Ermənistanda kütləvi mühacirət dalğası olduğundan ölkədə kəskin kadr çatışmazlığı yaranıb. İşini bacaran, peşəkar insanların qıtlığı idarəetmə strukturları, hüquq-mühafizə orqanları və silahlı qüvvələrdən tutmuş, kütləvi informasiya vasitələrinə qədər hər yerdə hiss olunur.
Eyni problem siyasətdə də müşahidə edilir. İlk baxışdan belə təəssürat yaranır ki, siyasi partiyalar, təşkilatçılar və siyasətçilər ölkədə bəs deyincədir.
İqtidardakı Respublika Partiyasından tutmuş, ən kiçik Ermənistan Sosial-Demokrat Partiyasına qədər bütün siyasi təşkilatlar üzvlərinin çox olduğunu bəyan edir. Özünü ölkə müxalifətinin birləşdirici, avanqard və lider təşkilatı elan etmiş Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan başçılıq etdiyi təşkilatın sıralarında az qala 500 min insanın olmasından, keçmiş prezident Robert Köçəryanın yaradaraq maliyyələşdirdiyi "Çiçəklənən Ermənistan" Partiyasının sədri və oliqarx Qaqik Sarukyan 480 min üzv, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun - 300 min, Erməni Kommunist Partiyası isə 420 min üzvdən dəm vurur.
Elementar hesablamalar göstərir ki, Ermənistanda hansısa partiya və ya siyasi təşkilat, hərəkat, qruplaşma üzvü olan insanların sayı ölkə vətəndaşlarının sayından 2,8 dəfə çoxdur.
Belə çıxır ki, ya ölkədə bir yox, bir neçə partiyanın üzvü olan insanların sayı həddən ziyadədir, ya da partiyalar həmişəki kimi, saxtakarlıq və fırıldaqlarla məşğul olaraq kağız üzərindəki üzvlərinin sayının maksimum həddə çatdırılmasına, rəqəmlərin şişirdilməsinə nail olmaq istəyirlər.
Halbuki ölkənin siyasi müstəvisi və həyatı çox kasad, yoxsuldur. Ermənilərin ciddi, radikal, güclü və cəsarətli müxalifətə ehtiyacı var.
Bir tərəfdən ermənilərin ənənəvi şübhəkarlığı, digər tərəfdən müxalifət liderləri olduğunu deyən siyasətçilərin riyakarlığı, sürəkli olaraq hakimiyyətlə sövdələşmələr və kuluar alverində olmaları, dəqiq mövqelərin yoxluğu da əhalinin müxalifət düşərgəsinə olan inam və ümidlərini artırmır.
Əgər addımlar doğru hesablanarsa, yeni qüvvə insanları aldatmazsa, öz maraqlarını təmin etmək üçün cəmiyyətə yalanlarını sırımağa çalışmazsa - kiçik qrup qıtlığın hiss olunduğu müstəvini tutaraq protest kütləsini arxasınca apara bilər.
Ermənistanda çoxdan bəri üçüncü qüvvə gözlənilir.
Erməni Milli Konqresi zəifləyib, daşnaklar dağınıq və xaotik şəkildədirlər, İrs Partiyası simasını büsbütün itirib, Azad Demokratlar qaranlıq otaqdakı kor pişik təki vurnuxmaqdadırlar. Üçüncü qüvvənin formalaşması qarşıdan gələn prezident seçkiləri ilə bağlı da deyil. Seçkilər başlayır və başa çatır, siyasi kapital qalır.
Ermənistanın çox ciddi, köklü dəyişikliklərə, prezident Serj Sarkisyanın marazmatik iqtidarının hakimiyyətdən kənarlaşdırılmasına və ya devrilməsinə ehtiyacı var.
İndiki şərait, ölkənin maraqları və ən başlıcası - regionun mənafeləri bunu tələb edir.
Demokratik ölkələrdə siyasi subyektlər hakimiyyətə legitim seçkilər vasitəsilə gəlir, hakimiyyətini qanuni yolla və ictimai etimada əsaslanaraq qoruyur, sonra da iqtidardan seçki mexanizmləri vasitəsilə gedir. Məhz hakimiyyətin verilməsi mədəniyyəti demokratik cəmiyyəti avtoritar və ya diktatura ölkəsindən fərqləndirir.
Əslində, demokratik ölkələrdə olduğu kimi, avtoritar dövlətlərdə də hakimiyyətin qorunmasının ən rahat, üstün yolu iqtidarla dövlətin maraqlarının üst-üstə düşməsidir.
Ermənistanda prezident Serj Sarkisyanla ölkənin və vətəndaşların maraqları tam ziddiyyət təşkil edir.
Kütləvi qanun pozuntuları və total saxtakarlıqlar nəticəsində seçkilərdə "qələbə"sini təmin edərək prezident kürsüsünə oturduğu gündən bəri Serj Sarkisyanın yürütdüyü siyasət və qəbul etdiyi qərarlar onun sırf şəxsi maraqlarından qaynaqlandığı üçün iqtidardakı cinayətkar dəstənin hakimiyyətini qısamüddətli perspektivdə təmin etsə də, Ermənistanın və ermənilərin tam əksəriyyətinin maraqları ilə mənafelərinə zərbə vurur.
Cəmiyyətlə real dialoqa başlamaq əvəzinə, Sarkisyan tam əks istiqamətdə yeriməkdədir.
Ermənistanın işğalçılıq mövqeyindən əl çəkməməsi, terroru dövlət siyasəti səviyyəsindəki "davranış" saymağa davam etməsində Sarkisyanın "əməyi" böyükdür.
Məhz bu adam və onun başının dəstəsinin siyasəti nəticəsində Ermənistan bölgədə təcrid olunmuş dövlət olaraq qalır.
Sarkisyan güclü ordulu, inkişaf edən iqtisadiyyatlı dövlətin başçısı olduğunu desə də, ermənilər kor və kar olmadıqlarından, yaşadıqları şəraiti fəlakət adlandırırlar.
İdarə etdiyi insanların ona inanmadığını, yürütdüyü siyasəti dəstəkləmədiklərini və ümumiyyətlə, daxili siyasətinin olmadığını refleks səviyyəsində qavramağa başlamış Sarkisyan Türkiyə ilə sərhədlərin açılması ilə bağlı danışıqlara başlayaraq daxili legitimlilik qıtlığını xarici siyasətdəki təşəbbüslər vasitəsilə ört-basdır etməyə çalışmışdı bir ara. Amma Sarkisyanın və Ermənistandakı şovinistlərlə millətçilərin gözləntilərinin tam tərsinə olaraq, rəsmi Yerevan "futbol diplomatiyası"nda biabırçı məğlubiyyətə uğradı, qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmadı. Buna rəğmən, Sarkisyan ölkədəki ultramillətçilərdən aldığı dəstək və Rusiyanın yardımları sayəsində postseçki proseslərini öz xeyrinə neytrallaşdıraraq hakimiyyətdə qalmağı bacardı.
Sarkisyanın və onun komandasının məqsədi Ermənistanda demokratik, inkişaf edən cəmiyyət yox, bir oliqarxın sisteminin qurulmasıdır.
Baş nazir Tiqran Sarkisyanın "islahatlar"ı və prezidentin dəstəsindəki oliqarxların nəzarətindəki kütləvi informasiya vasitələrində aparılan Göbbels təbliğatı da məhz bu məqsədə xidmət edir.
Nəticədə isə ölkədə iqtisadi geriləmə, maliyyə böhranı, kütləvi mühacirət, kapitalın çıxarılması, investisiyaların azalması, xarici dövlət borcunun həcminin 3 dəfə artması, yoxsulluğun taun kimi yayılması, inflyasiya və həyat səviyyəsinin sürəkli aşağı düşməsi var.
Serj Sarkisyanın dəstəsi əlinə düşən ən kiçik imkandan belə, yararlanaraq hakimiyyətini möhkəmləndirməyə, rəqib saydığı siyasətçiləri zəiflətməyə və qarşı düşərgələri parçalamağa can atır.
"Çiçəklənən Ermənistan" Partiyasının hakimiyyət koalisiyasına qoşulmaqla bağlı danışıqları davam etdirməsi və əslində, Sarkisyanla sövdələşmələrdən mümkün qədər çox mənfəət əldə etməyə can atması da iqtidarı qəzəbləndirib.
Son günlərdə Yerevandakı iqtidar mediasında Qaqik Sarukyanın ünvanına sərt tənqidlərin güclənməsi də bununla bağlıdır.
Nə də olsa, ermənilər artıq başa düşməlidirlər ki, onların perspektivləri, gələcəyi ilə Serj Sarkisyan genetik uyğun olmayan nəsnələrdir.
Ölkədə "Sarkisyansız konsensus" tipli genişmiqyaslı, milli-demokratik ruhlu dəyişikliklər olmazsa, erməniləri çox ağır gələcək gözləyir.
İndiki problemlər o gələcəklə müqayisədə az qala rifah sayılacaq...
Novruz Sultanov
Milli.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB