Sosial şəbəkələr, KİV-lər, elə ictimai rəy də öz arasında Tovuz rayonunun Donqar Quşçu kəndində amansızcasına qətlə yetirilən, şərəfsizlərin təcavüzünə uğrayan 10 yaşı Nərmin barəsində yazır və danışır, qətlin ətrafında müxtəlif versiyalar səsləndirilir, mülahizələr söylənilir. Əslində, bu fakt heç də bir ailənin faciəsi deyil, bu, bilavasitə hər birimizin faciəsi və nə qədər təəssüf etməli olsaq da, bütövlükdə cəmiyyətimizin faciəsidir. O cəmiyyətin ki, milli dəyəri, əxlaqı tarixlər boyu, bütün dövrlərdə dünyaya nümunə kimi göstirilib. Bəs indi nə oldu? Nə baş verdi? Niyə Nərminlər vəhşicəsinə qətlə yetirilirlər, niyə gül açmamış qönçə körpələrin həyatları bu qədər ucuclaşıb və niyə hələ də, bu barədə köklü şəkildə düşünüb-daşınmırıq? Sadəcə, bir neçə gün təəssüf keçirib, sonradan adi yaşam tərzimizə dönməklə, hadisələri bax beləcə tələm-tələsik unuduruq. Necə ki, erməni cəlladının əlində ölən balaca Zəhramızı, yaxud, intihar edən Elinamızı unutmuşuq...

Moratoriumların qaldırılması aparıcı mövzuya çevrilib...

Onu da etiraf edək ki, bu cəmiyyətdə boy atmağa başlayan qanqal sosial leksikonda deqradasiya adlanır və Nərminin ölümü həmin qanqaldır ki, çıxıb yolumuza, bu qanqal çoxsaylı qanqallara dönməmiş onun qarşısını almalıyıq, özü də təxirəsalınmadan. Əslində, bunun həll yolu da var – ölüm hökmünün bu kimi hallarda yenidən tətbiqi. Bəli, bir çoxları irad tuta bilərlər ki, sivil dünyada yaşayırıq, artıq ölmü hökmlərinə qarşı bir çox ölkələrdə moratoriyalar qoyulub, yəni birbaşa aradan götürülməyib, amma..!

Amma bu gün dünyanın ən demokratik ölkələri kimi adlandırılan ABŞ-da belə cinayətlər ümumiyyətlə bağışlanmır və qatillər layiqli cavablarını alırlar. Eləcə də, Fransada bəlli cinayətlər ölüm hökmu ilə nəticələrini tapır. Türkiyədə və Avropanın digər ölkələrində də ölüm hökmünə qoyulmuş moratoriumların qaldırılması aparıcı mövzuya çevrilib.

Axı nəyə görə, Nərmin olayının konteksitndə baş verən digər cinayətin törədiciləri, daha dəqiq desək, Salyanda baş vermiş tükürpədici qətl hadisəsini törədənlər – Mehbarə Əliyevanı və dörd övladını qətlə yetirib, evin döşəməsinin altında basdıran əri və oğlu – Fərhad Əliyev və Fəqan Əliyev həbsxanada dövlətin çörəyini yeyib, əl-qollarını sallayıb, necə deyərlər “qarınlarını otarmalıdırlar?”

Nərminin bir istəyi var, o da...

İndi belə çıxır ki, Nərminimizi də əlimizdən alan o şərəfsiz, namussuz qatil də ömürlük həbs cəzası alaraq, təkadamlıq kamerada ömür-gününü sürəcək? Axı bunu hansı sivilliyə yazmaq olar? Əksinə, sivil və insanlıq amilini qorumaq və müdafiə etmək üçün bax bu cür manyak, qəddarlıqları heç bir çərçivəyə sığmayan qatillər barəsində ölüm hökmləri çıxrılmalıdır ki, digərlərinə görk olsun!

Nərminimiz isə artıq bir mələkdir, günahsız, pak bir mələk. O, göylərdən doğma Donqar Quşçu kəndində ana-atasının, nənəsinin, qohum-əqrabasının ona necə ağladıqlarını, yas saxladıqlarını izləyir. Artıq nə ağlayır, nə ağrıyır, nə 47 günün məşəqqətini çəkir, nə də qatil(ləri)nə yalvarır ki, onun başına bu müsibəti açmasınlar. Çünki o insanlığın dəyişdiyi, cəmiyyətin deqradasiyaya uğradığı, qanqal kimi artdığı dünyada yaşamır, o Tanrının yanındadır, yeri də çox rahatdır. Nərminin yalnız bir istəyi var, onun gözlərini bu dünyaya vəhşicəsinə qapadanlar layiqli cəzalarını alsınlar. Bu cəzanın adı isə ölüm hökmüdür!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə