İnsanlıq virusu yayılsa nələr baş verər?

Yaşadığımız dünyamızın qanunu və tələbi ondan ibarətdir ki, insanlar daha yaxşı və təhlükəsiz yaşasınlar. Bunun üçün hər cür imkan və şərait də mövcuddur. Sadəcə, yetər ki, insan zəhmət çəksin və mübariz olsun. O başqa söhbətin mövzusudur ki, insan çox çalışsa və əmək sərf etsə də, məqsədinə çatmasında problemlər, bəzən isə süni maneələr yaranır. Sual oluna bilər ki, kimlərdir zəhmətkeş insana məqsədinə çatmasına əngəl olan? Təbii ki, birmənalı şəkildə cavab vermək olar ki, onlar insan cildində olan, ancaq vəhşi cəngəlliyin qanunlarına xas tərzdə yaşam tərzi seçən məxluqlardır.

Rusiyanın ədəbi tənqidçisi, publisisti Vissarion Qriqoryeviç deyirdi ki, "alim, şair, hərbçi, qanun keşikçisi və sair olmaq yaxşıdır, amma bununla bərabər, gərək, həm də insan olasan". Həm də, səbəbsiz yerə deyilməyib ki, "alim olmaq asandır, adam olmaq çətin".

Bəli, insan olmaq başlıca şərtdir. Amma təəssüflə demək olar ki, elə insanlar var ki, öz soyundan, kökündən, məsləyindən olan insanlardan uzaq durmağa çalışırlar. Sanki aralarında keçilməz sədlər yaradırlar. "Təki mənim üçün yaxşı olsun" düşüncəsi ilə çətin məqamda, ağır vəziyyətdə olan insana kömək etmək istəmirlər. Həmin məxluqlar pullarına-paralarına, vəzifələrinə arxalanıb çarəsiz və əlacsız durumda olan insanları aşağılamaqdan da çəkinmirlər. Təbii ki, bu da nəticə etibarı ilə, ümumi insan ailəsinin yaşam qaydalarına zərər vurur. Bütün dövrlərin və zamanların müasiri olan Azərbaycanımızın dahi şairi Mirzə Ələkbər Sabir bu anormal məqamları insan olan varlıqda gördüyündən və bildiyindən, haqlı olaraq həmin insanı belə vəsf edib:

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü-cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun.

Hümmət demirəm, evləri ali gərək olsun.

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Nəzərə almaq lazımdır ki, cəmiyyətimizin inkişafı, həyatımızın yaxşı məzmunda qurulması özümüzdən asılıdır. Əgər həyatımızda dəyişiklərin baş verməsini istəyiriksə, "hamı hər kəs üçün, hər kəs hamı üçün" prinsipinə ağıllı şəkildə riayət etməlidir. Çünki bu, yuxarıda qeyd etdiyim kimi, həyatın qanunudur. Unutmaq olmaz ki, bəşər övladları eyni imtiyaza və hüquqlara malikdir. Kimsə-kimdənsə üstün də deyil. Yalnız bir neçə fərq ola bilər. Məsələn, kimsə dərisinin rənginə, boyuna-buxununa görə digərindən fərqlənə bilər. Ola bilər ki, kimsə pullu-paralı, vəzifəli olsun, başqa birisi isə, əlinin qabarı ilə özünə və ailəsinə çörək qazanan zəhmətkeş insan olsun. Bütün hallarda isə, onları bir ad birləşdirir - İNSAN, Allahın yaratdığı ali varlıq. Təəssüflər olsun ki, günümüzün reallığında insanların bir-birinə laqeydliyini, ögey münasibətini tez-tez görür və ya eşidirik. Bir də görürsən ki, bir insan canı ilə əlləşdiyi halda başqaları laqeyd qalır, soyuqqanlı davranış nümayiş etdirir və sanki belə də olmalıdır. Yadınızdadırsa, bir qadın yaşadığı binanın 5-ci mərtəbəsindən eyvandan yerə yıxılmaq təhlükəsi ilə üzləşdiyi halda, küçədən keçən insanların bəziləri ona baxıb, dişlərini ağardır, bəziləri isə, telefonları ilə fəryad edən qadını videoya çəkirdilər. İctimai nəqliyyatda sözləri düz gəlməyən bir qadını bir kişi şillələyir, nalayiq söyüşlərlə onu təhqir edir, yenə də insanlar susmağa üstünlük verirlər. Əslində, həmin insanlar insanlıq naminə qoluna və gücünə arxalanan kişini sakitləşdirə və onu marşrut avtobusundan yerə düşürməklə, qadına yardımçı ola bilərdilər.

İnsanın insana qarşı zərərverici rolunda çıxış etməsini sübut edən başqa bir misal, böyük-böyük, pullu-paralı iş adamlarının və ya vəzifə sahiblərinin tabeçiliyində olan insanları aşağılamağa çalışmaları və hər fürsətdə, onları müxtəlif bəhanələrlə pul cərimələri ilə tənbeh etmələridir. Mədəsindən xəstə olan bir qadın yana-yana danışır ki, restoranda gecə növbəsində qabyuyan işləyir. Xəstə və çox yorğun olduğu üçün gecə stolda oturduğu vəziyyətdə 4-5 dəqiqə mürgüləyib. Bunu görən restoran sahibi onu 100 manat cərimələyib. Qadın yana-yana, həm də ağlar səslə deyir ki, çox yalvar-yaxar etsə də, sahibkar onu dinləmək istəməyib, hətta işdən çıxarmaqla hədələyib və o da işini itirməmək üçün susmalı olub. Şadlıq evlərində vəziyyət daha acınacaqlıdır. Ofisiant işləyən, əsasən də tələbələrdən ibarət olan gənclər danışırlar ki, işdi-karədir toya gələn qonaqlarla danışsalar, ləng qulluq etsələr, stolun üzərində səliqə-səhman olmasa, təsadüfən əllərindən bir stəkan və ya boşqab yerə düşsə və digər hallar baş versə, sahibkar onları cərimələyəcək. Yəni gün ərzində almalı olacaqları 10 manatından, 5 manatından məhrum olacaqlar. Etiraz və narazılıq da qəbul edilmir. Əks halda 5-6 addım atmaqla qapını arxadan bağlamalı olacaqlar. Ümimiyyətlə, özəl sektorda sahibkarlar "burda mənəm Bağdadda kor xəlifə" deyirlər. İşçini təhqir etmək, ələ salmaq, onlar üçün adi haldır, 12-14 saat işləmək də öz yerində. Bu, azmış kimi, sahibkarlar istədiklər vaxt işçini cərimələyə, qova, hətta bəzən şillə-təpiyinin altına salıb döyə də bilirlər. Nədi-nədi pullu-paralıdırlar, arxalarında piylənmiş vəzifə sahibləri dayanır.

Vəziyyətdən istifadə edib, pul qazanmağa çalışan sahibkarlar da az deyil. Elə uzağa getməyək, Çindən başlayıb, dünyanın bütün bölgələrini ağuşuna almaqda olan koronavirus deyilən bir kəşfiyyat layihəsi işə düşəndən Azərbaycanın bəzi işbaz aptek sahibləri qoruyucu maskaların qiymətini 10-15 dəfə qaldırıblar. Yəni dünənə qədər 7-8 qəpiyə olan qoruyucu maskanı, bu gün aptek sahibləri insanlara 1 manat 50 qəpiyə satırlar. Adamın dili də gəlmir ki, qarğış edib desin ki, ay səni görüm koronavirusa yoluxasan. Çünki deyilənə görə, qarğışın iki başı olur. Qarğışın bir ucu əks tərəfə gedib çıxırsa, bir ucu da sənə gəlib çatır. Bu baxımdan, qarğış etməli olursan ki, səni görüm, insan olmaq virusuna yoluxasan. Nə isə, dövlətin yaratdığı imkan və şəraitdən bəhrələnən bəzi sahibkarlar, doğrudan da, insanlıq sərhədlərini insanlığa zidd əməlləri ilə aşmaqdadırlar. Ancaq təsəllimiz ondan ibarətdir ki, nə yaxşı ki, Prezidentimiz var, nə yaxşı ki, İlham Əliyevimiz var. Prezidentimiz İlham Əliyev qudurğan məmurlara yerlərini göstərib, harın sahibkarlara ciddi xəbərdarlıqlar etməkdədir. Artıq nəticələr də var. Ağstafa, Neftçala tuthatutu, ağlaşma-sızlama olayları, sahibkarların işçilərin aylıq maaşlarını artırmaları, 8 saatlıq iş rejimini tətbiq etmələri müsbət nəticələrin bariz nümunəsi sayıla bilər. Sonda isə deyəcəyim budur ki, kim oluruqsa-olaq, nəhayətdə insanlığımızı itirməyək. Yaxşı bir ibrətamiz məsəldə deyildiyi kimi, "Süleymana qalmayan dünya, sənə də qalmaz".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...