Jurnalistikada yeni “janr”, yaxud sarı internet yenə meydan oxuyur

...Əslində bu janr müstəqillik illərinin ilk dövrlərində yaranmışdı. Elmə dilçiliyə, ədəbiyyatşünaslığa yad olan bu janrın peyda olmasına münbit şərait yaradan da elə uzun illər arzuladığımız demokratiya, insan hüquq və azadlığı, söz azadlığı kimi tezislər olmuşdu. Biz jurnalistləri cızığımızdan çıxmağa qoymayan, ən kəskin tənqidi yazılarda belə etik normaları pozmamağı, hər hansı bir məqaləni hazırlayarkən hədəfdən yayınmamağı təlqin edən qanunları bəyənmədik, özümüz öz sinəmizə sığmadıq, söz azadlıqı arzuladıq. Buna da nə az, nə çox, düz yetmiş illik gözləntidən sonra nail olduq və birdən püskürməyə hazır olan dolmuş vulkana çevrildik. Hüquqşünas olmayanlar hüquq qəzeti, iqtisadçı olmayanlar iqtisad, siyasətin nə demək olduğunu qanmayanlar isə siyasi qəzetlər açdılar, hətta bəzi qəzetlərin adları altında yazılan, hansı sahəni əhatə etdiyi göstərilən absurd məramları oxuyanda adam lap dəhşətə gəlirdi: "Ədəbi publisistik, iqtisadi, içtimai-siyasi, hüquq qəzeti".

Təsəvvür edin: savadı, dünya görüşü, təcrübəsi olmayan bir qəzet redaktoru ölkənin bütün teleyüklü problemlərini həll etmək iqtidarında olduğunu həyasızcasına iddia edirdi və çox təəssüflər olsun ki, Avropa ailəsinə qoşulduğumuz bir dövrdə bunun qarşısını almaq da mümkün deyildi. Necə deyərlər, kim kor atını hara istəyirsə, ora da çapırdı. Artıq milli faciəmizə çevrilən mətbuatımızın üz qatı cırılandan sonra astarında olan yırtıqlar açıq-aydın görünməyə başladı. Ölkədə mətbuatın fəaliyyətini tənzimləyən bir müstəqil qurumun—Mətbuat Şurasının yaranmasına ehtiyac da bax, onda oldu və sonradan "sarı" adı qazanan bu qara piyara qarşı mübarizəyə start verildi.

Ötən bu müddət ərzində xərçəng xəstəliyinə çevrilən bu qaragüruhçuların sayı o qədər artmışdı ki, onlara qarşı demək olar ki, cəmiyyətin müxtəlif təbəqələri mübarizəyə qalxdılar. Yalnız bütün qüvvələr səfərbər olduqdan sonra sanballı ziyalıların, jutnalistlərin, müxtəlif peşə sahiblərinin bu ünsürlərə qarşı birgə mübarizəsi nəticəsində tədricən ucuz söz sahiblərinin bazarı dağıldı. Artıq o qəzetləri alıb-oxuyan auditoriya da haqsiz yalanlardan, iftiralardan bezdi və kioskalarda yatıb-qalan makulatura tayaları onları qiymətsiz edən sahibləri ilə bərabər meydanı tərk etdilər. Və bütün bu uğursuzluqları onlara bəxş edən də məhz onların öz natəmiz əlləri, çirkablı nəfsləri, qeyri-peşəkar davranışları oldu.

Yaxşı yadımdadır: 2005-ci ildə Mətbuat Günü münasibətilə Bakıdakı "Gülüstan" sarayında keçirilən təntənəli tədbirdə çıxışçılardan bir neçəsi sarı mətbuata, reket jurnalistlərə qarşı sərt qanunların tədbiq olunmasının vacibliyini vurğuladı. Ancaq möhtərəm, cənab Prezident İlham Əliyev bu təklifi qəbul etmədi. Bütün çıxışlara münasibət bildirən İlham Əliyev öz yekun çıxışında misli görünməyən humanizm nümayiş etdirərək dedi ki, "sarı mətbuat" adlandırılan o cizmaqara qəzetlərdə hamıdan çox mən tənqid olunuram, ancaq dözürəm də: "Əgər bu qədər iftira dolu yazılara mən əhəmiyyət vermirəmsə, demək siz də əhəmiyyət verməməlisiniz. Qoy nə istəyirlərsə onu da yazsınlar. Və əgər o yazılanlar həqiqəti əks etdirmirsə narahat olmağa da dəyməz. Mən sizə söz verirəm: bu cür ünsürlər çox keçməyəcək ki, heç bir kənar təsir olmadan iflasa uğrayıb tarixin qara səhifəsinə çevriləcəklər. Çünki xalq özü başa düşəcək və artıq başa düşür ki, bu cür böhtançıların fitvasına heç vaxt uymaq olmaz".

Həmin tarixi çıxışın üstündən bir neçə il ötmüş hamıya meydan oxuyan qəzetlər müflisləşərək öz fəaliyyətlərini dayandırdılar. Ölkə rəhbərinin uzaqgörənliyi bu məqamda da öz təsdiqini tapdı.

Məni, 30 ilin jurnalistini bu gün narahat edən bir başqa məsələ də mövcuddur. Şükürlər olsun ki, yaşadığımız bu qloballaşma dövründə ölkəmizdə də yeni informasiya texnologiyalarının fəaliyyət dairəsi genişlənir və artıq komputer texnologiyalarının tətbiqi sahəsində inkişaf etmiş dövlətlərdən heç də geri qalmırıq. Bu gün Azərbaycanda komputer şəbəkəsindən faydalananların və şəbəkədən səmərəli istifadə edənlərin sayı günbəgün artmaqdadır. Heç şübhəsiz ki, hər bir vətən övladı kimi bu sahədəki uğurlarımız məni də hədsiz sevindirir. Ancaq məni narahat edən tamam başqa məsələdir. Jurnalistikanın imkanlarından məharətlə istifadə edən bəzi qeyri-peşəkar jurnalist toplumları yaranıb ki, onların yenicə yaxa qurtardığımız sarı mətbuatın yersiz iddialarını davam etdirmək məqsədi güddükləri açıq-aydın görünür. Belə ki, onlar müxtəlif adda saytlar açaraq cəmiyyəti çaşdıran yazılarla çıxış edirlər. Həmişə vaxtı qabaqlamağa çalışan, insan ləyaqətini usanmadan alçaldan bəzi saytlar öz çirkin əməllərindən əsla əl çəkmirlər. Onlar artıq bütün meyarları pozurlar. Özü də gülməli görünsə də bu özbaşınalıqlar "demokratiya bayrağı" altında həyata keçirilir. Guya demokratik quruluşda heç kim heç nəyə görə məsuliyyət daşımamalıdır və cəzalandırılmamalıdır. Olduqca gülməli iddialardır, eləmi?! Şəxsiyyəti təhqir etməklə cəzasızlıq mühitinin kralına çevrilmək istəyən bu cür mətbuat rəhbərləri əslində bununla öz küçə əxlaqı keyfiyyətlərini nümayiş etdirmirlərmi?! Yalnız jarqonlardan, qeybətlərdən, dialektik ifadələrdən, nə bilim daha nələrdən ibarət olan söyüş toplumları müəlliflərinin sanballı jurnalist olmaları mümkünsüzdür.

Bu günlərdə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında Administrasiyanın şöbə müdirlərinin və KİV rəhbərinin iştirakı ilə keçirilən müşavirədə ölkədə fəaliyyət göstərən bəzi informasiya agentliklərinin və internet saytlarının fəaliyyətində olan ciddi qüsurların müzakirəsi bir daha sübut etdi ki, adlarını jurnalist qoyan, ancaq informasiya ötürən zaman milli mənsubiyyətini tamam unudan, müharibə şəraitində yaşayan Azərbaycan xalqının mənafeyini müdafiə etmək əvəzinə əks tərəfin, yəni erməni qəsbkarların dəyirmanlarına su tökən bu yaramaz sayt rəhbərləri öz iyrənc əməllərindən hələ də əl çəkmək fikrində deyildirlər. Adminstrasiya rəhbəri, akademik Ramiz Mehdiyevin müşavirədə səslənən tənqidi fikirləri dövlət strukturlarına, mətbuatın idarə olunmasına biləvasitə cavabdeh olan Mətbuat Şurasına, həm də bütövlükdə ictimaiyyətə həyəcan dolu bir mesaj idi. Cəbhə xəttində xidmət edən gənclərimizin döyüş ruhunu artırmaq, onları müqəddəs Vətən keşiyində ayıq-sayıq dayanmağa səsləmək, oğul yolu gözləyən ataların və anaların Vətən sevgisini artırmaq əvəzinə onları mənəvi cəhətdən əzmək kimi iyrənc niyyət güdən bu saxta informasiyabazlara qarşı mübarizənin gücləndirilməsi, müharibə qanunlarının tələblərinə uyğun olaraq belələrinin cəzalandırılması müşavirənin əsas mövzusu idi.

Zamanında keçirilən, bəlkə də bir azca gecikən bu müşavirədə Adminstrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məruzəətrafındakı çıxışı bir daha bu fikri təsdiqlədi ki, artıq adları bəlli olan informasiya agentliklərinin və internet saytlarının rəhbərləri və onların rəhbərliyi ilə təxribat xarakterli qeyri-peşəkar və qeyri vətənpərvər informasiyalar hazırlayan jurnalistlər haqqında ciddi ölçü götürülməlidir.

Doğrudan da mətbuat sistemində baş alıb gedən bu başıpozuqluğa nəhayət ki, son qymağın vaxtı yetişib. Bu da olduqca önəmli haldır ki, bu prosesə artıq dövlət səviyyəsində start verilib. Çünki, Mətbuat Şurasının çox cüzi olan statusu ilə belələrini susdurmaq mümkün deyildir.

Yeri gəlmişkən onu da qeyd etməyi özümə borc bilirəm ki, cəzasızlıq mühitinin kralına çevrilən bu cür riyakarlara qarşı mübarizəni gücləndirmək üçün Mətbuat Şurasının hüquq və vəzifələri yenidən müəyyənləşdirilməli, bu qrumun statusu nazirlik səviyyəsinə qaldırılmalı və üzvləri kifayət qədər sanbalı olan vətənpərvər yazarlardan ibarət olmalıdır. Bunu zaman tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə