Bildiyimiz kimi, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən sonra, növbəti il daha bir seçki – parlament seçkiləri baş tutacaq. O da sirr deyil ki, istər bələdiyyə, istərsə də parlament seçkilərində hakimiyyət və müxalifətin iştirakı şübhəsiz ki, baş verəcək. Sadəcə, müxalifətdən fərqli olaraq hakimiyyət bu proseslərlə bağlı kifayət qədər inamlı və qələbə əzmlidir . Belə ki, özünün elektoral bazasına güvənən iqtidar namizədlərinin qarşıdan gələn seçkilərdə qələbə qazanmalarına hər zaman böyük ümidlər bəsləyir. Təbii ki, bəslənən ümidlər doğrulur və nəticə etibarilə xalqın müxalifətə güvənsizliyini, hakimiyyətə isə sonsuz etimad bəsləyişlərini sübuta yetirir.
Qarşılıqlı ittiham prosesi bu gün də davam edir
Məhz belə bir məqamda və məğlubiyyət fonunda ənənəvi müxalifətin, daha dədiq desək, müxlaifətin radikal qanadının hərəkətsizliyi diqqət çəkir. Hətta müəyyən zamanlarda yaradılan birliklər də belə deməyə zəmin yaradır ki, bütövlükdə, düşərgədə cərəyan edən proseslər qarşıda yaradılacağı planlaşdırılan növbəti birliklərin də passiv vəziyyətdə qalacaqlarını şərtləndirir.
Məsələn, qeyd edək ki, bu gün özlərini müxalifət düşərgəsinin aparıcı partiyaları hesab edən Müsavatla AXCP arasında yaşanan həddən artıq gərginlik mahiyyət etibarı ilə həm ötən parlament, həm də ötən prezident seçkilərinin təsirindən yaranıb. Faktiki olaraq, Müsavat daim seçkilərə təkbaşına, ya da ətrafında diktə edə biləcəyi partiyalarla getməkdə israrlığını nümayiı etidirib. Ancaq AXCP də Müsavata qarşı boş dayanmayıb. Məsələn, Xalq Cəbhəsi Partiyası da öz növbəsində başına yığdığı bir-neçə partiya ilə birlikdə seçkilərə qatılmaq barədə düşünüb ki, nəticədə hər iki iddialı siyasi təşkilat uğursuzluq zolağından çıxmağa nail ola bilməyib.
Məsələn, hələ 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində baş verən Müsavat-AXCP qarşıdurmasını bir daha xatırlayaq. Belə ki, 2010-cu ilin parlament seçkiləri ərəfəsində Müsavat başqanı İsa Qəmbərin müxalifət düşərgəsi ilə bağlı dediyi fikirlər sonradan ortalığı qarışdırdı. Bunun ardından ALP-dən sərt bir açıqlama gəldi. Ardından AXCP sədri Əli Kərimlinin dolayı ittihamları diqqəti çəkməyə başladı. Və bütün bunlara yekun cavab olaraq isə Müsavatdan bir açıqlama gündəmi məşğul etməyə başladı ki, həmin açıqlamada da Əli Kərimlinin İsa Qəmbəri hədəfə aldığı deyilirdi.
Maraqlıdır ki, həmin proses bu gün də davam edir və hər kəsə gün kimi aydındır. Müsavat partiyasının "Milli Şura"dan ayrılması, növbəti seçkilərə AXCP-siz gedəcəyini bəyan etməsi, o cümlədən, partiyaların bir-birlərini hakimiyyətə işləməkdə suçlamaları ənənəvi düşmənçiliyin bariz nəticəsidir. Ona görə də indidən proqnozlaşdırmaq mümkündür ki, istər AXCP, istərsə də Müsavat əlinə imkan düşən kimi, bu ittihamları dərinləşdirəcək və qarşıdan gələn bələdiyyə, eyni zamanda parlament seçkilərində qarşılıqlı olaraq ittihamlar burulğanları yaşanacaq.
Əslində, müxalifətin üzləşdiyi bu problemin mahiyyətində dayanan bir sıra səbəblər var. Təbii ki, biz şəxsi ambisiyalar məsələsini diqqət mərkəzinə çəkmək istəmirik. Ona görə ki, bu mövzu barədə xeyli yazılıb və bundan sonra da yazılacaq. Bu gün əsas məsələ odur ki, Azərbaycan müxalifəti kifayət qədər zəifdir. Ancaq buna rəğmən, ildən-ilə güclənmək əvəzinə, daha çox zəifləyən düşərgəni vəziyyətdən çıxarmaq üçün heç bir tədbir görülmür. Çünki orada kimsənin, digərinin sözü boğazından keçmir.
Partiya sədrlərinin dəyişilməsi labüdləşir
Müxalifətin əsas zəif cəhətlərinə diqqət yetirdikdə birinci olaraq, yetərli qədər qüvvəsi olmadığı aydınlaşır. Ötən seçkilər dövründən fərqli olaraq, adicə bələdiyyə seçkilərinə hakimiyyət namizədlərinin 10 faizə qədər namizəd çıxara bilməyən müxalifətin nə qədər güc sahibi olduğu buradan aydın oldu. Həmin seçkilər zamanı müxalifət düşərgəsi birləşsəydi belə üst-üstə 200 namizəd sahibi ola bilməzdi.
Bu isə onu göstərirdi ki, artıq bu düşərgədə total islahatlara gərək var və həmin islahatlar partiya sədrlərinin dəyişdirilməsi ilə başlamalıdır. Ancaq vəziyyət belədir ki, heç bir partiya sədri bu gün tutduğu postu əldən vermək istəmir. Həm də ona qarşı çıxanların da məhvini reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Təkcə Müsavatın başıbəla qurultayının dörd ildən artıqdır ki, keçirilməməsi, AXCP də isə ümumiyyətlə sədr dəyişikliyi barədə inisiativlərin irəli sürlülməməsi reallığı bütün çılpaqlığı ilə ortada sərgiləmiş olur. Hansı ki, bir çox siyasi ekspertlər artıq müxalifətdə bir yeniləşmənin vacibliyi barədə haqlı təhlillər aparırlar.
Yeniləşmə baş verməlidir
İkinci amil isə həqiqətən də müxalifətin içində müəyyən siyasi bilgiləri olan insanların üzə çıxmasının baş verməməsidir. Yəni müxlaifətdə yeniləşmə baş verməlidir. Çünki azsaylı elektorat da etni simalardan və eyni meydan müxalifətçiliyindən tamamilə bezgin hala düşüb. Bu gün ənənəvi düşərgədə siyasi analiz apararaq, sivil yolla düşünən insanlar da var ki, köhnəlmiş "liderlər"onların üzə çıxmasından ciddi narahat olmağa başlayıblar. Daha dəqiq desək, belələri ambisioz "liderlərinin" sayəsində illərdən bəri pas atmış dəmir kimi, yerlərindən tərpənə bilmirlər. Elə buna görədir ki, həmin partiyaların içində vaxtaşırı müxtəlif səpkili problemlər yaşanır, istefalar baş qaldırır və sonradan kəskin, qarşılıqlı ittihamlar diqqəti çəkir. Məsələn, Müsavatda bəzi şəxslər arasında yaşanan gərginlik qarşılıqlı ittihamlarla nəticələnsə də, İsa Qəmbərin tapşırığı əsasında bu məsələ qismən də olsa həllini tapdı. Və ya başqaları ilə digər partiya funksionerləri arasında yaşanan qalmaqalı da buraya əlavə etmək mümkündür.
Ancaq Müsavat kimi, AXCP-də də vəziyyət eynidir. İllərdən bəri partiya daxilində müxtəlif oyunlarla ona qarşı çıxanları zərərsizləşdirən, şantaj və sabotaj üsulları ilə qaraya yaxan və bunu hələ "Yurd" qruplaşması yaradarkən sınqadan keçirən Əli Kərimli bundan sonra tam əmin və arxayın yerində əyləşib. Bu gün AXCP-nin hazırkı vəziyyətə düşməsində böyük rolu olan Kərimlini belə bir addımı atmağa sövq edən mənsəb məsələsi olub. Yəni, o, özünü və postunu qorumaq üçün hətta istənilən varianta baş vurub. Nəticə də ondan ibarətdir ki, bu gün AXCP-nin bütün yerli təşkilatları yox səviyyəsindədir və seçkilərə qatılmaq üçün yetərli qədər namizədi yoxdur.
Beləliklə, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan müxalifəti kifayət qədər geridə qalmaqdadır. Birləşmək üçün dəfələrlə bir araya gələn "liderlərin" sonradan təhqir elementlərinə çevrilmələri, eyni zamanda pozuculuq əməllərini cəmiyyətin üzərinə yıxmaları onların heç vaxt bir araya gələrək, hər hansı seçkilərdə qələbə çalma ehtimallarını sıfır həddində saxlayır. O cümlədən, bu işi reallaşdıranlar sadəcə, özlərinin siyasi ömürlərini uzatmaqdan başqa heç bir niyyət güdmürlər.
Müxalifətin sonuncu əsas problemi isə əhalinin onlara göstərdiyi etimadsızlıqla bağlıdır. Qeyd edək ki, 2000-ci ildən başlayan bu etimadsızlıq artıq elə bir həddə çatıb ki, dünənə qədər müxalifətdə təmsil olunan insanlar belə bu barədə danışılan zaman üzlərini çevirib getməyə üstünlük verirlər. Taktiki yanlışlıq, insanları meydanlara dəvət edib, sonrada qaçıb gizlənmək, habelə bu kimi digər hallardan sonra təbii ki, insanların onlara inamı olmayacaqdı. Digər tərəfdən, bu məsələdə əhaliyə deyil, Qərbə daha çox ümid bəsləyən müxalifət düşərgəsi özü bilərəkdən özünü uçurumun düz dibinə atıb. Və onların oradan çıxmaq imkanları yoxdur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB