Müsavatsız “Milli Şura”, AXCP-siz “İctimai Palata”… TƏHLİL

Yaxud, müxalifət daxilində müxalifət reallığına doğru baxış

Müsavat Partiyasının "Milli Şura"dan çıxması haqqında verdiyi qərar və bu qərardan sonra qarşıdurmaların artması fonunda bir-birini dəyişən hadisələr ilk olaraq belə qənaətə gəlməyə zəmin yaratdı ki, ənənəvi düşərgə təmsilçilərinin 2013-cü il prezident seçkilərindən öncə iddia etdikləri "böyük birlik" amili ümumiyyətlə, olmayıb. Daha dəqiq desək, "Demokratik Qüvvələrin Milli Şurası" kimi qələmə verilən qurum bir çox siyasi ekspertlərin vurğuladığı kimi, elə bətndəcə ölmüş uşaq təsirini bağışladı. Nəticədə gözlənilən an baş verdi. "Milli Şura"da parçalanma qaçılmaz hala, reallığa çevrildi.

Növbəti qarşıdurmaların qarşısı alındımı?

Ancaq sözügedən situasiyanı təhlil edərkən daha ilginc məqamlar ortaya çıxmaqdadır. Bəlli olduğu kimi, "Milli Şura" yaradılarkən, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun sədr, yaxud, vahid namizəd kimi irəli sürülməsində marağı az olan siyasi təşkilat qismində çıxış edirdi. Məhz bunun nəticəsidir ki, sonradan, yəni prezident seçkilərinə az müddət qalmış və seçkilərdən sonra partiya funksionerləri İbraimbəyov faktoruna qarşı qəti olaraq, "getsin!" qərarlarını verdilər. Partiyanın Ali Məclis toplantılarında, eləcə də Divan iclaslarında məsələ dəfələrlə qaldırıldı. Müsavatçıların burada bir neçə arqumentləri var idi ki, onlardan biri də Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq, xarici ölkələr qarşısında öhdəlikləri tipli məsələlər dayanmışdı. Bu halı qəbul etmədiklərini bəyan edən müsavatçılar başda başqan İsa Qəmbər olmaqla zaman-zaman mətbuatda sözügedən amili gündəmə çıxarmağa başladılar. Nəticədə "Milli Şura" sessiyalarının birində İbrahimbəyovun vahid namizədliyi, daha sonra isə "şura"ya sədrliyi keçmiş "cəbhəçi" Cəmil Həsənlinin alternativliyi ilə əvəzləndi. Seçkidən sonra isə Rüstəm İbrahimbəyov "Milli Şura"nın fəxri sədri postuna otuzduruldu. Ancaq bu qərar da müsavatçıların sərt, kəskin etirazları ilə qarşılaşdı. Maraqlıdır ki, bu dəfə də onların etirazları qəbul olundu və İbrahimbəyov "vəziyyətin daha gərgin hal almaması, növbəti qarşıdurmaların baş verməməsi" adı altında fəxri sədrlik postundan ayrıldığını bəyan etdi və istefa verməyə məcbur oldu. Ancaq gəlin baxaq, növbəti qarşıdurmaların qarşısı alındımı? Əlbəttə ki, yox. Çünki İbrahimbəyovun sıxışdırlaraq dalana dirədilməsi bilavasitə AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərə qarşı işlətdiyi əlindəki rıçaqları boşa verirdi. Ona görə də əminıliklə vurğulamaq olar ki, həqiqətdə İbrahimbəyovun kənara çəkilməsi hər iki siyasi təşkilat arasındakı qarşıdurmaları daha da şiddətli müstəviyə keçirmiş oldu.

Müsavatın əlində daha bir "alibi" var idi…

Bütün bu kimi hadisələr fonunda, yəni paralel olaraq Müsavat yetkililəri "Milli Şura"nın həmsədrlik institununda Müsavatın, AXCP-nin də təmsil olunmasını tələb edirdilər. Lakin budəfəki tələb yerinə yetirilmədi. Cəmil Həsənli vahid sədr kimi qaldı, bunun yerinə isə qurumun sədr aparatı yaradıldı. Lakin sədr aparatının yaradılması, hətta aparatda Müsavat təmsilçilərinin olması da partiyanın tələblərini səngitmədi. Beləliklə, Müsavatın əlində daha bir alibi yarandı və bu alibinin kökü bilavasitə "İctimai Palata" ilə əlaqələndi. Və təbii ki, həmin alibi əslində Müsavatın "Milli Şura"dan ayırlması üçün ən yaxşı və rahat yol idi.

Bu gün "Milli Şura"nın Müsavatsız qalması, Müsavat Partiyasının isə "İctimai Palata"nı "Milli Şura"ya qarşı alternativ qurum kimi dirçəltmək ambisiyası qarşıda ənənəvi düşərgənin daha dərindən parçalanmasına kifayət qədər zəmin yaradır.

Müxalifət daxilində müxalifət faktorunun cücərməsi, daha dəqiq desək, "Milli Şura"nın Müsavatsız, "İctimai Palata"nın isə AXCP-siz qalması ənənəvi düşərgənin bundan sonrakı kartlarını açmış olur. Bu kimi siyasib qumar oyunlarında isə qalibin olması mümkünsüzdür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə