"Milli Şura"da baş verən son olaylar bir daha təsdiq edir ki, uzağı bir neçə ay "birgə" şəkildə fəaliyyət göstərən ənənəvi müxalifətin bundan artıq ümumi siyasət yürütməsi heç vaxt mümkün deyil. Belə ki, siyasi ictimaiyyət bu kimi mövcudluğu ötən illər ərzində çox görüb. Lakin ilginc doğuracaq məqam ondan ibarətdir ki, düşdükləri kəskin böhranı zor-güclə, daha dəqiq desək, müxtəlif qeyri-səmimi açıqlamaları ilə qəbul etməyən düşərgə təmsilçiləri daha sonra bir-birlərini ən sərt tonlarda tənqid, hətta təhqir obyektinə çevirməkdədirlər. Söz yox ki, belə qeyri-səmimilik sindromunun mövcudluğu ictimaiyyətin də diqqətindən yayınmır. Buna misal kimi, son zamanlar "Milli Şura"dakı AXCP və Müsavatın, eləcə də həmin partiyalara yaxınlıqları ilə seçilən təşkilatların qarşıdurmalarını göstərmək mümkündür.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Milli Şura"nın fəxri sədrliyindən istefa verməsi, nəticədə AXCP və Müsavat partiyaları arasındakı uçurumu daha da dərinləşdirdir. Xatırladaq ki, İbrahimbəyovun fəxri sədrliyinə qarşı çıxış edən partiya əsas olaraq Müsavat olub. İbrahimbəyov isə "cəbhəçilərlə" müsavatçıların arasında yaranmış qovğanı aradan qaldırmaq üçün həmin postdan istefa verdiyini bəyan edib. Fəqət, Müsavat partiyasının tələbinin baş tutması daha sonra AXCP rəsmilərinin bu partiyaya qarşı ittihamlarının arması ilə müşahidə olundu.
Onu da qeyd etmək mümkündür ki, bugünlərdə Müsavat partiyası rəhbərliyinin "Milli Şura"nın sədri Cəmil Həsənli də daxil olmaqla, qurumdakı bir qrup şəxslərlə görüşündə qurumun buraxılması təklifinin səsləndirildiyi bildirilir. Əks halda, Müsavat rəsmiləri "Milli Şura"dan çıxacaqlarını gizlətmirlər. C.Həsənlinin və onu müdafiə edənlərin Müsavatın növbəti tələbinə qarşı etiraz bildirmələri isə sözügedən vəziyyəti daha da mürəkkəbləşdirməkdədir.
Müsavat rəsmisi Arif Hacılı: "Müzakirələrdə öz mövqeyimizi müzakirə apardığımız tərəfin diqqətinə çatdırmağa çalışırıq"
Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bununla bağlı mətbuata açıqlamasında birmənalı fikir irəli sürməkdən ehtiyat etsə də, partiyanın yekun qərar verməsi qaçılmaz görünür: "…Biz bundan sonra müxalifət qüvvələrinin birgə fəaliyyətinin səmərəli yollarının axtarışındayıq. Bizim görüşlərimizin əsas motivi budur. Müzakirələrdə öz mövqeyimizi müzakirə apardığımız tərəfin diqqətinə çatdırmağa çalışırıq…Biz indiki siyasi şəraitdə müxalifət qüvvələrinin əməkdaşlıq və müttəfiqlik perspektivlərini necə görürük, ayrı-ayrı məsələlərə münasibətimizin mahiyyəti barədə öz fikirlərimizi açıqladıq…Bu söhbətlərin mətbuata çıxması heç də ümumi prosesin xeyrinə deyil".
"Milli Şura"nın sədri C.Həsənli isə öz növbəsində bildirib ki, görüş mətbuata açıq olmayıb: "Görüş qapalı keçirilirsə, gərək biz prinsiplərimizə hörmət edək".
"Milli Şura" üzvü Vidadi Mirkamal: "Müsavat partiyasının "Milli Şura"da qalıb-qalmaması müzakirə olunub"
Lakin görüşün qapalı keçməsinə baxmayaraq, "Milli Şura" üzvü Vidadi Mirkamal verilən proqnozları, yəni Müsavatın yaxın günlərdə qurumdan çıxma ehtimalını artırıb: "…Bunu belə ifadə etmək olar ki, görüşdə Müsavat partiyasının "Milli Şura"da qalıb-qalmaması müzakirə olunub. Müsavat partiyasının şərtlərindən biri Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı idi, bu şərt aradan qalxıb. Digər şərtlərinə gəlincə, Müsavat partiyası görüşdə bildirdi ki, danışıqlar aparılır, ikitərəfli danışıqların nəticəsində öz mövqelərini ifadə edəcək".
Göründüyü kimi, əslində, Müsavatın bu kimi iddiaları arxasındakı gizli tərəflər aşkar olmaqdadır.
"El" hərəkatı rəsmisi Eldəniz Quliyev: " Müsavat partiyası "Milli Şura"dan getsə, "Milli Şura" daha sağlam ola bilər"
Bu arada, "Milli Şura"dan istefa verdiyini bəyan edən, lakin həmin bəyanatını məhz bu qurumun növbəti sessiyasında rəsmiləşdirəcəyini bildirən "El" hərəkatının ali məclis sədri Eldəniz Quliyevin də hadisələrə qiymət verməsi ilgincdir. E.Quliyev hesab edir ki, nəyin bahasına olursa olsun, "Milli Şura"nı parçalamağa qoymaq olmaz: "Getmək haqqında anons verirəmsə, bu, "Milli Şura"nı parçalamaq istəyənlər üçün bir anonsdur. Qərarımı "Milli Şura"nın sessiyasında verəcəm".
Müsavat partiyasının siyasi oyun oynadığını bildirən E.Quliyev deyib ki, əgər siyasət çirkin şeydirsə, bu, o demək deyil ki, elə həmişə çirkin oyun oynayasan: "Bir az səmimi olmaq lazımdır. Mən indi Müsavat partiyasını da qınamıram, onların öz partiya maraqları var. Ancaq korporativ maraqlar həmişə hər şeydən üstün tutulmamalıdır. Siyasətdə praqmatizm sinizmlə əvəz olunmamalıdır. Elə şeylər var ki, deyəndə, pis oğlan olursan partiya robortlarını da adamın üstünə salırlar…Digər tərəfdən, bəlkə də Müsavat partiyası "Milli Şura"dan getsə, "Milli Şura" daha sağlam ola bilər. Bunu da fikirləşməliyik".
AXCP yetkilsi Fuad Qəhrəmanlı: "Müsavat partiyası deyil, istənilən qüvvəni bəhanə ilə "Milli Şura"da saxlamaq niyyətimiz yoxdur"
Əlbəttə ki, AXCP rəsmiləri də yuxarıda qeyd olunduğu kimi, onların mövqelərini dəstəkləyənlərin tərəfdarları qismində çıxış edirlər. Daha çox Müsavatı ittiham edənlər sırasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da var. F.Qəhrəmanlının fikrincə isə R.İbrahimbəyov ona görə istefa verdi ki, Müsavat və başqaları onun fəxri sədrliyindən bəhanə kimi istifadə etməsin: "Müsavat partiyasının "Milli Şura"dan çıxması partiyanın qərarı ilə həll olunan məsələdir və heç kimin bu qərara müdaxilə etmək niyyəti yoxdur. Sadəcə olaraq, "Milli Şura"dan ayrılmaq üçün gətirilən bəhanə, elə bəhanə kimi də qəbul olunduğuna görə, diskussiya açılır. Biz hesab edirik ki, Müsavat partiyasının heç bir bəhanə gətirmədən Milli Şuradan ayrılmaq hüququ var".
AXCP rəsmisinin sözlərinə görə, R.İbrahimbəyov ona görə fəxri sədrlikdən istefa verib ki, Müsavat partiyası və digər qurumlar onun fəxri sədrliyini qabardaraq, bundan bəhanə kimi istifadə etməsin: "Yalnız Müsavat partiyası deyil, istənilən qüvvəni bəhanə ilə "Milli Şura"da saxlamaq niyyətimiz yoxdur. Kim getmək istəyirsə, bəhanəsiz getməlidir".
Bütün bu kimi olayları təhlil edərkən bir daha belə qənaəətə gəlməyə zəmin yaranır ki, bu hadisələr əvvəl-axır "Milli Şura"nın parçalanması, fəaliyyətinin dayandırılması ilə nəticələnməyə doğru sürətlə irəliləməkdədir. Belə olan halda aləm necə qarışır və məzhəb nə cür itir sualına da cavab tapılır. Yəni bu sualın özündə bir cavab var və "Milli Şura"da baş verənlər həmin cavabı isbata yetirib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB