Suriyada şiddətlənən vətəndaş müharibəsi ölkədəki bütün etnik və dini ünsürlərdə böyük sarsıntılara səbəb olub. Bu gərginlik ölkədə yaşayan ermənilər arasında da böyük narahatlıqlar yaradır və buna görə onların böyük hissəsi Ermənistana sığınmağa çalışır.
Erməniləri hansı təhlükə gözləyir?
Ermənistan Diaspor Nazirliyi 2012-ci il ərzində Ermənistan vətəndaşlığı almaq üçün müraciət edən suriyalı ermənilərin sayında böyük artım olduğunu, hazırda 4 minə yaxın suriyalı erməninin müraciətinə baxıldığını bildirib. Əksəriyyəti Hələb və Allepoda yaşayan ermənilərin vəziyyəti Ermənistan rəsmilərinin gündəmindəki əsas məsələlərdən biridir. Suriyadakı mövcud iqtidarı müdafiə edən ermənilərin Əsəd rejimi devriləcəyi təqdirdə yaşayacağı çətinliklərin ilk işarələri özünü göstərməkdədir. Armİnfo-nun Suriyadakı müxbiri vəziyyəti şərh edərkən bildirib ki, ölkədə böhran gündən-günə artır: "Bu yaxınlara qədər ermənilərin məskunlaşdığı Allepoda nisbətən sakitlik idi, amma son günlər şəhər daim atəşə tutulur, insanlar küçələrə çıxmağa qorxur, sabitliyə isə heç bir ümid yoxdur".
Rəsmi İrəvanın əsl niyyəti
Hazırda Suriya və Livan erməniləri üçün vətəndaşlıq və vizanın alınması məsələsinin asanlaşdırılması, buradan gələcək ermənilər üçün təhsil infrastrukturun qurulması, hətta bu məqsədlə müəllimlərin hazırlanması və təyyarə biletlərinin ucuzlaşdırılması kimi mövzuların həlli gündəmdədir. Yerevan Qafqaz İnstitutunun mütəxəssisi Serqey Minasyan bölgədə Əsəd rejimindən sonra yaranacaq yeni balansın İranın əleyhinə olacağını, bunun da Ermənistana mənfi təsir göstərəcəyini deyib. O, suriyalı ermənilərin Qarabağa yerləşdirilməsini ən ideal variant kimi dəyərləndirib. Qarabağa yerləşdiriləcək mühacirlərin Qarabağın inkişafına müsbət təsir göstərəcəklərini ifadə edən Minasyanın əslində vurğulamaq istədiyi fərqli nöqtələr var. Əvvəllər də müxtəlif ölkələrdən Ermənistana və Qarabağa köçürülən ermənilərin rastlaşdığı adaptasiya və işsizlik kimi problemlərin bu dəfə yaşanmaması üçün müxtəlif səbəblər var.
Əvvəla Suriyadan gəlib vətəndaşlıq alaraq bu bölgəyə yerləşdiriləcək ermənilərin sərmayə axınını bura çəkmək son dərəcə əhəmiyyətlidir. Buna əlavə olaraq diasporun bu insanlara yardım əli uzatması üçün də ayrıca bir imkan yaranacaq, bu səbəbdən diasporun daha çox marağını çəkəcək yeni bir mühit meydana gələcək. İndidən bununla bağlı yardım fondları yaradılıb. Ona görə Suriyadakı ermənilərin fərqli alternativlərə istiqamətləndirilməsi əvəzinə, Qarabağda yerləşdirilməsi İrəvan üçün məqbul bir variantdır.
Bundan başqa, rəsmi İrəvan diasporla arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində yaradılan yeni siyasət anlayışını Ermənistan-diaspor-Qarabağ üçlüsünün, aradakı bəzi anlaşılmazlıqlara baxmayaraq, bir arada tutulması və əlaqələrin inkişaf etdirilməsini hədəf alır. Bunun üçün Suriyadan gələn soydaşların vəziyyəti və bu bölgəyə yerləşdirilməsi, guya İrəvanın bu işə çox əhəmiyyət verdiyini göstərmək üçün də əhəmiyyətli bir fürsətdir. Qondarma respublikanın prezidenti Bako Saakyan ABŞ-dakı İran erməniləri cəmiyyəti, Argentina erməni birlikləri, Daşnaksutyun Partiyasının Amerika qitəsindəki nümayəndəlikləri və Avropadakı müxtəlif erməni iş adamları ilə Qarabağa iqtisadi və siyasi dəstək vermələri üçün danışıqlar aparır. Ümumiyyətlə, ermənilər hər fürsətdən maksimum yararlanmağa səy göstərirlər. Misal üçün, qaçqın statusu ilə bölgədə yerləşdirilən suriyalı ermənilərə kömək adı ilə bir çox təşkilatların, ölkələrin diqqətini buraya yönəltmək üçün əlverişli şərait yaranır. Bundan başqa Dağlıq Qarabağa səfər edən hər hansı xarici ölkə diplomatını "qara siyahı"ya salan Azərbaycanı münaqişənin həllində "aqressiv" tərəf kimi göstərməyə çalışırlar.
Əslində isə vəziyyət tamamilə fərqlidir...
Suriya erməniləri isə Suriyadan Ermənistana köçmələrinə və yaşamaq üçün əlverişli şərait yaratmalarına dəstək məqsədilə konkret dövlət proqramı olmadığını iddia edir və bundan şikayətlənirlər.
Suriyada çox sayda erməni sahibkar öz biznesini Ermənistana daşımaq istədi, amma "tarixi" vətənlərinə gəlib, "oradakı oyun qaydaları ilə" tanış olduqdan sonra bu ideyadan imtina etdilər. "Ermənistandakı qanunlar və qanunsuzluq onları qorxutdu", deyə Armİnfo anonim mənbədən sitat gətirir.
Mənbənin sözlərinə görə, Ermənistanda iqtisadi sahəni tənzimləyən qanunlar səmərəli biznes üçün şərait yaratmır. "Ermənistanda vergilər çox yüksəkdir və qanun çərçivəsində fəaliyyət göstərsən müflis olmaq olar, amma ən pisi odur ki, bu qanunlar da çox vaxt işləmir. Ermənistanda diaspor ermənilərinə, xüsusən sahibkarlara necə münasibət olduğu hamıya məlumdur - hansısa məmurla sövdələşib, rüşvət vermək və bütün bunlarla yanaşı yüksək vergi ödəmək lazımdır. Ümumiyyətlə, Ermənistandakı biznes mühiti Suriya ermənilərini "tarixi" vətənlərində investisiyalara niyyətindən daşındırır", deyə mənbə qeyd edib. Bu zaman o bildirib ki, ermənilərin Suriyadan Ermənistana axını təkcə Allepo-İrəvan-Allepo reysinə aviabiletlərin deyil, İrəvanda və əyalətlərdə mənzillərin də əhəmiyyətli dərəcədə bahalaşmasına gətirib çıxarıb.
Beynəlxalq ictimaiyyət buna imkan verməməlidir
Suriyanı tərk edən erməni ailələrin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması ilə bağlı rəsmi Bakı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktları araşdırmaq üçün dəfələrlə monitorinq keçirib: "Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB