Yenə televiziyalarımız haqqında danışmağa məcburuq... KÖŞƏ

Sizi bilmirəm, əziz oxucum, amma məni televiziyalarımızın vəziyyəti hər zaman ciddi, həm də çox ciddi narahat edir. Ona görə ki, bu məmləkət müstəqilliyini əldə edəndən sonra bütün sahələrdə fenomen sürətlə inkişaf etdiyi halda, televiziyalarımız nəinki bu inkişafla ayaqlaşır, hətta buxov olub inkişafımıza əngəl törədir desək yanılmarıq. Görəsən rəsmi qeydə alınıb, tezliklərlə dünyaya yayımlanan 20-yə yaxın televiziya kanallarımızın ümumilıikdə tamaşaçı reytinqinin bəzi onlayn televiziyaların reytinqindən aşağı olması bu televiziya kanallarının rəhbərlərini narahat etmirmi? Deyirlər ki, Azərbaycanda Milli Tele-radio Şurası var. Varmı görəsən? Varsa nə ilə məşğuldur? Az-çox baxımlı bir-iki veriliş var, onların da nümayişinə ayrılan vaxtın yarıdan çoxu reklam nümayişinə həsr edilir. Qanunla bir saat ərzində ən çoxu 10 dəqiqə biznes reklamı, 2 dəqiqə sosial reklam olmaqla cəmi 12 dəqiqə reklam nümayişinə icazə verilir. Amma elə verilişlər var ki, saatın 40-45 dəqiqəsi reklam olur, qalan 15-20 dəqiqəsi verilişin az bir hissəsinə həsr edilir və yarımçıq qalır ki, sabah yenə adamlar yığışsın ekran qarşısına. Yəni, adamların faciələrindən, problemlərindən şou yaradıb, özünə tamaşaçı sayı artırırlar. Əslində bu, tamaşaçı kütləsinin əsəblərini tarıma çəkməkdir ki, nəticə etibarilə bu durum insanların psixoloji durumuna mənfi təsir göstərir. “Səni axtarıram” adı ilə axtarış proqramı kimi efirdə geniş nüfuz qazanan bir veriliş bu gün olub həftəbecər proqram. Bilmirsən bu veriliş xeyriyyə verilişidi, bilmirsən teleistintaq proqramıdı, bilmirsən evlilik proqramıdı, ya hüquq-müdafiə verilişidi! Ekspertlər də kimlərdi – ya aktyor, ya müğənni. Xanımının rəfiqəsi ilə eşq macərası yaşayan və bütün cəmiyyətin gözündə nifrətlə anılan birini verilişə çıxarıb, insanlara ailəçilikdən dərs verdirirlər. Bu nədi, cəmiyyəti ələ salırlarmı? Son illər televiziyalarda “raskrutka” olunmaqda həkimlərimiz müğənniləri də, aktyorları da(tamata aktyorlar nəzərdə tutulur) geridə qoyub. Vallah yaxşı həkim çıxıb özünü televiziyalarda reklam elətdirməz. Ümumiyyətlə, peşəsinin yaxşı mütəxəssisi az bir vaxtda cəımiyyətdə yaxşı içləri ilə tanınar və hamı da ona üz tutar. Gözündə dördlük eynəklə televiziyada “mən eynəklərə yox deyək” kompaniyası aparıram deyən göz həkiminə kim inanar? Ən narahat edən məsələnin biri də odur ki, bir müəllif maraqlı bir layihə yaradır, onun reytinqi yüksəyə qalxan kimi, götürüb bütün televiziyalar həmin veriılişin kserosurətini göstərir cəmiyyətə. Ayıbdır axı, hanı bu millətin yaradıcı insanları? Axı bizim tarixən ən böyük nailiyyətlərimizdən biri, bəlkə də birincisi bütün sahələr üzrə yaradıcılıq qabiliyyətimizin yüksək olmasıdır! Nədi, gerçək yaradıcı qabiliyyətli adamlarını efirə buraxmırlar, yoxsa millətin yaradıcılıq keyfiyyəti tükənib? Əminəm ki, cəmiyyətimizdə maraqlı proqramlarla yeniliklərə imza atmağa qadir kifayət qədər istedadlı adamlar var. Sadəcə, bu adamlara efirlərdə imkanlar yaradılmalıdır, onlara meydan verilməlidir, efir inhisarçılığına son qoyulmalıdır. Şübhə etmirəm ki, tele-kanallar bu imkanı yaratsalar çox maraqlı verilişlərə imza atmağa qadir çox sayda istedadlı insanlar yeni, mükəmməl proqramlarla tamaşaçıları sevindirərlər.
Bu yerdə uzun illər boyu cəmiyyətdə reytinqi sıfıra enmiş ana televiziyamız olan AZ.TV-də son illər yaradılan yaradıcılıq mühitinin ana televiziyamızın şöhrətini özünə qaytarmaqda oynadığı rolu nümunə olaraq qeyd etməmək ədalətsizlik olardı. Bu fakt onu deməyə əsas verir ki, dəyişmək, inkişaf etmək mümkündür, yetər ki, istək olsun.
Bilirəm ki, televiziyaları inhisara alan bir qrup məni bu yazıya görə atəşə tutacaqlar. Televiziya proqramlarında Ana dilimizin saflığı ilə bağlı araşdırmalarımızın nəticəsini cəmiyyətə yaydıqdan sonra belə söz atəşini görmüşəm. Yəni, hamını tənqid etməkdən zövq alan bəzi televiziya inhisarçıları özləri tənqidə çox dözümsüz yanaşırlar. Amma unutmalı deyilik ki, televiziya şirkətləri kimlərinsə özəl müəssisəsi ola bilər, ancaq ordan nümayiş etdirilən verilişlər bir xalq olaraq bizi dünyaya göstərən güzgüdür. Güzgü normal olmayanda insanı əyri-üyrü göstərdiyi kimi, televiziyalarımızın da yaradıcı qrupları normal olmadıqda bir xalq olaraq bizi olduğu kimi deyil, “əyri-üyrü” təqdim edir. Bu isə hər kəsi, millətini, xalqını sevən hər bir insanı narahat etməlidir. Reytimq xatirinə cəmiyyətin anormal ünsürlərini efirlərə çıxarıb, onların hesabına özlərinə reytimq yığmaq istəyənlərin bu millətin mənəviyyatına və dostlarımızla yanaşı, düşmənlərimizin də olduğu indiki dünyada milli imicimizə vurduqları zərbənin fərqində olmalıdırlar...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə