bizdən rejissor istəmişdiniz. Göndərim gəlsin yanınıza söhbət edin. İnanıram fikirləri xoşunuza gələcək”.

Rəşid müəllim də dedi ki, “qoy gəlsin söhbət eləyək”.

Əlbəttə, Rəşid Behbudov kimi, dahi şəxsiyyətlə işləməyi hamı arzu edirdi. Bu da mənim üşün bir şans idi düşmüşdü. Çox sevindim. Azərbaycan Dövlət Konsert Birliyindən çıxıb, təcili Mahnı Teatrına doğru gəldim. Oxucular daha aydın olması üçün deyim ki, Dövlət Mahnı Teatrı 1965-ci ildə yaradılsa da rəsmi qeydiyyatı 1968-ci ildə olub. Həmin vaxtdan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərməyə başlayıb. Amma binası olmayıb. Gah Kukla Teatrının binasında, gah da başqa yerlərdə fəaliyyət göstərib.

... Yol boyu Mahnı Teatrına gələndə fikirləşirdim ki, doğrudanmı mən dahi müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla tamaşa işləyə bilərəm? Onu da bilirdim ki, bu binanı 1980-ci ildə Heydər Əliyev şəxsən özü Rəşid Behbudova verib. Hətta eşitmişdim ki, ona teatrı üçün bir neçə bina təklif eləyib, amma Rəşid Behbudov məhz bu binanın üstündə dayanıb. Və fikri bu binanı gözəl bir teatr binası etmək idi. Ona görə də binanın təmirinə çox böyük memar, inşaatçı Əliş Ləmbəranski ilə birlikdə şəxsən özü rəhbərlik eləyirdi. Artıq 1982-ci il idi, amma orada hələ də təmir işləri gedirdi. Bu işlər də çox uzanırdı...

Beləliklə, teatra gəldim. Rəşid müəllim foyedə idi. Binanın təmir işlərinin gedişinə baxırdı və öz təkliflərini verirdi. Mən növbətçiyə kim olduğumu dedim və o da gəlib dedi ki, Rəşid müəllim sizi gözləyir. Biz elə foyedə onunla görüşdük. Məni çox mehriban qarşıladı. Çox həyəcanlı idim. Çünki ilk dəfə idi ki, onunla belə yaxından tanış olurdum. Məni kabinetinə dəvət elədi. Otaq çox kiçik idi. İlk sözü belə oldu.
-Moskvada təhsil alırsan?
-Bəli.
-Azərbaycanlısan?
-Bəli, Rəşid müəllim.
O, gülümsündü.
- Fikirləşdim ki, yəhudisən. Çünki azərbaycanlıların çoxu belə yüksək səviyyəli ali məktəbdə oxumaqdansa ticarət sahəsində təhsil almağı xoşlayırlar. Dövlət Teatr Sənəti İnstitutunu bu vaxta qədər neçə nəfər bitirib?
-Cəmi doqquz nəfər. Mən onuncuyam.
-İndi sən teatrın açılışına bizimlə nə hazırlamaq istəyərdin?
Artıq mən yolboyu nə hazırlayacağımı fikirləşmişdim. Dedim:
-Rəşid müəllim səhnədə bir fayton olacaq. Düzdür sizin səhnənin kruqu yoxdur. Bu kruqu şariklər üzərində düzəltmək olar. Kruq fırlandıqca səhnədəki ayrı-ayrı ölklərin atrubutlarının yanında dayanır və siz də həmin ölkənin mahnısını ifa edirsiniz. Özü də siz manhıları ifa etdiyiniz vaxt həmin ölkələrin rəqsələri də olacaq. Sizin rəqqaslar ifa eləyəcək. Hətta cavan müğənnilər də yeri gələndə həmin mahnıdan bəzi sözləri oxuyacaqlar. İdeya da belədir. Dahi müğənni Rəşid Behbudov öz mahnıları ilə dünyanı fəth edir.
-Maraqlıdr. Bəs ssenarini kim yazacaq?
-Əgər icazə versəniz ssenarini də özüm yazaram.
-Bu sahədə səriştən var?
-Bəli bir neçə pyesin, ondan çox ssenarinin, iyirmidən çox hekayənin və əllidən çox məqalənin müəllifiyəm.
-Yox, deyəsən sən həqiqətən də yəhudisən,- deyə o, özünəməxsus güldü. Neçə yaşın var?
-Otuz iki.
-Məndən sənə vəsiyyət. Bu işlərdən möhkəm yapış. Bizdə cavanların çoxu təmbəldir. Mən var qüvvəmi sərf edirəm ki, onları peşəkar müğənni kimi yetişdirim. Doğrudur, bəziləri məndən inciyir. Amma sonra görürlər ki, düz deyirəm. Axı mən Rəşid Behbudov kimi elə-belə, asan yolla yetişməmişəm. Bu yolda böyük çətinliklərim, əziyyətlərim olub.
Beləliklə, biz onunla razılaşdıq ki, iki gündən sonra tamaşanın rejissor palnını gətirim. Rejissor planını gətirdim. Oxudu. Əsasən xoşuna gəldi və çoxlu maraqlı təkliflər verdi. Onun böyük təfəkkürünə, rejissorluq bacarığına heyran oldum. Bir həftədən sonra tam işlənmiş rejissor palnını və ssenarini gətirdim. Xoşuna gəldi. Amma məşqlərə başlamaq olmurdu. Çünki təmir işləri çox uzanırdı. Hansısa qara qüvvələr ona elə bil ki, mane olurdular...
İki aydan sonra mən Moskvaya sessiyaya getdim. Həmin vaxtı təmir işlərinin çoxu artıq tamamlanmışdı. Mən də Moskvada sessiyada olduğuma görə və dərslərimiz iki ay davam etdiyindən Rəşid müəllim Moskvadan rejissor dəvət elədi.
O, mənim əsas fikrimi saxlamaqla və özü də çoxlu, maraqlı fikirlər əlavə etməklə, maraqlı bir tamaşa hazırlamışdı. Əlbəttə, Mahnı Teatrının öz binasında yox. Çünki orada təmir işləri qurtarmamışdı...

... Yuxarıda yazdığım kimi fəxri təqaüdə çıxan Məbud İsmayılzadə teatr aləmindən ayrılmadı və Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun “Bayramın birinci günü” tamaşasına çox maraqlı quruluş verdi. Kollektiv onun bu maraqlı işindən çox razı qaldı. Məbud müəllim həmin teatrda yeni tamaşalar hazırlamağı planlaşdırırdı. Əfsus ki, amansız əcəl buna imkan vermədi.
Məbud İbrahim oğlu İsmayılzadə 2004-cü il sentyabr ayının 17-də Haqqın dərgahına qovuşdu. Haqq dünyasına köçdü. Əfsus ki, indi belə kişlər çox azdır...

Cəmi 8 il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən Məbud İsmayılzadə bu gün də həmin bölgədə və ümumiyyətlə, Azərbaycan teatr tarixində, incəsənətində çox yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır. Belə xatırlanan və yad edilən teatr rəhbərləri isə əfsus ki, çox azdır. Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir. Bu modelə rəhbərlik etmək çətin və çox məsul işdir. Bu işi də hər rəhbər bacarmır.

Vaxtilə böyük fransız yazıçısı, filosofu, tənqidçisi və maarifçisi, “Qeyri- qanuni oğul”, “Ailənin atası” kimi maraqlı pyeslərin müəllifi Deni Didro cəmi 6 ay teatra rəhbərlik etdikdən və işdən çıxandan sonra belə deyib: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı gücləndirmək kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca aparmaq və ölkə rəhbəri də olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, cəhənnəm əzabıdır bu, daha doğru və düzgün olar”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor

P.S. Bu gün, yəni 2023-cü ilin oktyabr ayının 16-da son bərpa olunmasının 50 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin böyük səhnəsində, “Qonaq teatrlar” layihəsi çərçivəsində dünya şöhrətli Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında quruluşçu rejissor və səhnələşdirən İmran Ali Qurban olan eyni adlı tamaşanı Lənkəran teatrının kollektivi göstərdi. Bu tamaşanı artıq ikinci nəsil olan aktyorlar, aktrisalar oynayırdıar. Özü də çox yüksək peşəkarlıqla oynayırdılar. Rejissor işi, rəssam işi və musiqi də yüksək peşəkar səviyyədə idi. Müharibənin dəhşətlərini, faciəsini, insan xarakterlərinin kəskinliyini göstərən bu səhnə əsəri oynanıldıqca, mən tamaşa boyu bir neçə dəfə səhnənin dərinliyində Məbud İsmayızadənin nurani sifətini, gülümsər çöhrəsini görürdüm. Deməli, onun ruhu həmin aktyorların, aktrisaların və bütövlükdə tamaşanın yanında idi və onlara böyük ruh, inam verirdi. Çünki tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin səlahiyyətlərini icra edən Xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı Hacı İsmayılov bir neçə dəfə Məbud İsmayılzadənin adını vurğuladı və onun səkkis illik teatrdakı əməyini yüksək qiymətləndirdi. Onun bu sözləri də tamaşaçılar tərəfindən alqışla qarşılandı. Deməli, Məbud İsmayılzadənin çəkdiyi əmək, zəhmət itməyib. Deməli, o, bu teatrın özülünü möhkəm qoyub. “Cəmilə” tamaşa da buna tam sübut idi.

Bütün xəbərlər Facebook səhifəmizdə