Hər bir televiziya aparıcısı, yəni spiker, ilk növbədə, çoxsaylı izləyici qarşısına çıxdığını dərk edərək istənilən xarakterli yayıma xüsusi hazırlaşmalıdır. Əslində, xüsusi hazırlaşmaq deyərkən mən heç də “full” makiyaj, yaxud toya gedirmiş kimi geyim tərzlərini nəzərdə tutmuram. Bizlər verilişlərin məzmununa görə aparıcı xanımların və bəylərin müxtəlif geyimlərini görürük. Amma bəzi xanımlar özəlliklə açıq-saçıq, zər-zibalı geyimlər geyinərək izləyicinin diqqətini əslində verilişə deyil, özlərinə tərəf cəlb edirlər. Bəy aparıcılar isə idman xarakterli geyim adı altında üstündə mənasız şəkilləri olan koftalar və bütün bədənə yapışan “losin” tipli şalvarlar geyinirlər. Təbii ki, bu bilavasitə TV-nin nüfuzuna və çəkisinə ayrıca mənfi təsirlərini göstərir və söz yox ki, heç kim bənzər geyimləri izləmək məcburiyyətində də deyil...
Ancaq çox maraqlıdır ki, bu tipli aparıcılar heçmi düşünmürlər ki, onlar ictimaiyyətə hansı şəkildə görünürlər? Yaxud, ictimaiyyət onlara hansı nəzərlərlə baxır və qiymət verirlər? Təbii ki, hər kəs öz geyimini seçməkdə azaddır. Lakin bunu edə bilməyiniz, o demək deyil ki, bunu mütləq etməlisiniz (?!)
Reallıqda canlı efirdə geyindiyiniz paltar özünüzü dünyaya necə təqdim etdiyinizi göstərir. Modelyerlərin bir deyimi var - istənilən vəziyyətə uyğun geyinmək tonlanmış görüntünün və özünə inamın açarıdır. Kamera qarşısında isə daha canlı görünmək üçün al-bəzəkli qısa və açıq geyinmək izləyicinin nəzərlərini çəksə belə, əsla yaxşı ictimai baxış yaratmır. Halbuki, aparıcı “efir dili” deyilən nitqi ilə yanaşı, həm də üz çizgiləri, mimikaları, davranışı və əlbəttə ki, haqqında bəhs etdiyimiz geyim tərzi ilə yaddaşlarda qalır.
O da əbəs deyil ki, bu gün əsasən TV izləyiciləri arasında ən çox müzakirə olunan mövzu da təxminən bu cürdür: “Filankəs aparıcı efirə əcayib geyimlə çıxmışdı, sanki yataqdan yenicə qalxaraq canlı yayıma gəlib”, yaxud, “o günləri filan aparıcı son dəbdə olan cırıq cins şalvarla efirə çıxarkən kifayət qədər mədəniyyətsizlik təsiri bağışlayırdı”, “qadın müğənni o qədər açıq-saçıq geyinmişdi ki, hətta bir əli əynindəki paltarının üstündə idi, ehtiyat edirdi ki, sürüşüb düşməsin” və s...
Hamımızın çox yaxşı bildiyimiz kimi, müasir dövrümüzdə hər kəs hər şey haqqında danışır və onu ifadə etmək üçün ictimai platformaya çox rahat çıxışı var.
Ancaq o da sirr deyil ki, bəzi məşhurlar, teleaparıcılar və müxbirlər qəsdən, bilərəkdən, sensasiya yaratmaq xətrinə bu cür geyinirlər. Amma yadlarından çıxarırlar ki, çıxdıqları efir yalnız onların özlərinə aid deyil, o tamaşaçılara, izləyicilərə aid olan bir amildir. Ona görə də, artıq belə bərbad görüntülərin qarşısını almaq vacibliyə çevrilir. Daha dəqiq desək, verilişləri bazar kimi istifadə etmək olmaz. Verilişə dəvət olunan şəxslərində davranışına, mədəniyyətinə fikir verilməsi mütləqdir. Dəvət olunan müğənnilər, şou-biznes nümayəndələri belə efirə uyğun geyməlidir. Düşünürəm ki, bir şəxsin özündə hörmət yaratması, ictimai nüfuz qazanması üçün ilk öncə efir mədəniyyəti olmalıdır. Efir mədəniyyəti tələb edir ki, həmin şəxs özü-özünə nəzarət etsin, həm davranışına həm də geyiminə. Yox, alınmırsa, yaxud bunu istəmirsə, demək ki, bu, onun ictimai rəyə hörmətsizliyidir. Beləliklə, sual – ictimai rəyə hörmət bəsləməyənə ictimai rəy hörmət göstərməlidirmi..?
Yəqin ki, bu sualın cavabını da dəyərli oxucularımız verə bilərlər!

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə