Tarix boyunca müxtəlif mənbələr, lüğətlər, ensiklopediyalar demokratiya məfhumunu müxtəlif cür şərh etməyə çalışdılar. Lakin bu gün demokratiyanın ən gözəl tərifi yenə də ABŞ Prezidenti Linkolnun məşhur ifadəsi oldu: xalq tərəfindən həyata keçirilən, xalq naminə xalq hakimiyyəti. Bəs görəsən əslində bu belədirmi?
Nasizm, faşizm və kommunizm üzərində qələbəsindən sonra Qərb demokratiyası rejimlərin liderinə və insanların idealına çevrildi. Gözləmək olardı ki, nəhayət yer üzündə əmin-amanlıq bərpa olunacaq, istibdad sona çatacaq, çünki demokratiyanın təşəkkülü baxımından tarixdə heç vaxt mümkün olmayan bir şərait yaranmışdı. Lakin Qərb analitiklərinin özlərinin də qeyd etdiyi kimi, Qərb demokratiyasının ən böyük yanlışı da elə burdan başladı.
İtaliyalı analitik Massimo Fini "Le vice obscur de l`Occident" əsərində qeyd edir ki, Qərbin bu sahədə ən böyük yanlışı ondan ibarət oldu ki, bir zamanlar Nasistlərin səciyyəvi xarakteristikası olan "başqalarından yüksək olma" hissinə qapıldılar. Əgər Nasistlərdə "alilik" bir irqə aid edilirdisə, bugünkü Qərb dünyasında bu "alilik" özünü siyasi mədəniyyət, sivilizasiya sahəsində büruzə verir.
Mümkün olan ən gözəl dünyanı qurduğunu, mütləq dəyərlərə sahib olduğunu hesab edən Qərb özündən fərqli tarixə, mədəniyyətə, ənənəyə, həyat mövhumuna sahib xalqlara, insanlara davranış qaydalarını öyrətmə hüququna və vəzifəsinə sahib olduğunu düşünməyə başladı.
Qərbə qarşı yönələn əsas ittiham budur ki, Qərb nəzərə almaq istəmir ki, hər bir siyasi sistem sosial baza üzərində qurulur. Həmin sosial bazanı isə milli adət-ənənələr, dəyərlər sistemi təşkil edir. Axı Qərbdəki individualizm ilə Şərqdəki kollektivizm fərqli fəlsəfələrə söykənir. Şərqdəki böyüklərə (valideynlərə, ağsaqqallara, liderlərə) hörmətlə Qərbdəki eyni deyil. Pozitiv hüquq normaları ilə mənəvi dəyərlərin Şərq və Qərb cəmiyyətlərindəki alqılanması eyni deyil. Əgər Şərq ilə Qərbin dəyərlər sistemi fərqlidirsə, o zaman şübhəsiz ki, bu fərq onların idarəçilik sistemlərinə də sirayət edəcək.
Qərb isə, hər bir cəmiyyətin spesifikası olduğunu qəbul etmək yerinə, eyforik şəkildə tolerantlıq göstərmədən "qloballaşma dövrünün tələblərinə uyğun olaraq" öz dəyərlərini universal dəyərlər adı altında olduğu kimi bütün dünyaya təlqin etməyə çalışır. Axı bu dəyərlər universal dəyərlər deyil, sadəcə hərbi-iqtisadi-diplomatik-elmi-texnoloji üstünlüyə sahib olan bir sivilizasiyanın özünəxas dəyərləridir.
Əgər bu gün Qərbin yerində Şərq olsaydı və bu üstünlüklərindən istifadə edərək öz dəyərlərini universal dəyərlər adı altında Qərbə təlqin etməyə çalışsaydı, Qərb ictimaiyyəti bunu nə qədər asanlıqla mənimsəyə bilərdi? Axı hərbi-iqtisadi-diplomatik-elmi-texnoloji üstünlük başqadır, mənəvi dəyərlər başqa.
Bu nöqteyi-nəzərdən, ortaya bir sıra suallar çıxır: görəsən demokratiya ancaq Qərbə aid siyasi rejimdirmi? Əgər Qərb vahid demokratiya modeli tətbiq etmək istəyirsə, nədən ilk öncə öz daxilində olan 12 monarxiyanın (Böyük Britaniya, İspaniya, Norveç, İsveç, Belçika, Danimarka, Niderland, Lüksemburq, Monako, Andorra, Lixtenşteyn, Vatikan) ləğvini və respublikaçılığa keçidini tələb etmir? Yox, əgər bunu o ölkələrin tarixindən qaynaqlanan səciyyəvi xarakteristikası kimi qəbul edirsə, nədən digər ölkələrin səciyyəvi xarakteristikalarına müdaxilə edir?
Hər zaman siyasi plüralizmin tərəfdarı olan Qərb nədən bir siyasi rejim kimi demokratiyanın da müxtəlif modellərinin harmoniyasını görmək istəmir? Demokratiyanın, misal üçün, Şərq modeli ola bilməzmi? Əgər hər hansı bir Şərq xalqı mütləq surətdə öz liderini dəstəkləyirsə, bu demokratiya deyilmi? Qərb monarxiyaları demokratik hesab olunursa, Şərq monarxiyası olan Yaponiya Qərb ölkəsindən daha az "demokratikdirmi"? Nəyə görə Şərq xalqları misal üçün, Yapon demokratiya modelini deyil, məhz Qərb demokratiyasını seçməlidir? Ümumiyyətlə hansı rejimin demokratik olduğuna, hansının olmadığına kim qərar verir? Bu səlahiyyəti ona kim verib?
Beləcə, Qərbin öz dəyərlərini mütləq şəkildə bütün dünyaya təlqin etməyə çalışması fərqli dəyərlərə sahib insanlarda narazılıq yaratmağa başladı ki, bu da öz növbəsində demokratiyanın yayılmasına əngəl təşkil etməyə başladı - çünki təsir əks-təsirə bərabərdir. Bu narazılıq ərəb inqilabları ilə daha da sürətləndi.
Bir tərəfdən bu qəbildən olan narazı insanlar, digər tərəfdən isə demokratiyanın daha da təkmilləşməsini arzulayan intellektuallar Qərb demokratiyasının qarşısında dayanan çağırışları araşdırmağa başladılar. Çağırışlar isə kifayət qədərdir.
Şübhəsiz ki, demokratiya və insan hüquqları bir millət üçün ən uca meyarlardandır. İnkişaf səviyyəsinin yüksək olmadığı cəmiyyətlərdə bu sahələrdə nöqsanların olması bəlkə də başa düşüləndir. Ancaq Qərb ölkələrinin özündə demokratiyanın böhran yaşamasına heç bir şəkildə haqq qazandırmaq təsəvvür edilə bilməz.
Yeri gəlmişkən, Fransalı analitik Qiyom dö Ruvil "La democratie ambigue" əsərində qeyd edir ki, təsəvvür edilənlərdən fərqli olaraq, müasir Qərb demokratiyasının təməlində oliqarxiya dayanır. O bildirir ki, kənardan elə görünür ki, rəhbərlər tərəfindən qəbul edilən bütün qərarlar, atılan bütün addımlar xalqın iradəsini ifadə edir- əslində isə bu belə deyildir. Oliqarxlar xalqın adından istifadə edərək, öz maraqlarına uyğun hərəkət edir, demokratik dəyərlər naminə, insan hüquqları naminə kütləvi qətllər törədirlər. Xalq adından hərəkət etdikləri üçün də, özlərinə immunitet yaradırlar. Nəticədə isə məsələnin mənəvi tərəfi tamamən unudulur, çünki hər kəs düşünür ki, demokratiya pislik edə bilməz. Beləliklə, xalq özü öz suverenliyinin tələsinə düşür, çünki nəticə etibarilə, bunun mənəvi məsuliyyəti xalqın üzərində qalır.
Massimo Fini də öz növbəsində ifadə edir ki, demokratiya, bu mövhumun banilərinin təsəvvür etdiklərindən fərqli olaraq, öz aralarında ahəngdar şəkildə fəaliyyət göstərən siyasi və iqtisadi oliqarxların, nomenklaturanın, maskalanmış aristokratların lobbiçilik sistemidir.
Təsadüfi deyildir ki, birbaşa demokratiyanın tərəfdarı olan dahi mütəfəkkir Jan Jak Russo hələ 18-ci əsrdə "Contrat Social" adlı əsərində təmsili demokratiyaya qarşı çıxaraq bildirirdi ki, suverenlik nə təmsil oluna bilər, nə də başqasına transfer edilə bilər. Suverenlik ümumi iradədədir, iradə isə təmsil olunmur, o ya vardır, ya da yoxdur. O əlavə edirdi ki, İngilis xalqı fikirləşir ki, azaddır, ancaq onlar yanılır. Çünki xalq ancaq parlament üzvünü seçərkən azaddır, seçdikdən sonra isə artıq köləyə çevrilmişdir. O artıq heç nədir.
Sözsüz ki, dahi mütəfəkkir bu fikirləri ifadə edərkən, hakimiyyətin bəd niyyətli qruplar tərəfindən mənimsənilmə riskini göz önündə canlandırırdı.
Bu həqiqətən də belədir. Demokratiyanın təməlində dayanan hakimiyyət bölgüsü, hüquq dövləti, azad seçkilər, müstəqil mətbuat, vətəndaş cəmiyyəti kimi meyarlara dərindən nəzər salsaq, görərik ki, Qərb demokratiyası heç də tamamən Linkolnun tərifini verdiyi kimi, xalq naminə xalq tərəfindən, xalq hakimiyyəti demək deyil. Əksinə, bu gün Qərb demokratiyası siyasi-iqtisadi-inzibati oliqarxiyanın əsirinə çevrilmişdir. Həm ölkələr müstəvisində, həm də qlobal səviyyədə idarəçilik bir qrup tərəfindən həyata keçirilir ki, onlar da hər zaman öz maraqlarını düşünürlər. Məsələni daha da konkretləşdirə bilərik.
Misal üçün, Qərb demokratiyasının təməlində dayanan hakimiyyət bölgüsü prinsipi artıq öz mənasını itirmişdir, çünki bu gün qanunverici və məhkəmə orqanı dominant vəziyyətdə olan icraedici orqanın bir alt orqanına çevrilmişdir-qanunverici orqanlar icra orqanının rahat fəaliyyəti naminə "infrastruktur" xarakterli qanunların qəbulu, məhkəmə orqanı isə onların maraqlarının hüquq müstəvisində qorunması ilə məşğuldur.
Əgər mahiyyət etibarilə hakimiyyətin üç qolunun hər biri eyni amala, eyni məqsədə-oliqarxiyanın maraqlarına xidmət edirsə, o zaman hakimiyyət bölgüsünün heç bir mənası qalmır - o görüntüdən başqa bir şey deyildir. Nəticədə isə, hakimiyyət yenə də mütləq şəkildə bir mərkəzdə-oliqarxların əlində toplanır, bu isə xalqın maraqları üçün birbaşa təhdiddir.
Azad seçkilərə gəlincə, bunlar da sadəcə bir görüntüdür və mahiyyət etibarilə heç də göründüyü kimi xalqın istədiyi namizədi seçməsi demək deyildir. Çünki səs verdiyi zaman müstəqil hərəkət etsə də, nəticə etibarı ilə zavallı xalq ona təklif olunan "menü"dən, o və ya bu oliqarxın ya da onların nümayəndələrinin birinə səs vermək məcburiyyətindədir. Qərb ölkələrinin hansında oliqarxiya və ya lobbi şəbəkəsinə daxil olmadan bu siyahıya düşmək mümkündür? Bu sistem ancaq və ancaq kütlənin başını tovlamağa, zəiflərə təsəlli verməyə xidmət edir. Zavallı Qərb xalqına isə "suverenliyin onlara aid olduğu" xülyasıyla yaşamaqdan başqa heç nə qalmır - yarısına qədər palçığa batdığı halda qürurla banlamağa davam edən xoruzlar kimi...
Seçilən millət vəkilləri mandatları müddətində hakimiyyətin mənbəyi hesab olunan və onlara mandat verən xalqın maraqlarını deyil, öz biznes maraqlarını, bağlı olduğu siyasi partiyanın marağını, müxtəlif təzyiq qruplarının maraqlarını təmsil edirlər. Əks təqdirdə, onlar növbəti dəfə menüdə yer ala bilməzlər. Qərb ölkələrində lobbiçilik fəaliyyəti adı altında ətraf mühitin korlanmasına, insan orqanizminə zərərli olan kənd təsərrüfatı məhsullarının istehsalına, mənəvi dəyərlərin deqradasiyasına şərait yaradan qanunların qəbul edilməsinə səs verən seçilmişlər nə qədər xalqın maraqlarını düşünür? Və yaxud xarici ölkələrin diasporasından pul alaraq əsassız məsələlərin qabartılması ilə məşğul olan senatorlar, millət vəkilləri nə dərəcədə təmsil etdiyi xalqın maraqlarına uyğun hərəkət edir?
Belə halın geniş şəkildə vüsət alması korrupsiyanın tüğyan etməsi mənasına gəlmirmi? Seçicilərin onlara verdiyi mandat isə onları belə kütləvi kriminal fəaliyyətləri zamanı qanunvericilik qarşısında toxunulmaz hala gətirir. Toxunulmazlıq onlara bunun üçünmü verilmişdir?
O zaman, əgər demokratik Qərb ölkələrində seçilənlər inhisarların, kartellərin, holdinqlərin, təsir qruplarının müxtəlif formalı təzyiqi altında, seçicilər olan xalqın adından həmin xalqın özünün maraqlarına zidd qanunlar qəbul edirlərsə, əsl səlahiyyət sahibi olan xalqın isə bu qanunları ləğv etmə səlahiyyəti yoxdursa, bunun nəyi demokratiya hesab olunmalıdır? Xalq burada suverenliyin mənbəyinin hansı nöqtəsində dalana dirənib?
Hakimiyyətin 4-cü qolu hesab edilən və əslində müstəqil fəaliyyət göstərməli olan mətbuat özü asılı hala gəlmişdir. Bu gün dünyada baş verən proseslərə nəzər salsaq və onların mətbuatda necə əks olunduğunu araşdırsaq, BBC, CNN, Bloomberg, Al-Jazeera kimi dünyanın aparıcı mətbuatından hansının müstəqil olduğunu söyləmək mümkündür? Elə həmin media quruluşlarının özləri də oliqarxiya şəbəkəsinə daxil deyilmi?
Vətəndaş cəmiyyəti, daha dəqiq desək, qeyri-hökumət təşkilatları maliyyə və ya ideoloji baxımdan bağlı olduğu qrupların maraqlarından başqa heç nəyi təbliğ etmir. Amnisty İnternational, Human Right Watch, Green Peace, Peace Corps, Open Society və bu kimi başqa beynəlxalq qeyri-hökumət təşkilatlarının müstəqilliyindən bəhs etmək mümkündürmü? Görəsən demokratik ölkədə fəaliyyət göstərən bu təşkilatlar başqa ölkələrdə dövlət çevrilişləri hazırlayanda müstəqilmi fəaliyyət göstərirdilər, yoxsa aid olduğu demokratik ölkənin xalqınınmı, yaxud çevriliş edəcəkləri ölkələrin xalqlarınınmı maraqlarını düşünürdülər?
Hüquq dövləti anlayışı sadəcə xəyallarda mövcuddur. Əgər demokratiya həqiqətən də vətəndaşların hüquq bərabərliyi mənasını verirsə, Amerikada yaşayan senatorla yoxsulluq həddində yaşayan 50 milyon Amerikalı vətəndaşın hüquqları eyni olmalı deyildimi? Həmin 50 milyon Amerikalının Amerikanın idarə olunmasındakı rolu nə qədərdir? Onlar Amerikanın daxili və xarici siyasətini dəstəkləyirmi? Məgər demokratiya ölkə daxilində vətəndaşlara paylananda, birinə az, digərinə çox düşə bilər? Məgər demokratiyadan konkret olaraq xalqın müəyyən bir kəsimi yararlana bilməlidir?
Əgər demokratiya həqiqətən də vətəndaşların hüquq bərabərliyi mənasına gəlirsə, demokratik ölkələrin böyük şirkətlərinin rəhbərlərinin ölkənin idarə edilməsindəki rolu elə həmin şirkətlərdə işləyən immiqrant xadimələrin rolu ilə eyni olmalı deyildimi? Halbuki, bugünkü reallıq göstərir ki, nəinki o xadimələrin, əgər oliqarxiya şəbəkəsinə daxil deyilsə, heç həmin ölkənin nüfuzlu institut və universitetlərinin professorlarının da rolu, belə şirkətlərin rəhbərlərinin rolu ilə müqayisə edilə bilməz.
Əgər hüquqları pozulan vətəndaşlarməhkəməyə müraciət edərkən məhkəmə orqanı qərarları siyasi motivlərlə verirsə, tərəflərin statusu məhkəmə qərarlarının nəticəsinə təsir edirsə, hansı hüquq dövlətindən bəhs etmək olar?
Beləliklə, oliqarxiya öz siyasətini həyata keçirmək üçün ilk əvvəl lobbiçiliyi ilə məşğul olan millət vəkilləri sayəsində lazımi qanunvericilik bazasını təşkil edir, bunun vacibliyini öz nəzarətində olan mətbuat vasitəsilə öz təsirləri altında olan mütəxəssislərin dili ilə fasiləsiz olaraq əhaliyə təlqin edir, öz QHT-ləri vasitəsilə vətəndaşlar adından dəstəkləyir, öz iqtidarı vasitəsilə icra edir, etiraz edənləri isə öz təsirləri altında olan məhkəmə vasitəsilə susdururlar. Qərb demokratiyasının bugünkü fəaliyyət sxemi artıq bundan ibarətdir.
Ölkə daxilində hakimiyyətin digər qolları üzərində dominantlıq qazanan icra orqanının özünün də beynəlxalq müstəvidə müstəqilliyindən söhbət gedə bilməz. Əgər hakimiyyətin mənbəyi xalqdırsa və suverenlik xalqa aiddirsə, xalq da öz suverenliyinin təmsil səlahiyyətlərini hakimiyyətə veribsə, o zaman beynəlxalq münasibətlər sistemində bu özünü büruzə verməli deyildimi? Misal üçün, biz bu gün Afrika və Yaxın Şərq ölkələrinin, eləcə də başqa ölkələrin forpostuna çevrilən ölkələrin (misal üçün Ermənistanın) siyasi hakimiyyətinin beynəlxalq təsirlərdən azad olaraq öz xalqının iradəsinə uyğun siyasət yeritdiyini necə ifadə edə bilərik? Belə ölkələrin "demokratiya" dolu nitqləri isə qolundakı zəncirlərin səsini duymamaq üçün başqa səslər çıxaran öfkəli kölələrin ayaq səslərini xatırladır.
Maraqlıdır, müxtəlif dönəmlərdə ABŞ-ı onların daxili işlərinə qarışmaqda ittiham edən Livan, Pakistan, Kamboca, Tailand, Boliviya, Keniya, Ekvador, Venesuela, Bəhreyn, Zimbabve, Albaniya, Filippin, Sierra Leone, Maldiv kimi ölkələrin ABŞ-dakı səfirləri, beynəlxalq hüququn qarşılıqlılıq və bərabərlik prinsiplərinə uyğun olaraq, Amerikada tətbiq olunan seçki sisteminin, eləcə də hüquq sisteminin onların təsəvvüründəki demokratik prinsiplərlə ahəngdarlığına; eləcə də Amerikanın Əfqanıstan, İraq, Misir, Liviya, Suriya, İran siyasətinə dair tənqidi bəyanatlar səsləndirsəydilər, yaxud müəyyən dövri hesabatlar hazırlayaraq nöqsanlar tutsaydılar və ABŞ rəhbərliyindən bu məsələlərdə müvafiq ölçülər götürülməsini tələb etsəydilər, Dövlət Departamentinin reaksiyası necə olardı?
Əgər bu gün demokratik Qərb doktrinasında, həmçinin də Qərb ölkələrinin rəhbərlərinin nəzərində demokratiya, insan hüquqları kimi məsələlər BMT Xartiyasında, 1961-ci il Vyana Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə ifadə edilən "dövlətlərin daxili işlərinə müdaxilə etməmə" prinsipləri ilə ziddiyyət təşkil etmirsə, o zaman böyüklüyündən və gücündən asılı olmayaraq, hər bir dövlətin doğru və yanlış addımları beynəlxalq ictimaiyyət tərəfindən eyni şəkildə dəyərləndirilməli deyildimi?
Əgər post sovet məkanındakı istənilən ölkədə keçirilən seçkilərin demokratik prinsiplərlə uyğunluğuna dair istədiyi rəyi verə bilən ATƏT DTİHB seçkiləri müşahidə missiyası Texasda prokurorun sanksiyası ilə seçki məntəqələrinin həndəvərinə belə buraxılmırsa və buna qarşı heç kim heç nə edə bilmirsə, o zaman demokratiyanın meyarlarını kim müəyyən edəcək?
Təəssüf ki, Qərbin gözündə demokratiyanın yüksəlişi kimi görünən bəzi proseslər dünyanın digər dövlətlərinin və millətlərinin gözündə başqa cür təcəssüm olunur. Bir zamanlar hər kəsin ilham aldığı, can atdığı demokratiya artıq 20 ildir ki, təcavüzkar müharibələri (1-ci Körfəz müharibəsi, Əfqanıstanın işğalı, İraqın işğalı, Liviyaya hücum), xaricdən təşkil olunan dövlət çevrilişlərini (Tunis, Misir, Suriya), bombardmanları, qətliyamları, parçalanmaları, iqtisadi böhranları (İspaniya, Yunanıstan), iqtisadi asılılığı (Qərbi Avropa ölkələrinin Şərqi Avropa ölkələrinin iqtisadiyyatını asılı hala gətirməsi), ksenofobiyanı, aclığı, səfaləti ifadə edir.
Bəşəriyyəti isə məyus edən odur ki, bütün bu müsibət, bütün bu bəlalar "yaxşılıq", "müqəddəslik" naminə həyata keçirilir. Bir ölkədə xalqın istəmədiyi bir demokratiyanı o xalqın öz qanı bahasına özünə təlqin etdirmək nə qədər demokratikdir?
Beləliklə, Jorj Allerin də "L`agonie de la democratie occidentale" adlı məqaləsində qeyd etdiyi kimi, Qərb demokratiyası bu gün can üstədir. İntibah dövrünün Qərb mütəfəkkirlərinin düşüncə aləminin bəhrəsi olan demokratiya təəssüf ki, hələ ki elə düşüncə, xəyal dünyasında da qalmaqdadır. Bəşəriyyət isə hələ də ideal demokratiya axtarışındadır...
Dr. Turab Qurbanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB