Allah sənə qəni-qəni rəhmət eləsin, ay Şükür kişi! Yazılarımın daimi oxucuları bilir, bilməyənlər üçün bir daha deyim ki, onlar da bilsinlər. Tez-tez kəlamlarına müraciət etdiyim Şükür kişi mənim uşaqlıq çağlarımın söz sərrafıdır. Orta təhsili də olmayan bu kişi adi su cuvarı idi, pambıq, taxıl suvarıb, zəhmətlə doqquz baş külfətini dolandırırdı. Amma bu "bisavad" kişi biz uşaqkən elə kəlamlar söyləyirdi ki, zaman keçdikcə o kəlamların hikmətini anlayır və ona rəhmət oxuyuram. İndi onun bir kəlamını da bu yazıya boşuna başlıq seçmədim. Kəlamın o zaman izahını da belə vermişdi: pulu olmayan puldan, vicdanı olmayan vicdandan, kişiliyi olmayan kişilikdən, qeyrəti olmayan qeyrətdən danışmağı xoşlayar. Yəni kim nədən çox danışırsa, bilin ki, həmin adamda o nədəndən ya yoxdur, ya da yox kimidir. Məşədi İbad demiş, yaşadığım dövrdə Şükür kişinin bu kəlamını çox yoxlayıb, təcrübədən keçirmişəm.

Vallahi, hər dəfə kişinin sözü təsdiqini tapıb. Ötən həftənin sonlarında boş vaxtımı, yəni Sabir əfəndi demiş, "xatiri-qəmmailimi" sosial şəbəkədəki bəzi-bəzi söz-söhbətlərlə məşğul elədim. Yenə rəhmətliyin kəlamının təsdiqi ilə üz-üzə qaldım. Deyim, siz də bilin. Başlayaq keçmiş müdafiə naziri (Oxu: Kremlin istəklərinin müdafiəsi naziri), ixtisasca riyaziyyat müəllimi olub, vurma cədvəlini belə düz-əməlli bilməyən (Bilsəydi, hesablaya bilərdi ki, Şuşaya hücum edən erməniləri neçə metrdə vurmaq olardı, yoxsa yanlış hesablayıb özümüzün postlarımızı bombardman eləməzdi) Rəhim Qaziyevin özü kimi "qeyrət" dolu bir onlayn kanalda əsib-coşmasından. Yaşı yetmişi ötən bu ikiayaqlı məxluq sözünün əvvəlində də "qeyrət" deyirdi, sonunda da. Hələ utanıb, qızarmadan Rusiyaya, ruslara loyal münasibətə görə indiki iqtidarı tənqid etmək istəyirdi. Əvvəla sürünən məxluq kimisə qəflətən çala bilər, amma başqa məxluqu yıxmağa və sürüməyə onun, sadəcə, fiziki imkanı çatmaz. İkincisi, elə bil "Paaaaaaşa" deyib, papkasını daşımağa müntəzir dayanan, keçmiş SSRİ-nin, sonra isə Rusiyanın Müdafiə Naziri olmuş Pavel Qraçovun dalınca sülənən,üzr istəyirəm, sürünən bu deyildi.

Həm də bu çıxışını o zaman eliyir ki, Azərbaycanın Xüsusu Xidmət Orqanları Moskvanın Azərbaycandakı xüsusi tapşırıqlı emissarlarının sırasında, ən başda məhz onun adını çəkirdi. Burda Şükür kişidən yox, atalarımızdan bir kəlamı xatırlatmağa da ehtiyac duydum:utanmasan, oynamağa nə var? Sosial şəbəkələrdə məni Şükür kişinin kəlamı baxımından narahat edən bir də nə oldu (Narahat olmalı çox şey var, amma hamısından yazsam gərək kitab bağlayam!)? Bir-iki gədə-güdə dırnaq arasında bir-iki sitat yazıb, paylaşır. Məsələn, guya Türkiyənin Müdafiə Naziri Hulusi Akar bəyan eliyib ki, əgər Suriya məsələsində Azərbaycan bizə hərbi yardım etməsə, Qarabağ məsələsində onlara yardım etməyəcəyik.

Sən demə dünyanı lərzəyə salan bir ordunun komandanı hədələyib ki, Naxçıvanı Azərbaycandan alıb, qatacayıq Türkiyəyə(???). Bunu yazanlar və paylaşanlar da, vətəndən, vətənpərvərlikdən o qədər danışırlar ki, ağlı başında olmayan və ya ağlı bir az kəm olan hər kəs onların dediklərinə inanar və başlayar qardaş ölkəni, onun ordu komandanını qınamağa. Burda da Şükür kişinin kəlamı təsdiqini tapır. Bu vətəni türkiyəsiz, türkiyəni də Azərbaycansız təsəvvür edə bilmədiyimiz halda, bu dostluğa, qardaşlığa çamır atmaq istəyənin nə qədər «vətənpərvər» olduğunu anlamaq çətin deyil. Nəinki vətənpərvər, hətta bu vətənin, bu millətin övladı olduğuna belə inanmaq mümkün deyil. Xülasə, rəhmətlik Şükür kişi savadsız olsa da, kəlamlarının fəlsəfəsi Kantın fəlsəfəsi ilə müqayisə olunmağa layiqdir. İndiki kimi davam eləsə, hələ rəhmətliyin kəlamlarına çox üz tutmalı olacağıq.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə