Elçin Bayramlı

Son zamanlar ticarət və iaşə obyektlərində müхtəlif faizli güzəşti nəzərdə tutan endirim kampaniyalarının keçirildiyi haqda elanların sayı kəskin şəkildə artıb. Mağazaların vitrinlərində, iri reklam şitlərində satış qiymətlərinin хeyli dərəcədə aşağı salınması barədə məlumat verilir. Bu proses bəzi mağazalarda ilboyu davam edir.

Aydındır ki, bu kampaniyanın reallaşdırılmasında məqsəd yalnız satılacaq mal və məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkili, satılmayan malları baha qiymətə alıcılara sırımaqdir.

Bundan başqa, istifadəyə yararsız və istismar müddəti bitmiş məhsulların satış dövriyyəsinə buraхılması üçün də bəzi ticarət obyektlərinin məlum “endirim güzəştləri”ndən istifadə etdiyi heç kimə sirr deyil.

Bütün dünyadan fərqli olaraq bizdə insanlara, əsasən, geyiminə görə münasibət göstərirlər. Bu səbəbdən də Azərbaycan əhalisi üçün zəruri mallar kateqoriyasında geyim, hətta qidadan da öndə yer alır.

Ən ucuz və keyfiyyətsiz ərzaqla qidalanan, amma bahalı və dəbdə olan geyimə üstünlük verən insanlar bizdə kifayət qədər çoxdur. Bu isə, ölkədə paltar bazarının çiçəklənməsinə böyük imkanlar yaradıb. Belə çiçəklənməni əlbəttə, yaxşı hal hesab etmək olardı, bir şərtlə ki, bu, paltar bazarının keyfiyyətsiz məhsullarla doldurulması və istehlakçıların aldadılması ilə müşayiət olunmasın.

Xarici ölkələrdə bir ilin geyim kolleksiyası növbəti ildə satılmır. Çünki mövsümün sonuna doğru geyim kolleksiyalarında endirim kampaniyaları elan olunur və bu malların, demək olar ki, hamısı satılır. Bizdə isə, əksər hallarda satılmamış mallar növbəti ilə saxlanılır və guya yeni dəbə minmiş paltar kimi yenidən satışa çıxarılır.

Bu gün Bakıdakı mağazaların əksəriyyətinin vitrinlərində yazılmış lövhələrdə 30, 50, hətta 70 faizlik endirim elan edilib. Lakin mallara baxanda məlum olur ki, bu endirim yalnız əhəmiyyətsiz, satılmayan, keyfiyyətsiz mallara aiddir. Üstəlik, qiymətlər hər hansı bir ucuzlaşma edildiyini düşünməyə əsas vermirdi.

Belə çıxırdı ki, endirim edilənədək hər hansı bir paltar 100 manata satılırmış. Geyimlərin keyfiyyətindən və tikiliş səviyyəsindən azca anlamaq kifayət edir ki, belə paltarların real dəyərinin maksimum 20 manat olduğunu başa düşəsən. Belədə mağaza, məsələn, 30 manata satmaqdan məmnun olduğu hər hansı bir geyimi, guya əvvəlki qiyməti 100 manat imiş kimi, 70 faizlik endirim adı ilə 30 manata satır.

Üstəlik, “şok endirim” sözünü görüb mağazaya daxil olan alıcıların sayı artır. Gözəl-göyçək satıcı qızlar da (boş yerə xarici görünüşü gözəl olan gənc qızları belə yerlərdə işə cəlb etmirlər ki?) əzilib-büzülərək müştərini şirin dillə ələ alır, malı layiq olmadığı təriflərə qonaq edərək alıcının dükandan əliboş çıxmasına imkan vermirlər.

Hansısa mala baxmaq istəyən alıcıya isə təxminən belə sözlər deyilir- “Siz özünüz müasir, savadlı adama oxşayırsınız. Elə geyiminizdən hiss olunur ki, aristokrat adamsınız (?). Sizcə belə malı bundan aşağı qiymətə almaq olarmı?”

“Qoltuğuna qarpız verilmiş” müştəri isə bir az tərəddüd etsə belə, plastik manekenə oxşayan satıcı xanımın qızıl kimi vaxtını aldığından xəcalət çəkərək həmin malı almağa məcbur olur.

Hazırda “endirim” mağazalarında şıdırğı "geyindirim" prosesi gedir. Necə deyərlər, alan razı, satan razı, nəyə lazımdı qazı?

Bazar olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə