Hərdən fikirləşirəm, görəsən mən dünyaya gəlməsəydim nə baş verərdi, yerim görünərdimi? Yaxud indi tanıdığımız məşhurlardan biri olmasaydı dünya onsuz nə edərdi? Bəlkə də çoxumuz buna adekvat cavab tapa bilməzdik, təsəvvürlərimiz bizi yanlış nöqtəyə yönləndirər, subyektiv fikirlərimiz bizi yalan söyləməyə vadar edərdi.

Fərdlər kimi xalqlar, millətlər, ölkələr haqqında da bu suala cavab verməkdə çətinlik çəkərdik. Məsələn Rusiya, yaxud İran, ABŞ, quldarlıq olmasaydı, birinci dünya müharibəsi baş tutmasaydı, ermənilər Qafqaza gəlməsəydi nə baş verərdi? Təbii ki, hərə bir ssenari üzərində baş sındırıb müxtəlif mülahizələr irəli sürəcək. Fikirlər haçalanacaq, hər kəs özünün, millətinin, ölkəsinin mövcudluğunun vacib olduğunu izah edib, sonra bunu isbatlamağa çalışacaq. Amma obyektiv olmalı, bizim bu dünyaya gələn başqa fərdlərdən hansı cəhətimizə görə üstün olduğumuzu, bəşəriyyətə hansı xeyirimizin dəydiyini, hansı ixtira və yeniliklərimizlə dünyanın gedişatını müsbət, yaxud mənfi mənada dəyişdirdiyimizi söyləməli və bu dünyanın məhz bizsiz mümkün olmadığını sübut etməliyik. Dünyaya sıradan biri kimi gəlmək, böyümək, orta və ali məktəblərdə boş qalmış yerlərdən birində əyləşib statistika predmetinə çevrilmək, ayaqlarını sürüyə-sürüyə evdən işə, işdən evə getmək, qocalmaq və başqa aktiv fərdlərin yaratdığı maddi-nemətlərdən bəhrələnmək və nəticədə iki kvadratlıq boş yeri mənimsəyib əbədiyyətə qovuşmaq. Bu, var olmaq deyil. Belə insanların geni yanlış modifikasiya olunmuş (GMO) meyvələrdən heç bir fərqi yoxdur, həcmi-ölçüsü var, keyfiyyət isə sıfır.

Fərd əvəzinə xalq, millət, ölkə sözünü də yaza bilərdim. Bir xalq bəşəriyyətə nə verə bilirsə, bu, həmin xalqın keyfiyyət göstəricisidir. Məsələn, Türklər, almanlar ingilislər, ruslar, çin və yaxud yaponlar bəşəriyyətə nə veriblər? Görəsən, ruslar olmasaydı dünyada nə çatışmazdı? Çinlilərin yoxluğundan bəşəriyyət nə itirərdi? Bu sualların cavabını və məntiqini anlamaq üçün bir neçə misal gətirmək olar, amma Qətərin "Əl Cəzirə" televiziyasının ərəb əsilli əməkdaşı Akram Atallanın (Əkrəm Ətalla) maraqlı fikirlərini təqdim etmək yerinə düşər.

O, "bir gün səhər oyananda ərəblərin yox olduğunu eşitsəniz nə baş verər" deyə sualına cavab axtarıb:
"Birdən ərəblər yer üzündən silinsə, dünya ayılıb görsə ki, artıq ərəblər yoxdur nə baş verər? Heç nə, inanmıram ki, kimsə "ərəblərsiz nə edəcəyik" deyə özünə sual edib, narahat olsun. Hər gün olduğu kimi yenə internet işləyəcək, sputniklər yer ətrafında fırlanacaq, avtomobil zavodları çalışacaq, fond birjaları uçan pulları sayacaq, dünyada heç kim dərmansız qalmayacaq, tibbi ləvazimatlar, cərrahi əməliyyatlar, hətta silahlar yenə də istehsal olunacaq. Biz bəşəriyyətə heç bir xeyir vermirik. Dünya bizdən heç nə ala bilmir, boş danışıqlardan, xəbərləşmədən və bir-birimizi öldürməkdən başqa.

Təsəvvür edin, fransız qadın balkon qonşusu ilə söhbət edir: "Eşitmisən, ərəblər artıq yoxdur", qonşu da: "Həə, sən o gecə-gündüz bir birini öldürənləri deyirsən?". Ola bilsin ki, kimsə mənim ərəblər haqqında sözlərimi şişirtdiyimi düşünər. Fikirləşər ki, mən ayrı-ayrı fərdlərin etdiyi cinayətləri ümumiləşdirib ərəblər haqqında deyirəm. Amma buna inanmağınız üçün ayağınızı ölkənizdən azca kənara qoyun, görün, Yəmən, Suriya, Liviya, İraq, Misir, Livan haqqında nələr eşidəcəksiniz. Orada baş verənlər xaricdən necə görünür? Ərəb ölkələrinin birində qan su yerinə axanda, aclıq, səfillik, qaçqınlıq hər ailənin qapısını döyəndə, digər ərəb dövlətindəkilər yeməkdən, əhl-keyflikdən qarınları burunlarına dirənir. Bədbəxtlik budur ki, acından ölən ərəb də, yeməkdən partlayan şişman ərəb də başqalarının hesabına yaşayırlar.

Əgər biz yox olsaq yaponun, avropalının həyatında heç nə dəyişməyəcək. Bunu öz həyat və yaşam tərzlərini bəlli etmiş türklər, malayziyalılar, amerikalılar haqqında da deyə bilərik. Biz elm, sənaye sahəsində, maddi və qeyri-maddi nemətlərin istehsalında iştirak etmirik, yeni kəşflərin, icadların müəllifləri də deyilik. Biz ancaq başqa xalqların, planetimizdə yaşayan qeyri-ərəblərin istehsal etdiklərindən istifadə edirik. Öz sahiblərinə milyardlar qazandıran və bizim də hər zaman böyük ehtiyac duyduğumuz silah zavodları olmasa nə edərik? Biz öldürmək, dağıtmaq üçün silah satan ölkələrlə iri həcmli müqavilələr bağlamaq yarışına girmişik.

Onlar insanlar üçün nə lazımdırsa istehsal edirlər, biz isə Allahın bizə bəxş etdiyi yeraltı qaynaqlardan qazandığımız milyardlar hesabına yer üzündə nə istehsal edilirsə onu almağa çalışırıq. Hər ərəbin başqa ərəblə problemi var. Bu, reallıqdır. Və bu münaqişə bütün formaları ilə illərdir davam edir. Ərəb ölkələri bir-birini görmək istəmir, tayfalar bir-birinə qənim kəsilib, ayrı-ayrı qruplaşmaların qarşıdurması isə bitmək bilmir. Kimin əlində silah var, döyüş meydanına atılır. Bu sırada fələstinliləri bizdən fərqləndirən yalnız bircə cəhət var, onları düşməni başqadır - İsrail. Amma son vaxtlar onlar da bizim kimi öz aralarında çatışırlar.

Biz bütün göstəricilərə görə siyahının sonuncusuyuq: bizim dünyanın hər yerindən xəstə qəbul edən xəstəxanalarımız yoxdur, Şanxay reytinqində sıralanan dünyanın tanınmış 400 universiteti arasında heç bir ali təhsil ocağımızı tapa bilməzsən. Müasir institutlarımız, etibarlı parlamentimiz, qanunlarımız yoxdur ki, fəxr edək. Hamısı uydurmadır və bizim fəxr edəsi bir şeyimiz yoxdur.

Devrilməmişdən bir il əvvəl Misir prezidenti Hüsnü Mübarək köməkçiləri və cngüdənləri ilə birlikdə misirli həkimlərə etibar etməyib müalicə üçün Almaniyaya getdi. Xəstəxanada müalicə olunan yerlilərdən biri təəccübünü gozlətmədən: "Bu, ərəb lideridir? Bura niyə gəlib? 30 ildir ki, hakimiyyətdədir, diktatordur, amma imkanı olsa da, ölkəsində bir xəstəxana inşa etməyib. Çünki pul toplamaq imkan verməyib ki, inandığı həkimlərin çalışacağı xəstəxana tikdirsin".

Regiondakı qeyri-sabitlik bizim bir millət kimi bütün sahələrdə kövrəkliyimizi faş etdi. Səhra fırtınasından min dəfələrlə az ballıq "qərb küləyi"nin əsməsi kifayət etdi ki, ərəbləri hər mənada silkələsin və nəticədə ərəb ölkələri biri-birinin ardınca əvəlcə hakimiyyətləri yıxılsın, sonra isə ölkə zəlil günə düşsün. Ən əsası isə ərəb ölkələrində baş verənlər bizim kimliyimizi, ölkəmizə, mədəniyyətimizə, milli dəyərlərimizə qarşı bu qədər düşmən olduğumuz üzə çıxartdı. Biz hər kəsdən çox qələbədən danışmağı sevirik. Halbuki bizim ölkələrimiz tarixləri ərzində böyük məğlubiyyət acısını dadıblar. Biz uydurma qəhrəmanlarıyıq, reallığı unudub gələcəyin xoş təxəyyülündə, arzularında boğuluruq. Biz gələcəyimiz üçün heç bir iş görmürük, buna cəhd də etmirik, yalnız müzakirələr edirik.

Biz hamıdan çox birlikdən danışırıq, amma özümüzdən başqa pərakəndə, dağınıq bir millət yoxdur. Dünya demokratiyadan danışır, biz isə tiranların qamçısı altında inildəyirik. İnsan haqlarından, o cümlədən uşaqların, qadınların hüquqlarından danışmağı sevirik, halbuki bizim ölkəmizdə insanlar həşəratdan heç nə ilə fərqlənmirlər.

Bu münasibəti dəyişməliyik, silkələnməli və bizim üçün yaxşı olanları seçib, tətbiq etməliyik. Biz ərəb dünyasında yüz illərlə baş verənləri inkar etmədən, olduğu kimi dərk etməli, reallığa söykənərək çıxış yolları tapmalıyıq. Yoxsa "ərəb arzusu" gözümüzdə qalacaq, islamaqədərki dövrə qayıtmalı olacağıq".

Bir ərəbin fikirləri üstündə millətin, ölkənin mövcudluğunu əsaslandıran şərtlərə aydınlıq gətirməyə çalışdıq. İndi siz deyin, biz bu dünyaya, bəşəriyyətə nə vermişik, dünya bizsiz nə edərdi?

Vəli VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə