Əyalət teatrının baş rejissoru işləmək çox çətindir (Portret cizgiləri)

Bu gün bölgə teatrlarında vəziyyət ürəkaçan deyil. Uzun illərdir ki, daha dəqiq desəm çox böyük ziyalı Zakir Bağırov Əbdürrəhman Vəzirovun əmri ilə mədəniyyət naziri vəzifəsindən uzaqlaşdırılandan sonra bölgə teatrlarının qara günləri başladı. Elə bil onların həyatına balta çalındı. Sovetlərin vaxtında isə Gəncə, Sumqayıt, Ağdam, Mingəçevir, Lənkəran, Şəki, Qazax teatrlarında çox yüksək səviyyəli, peşəkar tamaşalar hazırlanırdı və bu tamaşalar paytaxt teatrlarının tamaşalarından heç də geri qalmırdı. Elə əvvəllər də, indi də həmin teatrlarda çox istedadlı rejissorlar, aktyorlar, aktrisalar işləyirdi və işləyir. Hətta həmin vaxtlar respublikanın çox maraqlı aktyorları Rza Əfqanlı, Barat Şəkinskaya, İsmayıl Dağıstanlı, Əliağa Ağayev, Əli Zeynalov, Məlik Dadaşov və başqaları bölgə teatrlarında cavan aktyorlarla tamaşalarda oynayır və bu rolları ilə onlara ustad dərsləri keçirdilər.

Bununla birlikdə çox tanınmış rejissorlar da bölgə teatrlarında maraqlı tamaşalar hazırlayırdılar. Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik elədiyim vaxt, bölgə teatrlarını Sumqayıta gətirib, onların tamaşalarını təşkil eləyir və həmin tamaşaları Azərbaycan Televiziyası ilə də çəkdirirdim. Haqlarında televiziya verilişləri hazırlatdırırdım. O vaxt həmin teatrların aktyorlarında işləməyə çox böyük həvəs yaranırdı.

Həmin vaxtlar bölgələrdə çox yüksək teatral insanlar rəhbər vəzifədə işləyirdi. Gəncə şəhər partiya komitəsinin birinci katibi Həsən Həsənov, Lənkəran rayon partiya komitəsinin birinci katibi İsa Məmmədov, Şəki və Ağdam rayonlarının birinci katibi Sadıq Murtuzayev, Sumqayıtın birinci katibi Şənlik Əliyev. Bu insanlar teatr üçün çox böyük işlər görürdülər. Şəki teatrı Sadıq Murtuzayevin böyük rəhbərliyi və çox istedadlı rejissorlar Vaqif Abbasovun, Hüseynağa Atakişiyevin sayəsində həmin vaxtlar Sovetlər Birliyində çox tanınan bir teatr olmuşdu. Bir neçə ölkələrin teatr festivallarından Azərbaycana birinci dərəcəli diplomlar gətirmişdi. Sumqayıt Dövlət Dram Teatrının Moskvanın Mayakovski adına teatrının səhnəsində oynadığı Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşası (quruluşçu rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov) on beş respublika arasında birinci dərəcəli mükafata və diploma layiq görülmüşdü.

Lənkəranda İsa Məmmədov aktyorlara ayrıca mənzilllər vermişdi. Şəkidə Sadıq Murtuzayev İpəkçilər üçün tikilən yaşayış binasını teatrın aktyorlarına vermişdi. Eləcə də Ağdamda Sadıq müəllim bir qrup aktyora mənzillər, yataqxana və ev tikmək üçün ayrıca torpaq sahələri vermişdi. Bölgə rəhbərlərinin teatr işçilərinə yaxşı münasibətini görən müəssisə rəhbərləri də əllərindən gələni teatr üçün edirdilər. Mən Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxt bunun şahidi idim. Bütün müəssisə rəhbərləri Sadıq Murtuzayevə görə mənə və teatr kollektivinə yüksək səviyyədə hörmət edirdilər. Sadıq Murtuzayev Ağdamdan işdən çıxandan sonra onun yerinə gələn rəhbərlər və indikilərin də Ağdam Dövlət Dram Teatrına münasibətləri heç də yaxşı deyil.

Mən 2012-ci ildə Qusar teatrında və 2019-cu ildə Mingəçevir teatrında tamaşalar hazırladığım vaxt həmin yerlərin İcra Hakimiyyəti başçılarının da teatra çox soyuq münasibətini görmüşəm. Azərbaycanda son vaxtlar yalnız Vaqif Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olanda, bu insanın Sumqayıt teatrına necə gözəl münasibətinin olduğunu təkcə mən yox, bütün respublika teatrsevərləri görüb. Vaqif Əliyevin sayəsində teatrın bir qrup işçisinə mənzillər, torpaq sahələri, fəxri adlar verilib. Ondan sonra Sumqayıta rəhbərlik edənlərin teatra münasibətləri heç də yaxşı olmayıb. Bu gün Azərbaycan Mədəniyyət nazirinin birinci müavini işləyən Vaqif Əliyevin Sumqayıt teatrı üçün gördüyü bu xeyirxah işlər ən xoş xatirələrlə əbədi tarixdə və yaddaşlarda qalıb.

Mən üç il bundan qabaq Qazaxda olanda rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun teatra olan böyük qayğısının şahidi olmuşdum. Kollektiv də ondan çox razılıq edirdi. Bu xeyirxah işi bu gün bölgələrdə olan başqa İcra Hakimiyyəti başçıları edə bilməzmi? Edə bilərlər, amma etmirlər. Bölgə tearlarının dirçəlməsi, Sovetlərin vaxtında olduğu kimi yüksək səviyyədə işləməsi üçün bu işə yalnız və yalnız cənab İlham Əliyevin çox böyük qayğısı və diqqəti lazımdır. Yalnız o, bölgələrin rəhbərlərini məcbur eləyə bilər ki, onlar teatrlara yaxşı münasibət göstərsinlər. Çünki Sovetlərin vaxtında ulu öndər Heydər Əliyevin teatra necə yaxşı münasibətinin olduğunu bütün rayon rəhbərləri bilirdi. Həm də dahi rəhbər rayonlara rəhbər göndərəndə onların təhsilə, ədəbiyyata, mədəniyyətə, incəsənətə, idmana münasibətini şəxsən özü yoxlayırdı. Onları bununla bağlı imtahan edirdi. Onun bu suallarına yaxşı cavab verməyən adamlar rəhbər vəzifəyə göndərilmirdi. Əfsus ki, indi göndərilən rəhbərlər belə imtahan olunmur... Ona görə də onların ədəbiyyata, incəsənətə, idmana elə də maraqları olmur.

Müsahibim Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubovdur. İlk öncə sizi Musa müəllimlə daha yaxın tanış etmək istəyirəm əziz oxucular.

Qısa arayış: Musa Eyyub oğlu Eyyubov 1960-cı il aprel ayının 12-də Qazax şəhərində anadan olub. 1976-cı ildə Ağstafa şəhər 2 nömrəli orta məktəbini bitirib. 1976-cı ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.1976-1986-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif illərdə rejissor köməkçisi, truppa mudiri və aktyor işləyib. 1986-1988-ci illərdə Qazax rayon Xalq teatrında rejissor olub. 1988-ci ildən Qazax Dövlət Dram Teatrında müxtəlif illərdə aktyor, musiqi hissə müdiri , sərəncamçı direktor, quruluşçu rejissor, 2014-cü ildən isə baş rejissor vəzifəsində çalışır.1993-1995-ci ildə Qazax rayon İcra Hakimiyyəti Aparatı humanitar siyasət şöbəsində məsləhətçisi,1999-2001-ci illərdə Azərbaycan Aqrar-Ekologiya İnstitutunun Qazax filialında müəllim işləyib. 2011-2013-cü illərdə regionda fəaliyyət göstərən “Türkel”TV-də “YARADICILIQ” departamentinin rəhbəri vəzifəsində çalışıb.”Sənət zirvəsi”, “Siluet”, “Ağ-qara”, “Şəcərə” layihələrin müəllifi, aparıcısı və rejissoru olub. Həmin dövrdə Musa Eyyubovun rejissorluğuyla 3 seriyalı “Baharın sorağında” bədii-televiziya, Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş “Mən əzəldən sizinkiyəm...” adlı bədii-sənədli, bədii rəhbəri olduğu “Şaxta baba axtarışında”, “Babanın nağılı” filmlərini çəkib. 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” və 2015-ci ildə Əməkdar artist fəxri adına , 2017, 2018, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə Prezident mükafatına layiq görülüb.

- Musa müəllim. Teatr hər bir millətin güzgüsüdür. Qazax Dövlət Dram Teatrının da həmin bölgənin güzgüsü olması üçün siz baş rejissor kimi hansı işləri görürsünüz?
- Teatr, əslində həyatın güzgüsüdür. Biz də çalışırıq ki, bu güzgüdə düzü-düz, əyrini-əyri göstərək. Teatr tez-tez səyyar tamaşalarla bölgənin bütün yaşayış məntəqələrini gəzir. Çalışırıq ki, tamaşaçılarla daha çox ünsiyyətdə olaq, onların tamaşalar barədə rəylərini bilək, gələcəkdə repertuar planı hazırlayanda bütün bunları nəzərə alaq. Teatr, həm də bölgədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri ilə də sıx əlaqələr qurub. Tarixi hadisələrə, milli bayramlara, hansısa tanınmış dövlət və mədəniyyət xadimlərinə həsr olunmuş tədbirlərdə, ədəbi- bədii gecələrdə bir-birimizin köməyindən istifadə edirik. Onlar da rayonun yeganə peşəkar kollektivi olan teatrın tamaşalarına gəlirlər. Açığı Saqit müəllim teatrın direktoru olanda həmin kollektivlərlə çox sıx işbirliyi qurmuşdu. Mədəniyyət Nazirliyi Saqif İsgəndərovu direktor vəzifəsindən işdən çıxarandan sonra bizim işlərimiz necə olacaq bilmirəm. Açığı Saqif müəllimə mən başda olmaqla bütün kollektivimiz çox inanırdı və hamı ondan razı idi.

- Bilirik ki, Azərbaycanda əyalət teatrının baş rejissoru işləmək çox çətindir. Bu hansı çətinliklərdir? Bu çətinliklərdən çıxmaq üçün sizə köməkliklər olunurmu?
- Əyalət teatrlarının çətinlikləri mərkəz teatrlarına nisbətən daha çox olur. Adi məişət işlərindən tutmuş ta ki, kadr çatışmazlığı, bina problemi, maddi-texniki bazanın zəifliyi, tamaşalara quruluş xərcləri üçün pul tapmaq və bir sıra xırda məsələlər buna misal ola bilər. Atalar deyib ki, ”tək əldən səs çıxmaz”. Biz də çalışırıq ki, bu çətinliyi kollektivin birgə səyi ilə aradan qaldıraq. Lakin bəzi məsələlər bizim imkanımız xaricindədir, ancaq az da olsa səlahiyyətli təşkilatların, ən çox da rayon İcra Hakimiyyətinin qayğısını və köməyini görürük. Yaxşı ki, rayonumuzda Rəcəb müəllim kimi rəhbər var. O, çox teatral insandır. Məhz onun sayəsində işlərimizi qururuq. Amma əvvəlki Mədəniyyət nazirlərinin teatrımıza həmişə ögey münasibəti olub. Çünki fəxri adlar və Prezident mükafatları veriləndə bütün bölgə teatrları kimi bizim teatr da kənarda qalıb. Onların yaddından çıxıb. Təsəvvür edin ki, teatrımızda uzun illərdir ki, yüksək peşəkar səviyyədə işləyən aktyor və aktrisalarımız var. Amma bu vaxta qədər onlara fəxri adlar verilməyib. Teatrımızda cəmi bir nəfər Əməkdar artist olan aktor var . Bu da haqlı narazılığa səbəb olur.

- Düz deyirsiniz. Sizin teatrda istedadlı insanlar çoxdur. Mən bu teatrda bir neçə tamaşaya baxanda tam bu qənaətə gəlmişəm. Siz bu aktyorlar, aktrisalar haqqında baş rejissor kimi nə deyə bilərsiniz?
- Qazaxda teatr bərpa olunduqdan sonra, artıq 35 ildir fəaliyyət göstərir. İlk illərdən incəsənət institutunun məzunları və yerli istedadlı gənclər bizim əsas qüvvəmiz oldu. Bir qrup gənc institutdan və texnikumdan göndərişlə teatrda çalışmağa başladı. Aktyorlar Hacı Hacıyev Gəncə teatrından, Saqif İskəndərov Tovuz rayon Xalq teatrından, Sayalı Teymurova, Hafiz Hüseynov Şəmkir rayon Xalq teatrından, Xanirə İsgəndərova , Ramiz Əliyev Ağdam teatrından, Vidadi Əliyev, Elmira İsmayılova, Nizami Ələkbərov İrəvan Azərbaycan teatrından, Vaqif Kərimov Minğəçevir teatrından Qazax teatrına dəvət olundular. Üstündən illər keçməsinə baxmayaraq bu gün də həmin aktyorlardan bir neçəsi hələ də teatrda çalışır və öz təcrübələrini gənclərə öyrədirlər. Amma əfsus ki, fəxri adlar veriləndə həmişə Mədəniyyəy Nazirliyi onları həmin siyahıya salmayıb. Biz isə hər il onların adlarını Mədəniyyəy Nazirliyinə göndərmişik. Lakin bizim məktubumuz nəzərə alınmayıb. Keçmiş Mədəniyyət Nazirliyinin işçiləri demək olar ki, bizim heç bir tamaşamıza gəlib baxmayıb və bizim aktyorları, aktrisaları tanımır. Bax, budur onların ögey münasibətləri və biganəliyi. Yəqin yeni nazirimiz cənab Adil Kərimli bu vacib məsələni nəzərə alacaq.

- Çox maraqlı məsələyə toxundunuz. Uzun illərdir ki, fəxri adlar, Prezidentin Fərdi Təqaüdü və mükafatı veriləndə nəyə görəsə Qazax Dövlət Dram Teatrı və ümumiyyətlə bölgə teatrları həmişə kənarda qalıb. Aktyor və aktrisa öz əməyinin qiymətini vaxtında almayanda bu, ona çox pis təsir edir. Bu haqda siz nə fikirləşirsiniz?
-Rejissor, aktyor illərlə çəkdiyi əməyin qiymətini alanda bu onun sonrakı fəaliyyətinə çox müsbət təsir edir. Lakin heç kimə sirr deyil ki, mükafatlandırma və yaxud fəxri adların verilməsində bölgə teatrları çox vaxt diqqətdən kənarda qalır. 35 ildə Qazax teatrından cəmi bir nəfər aktyor- aparıcı səhnə ustası Hacı Hacıyev Əməkdar artist fəxri adına layiq görülüb. Hər bölgə teatrında olduğu kimi Qazax teatrında da çox istedadlı aktyorlar çalışır . Bütün çətinliklərə baxmayaraq, ömrünü bu sənətə həsr etmiş Aydın Orucov, Xanım Məmmədova, İlqar Hacəliyev, Sayalı İsmayılova, Minayə İbrahimova, Nazilə Məmmədova, Arif Almədədov,Turac Mahmudova, cavanlardan Yusif Qoca, Zəmanə Dərviş bu gün də öz şərəfli işlərini yüksək səviyyədə davam etdirirlər. Məgər onlara fəxri ad vermək olmazmı? Təsəvvür edin bu il Prezident mükafatı veriləndə bir nəfər də olsun bizim aktyorlarımıza verilməyib. Məgər bu düzgündürmü?

- Çox vaxt teatrlarda direktor və baş rejissor arasında konfliktlər olur və bu konfliktlər də yaradıcı kollektivə pis təsir edir. Siz uzun illərdir ki, keçmiş direktor Saqit müəllimlə bir yerdə işləyidsiniz və aranızda böyük mehribançılıq, dostluq olub. Siz bu mehribançlığı, dostluğu necə yaratmışdınız?
- Mən, teatrın keçmiş direktoru Saqif İskəndərovu hələ tələbə vaxtından tanıyıram. Bir müddət Dövlət Gənc tamaşaçılar Teatrında çalışdıqdan sonra 80-ci illərin axırında Qazaxda işləməli oldum. Saqif həmin vaxt Tovuz rayon Xalq teatrının rejissoru idi və bizim əlaqələrimiz daha da möhkəmlənməyə başladı. Sonra təsadüf elə gətirdi ki, biz bir teatrda işləyəsi olduq və əfsus ki, bu yaxınlarda onu hansısa anlaşılmazlığa görə Mədəniyyət Nazirliyi teatrın direktoru vəzifəsindən çıxardıb. Amma bu gün də bir yerdəyik. Bu illər bizə çox şey öyrətdi: mübahisələrimiz də oldu, fikir ayrılığımız da. Lakin teatr naminə, onun uğuru üçün biz ümumi dil tapmağı bacardıq. Bir daha vurğulayıram. Çox əfsus ki, Saqit müəllimi direktor vəzifəsindən işdən çıxarıblar. Bununla Qazax teatrı çox şey itirəcək. Çünki o, çox yaxşı təşkilatçı insan və maraqlı aktyor idi. Bu gün bölgə teatrının direktoru işləmək çox çətindir. Bu işi Saqit İsgəndərov çox yaxşı bacarırdı.

- Danmaq olmaz ki, bu gün əyalət teatrlarında ali təhsilli cavan aktyorlar və aktrisalar demək olar ki, yoxdur. Çünki ali məktəbi bitirən cavan aktyorlar, aktrisalar əyalətdə işləməyə getmirlər. Bu məsələni müsbət həll etmək üçün siz hansı təkliflər verərdiniz?
- Bəli, Bu dəqiqə kadr məsələsi bölgə teatrlarının ən yaralı yeridir. Bizim bölgə paytaxtdan 500 km-lik məsafədə yerləşir. Bu da gənc kadrların gəlişinə əngəl törədir. Ən böyük problemlərdən biri də ev və maaş problemidir.Cavanlar bu sənətə çox vaxt şöhrət xatirinə gəlirlər. Şöhrət üçün ən əlverişli məkan isə paytaxtdır. Ona görə də paytaxtda işsiz qalmağı bölgədəki iş təminatından üstün tuturlar və gözləyirlər ki, nə vaxtsa onların da ugurlu günü gələcək. Kadr məsələsini həll etmək üçün biz bölgədə fəaliyyət göstərən universitetlər və kolleclərlə əlaqə saxlayırıq. İstedadlı gəncləri teatra dəvət edir, vaxtaşırı tamaşalarda onlara epizodik də olsa rollar verir, səhnəyə, teatra alışdırmağa çalışırıq. Bu həm də bizim gələcəkdə kadr problemimizi qismən də olsun həll edir. Bundan başqa, teatrların nəzdində aktyor studiyası açmaq daha məqsədəuyğun olardı. Artıq bu məsələ əksər teatrlarda öz müsbət həllini tapıb. Bizim teatrda da belə Teatr-Studiya olsa çox yaxşı olar. Siz “Teatrımızı və kinonu dirçəltməyin yolları haqqında təkliflərim” adlı məqalənizdə çox yaxşı bir təklif irəli sürübsünüz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi aktyorluq kursları açılsın. Bu kurslara da bölgə teatrlarında aktyor və aktrisa işləyən kadrlar qəbul olunsun. Əgər bu məsələ özünün müsbət həllini tapsa, onda az bir vaxtda bölgə teatrlarında ali təhsilli kadr problemi tam həll olunar.

-Azərbaycan milli teatrının 150 ili tamam oldu. Siz, iyirmi illik rejissor təcərübəsi olan sənətkar kimi milli teatrımızın gələcək inkişafı haqqında hansı təklifləri vermək istərdiniz?
- Aprel ayının 11 və 12 tarixlərində Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində çox maraqlı Teatr forumu keçirildi. Bu, çox böyük tarixi hadisə oldu. Orada maraqlı məsələlər qaldırıldı. Əgər həmin məsələlərin elə əlli faizi reallaşsa, onda Azərbaycan teatrlarında və əsasən də bölgə teatrlarında çox böyük dönüş olar. Mən orada qaldırılan bütün məsələlərlə razıyam.

- Gələcək planlarınız necədir? Xahiş edirik o haqda çoxminli oxucularımıza məlumat verin.
- 2023-cü il Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə başçımız cənab İlham Əliyev tərəfindən “HEYDƏR ƏLİYEV ili” elan edilib. Bu münasibətlə Teatr xadimlər İttifaqının təşkilatçılığı ilə “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib.Teatrımızın aktyoru Yusif Qoca həmin müsabiqədə iştirak edib və diplom alıb. Bundan başqa teatrımızda Əməkdar incəsənət xadimi dramaturq-rejissor Ağalar İdrisoğlunun “İnan mənə” ( quruluşçu rejissor, Əməkdar artist Xəzər Gəncəli) və şair-dramaturq İlqar Fəhminin “Son reportaj” (quruluşçu rejissor Əməkdar artist Musa Eyyubov) pyeslərini də Ulu Öndərin yubileyinə ifhaf etmişik. Hər iki tamaşanın çox maraqlı məşqləri gedir. Tezliklə bu tamaşaları təhvil verəcəyik. Sentyabrdan bizi daha maraqlı əsərlərin məşqləri gözləyir. Təki sağlıq olsun.

Mən fikrimi böyük teatr reformatoru, yaşama sənətinin banisi Kostantin Sergeyeviç Stanislavskinin bu kəlamı ilə tamamlamaq istəyirəm: “TEATR TƏKCƏ BİR SƏNƏT DEYİL, HƏM DƏ HƏYATI YÜKSƏK SƏVİYYƏDƏ ƏKS ETDİRƏN BİR MƏBƏD OCAĞIDIR”.

GƏLİN, BİR MİLLƏT OLARAQ BU SƏNƏT OCAĞINA BİZ DƏ ƏLİMİZDƏN GƏLƏN KÖMƏKLİKLƏRİ EDƏK.ə

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə