Bu günlərdə sosial şəbəkələrin birində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin,- Əli Əliyevin yox, əslində dili, sözü Əyriyevin - 55 illik ad gününə həsr olunmuş beş-on nəfərlik bir cılız yığıncaqda, özlərini millət təəssübkeşləri kimi qələmə verən beş-on nəfərin arasında yenidən zühür eləyən, keçmiş “meydan qəhrəmanı” Nemət Pənahlının da çıxışına qulaq asdım. Məntiqsiz, əvvəli-axırı bilinməyən, sözünə başlayandan sona kimi “mən”, “mən” deyən, keçmiş həbsxana həyatını özündən olsa şərəflə xatırlayan bu adam “Bu ölkədə inqilabi texnologiyanı mənim qədər yaxşı bilən ikinci adam yoxdur”- deyə qürurlanır, hətta rəhmətə gedən tanınmış ədəbiyyat, mədəniyyət xadimləri olan,- xalq şairi Xəlil Rza Ulutürk, keçmiş deputat, xalq artisti Mikayıl Mirzə, tanınmış yazıçı-publisist Sirus Təbrizli haqqında hədyan sözlər danışmaqla onların adından Azərbaycanın görkəmli adamları barəsində şər-böhtan dolu təhqiramiz ifadələr işlətməkdən belə çəkinmir.

Həmin bu Nemət Pənahlı “Milləti oda aparacaq lider yoxdur”,- deyə püskürür, qanlı 20 Yanvar hadisələrini dilə gətirərək, o zamankı dəfn mərasimlərində iştirak edən dindarları “molla sürüsü” adlandırır! Təsəvvür edirsinizmi, müqəddəs İslam dinimizinin təəssübkeşlərini heyvan “sürüsü” kimi qələmə verir. Mənə elə gəlir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə təhqirə görə bu ağzıbaşına siyasətbazın cavabını layiqincə verəcəkdir. ”Milləti oda aparacaq lider yoxdur“ deməklə bu üzdəniraq partiya sədri nə demək istəyir? Lider də öz xalqını, öz millətini oda–alova apararmı?! Budur onun arzusu, istəyi?! Bu nə provakasiya, bu qan-qadalı çağırışdır ay nemətsiz, pənahsız Nemət Pənahlı!?

Öz uzun-uzadı, məntiqsiz, boz çıxışında “oğru qanunlarının” xiffəti ilə ağzı sulana-sulana danışan, həbsxana gündəliyini təkrar-təkrar, dönə-dönə vərəqləyən bu Milli Dövlətçilik Partiyasının sədrinin sözünü, iş o yerə çatır ki, həmin tədbirin rəyasət heyətində oturanlandan biri kəsir: “Ay Nemət Pənahlı, sən bura özün-özünü təbliğ eləməyə gəlmisən?”, deyə onu lağa qoyaraq replika atır. Bundan sonra Pənahlı - dili-ağzı ovxarlı, ahlı-naləli Nemət keçdi rəhmətə gedən Sirus Təbrizlinin ətəyindən yapışıb ondan sitatlar gətirməyə. “Əli hər yerdən üzülən adam saman çöpündən yapışar”, deyərlər. Guya S.Təbrizli Yeni Azərbaycan Partiyasının bəzi üzvləri haqqında nə vaxtsa, hardasa belə deyib, elə danışıb. Ən dəhşətlisi odur ki, bu 60 yaşını artıq keçmiş, saqqalı çallaşmış, ağlı, əqidəsi, fikri, düşüncəsi isə qapqara qalmış adam, son illər ərzində böyük uğurları ilə dünyaya səs salan Azərbaycanımıza, hər səhəri qələbələrlə açan ölkəmizə həyasızcasına böhtanlar atır, hakimiyyəti, xalqımızı ləkələməyə çalışır. Amma bilmir ki, gündən-günə böyüyən, tərəqqi edən inkişafı ilə dünya üfüqlərində ən parlaq ulduz kimi bərq vuran bir ölkə, Müzəffər Ali Baş Komandanı, yenilməz sərkərdəsi İlham Əliyev olan Azərbaycan Respublikası heç vaxt ləkə götürməz, çünki axar, büllur, nəhəng çay ona atılan tək-tük zir-zibilləri axa-axa həmişə kənara tullayır...

Tahir Məmmədov,

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə