Gecikən etiraf, yoxsa daldan atılan daş?

1992-1993-cü illərdə Milli Təhlükəsizlik Nazirinin birinci müavini işləmiş, AXC İdarə Heyətinin ilk üzvlərindən biri, sonrakı dövrdə “Müsavat” partiyasının funksioneri olmuş Sülhəddin Əkbər o zamankı proseslərlə bağlı "Azadlıq radiosu"na müsahibə verib. Keçmiş nazir müavini müsahibəsində Əbülfəz Elçibəyin Rusiya xüsusi xidmət orqanlarının agentlərinə dəstək olması barədə sensasion ittihamlar irəli sürüb.

S.Əkbər iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirmişdi. Sitat: "Həmin vaxt mən təzəcə Milli Təhlükəsizlik Nazirinin birinci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər mənim özüm üçün də bağlı oldu. Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi (?-T,N,) tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə, əksinə, milli olmayan, zamanında "KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifələrdə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə, mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

Sülhəddin bəyin bu gecikmiş açıqlamasını sosial şəbəkələr sensasiya kimi qəbul etdilər və geniş şəkildə yaydılar. Əvvəlcədən deyim ki, Azərbaycan Xalq Cəbhəsini yaradan insanlardan biri kimi, ilk təsis konfransında heç bir fəaliyyəti ilə tanınmayan digərləri ilə bərabər Sülhəddin Əkbərin də İdarə Heyətinə üzv seçilməsi bizlərdə təəccüb yaratmışdı. Ancaq həmin dövrü yaşamış hər kəs xatırlaya bilər ki, o zaman necə olursa-olsun AXC-nin yaradılması mühüm idi və xalq kütlələrinin, qaragüruhun idarə edilməsi məqsədilə bəzi məqamlara göz yummaq zorunda idik. AXC-nin Ali Məclisinin üzvü kimi dörd illik fasiləsiz fəaliyyətim dövründə bu təşkilatın İdarə Heyəti üzvləri arasında ən az əlaqə saxladığım və ən az məsləhətləşmələr apardığım şəxs məhz Sülhəddin bəy olub. Odur ki, milli azadlıq hərakatında elə də ciddi rolu olmayan, ixtisasca həkim olan, heç vaxt xüsusi xidmət orqanlarında çalışmayan birinin birdən-birə Milli Təhlüksizlik Nazirliyi adlanan, dövlətin bel sütunu rolu oynayan bir qurumun başına gətirilməsinin özü müəmmalı məsələdir və bu faktın özü bir sıra şübhələrə əsas verir. O zamankı hakimiyyət yetkilisi olmuş hər kəs bilir ki, AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik Naziri təyin edilmiş Fəxrəddin Təhməzov sadəcə İsa Qənbərin yaxın dostu (Sonradan məlum oldu ki, İ.Qənbərin agentlik fəaliyyətinə DTK-da məhz F.Təhməzov rəhbərlik edirmiş) olduğu üçün təyin edilib və nazirliyin fəaliyyətinin məsuliyyəti əsasən Sülhəddin bəydən soruşulurdu. Yəni AXC funksioneri olaraq bu mühüm quruma de-fakto Sülhəddin bəy rəhbərlik edirdi. Belə olan təqdirdə iyirmi səkkiz il susduqdan sonra, belə bəsit açıqlama ilə meydana çıxmaqda məqsəd nədir görəsən?

Həmçinin, açıqlamasında səmimidirsə, o zaman daha bir sual meydana çıxır: Bu gün bütün cəmiyyətə gün kimi aydındır ki, keçmiş SSRİ DTK-nın Azərbaycandakı şəbəkəsinə Yusif Səmədoğlu və İsa Qəmbər birlikdə rəhbərlik edirdilər (Yusif bəyin 1997-ci ilin noyabr ayında “Nezavisimaya qazeta”da dərc olunmuş müsahibəsində bu fakt etiraf olunur). Bunu hər kəs bildiyi halda Sülhəddin bəy bilmirdimi? Bildiyi halda məhz İsa Qəmbərin başqanı olduğu “Müsavat” partiyasının funksioneri kimi siyasi fəaliyyətini davam etdirməsi qəribə deyilmi? Uzun illər Azərbaycanın mətbuat orqanları İsa Qəmbər və digərləri ilə bağlı yazılarımı yaxın qoymur və bunu şəxsi zəmində intriqa kimi qarşılayırdılar. Nəhayət, 2001-ci ilin fevral ayında “Azad Azərbaycan “ qəzetinin o zamankı Baş redaktoru Vüqar Əliyevlə görüşüb söhbət edərkən, bəzi fikirlərimi maraqla qarşıladı və onun tapşırığı ilə qəzetin Vəli Vəliyev və Fadil Paşayev adlı əməkdaşları məndən geniş həcmli müsahibə götürdülər. O zaman həmin qəzetin ardıcıl beş sayında, hər biri iki səhifə olmaqla dərc olunan bu müsahibə cəmiyyətdə əsl şok yaratmışdı.

Mənim açıqlamalarımla bağlı faktlar qarşısında aciz qalan İsa Qəmbər və tərəfdarları, xüsusilə “Yeni Müsavat” qəzeti, haqqımda fakt axtarışına çıxmışdılar. Əsasən də ona çalışırdılar ki, məni indiki hakimiyyətin gizli adamı, MTN-in agenti olduğuma cəmiyyəti inandırsınlar.

Xatırlayıram ki, Sülhəddin bəyə də sual vermişdilər ki, Təhmasib Novruzovun DTK-MTN agenti olması ilə bağlı nə deyə bilər? Sülhəddin bəy o zaman ədalət prinsipini gözləmiş və demişdi ki, mən MTN-in agentura siyahısı ilə diqqətlə tanış olmuşam və orda bu ad və soyada rast gəlməmişəm.

Bunu ona görə yazdım ki, mənim Sülhddin Əkbərlə hər hansı şəxsi narazılığımın olmadığını, əksinə, obyektiv cavabına görə ona daxilimdə minnətdarlıq hissi olduğunu da oxucum bilsin. Bununla belə, milli və dövlət mənafeləri olan yerdə hər kəs şəxsi dostluğunu da, şəxsi münasibətlərini də unudub, hər bir məsələyə dövlətçilik kontekstindən yanaşmalıdr. Odur ki, bu müddət ərzində Sülhəddin bəyin susmasını müsbət qarşılaya bilmir və bu günkü açıqlamasını da, məşhur atalar sözündə deyildiyi kimi, ”daldan atılıb topuğa dəyən daş” hesab edirəm. Vətənini, millətini, dövlətini səmimi sevən insan otuz ilə yaxın bu vətənə, bu dövlətə, bu xalqa, fərq etməz bilərəkdən, ya bilməyərəkdən olmazın zərərlərini vurmuş ünsürləri tanıdığı halda susa bilməz. Susursa, deməli onun sevgisi səmimi deyil.

Susmasının səbəbi məlumdu. Sülhəddin Əkbər AXC hakimiyyətdən getdikdən (daha dəqiq ifadə etsək qaçdıqdan) sonra İsa Qəmbərin başqanı olduğu “Müsavat” partiyasında siyasi fəaliyyətini davam etdirirdi və bildiklərini açıqlamaq üçün başqanından (həm də kirvəsindən) başlamalı idi. Belədə, ac toyuğun yuxuda darı görməsi kimi, hakimiyyətə gələcəklərinə özlərini zorla inandıranların sırasında duran biri, ona gələcəkdə vəd edilən yüksək vəzifənin eyforiyasında olduğundan, bu dadlı vəzifə tikəsindən özünü məhrum etmək istəmirdi. Bəs indi necə oldu ki, belə açıqlamalara start verdi? Bunun da cavabı çox sadədir. Çünki artıq müsavatçıların özləri də əmindilər ki, onların yenidən hakimiyyətə gəlməsi heç vaxt gerçək olmayacaq yuxudan başqa bir şey deyil. Əli başqanlıqdan da çıxan Sülhəddin bəyin ilk növbədə eks-başqandan qisas fikrinə düşməsi gözlənilən idi. Amma bu, artıq vətənpərvərlik, millətçilik, dövlətçilik kimi yozula və qəbul edilə bilməz. Bu, sadəcə intiqam hissinin təlatümüdür ki, cəmiyyət də bu həqiqəti yaxşı anlayır.

Əslində bu faktları bilib illərlə, on illərlə susqunluq nümayiş etdirməyin özü də milli xəyanətə dəstək vermək hesab edilməlidir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Sülhəddin Əkbər AXC funksionerləri arasında hakimiyyətdə təmsil olunmuş Rusiyaya işləyən agentlərin olduğunu deyir. Ancaq adlarını çəkmir. Onları tanıdığını bildiyi halda MTN nazirinin birinci müavini olduğu zaman hər kəsə məlum olan bir sıra faktlara niyə göz yumurdu? İki-üç belə faktı xatırlatmaq istərdim. 1992-ci ilin iyul ayında Azərbaycandan Sank-Peterburqa, erməni P.Ayrikyanın “Ararat” firmasına qırx beş vaqon “Ağdam” və “777” şərabı göndərildi. O zamankı Dövlət katibi Pənah Hüseynin göstərişi ilə, onun doğma qardaşı Adil Hüseynovun təşkilatçılığı ilə göndərilən bu qədər şərabın əvəzinə zavodlara bir manat da vəsait ödənilmədi. Bütün dövlət qurumlarına, o cümlədən MTN-ə şəxsən bu məsələ ilə bağlı məlumatlar göndərib maraqlanmalarını tələb etsək də, heç birindən, o cümlədən Sülhəddin bəyin rəhbərlik etdiyi MTN-dən heç bir səs çıxmadı.

Yaxud, 1992-ci ildə Böyük Britaniyanın Azərbaycana ayırdığı 28 milyon fund-sterlinq yardımın Türkiyə bankından ölkəmizə gətirilməsini təşkil etmək üçün vəkalətlə Ankaraya getmiş Əli Kərimli həmin vəsaitin təxminən yarısını “itirib-batırdı”(?). Xalqın acından qan qusduğu, yeməyə çörək tapmadığı, Qarabağda hərbi əməliyyatlar üçün vəsait tapılmadığı bir zamanda, Əli Kərimlinin həmin vəsati mənimsəməsi ilə, məlumatlı olduğu halda MTN-in maraqlanmaması nə ilə bağlı idi? Xüsusilə 1992-ci ilin dekabrından müharibə zonasında başlayan və baş alıb gedən xəyanətlərdən, iyun hadisələrinə gətirib çıxaran hakimiyyət dartışmalarından xəbərsiz idisə, o necə xüsusi xidmət orqanı idi? Xəbəri olduğu halda heç bir tədbirə əl atmırdısa, bu orqanın özünün rusiyanın və iran fars rejiminin rahat fəaliyyət göstərmələrinə yardımçı olması demək deyildimi? Rəhim Qazıyevin müdafiə naziri postunda oturdulduğu dönəmdə Şuşaya hücum olacağı haqda məlumatı ola-ola Azərbaycanı tərk edib Alma-Atada bu hücumun dəstəkçisi olan Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşə yollanması, yenə həmin dövrdə Müdafiə Nazirliyində hazırlanmış bütün hərbi planların ermənilərə ötürülməsi haqda əldə edilmiş məlumatlar çatdırılsa da, o zamankı MTN rəhbərliyinin susması və heç bir kəşfiyyat fəaliyyəti həyata keçirməməsi hansı məqsədə xidmət edirdi? Sülhəddin Əkbərdən fərqi olaraq mən bu kiçik yazımda artıq anti-dövlət fəaliyyəti göstərən, düşmən maraqlarının gerçəkləşməsinə yardım edən dörd nəfərin adını çəkdim.

Məhz bu və haqqında yazmadığım digər saysız-hesabsız düşmən maraqlarına xidmət edən ünsürlrin fəaliyyətləri və fəaliyyətsizlikləri nəticəsində 1993-cü ilin iyun ayında Azərbaycan ölüm-qalım dilemması ilə üz-üzə qaldı və nə yaxşı ki, son anda xalq üzünü BÖYÜK AZƏRBAYCANLI HEYDƏR ƏLİYEVƏ tutdu. O zamankı hakimiyyətin bütün yetkililəri, o cümlədən Sülhıddin Əkbər gözəl bilir ki, bu siyasət nəhəngi, millətini canından, qanından çox sevən əbədi lider olmasaydı, bu gün nəinki inkişaf etmiş, firavan, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrimiş Azərbaycan, hətta bu günkü sərhədləri ilə xəritədə mövcud olan bir məmləkətin olması da şübhəli idi. Yaxşı olar ki, Sülhəddin bəy də, onun kimi gecikmiş etirafçılar da bu faktı etiraf etsinlər! Etiraf böyüklük əlamətidir. Özlərinin böyük olduqlarını, rəhmətlik Yusif Səmədoğlu kimi, vətənini, millətini və dövlətini həqiqətən sevdiklərini göstərmək istəyirlərsə, bunu etsinlər. Əks-təqdirdə artıq bütün xalqa məlum olan bəzi məqamları otuz il sonra etiraf etməklə daha da kiçilmiş olurlar.

Etirafları, üzrxahlıqları və gələcək nəsillərə həqiqət qutularının açılmasını gözləyirik! Əks-təqdirdə gələcək nəsil onların əməllərini arxivlərdən öyrəndikcə, lənətləyəcək, məzarlarını belə rahat buraxmayacaqlar!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə