Yaddaşımda yaşayan böyük sənətkar (Esse)

Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, publisist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU “Milli rejissor sənətimiz, yaddan çıxan rejissorlar və teatr direktorları” adlı kitab üzərində işləyir. İnanırıq ki, bu kitab müəllif tərəfindən Milli Teatrımızın 150 illiyinə çox maraqlı və layiqli bir töhfə olacaq. Oktyabr 2023-cü il tarixindən başlayaraq həmin kitabdan maraqlı yazıları çoxminli oxucularımızın ixtiyarına veririk.

Həyatda tanıdığım elə maraqlı insanlar olub ki, sənət aləminə gəlişimdə və bu sənətdə uğurlar əldə etməyimdə onlar özlərinin ağıllı məsləhətləri, təmənnasız köməklikləri ilə çox böyük rol oynayıblar. Belə insanlardan biri də Azərbaycan Milli Teatrının inkişafında əvəzsiz xidmətləri olan, Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və aktyor Məmmədkamal Kazımov olub. Mən onu hələ tələbəlik illərimdən tanısam da və Milli Akademik Dram Teatrında quruluş verdiyi tamaşalara, çəkildiyi kinofilmlərə həvəslə baxsam da, onunla şəxsi tanışlığım 1985-88-ci illərdə, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında işlədiyim vaxtlardan olub. Belə ki, 1985-ci ildə onunla yaxından tanış olanda, həmin vaxt Məmmədkamal müəllim bu teatrın baş rejissoru idi və mən isə quruluşçu rejissor işləyirdim. Teatr aləmində çox vaxt belədir ki, burnunun ucundan uzağı görməyən, daxilində tutduğu vəzifədən çıxarılacaq qorxu xohfunda yaşayan bəzi baş rejissorlar, direktorlar öz hegemonluğunu göstərir və quruluşçu rejissorun işinə müdaxilə edirlər. Hətta tamaşanı necə hazırlamağı, mizanları qurmağı da yeri gələndə quruluşçu rejissora diqtə edirlər. Amma belə baş rejissorlar və direktorlar başa düşmür ki, hər bir yaradıcı rejissorun tamaşaya öz baxışı, öz ali məqsədi var. Məhz buna görə də əksər teatrlarda baş rejissorla, direktorla quruluşçu rejissorlar arasında konfliktlər yaranır. Bu konfliktlər də yaradıcı heyət arasında böyük narazıçılıqlar yaradır. Mənim bəxtim onda gətirdi ki, Məmmədkamal müəllim çox dəyərli ziyalı və əsl ağsaqqal olduğuna görə, elə insan deyildi. Heç vaxt öz iddiasını ortaya qoymadı. Və hətta özü tamaşalar hazırlayanda mənimlə məsləhətləşirdi. Baxdığım məşqlərində dediyim fikirləri qəbul edirdi. Çünki mənim dediklərim təzə fikirlər idi. Belə ki, mən həmin vaxtlar Moskvada Andrey Vasileyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda (indiki Beynəlxalq Teatr Akademiyası), rejissor təhsili alıb, Mədəniyyət Nazirliyinin təyinatı ila Ağdama quruluşçi rejissor işləməyə getmişdim. Beynimdə Moskva ab-havası dərin kök salmışdı. Axı, Moskva həqiqətən də həmin vaxtlarda ədəbiyyatın, teatr-kino sənətinin beşiyi sayılırdı. Mən də orada oxuduğum müddətdə mükəmməl təhsil almışdım. Yaxşı yaradıcılıq məktəbi keçmişdim. Sənət müəllimlərim, teatr islahatçıları Kostantin Sergeyeviç Stanislavskinin və Vladimr Nemiroviç-Dançenkonun tələbəsi Mariya Osipovna Knebelin ən sevimli tələbələrindən biri- Aleksandr Aleksandroviç Barmak və SSRİ Xalq artisti İakim Georgiyeviç Şaroyev həmin vaxtlar təkcə SSRİ-də yox, artıq dünyada tanınırdı. Bizə də, Sovetlər Birliyindən və bir neçə xarici ölkələrdən olan tələbələrə israrla rejissor sənətinin sirlərini öyrədirdilər. Hətta Ağdam Dövlət Dram Teatrında ilk tamaşalara quruluş verəndə də Moskvadan bir neçə müəllimim Ağdama gəlib, mənim işlərimlə maraqlanırdılar. Tamaşaları qəbul edir və öz tövsiyələrini, təkliflərini verirdilər.

Bu tamaşalar-Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Bobrovun “Vicdanla üz-üzə” və Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” tamaşaları idi.
Məmmmədkamal Kazımov da mənə əlindən gələn köməkliyi edirdi və tam sərbəstlik vermişdi ki, quruluş verdiyim tamaşalarda istəyimə bütövlüklə nail ola bilim. Rejissor məqsədimi tam reallaşdırım. Hər tamaşada rejissor kimi öz ali məqsədimi və ideyamı mükəmməl həyata keçirə bilim.

Aramızda iyirmi bir yaş fərq olsa da biz onunla Ağdamda həqiqətən dostlaşdıq. Sözün həqiqi mənasında əsilzadə, çox dəyərli ziyalı, yüksək savadlı və xeyirxah insan olan Məmmədkamal Allahqulu oğlu, həm də teatr aləminin canlı ensiklopediyası idi. Təkcə ölkə teatrı yox, həm də dünya teatrı haqqında çox şeyləri bilirdi. Hətta Azərbaycan teatrında baş verən çoxlu hadisələr vardı ki, yazıya köçməmişdi, amma Məmmədkamal müəllim onları bilirdi və mənə danışırdı. O, ömrünün 61 ilini teatr sənətinə həsr etmişdi. Mənə elə gəlir ki, Azərbaycan teatr tarixində 61 il ömrünü bu sənətə həsr edən yeganə sənətkar məhz Məmmmədkamal Kazımov olub. Bu tarixi hadisə teatrşünaslar, teatr mütəxəssisləri tərəfindən yazılmalı, tədqiq olunmalı və deyilməlidir. Onun həm teatrda və həm də kinoda çox maraqlı və məhsuldar yaradıcılıq tarixçəsi olub. Bütün bunlar isə bir insan ömrü üçün həddindən artıq çoxdur. Onun həyatda bir insan kimi böyüklüyü sadəliyində və mənim düşüncəmə, qayəmə görə ürəyinin büllur kimi saflığında idi. Mənə elə gəlir ki, bu insan həyatda yalnız xeyirxahlıq və insanlara təmənnasız xidmət etmək üçün yaranmışdı.
Nakəslik, xəbislik, paxıllıq kimi pis xüsusiyyətlər ona tam yad idi. O, həm də sülh tərəfdarı idi. İmkan verməzdi ki, teatr işçilərinin arasında hansısa konflikt olsun. Özünün ağıllı, müdrik məsləhətlərilə küsülüləri tez barışdırırdı ki, bu konflikt dərinə işləməsin. Böyüməsin.

Məmmədkamal Allahqulu oğlu 1929-cu ilin avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdu. Uşaqlıq illərindən teatra böyük həvəsi olduğuna görə, 1944-cü ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına işə götürülüb. Və teatrın nəzdindəki Teatr-Studiyada təhsil alıb. Bu sahə üzrə ali təhsil almaq istəyi ilə yaşayan Məmmədkamal Kazımov Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu, sonra isə rejissorluq fakültələrini bitirib. Artıq peşəkar rejissor təhsili alan Məmmədkamal Kazımov, Azərbaycan Milli Akademik Dram Teatrında bir-birinin ardınca bu tamaşalara quruluş verib. Onun quruluşunda Aleksey Arbuzovun “Tanya”, Hüseyn Muxtarovun “Kimdir müqəssir?”, Eldar Riyazanov və Emil Braginskinin “Sevgi-sevgi”, Aleksandr Sergeyeviç Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, İslam Səfərlinin “Yol ayrıcında”, Seyfəddin Dağlının “Kölgələr pıçıldaşır”, Qriqori Qorinin “Görünməmiş toy”, Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Abdulla Şaiqin “Fitnə” əsərləri təkcə Milli Akademik Dram Teatrının yox, həm də Azərbaycan teatrının tarixində özünəməxsus yer tutub. Təsəvvür edin ki, həmin vaxtlar Milli Akademik Dram Teatrında Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Ələcgər Şərifov kimi məşhurlar, öz məktəblərini yaratmış rejissorlarla çiyin-çiyinə işləmək və bu qədər tamaşalara maraqlı quruluş vermək elə də asan iş deyildi. İstedadlı rejissor və gözəl pedaqoq Məmmmədkamal Kazımov həddindən artıq zəhmətkeş və işlək insan olduğuna görə, öz işlərini təkcə Milli Akademik Dram Teatrı ilə məhdudlaşdırmayıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Tənqid-Təbliğ Teatrında və Əhli Beyt Teatrında onun quruluş verdiyi Yəhya Məmmədovun “Ana məhəbbəti”, Qeybulla Rəsulovun “Məhəbbət oyunu”, Şərəf Nəzərlinin “Mücdədin yuxusu” və onlarca belə tamaşalar da rejissor yozumuna, səhnə həllinə görə çox maraqlı alınmışdı. Bütün bu işləri ilə birlikdə o, uzun illər Bakı şəhərində Xalq Teatrlarına rəhbərlik etmiş və çoxlu tamaşa hazırlamış, Azərbaycan teatrı üçün əllidən çox peşəkar kadrlar yetişdirmişdi… O, sözün həqiqi mənasında çox zəhmətkeş insan idi. Bir yerdə işlədiyimiz üç il müddətində mən ondan heç vaxt “yoruldum, bezdim” sözlərini eşitmədim. Onun bu zəhmətkeşliyi mənə və bütövlükdə Ağdam Dövlət Dram Teatrının kollektivinə böyük bir stimul idi və ilham verirdi.

Məmmədkamal müəllimin Ağdam teatrında baş rejissor işlədiyi dövr onun yaradıcılığında daha maraqlı illər sayıla bilər. Çünki o, artıq bu teatrın yaradıcı rəhbəri kimi, təkcə tamaşalara quruluş vermir və həm də teatrın repertuar siyasətini qurur, aktyorların inkişaf etməsində, tanınmasında, öz üzərlərində çalışmasında, roldan-rola püxtələşməsində əlindən gələni edidirdi. Ona görə də onun bu teatrda quruluş verdiyi tamaşalar- Mehdi Hüseyn və İlyas Əfəndiyevin “İntizar”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Xalidə Hasilovanın “Həsrət”, Əjdər Fərzəlinin“Yurdda kim qaldı?”, Əsgər İlhamın “Qızıl əjdaha”, “Nərgiz ana”, İsi Məlikzadənin “Son gecə”, Mixail Lermontovun “İki qardaş” və başqa tamaşaları həm özünün professional rejissor yozumuna, maraqlı mizanların quruluşuna və həm də aktyorların püxtələşməsi, əsərdən-əsərə inkişaf etməsi üçün çox maraqlı səhnə əsərləri idi. O, quruluş verdiyi bütün tamaşaların və Səməd Vurğunun bütün dram əsərlərinin sözlərini əzbər bilirdi. Doğrudan da bu, heyrətamiz idi. Bu da onun fenomen yaddaşa malik olmasına bir sübut idi. Məmmədkamal müəllim həddindən artıq zəhmətkeş və çalışqan insan idi. Onun bu zəhmətsevərliyinə, çox məhsuldar işləməsinə, həddindən artıq enerjili olmasına cavanlar belə həsəd aparırdılar.

Yuxarıda yazdığım kimi, bir daha vurğulayıram. Bu insanda “yoruldum, bezdim” kimi sözlər onun leksikonunda yox idi. Bəzən tamaşanı 4-5 saat məşq edirdi. Aktyorlar yorulsa da o, özü yorulmurdu. Ömrünün son günlərinə kimi bu insan mütaliə edir və dünya teatrlarında tamaşaya qoyulan əsərlərlə maraqlanırdı. Özünə və onunla işləyən yaradıcı heyyətə qarşı çox tələbkar idi. Bax, bütün bu müsbət keyfiyyətlərinə görə aktyorlar, eləcə də adi insanlar onu çox sevir və Məmmədkamal Kazımovla həmişə təmasda olmaq istəyirdilər. O, həm də çox maraqlı aktyor kimi teatr sənətində böyük iş təcrübəsinə malik olduğu üçün, aktyorlarla işləmək ona elə də çətin deyildi. Çünki artıq ustad sənətkar olaraq, Ağdam teatrında işlədiyi dövrdə cavan aktyorlar ondan pedaqoq-rejissor kimi daha çox şey öyrənirdilər. Məmmədkamal Allahqulu oğlu elə özü də gənclərlə işləməyi çox sevirdi və yeri gələndə onlardan da öyrənirdi.

Yuxarıda yazdığım kimi, o, keçən əsrin 60-cı illərindən Bakı şəhər Xətai adına Mədəniyyət Sarayındakı Səməd Vurğun adına Xalq Teatrına iyirmi ildən artıq bir vaxtda rəhbərlik etmişdi. Burada bir-birindən maraqlı qırxdan artıq tamaşaya quruluş vermişdi. Bu Xalq kollektivində çalışan və Məmmədkamal müəllimdən aktyorluq sənətinin sirlərini öyrənən çoxlu cavanlar, sonralar Azərbaycan peşəkar teatr aləminə gələrək, bu gün respublikanın tanınmış sənətçiləri olublar. O, həmişə istedadlı yetirmələri ilə fəxr edirdi. Onlar haqqında böyük həvəslə danışır və ən kiçik uğurlarına belə bir ata kimi sevinirdi. Cavan aktyor və aktrisalara öz övladı kimi, böyük məhəbbətlə yanaşırdı. Və həmişə də onlara böyük istəklə “qızım”, “oğlum”,- deyə müraciət edirdi. Üç il bir yerdə işlədiyimiz müddətdə mən heç vaxt onun hirsləndiyini, kimə isə ağır söz dediyini, kiminsə arxasınca danışdığını eşitmədim. Onun belə bir maraqlı fikiri vardı və həmişə də onu deyirdi: “Əsl kişi qisasçı, nakəsk olmaz. Başqası haqqında pis sözlər deməz. Xəbis, yaramaz olmaz. Belə olan adamlar öz ürəklərinin başında həmişə koramal ilan gəzdirirlər. O ilan da gec-tez elə onun özünü çalır”. Bax, Məmmədkamal müəllim belə böyük şəxsiyyət idi. Bu insan həmişə sülh tərəfdarı və barışdırıcı mövqedə dayanmağı sevirdi. Özünün üç qızını da bu ruhda böyütmüşdü.

Daxilimdə olan üsyankarlığıma görə mən, bəzən teatrın direktorunun kobud hərəkətləri ilə razılaşmayanda, haqsızlıqları görəndə və ona öz kəskin sözlərimi deyəndə, məni sakitləşdirən məhz Məmmədkamal müəllim olurdu. Özü də maraqlı el məsələlərilə, ədəbiyyat, teatr karifeylərindən sitatlar, aforizmlər gətirməklə…
Yuxarıda yazdığım kimi, Məmmədkamal müəllim çox dəyərli aktyor idi. Çəkildiyi kino filmlərin əksəriyyətində epizodik rollar oynasa da, tamaşaçıların yaddaşında uzun müddət qalırdı. Epizodik rol oynayıb, tamaşaçı yaddaşında qalmaq isə yalnız böyük sənətkarlara nəsib olur. Bu haqda böyük teatr islahatçısı Konstantin Sergeyeviç Stanislavski belə deyib: “Rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var”. Ona görə də onun çəkildiyi “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ölülər”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara volqa”, “Ac həriflər” və başqa kinofilmlərdə Məmmədkamal Kazımov özünün böyük aktyor olduğunu bir daha sübut edib. “Yol əhvalatı” kinofilmində hər dəfə ayrı-ayrı sözaltı mənalarla dediyi “Dokument” sözü sonralar tamaşaçıların təhkiyə-kəlamına çevrilib. Bu sözü insanlar yeri gələndə maraqla işlədiblər və işlədirlər.

Həddindən artıq yaradıcı, təşkilatçı insan olan Məmmədkamal Kazımov ömrünün son günlərinə qədər teatr sənətindən ayrılmadı. Axırıncı iş yeri olan Azərbaycan Mədəniyyət Fondunun Sönməyən ulduzlar Teatrının baş rejissoru kimi burada çox işlər gördü. Ətrafına korifey sənətarları toplayaraq, onlarla Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının“Solğun çiçəklər” və bir-birindən maraqlı başqa tamaşalara quruluş verdi. Bütün bu işləri ilə də bir daha sübut etdi ki, Məmmədkamal Kazımov Azərbaycan teatr sənətində öz yolu, öz dəsti-xətti olan əsl sənətkarlardandır. O, Milli Teatrımızın yorulmaz əsgəri, bu ülvi sənətə sadiq qulluq edən peşəkarlardan biri olduğunu 61 ildə tam sübut etdi.

Ömrünün axırıncı on ildən çoxunu ehtiyac içərisində yaşayan Məmmədkamal Allahqulu oğlu, çox əfsus ki, həmin vaxt mədəniyyətə rəhbərlik edən məmurların etinasızlığı ucbatından Xalq artisti fəxri adını və Prezidentin Fərdi Təqaüdünü ala bilmədi…

Gözü, könlü tox olan Məmmədkamal Kazımov, yuxarıda yazdığım kimi, Azərbaycan teatrının canlı ensiklopediyası sayılan insanlarından biri idi. O, teatr aləmində yazıya düşməyən çoxlu hadisələrin, konfliktlərin, maraqlı görüşlərin canlı şahidi və iştirakçısı olmuşdu. Çox təəssüf ki, teatrşünaslarımız belə böyük sənət fədaisinin bildiyi bütün bu unikal məsələləri, hadisələri öyrənib, tarixə köçürmədilər. Azərbaycan teatr tarixində əvəzsiz işlər görən və çoxlu haqsızlıqla qarşılaşan, özünün layiqli qiymətini sağlığında ala bilməyən Məmmədkamal Allahqulu oğlu Kazımov 2005-ci ilin dekabr ayının 13-də haqq dünyasına qovuşdu. Gələn il, yəni 2024-cü ilin avqust ayının 27-də Məmmədkamal müəllimin, bu gözəl sənətkarın 95 illik yubileyidi.Yəqin ki, Mədəniyyət Nazirliyi bu yubileyi qeyd etməklə yaddan çıxan bu cür sənətkarlarımızı bir daha cavan nəslə, xalqımıza lazım olan səviyyədə tanıdacaqdır.

... Bəli, unutqanlıq və biganəlik kimi xəstəliklər bir xalq kimi qəlbimizdə dərin kök saldığına görə, belə insanların həyat və yaradıcılığını layiqincə yazıb, gələcək nəsillərə saxlaya bilməmişik. Və çox əfsus, sədd heyif ki, təkcə mədəniyyət və incəsənətdə deyil, bütün sahələrdə vəziyyət belədir. Bu bir həqiqətdir ki, biz, insanlara sağlığında qiymət verməyi çox zaman bacarmırıq. Bu da daxilimizdə olan paxıllıqdan, kin-küdurətdən, “mənəm-mənəmlikdən” irəli gəlir. Atalarımız isə bu haqda gözəl deyiblər: “Sonrakı peşmançılıq fayda verməz”…” Paxıllıq-Ölümdür! Bu da ilk növbədə paxıl insanın özünü öldürür!”.

Amma mən bir şeyə çox sevinirəm ki, Məmmədkamal müəllim bir-birindən çox ağıllı, savadlı, tərbiyəlu üç qız övladı böyüdüb. Onun qızı Vəfa xanım Novruzova çox savadlı, bacarıqlı, heç kimi təkrarlamayan öz imzası olan teatrşünasdır. Azərbaycan teatrı, kinosu və bütövlükdə incəsənətilə bağlı silsilə, maraqlı, dərin ressenziyaların, portret yazıların müəllifidir. Uzun illərdir ki, Azərbaycan Mədəniyyət Nazirliyində teatr sektorunda çalışıb və indi də bu sektorun rəhbəridir. Bütün teatr işçiləri savadına, bacarığına, teatrlara böyük qayğısına görə Vəfa xanımdan çox razılıq edirlər. Vəfa xanım əlindən gələni edir ki, Azərbaycan teatrı inkişaf etsin və dünyada tanınsın. O, Məmmədkamal müəllim kimi çox xeyirxahdır və təmənnasız insandır. “Ot kökü üstündə bitər”,- deyib atalarımız.

Vəfa xanım bir dəfə söhbət əsnasında mənə belə bir maraqlı və həm də kövrək olan bu sözləri dedi: “Mən Ağdam Teatrında olanda Onunla işləmiş insanlar, teatra təzə gələn aktyorlara, aktrisalara məni tanışlıq verəndə dedilər: “Bu həmin qızdır ki, Məmmədkamal müəllim Qurana and içdiyi kimi onun adına, canına and içirdi”. Sən məni nə çox istəyirmişsən əziz Ata. Mən heç bunu bilmirdim. Sovet dövrünə xas olan ata-bala məsafəsi vardı o vaxtlar aramızda… Hayıf… Çox hayıf… İndi səni elə qucaqlayardım ki… Ürəyim doludur… Sənə deyiləsi sözlərim çoxdur... Sən isə.. Heyif indi coooox uzaqlardasan”...

Vəfa xanımın bu sözlərindən hər ikimiz kövrəldik. Və sonra fikirləşdim ki, biz, bir millət olaraq, fəxr etməliyik belə ata və bala Azərbaycan mədəniyyəti üçün əvəzsiz işlər görüblər. Onların əməyini dananlar gözdən olarlar. Belələrinə isə yalnız və yalnız nankorlar, nakəslər demək olar.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor

P.S. Əziz ağsaqqalımız Məmmədkamal müəllim. Bu il Ağdam Dövlət Dram Teatrının yaranmasının 100 illik yubileyidir. Bu tarixi gündə və Ağdam Dövlət Dram teatrının inkişafında Sizin də çox böyük xidmətləriniz olub. İnanıram ki, bu teatrın tarixini yazanlar, Sizin də əvəzsiz xidmətlərini unutmayacaq və yazılı tarixə köçürəcəklər. Bu, yəqin ki, belə də olacaq. Çünki yaxşılığı və xeyirxah işi unutmaq elə Allahı unutmaq kimi bir işdir.

Sumqayıt şəhəri,
sentyabr- oktyabr 2023-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə