Keçmişimizin bu gününə atüstü ekskurs

Ölkə başçısı son çıxışlarında yaxın keçmişimizlə bağlı baş verən hadisələrin obyektiv araşdırılmasının, yeni nəslə doğru-düzgün məlumatların çatdırılmasının vacibliyini qeyd edir. Təbii ki, dünənini öyrənməyən, onu saf-çürük etməyən, hərtərəfli təhlil edib lazımi nəticələr çıxarmayan xalq sabahını da müəyyənləşdirə, nə etməli olduğuna gərəkli qərar verə bilməz. Bu baxımdan, yaxın keçmişimizin bu günlərində baş verən, nədənsə, indiyə kimi haqqında söz açılmayan bəzi ciddi məqamlara toxunmaq istərdim. Söhbət 1992-ci ilin 20-25 dekabr günlərində keçirilməli olan, lakin keçirilməyən Xankəndi əməliyyatından gedir. Öncə deyim ki, həmin dövrdə ölkəni “idarə edən” AXC-Müsavat hakimiyyətinin səriştəsizliyindən və bacarıqsızlığından tez-tez danışılır. Amma sizlərə haqqında söhbət açacağım olayı diqqətlə oxusanız, burda səriştəsizlikdən deyil, birbaşa milli xəyanətdən söhbət getdiyini hər kəs anlayacaq. 1992-ci ilin sentyabrına qədər Azərbaycanın könüllü müdafiə dəstələri ard-arda qələbələr qazanır, günbəgün Xankəndinə yaxınlaşırdı. Sentyabrda Ağdamın Abdal-Gülablı kimi mühüm strateji əhəmiyyətli yaşayış məntəqəsinin xəyanətlə ermənilərə ərməğan edilməsi (Baxmayaraq ki, hazırlanan xəyanət planı ilə bağlı əvvəlcədən əldə elədiyim məlumat haqqında o zamankı müdafiə naziri postunu ələ keçirmiş Rəhim Qazıyevə, dövlət katibinin kabinetində əyləşən Pənah Hüseynova və xarici qüvvələrin dəstəyi ilə Ali Sovetin sədri seçdirilmiş, əslində isə xaricdən aldığı tapşırıqlarla ölkəni faktiki idarə edən İsa Qənbərə əvvəlcədən şəxsən məlumat vermişdim), bir müddət sonra Xoramord kəndi kimi mühüm srateji əhəmiyyətli yüksəkliyi ələ keçirən Yaqub Rzayevi (Qatır Məmməd kimi tanınan hünərvər) Bakıya, texnika vermək adı ilə çağırıb, həbs etdilər və özlərinin Mamed adlı adamlarını onun yerinə təyin edib, dərhal Xoramordu təhvil verdilər. Hazırlanan bu planlardan sonra dekabr ayının 21-də Xankəndi əməliyyatını keçirmək planlaşdırıldı. Plana əsasən, dekabrın 23-də bütün istiqamətlərdən irimiqyaslı hücumla Xankəndinə daxil olmaq və qələbə bayrağını burda dalğalandırmaq nəzərdə tutulmuşdu. Lakin... Məsələ, məhz bu lakindədi. Görüntü xatirinə əməliyyat planlaşdırılsa da, icra olunmadı. Dekabrın 20-də Ağdamın Əfətli kəndindəki hərbi hissədə S.Hüseynovun rəhbərliyi ilə müşavirə keçirilməli idi. S. Hüseynov həmin müşavirənin yerini dəyişib, Qaradağlıda keçirdi. Müşavirə başlandıqdan bir neçə dəqiqə sonra Əfətlidəki hərbi hissəyə iri kütləli bomba atıldı. Bombanın helikopterdən atıldığını çox sayda insanlar görmüş olsalar da, bu fakta əhəmiyyət verilmədi. Şayiə buraxdılar ki, guya Ağdamda kimlərsə, məhz S.Hüseynovu aradan götürmək istəyirmiş. O zaman başqa bir şayiə də yayılmışdı: S.Hüseynovu aradan götürmək planı paytaxtda hazırlanmış və icrası da P.Hüseynova tapşırılıbmış... Sonra müşavirə Tərtərdə, icra hakimiyyətinin qonaq evində davam etmiş, o zamankı dövlət müşaviri Arif Hacılının da iştrak etdiyi həmin müşavirədə Sərdar Həmidov S.Hüseynova əl qaldırmış və müşavirə yarımçıq qalmışdı. Nəticədə, dekabrın 21-də podpolkovnik Mehman Səlimovun başçılıq etdiyi Daxili Qoşunlardan ibarət 386 nəfərlik qüvvə ən mühüm strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini ələ keçirsə də, ardınca əməliyyatı davam etdirməli olan hava hücumu, artilleriya və hərbi texnika hərəkətə keçmədi və bundan istifadə edən erməni tərəfi Daşbaşıda möhkəmlənən qüvvəmizi asanlıqla mühasirəyə alıb, son nəfərinə qədər şəhid etdi. Əməliyyatda əsas qüvvələrdən olan Alik Muradovun (Qazaxlı Alik) alayına qarşı da (Həmin alay Laçın dağlarının ətəyində idi və Xankəndinə hücum başlanan kimi Laçına daxil olmalı idi) təxribat törədilməsi hazırlanmış və məhz Alikin fədakarlığı nəticəsində, bu təxribat zərərsizləşdirilmişdi. Bu hadisə birinci Qarabağ savaşında ermənilərin xeyrinə dönüş nöqtəsi oldu. Buna qədər irəliləyərək Xankəndinin ətəyinə qədər gəlib çıxmış Azərbaycanın qeyrətli oğulları, məhz bundan sonra alınmış əraziləri yenidən ermənilərə təhvil verərək, geri çəkilməyə məcbur oldular. Nəticə isə hər kəsə məlumdur... Mən həmin hadisəni olduğu kimi nəql etdim. Nağıl deyildi, gerçək həqiqət idi. Ən azı, minlərlə bu faktın gerçəkliyini təstiq edən şahidlər var. Bu gerçəkliyi nəql etdim və heç bir münasibət ortaya qoymadım. Oxucum özü indiyə kimi üzərinə gedilməyən, müzakirə olunmayan bu fakta qiymət versin. Bu, sadəcə, təcrübəsizlik idi, yoxsa birbaşa xəyanət? Cavabını oxucuların ixtiyarına verirəm...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə