Ukrayna böyük siyasi oyunların qurbanı oldu ANALİZ

Anti-terror əməliyyatları isə uğurlu nəticələrini verməyə başlayıb

Ukraynada baş verən son proseslər, xüsusilə, Ukrayna ordusunun ölkənin Şərqində rusiyameylli separatçılara qarşı intensiv antiterror əməliyyatlarına başlaması və tutulan şəhərləri azad etməsi ilk olaraq belə qənaətə gəlməyə əsas verir ki, hələ bir neçə ay öncə elə də ciddi addımlar atmayan Ukrayna hakimiyyəti artıq qəti qərara gəlib. Bunu isə bir neçə tərəfdən izah etmək olar. Belə ki, Maydan hadisələri ərəfəsində Ukraynanın keçmiş prezidenti, hazırda Rusiyada sığınacaq tapan Viktor Yanukoviç məlum Vilnüs sammitində Avropa İttifaql ilə assosiativ saziş bağlamaqdan imtina etdikdən sonra ciddi xalq təhdidi altında qaldı. Lakin Rusiya da onu təhdid altında saxlayırdı. Əsas məqsəd isə Ukrayna kimi dövlətin Rusiyanın nəzarətindən çıxmaması idi. Beləliklə, Rusiya bu istəyinə nail oldu. Hətta həmin zamanlarda Qərb mətbuatı Rusiyanın Avropa İttifaql qarşısında qələbə çaldığını da yazırdı. Ancaq burada bir amil yaddan çıxarılmışdı. Bu amil isə xalqın istəyi idi.

Separatçılıq faktorunun üzə çıxmasına da məhz Yanukoviçin Rusiya ilə uzlaşan məlum qərarı oldu

Daha dəqiq desək, Ukrayna hər zaman qeyri-formal olaraq iki hissəyə bölünüb. Ölkənin Şərqi Rusiyaya, Qərbi isə Avropaya tərəf meyl edib. Belə olan tədqirdə, qarşıdurmaların yaşanması qaçılmaz hala çevrilməli idi. Əlbəttə ki, separatçılıq faktorunun üzə çıxmasına da məhz Yanukoviçin Rusiya ilə uzlaşan məlum qərarı oldu.

Maydan hadisələri dövründə son ana qədər xalqı susduracağını düşünən Yanukoviç təbii ki, Rusiyanın ciddi siyasi yardımına güvənsə də, Qərb, daha doğrusu Avropa İttifaqına daxil olan aparıcı ölkələr baş verənlərlə barışmadı və Yanukoviçin devrilməsi üçün əldə olan bütün rıçaqlardan maksimum dərəcədə istifadə etdi. Uzun sürən Maydan hadisələri Yanukoviçin postunu qoyaraq qaçması, demokratik qüvvələrin isə hakimiyyəti ələ alması ilə nəticələndi. Baxmayaraq, artıq Kiyevdə və başqa şəhərlərdə anti-Yanukoviç tərəfdarlarına atəş açılmış, insanlar snayper güllələrinə tuş gələrək öldürülmüşdü. Beləliklə, demokratik qüvvələrin Ukraynada növbədənkənar seçkilərin keçirilməsi haqqında qərarın verilməsi Rusiya-Ukrayna qarşıdurmasını növbəti fazaya yönəltdi. Krımın ilhaq prosesi və həmin proses zamanı baş verən olaylar da məhz hazırda baş verən hadisələrin reallaşmasını proqnozlaşdırırdı. Məsələn, Krımda Ukraynaya məxsus hərbi hissələrin və bazaların Ukrayna ordusunun nəzarətində olması, ordunun yarımadadan çıxmaq haqqında qərar verməməsi, bunun ardınca, Rusiya sərhədlərindən Ukrayna ərazisinə tanınma nişanları olmayan yaşıl geyimli, maskalı hərbçilərin daxil olması, silahların, sursatların daşınması və s. Bütün bunlar qarşıda gözlənilən silahlı insidentlərin alovlanmasına kifayət qədər şərait yaradırdı.

Əlbəttə ki, burada Krım tatarlarlarının da Ukrayna hökumətinə sadiqliyini göstərmək olar. Ancaq onların bütün cəhdləri nəticəsiz qaldı və Krım Rusiya tərəfindən, yəni Rusiyanın yardımı nəticəsində separatçılara təslim edildi. Beləliklə, Krımda keçirilən qondarma referendum "səs çoxluğu" ilə yarımadanın Rusiyaya verilməsi ilə nəticələndi. Baxmayaraq ki, bu gün dünyanın bir çox dövlətləri, təşkilat və qurumları Krımı Rusiyanın ərazisi kimi qəbul etmir.

Seçkilər bitər-bitməz, yeni seçilən prezident Petro Poroşenko Ukrayna silahlı qüvvələrini genişmiqyaslı antiterror əməliyyatına qoşmaqda tərəddüd edirdi

Ancaq Krım məsələsi başa çatdırıldıqdan sonra, Ukraynanın Şərqində separatçılığın baş qaldırması, Donetskdə, Kramatorskda, Slavyanskda, Luqanskda və s. Şərq regionlarında dişinə qədər silahlanmış (silahlandırılmış) rusiyameylli qüvvələrin administrativ binaları ələ keçirməsi, qondarma xalq respublikaları yaratmaları, "Novorossiya" (Yeni Rusiya) adlı dövlət yaratdıqlarını elan etməsi böhranlı dövr keçən yeni Ukrayna hakimiyyətinə proseslərə dərhal, yerindəcə müdaxilə etməyə imkan vermirdi. Hətta seçkilər bitər-bitməz, yeni seçilən prezident, şokolad oliqarxı kimi tanınan Petro Poroşenko Ukrayna silahlı qüvvələrini genişmiqyaslı antiterror əməliyyatına qoşmaqda tərəddüd edirdi. Sadəcə anto-terror qurumu olan və daxili işlər narizliyinin tabeçiliyində fəaliyyət göstərən "Yaquar" qrupu, eyni zamanda yeni yaradılan milli qavardiya bir neçə əməliyyat keçirdi. Keçirilən əməliyyatların isə hamısını uğurlu adlandırmaq olmazdı. Belə ki, ölkənin Şərqində qərarlaşan separtaçılara peşəkar hərbçilər tərəfindən ciddi təlimlər keçirilmişdi. Həmin təlimləri isə yenə də Rusiya tərəfindən göndərilən zabitlər, generallar reallaşdırmışdı. Bu baxımdan, kiçik çaplı hərbi əməliyyatlat nəticəsiz qalırdı. Hətta Ukrayna tərəfinin itkiləri də separatçılardan daha çox olurdu. Ukrayna mətbuatı və Radada əyləşən deputatlar, xüsusilə, Sağ Sektor adlı qrup yeni seçilmiş prezidentdən daha qəti addımların atılmasını tələb edirdi.

Separatçılar çox böyük itkilər verərək, gizli yollarla əraziləri tərk edirlər

Nəhayət, Petro Poroşenko bu qəti qərarı verdi və separatçıların yerləşdiyi əraziləri təmizləmək əmrini imzaladı, Ukrayna ordusu artıq bir aya yaxındır ki, başlatdığı geniş miqyaslı hücumları nəticəsində separatçılar tərəfindən tutulan şəhər və qəsəbələri azad etməyə başlayıb. Separatçılar çox böyük itkilər verərək, gizli yollarla bu ərazilər tərk ediblər. Onların sonuncu nöqtələri isə Donetsk şəhəridir. Artıq bu günlərdə qondarma "Donetsk Xalq Respublikası"nın müdafiə komitəsinin rəhbəri separatçıların 90 fazisinin məhv edildiyini etiraf edib. O, açıq şəkildə bildirib ki, əgər Rusiya onlara davamlı hərbi yardım göstərməsə, acı məğlubiyyət qaçılamaz olacaq. Onu da qeyd edək ki, Qərb Ukraynanın öz torpaqlarını separatçılardan hərbi yolla azad etməsinə qarşı çıxmır.

Bu zaman daha bir nüans ortaya çıxır ki, Ukrayna böhranı hazırkı kəskin vəziyyətə düşməmiş niyə bunun qarşısını almaq mümkün olmadı? Məsələ aydındır. Çünki Yanukoviç hökuməti xalqı açıq-aşkar barmağına dolayaraq, indiki hadisələrin yaranmasına rəvac verdi. O, öz qisasını xalqdan aldığını düşünsə də, hazırda cinayət etdiyinin də fərqindədir. Artıq Ukrayna hökuməti onun barəsində axtarış elan edib.

Azərbaycanda 93-94-cü illərdə baş verən hadisələrlə bənzərlik məqamları

Bütün bu kimi hadisələri analiz edərkən, 1993-94-cü illərdə Azərbaycanda baş verən proseslər yada düşür. Məhz həmin illərdə Azərbaycanda da separatçılıq meylləri artır, bir tərəfdən Dağlıq Qarabağ savaşı, digər tərəfdən ölkənin Cənubunda "Talış Muğan Respublikası"nın elan edilməsi, Şimalda isə Sadval separatçı qrupların aktivləşməsi, bölgələrdə siyasi-ictimai sabitliyin poulmasına xaricdən davamlı cəhdlərin olması ölkəni parçalamağa doğru sürükləyirdi. Məhz Ulu Öndər Heydər Əliyevin xilsakarlıq missiyası Azərbaycanı bölünməkdən, separatçı toxumunun yayılmasından qurtardı. Daha dəqiq desək, Elçibəy hakimiyyətinin Ulu Öndərə viran bir ölkəni təslim edərək qaçması və Heydər Əliyevin vaxtında qəti qərar verərək, dövləti satan insanlara qarşı qətiyyətli davranması bütövlüyümüzün təminatı ilə nəticəsini tapdı. Məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində daxili və xarici qüvvələr öz məqsədlərinə-Azərbaycanı parçalamağa nail ola bilmədilər.

Bütün bunları ona görə qeyd edirik ki, hər bir dövlətin təməlinin möhkəmliyi onun rəhbərindən, siyasi qətiyyətindən asılı olan faktordur.

Bu gün Ukraynada oxun yaydan çıxması isə əslində, Yanukoviç xəyanətinin nəticəsidir.

Şovinizm işartıları görünməkdədir

Həmçinin, separtaçıların bu qədər irəliləyərək, demək olar ki, ölkənin Şərqini uzun müddət nəzarətlərində saxlamaları da yeni hakimiyyətin çox gec qərar qəbul etmələri ilə əlaqələndirilə bilər.

Başqa tərəfdən, bu gün media da bu kimi hadisələrdə çox önəmli rol oynamaqdadır. Məsələn, bu gün Rusiya telekanalları Ukraynada keçirilən anti-terror əməliyyatlarını "qanunsuz" adlandırır, separatçılara qarşı silahlı müqaviməti az qala "faşizm" kimi qiytəmləndirirlər. Ancaq nədənsə Rusiya xəbər agentlikləri bir dəfə də olsa xatırlamırlar ki, bu hadisələr başlamamışdan öncə Ukrayna ərazisinə gizli hərbçilər göndərib, Krımı işğal edənlər də məhz rusiyameylli qüvvələr olublar. Ya da unudurlar ki, bu gün separatçıların əllərində olan silahların, tankların, döyüş maşınlarının çoxu məhz Rusiyadan göndərilən texnikalardır. Qalanları isə Ukrayna hərbi hissələri zəbt edilərkən, əldə olunub. Lakin Rusiya mediası həmin əməliyyatlar nəticəsində mükli əhalinin həlak olduğunu iddia edir, BMT-nin nəyə görə susması barədə suallar verir. Ancaq o da bəllidir ki, bu gün mülki əhalinin müharibə ocağının ortasında qalaraq əziyyət çəkməsi onların marağında deyil. Yəni əhali müharibə istəmir. Separatçılr isə məhz mülki əhalinin arasında gilənərək, onara qarşı başladılmış hərbi əməliyyatlardan canlarını qurtarmağa çalışırlar. Nəticədə, onların günahları üzündən mülki əhali də ciddi həyati təhlükələr yaşayır. Bu faktor isə Rusiya telekanallarının əllərində necə deyərlər bayrağa çevrilir. Hətta burada müəyyən şovinizm işartıları da göürnməkdədir.

Ancaq son olaraq həm də belə qənaətə gəlmək olar ki, hər bir ölkə öz ərzi bütövlüyünü qorumaq, mühafizə etmək üçün qəti addımlar atmaq hüququna malikdir. Bu gün Ukraynanın Şərqi od-alov içndədir. Ancaq bu mübarizə ölkənin suverenliyinin qorunması istiqamətində atılan son və doğru addımdır. Təəssüf edilən isə budur ki, Ukrayna böyük siyasi oyunların qurbanı omaqdan yan keçməyi bacarmadı. Olan isə artıq olub…

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə