Bu şou işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən prezident "seçkiləri" ilə bağlı idi. Məlumdur ki, iyul ayının 19-da Dağlıq Qarabağı işğal etmiş erməni qüvvələri bölgədə prezident "seçkiləri" adlandırılan bir oyun qurdular və onun geniş təbliğat şousunu təşkil etdilər. Əslində belə bir şounun təşkil ediləcəyi gözlənilən idi. Çünki işğalçılıq siyasətinə ölkə xaricində olduğu kimi, artıq ölkə daxilində də şübhə ilə yanaşılan Ermənistanın bugünkü problemlərinin bir neçə günlüyə unudulması Ermənistan rəhbərliyinin qısa müddətə də olsa rahat nəfəs almasına imkan verə bilərdi.
Dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilatı tərəfindən, hətta Ermənistanın özü tərəfindən də tanınmayan Dağlıq Qarabağın işğalçı rejiminin keçirdiyi qanunsuz seçkilərinin legitimliyinin tanınmayacağı hələ əvvəldən də məlum idi. "Seçkilərin" təşkili ərəfəsində dünyanın böyük dövlətlərinin və nüfuzlu beynəlxalq qurumların verdiyi bəyanatlar da bunu təsdiq etdi. Məsələn, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, NATO, Minsk Qrupunun həmsədrləri, Almaniya, Türkiyə, Gürcüstan və dünyanın bir sıra dövlətləri bəyanat verərək bu seçkilərin qanuniliyinin tanınmadığını bəyan etdilər. Ketrin Eşton bəyan etdi ki, Dağlıq Qarabağda keçirilən "seçkilər" aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və bu "seçkilər" Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmir. Avropa Birliyinin ali komissarı bildirib ki, təmsil etdiyi qurum seçkilərin keçirildiyi konstitusiya və qanunvericilik çərçivəsini qəbul etmir. Bəyanat verən digər ölkələr də oxşar mövqe sərgiləməklə Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdilər.
Heç bir dövlət tərəfindən və mötəbər beynəlxalq təşkilat tərəfindən alqışlanmayan "seçkilərin" qanunsuzluğunun ört-basdır edilməsi, erməni işğalçı siyasətinin pərdələnməsi, işğalçı rejimin demokratiya carçısı kimi təqdim edilməsi üçün ermənilər özlərinin sınanmış vasitəsinə, erməni təbliğatına əl atdılar. İlk müşahidələr bunu deməyə əsas verir ki, bu "seçkilər" ətrafında qurulan erməni təbliğat şousuna "seçkilərin" təşkilindən daha yaxşı hazırlıq aparılmışdı. Bunun üçün erməni təbliğatının sınanmış oyunçuları Vladimir Kazimirov, Stanislav Tarasov, Rusiyanın Liberal Demokratik Partiyasının üzvləri, ştatlı erməni təbliğatçıları Sergey Şəkəryan, Sergey Minasyan, Masis Mailyan, L.Şahnəzəryan və başqa "tanınmış" simalar səfərbərliyə alınmışdılar. Dağlıq Qarabağ üzrə artıq ştatlı carçıya çevrilən Vladimir Kazimirov hətta həm "seçkilərdən" əvvəl, həm də sonra müsahibələr verərək repertuarında olan ifadələri bir daha təkrar etməklə erməni mediyasının alqışlarını yenidən qazandı.
Erməni təbliğatının ştatlı fiqurları Dağlıq Qarabağın işğalçı rejiminin qurduğu seçkilərin vəsfi üçün son dərəcə səxavətlilik nümayiş etdirməkdədir. Görünür, erməni millətçiləri bunun üçün onların qarşısında çox "səxavətlilik" etməli olublar. Yoxsa demokratiyadan, beynəlxalq qanunlardan, insan hüquqlarından dərs vermək niyyətində olan bu "demokratlar" nüfuzlu beynəlxalq təşkilatların və böyük dövlətlərin verdiyi bəyanatlara da müraciət edərdilər, söylədiklərinin heç olmasa bir dövlət tərəfindən təsdiqləndiyini ortaya qoyardılar. Həqiqətdə isə onların obyektivlik kimi qələmə verməyə çalışdıqları fikirlər, baxışlar erməni millətçi təfəkkürünün böhrana uğramasının göstəricisidir. Azərbaycan gücləndikcə isə bu böhranın dərinləşəcəyi şübhəsizdir. Hələlik isə erməni təbliğatının fəal qüvvələri erməni millətçilərinin səxavətliliyindən "bəhrələnməyi" əldən buraxmaq istəmirlər.
Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Aleksandr Balberov Xankəndində olduğu günlərdə bəyan edib ki, V.Jirinovski ilə birlikdə onlar "Dağlıq Qarabağ Respublikasının" tanınmasına çalışacaqlar. Sonra isə o, qərb demokratiyasına istehza edərək Kosovonun müstəqilliyini tanıyan qərb ölkələrini Dağlıq Qarabağın müstəqilliyini tanımamaqda ittiham etdi. Başqa sözlə o, Dağlıq Qarabağ prosesləri ilə Kosovo proseslərini bir səviyyəyə qoydu. Liberal Demokratik Partiyasının nə dərəcədə demokratik qurum olduğunu elə Balberovun öz vətənində yaxşı bilirlər. Bu şəxsin demokratiyadan söylədiklərinin nə dərəcədə doğru olmasını isə Dağlıq Qarabağı Kosovo ilə eyniləşdirməsindən görmək olar. İnandırıcı deyil ki, Rusiya liberal-demokratlarının Dağlıq Qarabağın və onun ətrafında olan Azərbaycan rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyindən xəbəri yoxdur. Əgər yoxdursa onda onun yadına salmaq olar ki, Avropa Parlamenti özünün 18 aprel 2012-ci il tarixli qərarında Ermənistanı işğalçı dövlət adlandırıb. Bu qərarda çox açıq şəkildə yazılıb ki, "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına verilməlidir".
ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı 2011-ci ilə aid olan hesabatında bildirib ki, "erməni separatçıları Ermənistanın köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin böyük hissəsini və 7 ətraf rayonu nəzarət altında saxlayırlar". Rusiya kimi böyük bir dövlətin xalqına vəkillik edən Balberovun və onun liderinin bunlardan xəbərsiz olması ya onların intellekt səviyyəsi ilə bağlıdır, ya da erməni millətçiliyinin onların haqqı görməli olan gözlərini qapadan "səxavətliliyi" ilə. Başqa dövlət tərəfindən işğal olunmuş və oyuncaq hərbi rejim yaradılmış ərazidə seçki oyunlarını yalnız Balberov kimiləri demokratiyanın təntənəsi kimi qiymətləndirə bilərdi.
Yeni dövlətlər institutu adlanan bir qurumun rəhbəri kimi təqdim olunan Aleksey Martınov adlı biri isə Dağlıq Qarabağ ərazisində qurulan seçki oyunun kimsə tərəfindən tanınmamasını və bu qanunsuz oyunlarda iştirak edənlərin Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan olunmasına özünəməxsus şəkildə münasibət bildirib. O deyib ki, bizi Azərbaycana buraxmasalar, onda Qarabağa səfər edərik. Martınov kimilərinin bu siyasi məntiqinə Dağlıq Qarabağda yaşayan qadınlar vaxtilə belə cavab vermişdilər: "Gəlirlər bura, bilmirsən ermənidir, yoxsa fransız, anlamaq olmur. Siz hamınız orada yaşayırsınız, xaricdə, pendir yağ içərisində üzən kimi. Siz gəlin bir az da burada yaşayın, onda biləcəksiniz ki, hər günü başa vurmaq nə deməkdir... Baxın bir, bizi də yada salıblar. Kim deyir ki, xalqın istəyi əsasdır? Nədənsə mən o qüdrətlilərdən heç kimi görməmişəm. Gəlsin məndən soruşsun ki, mən nə istəyirəm. Əgər iş müharibəyə çatsa, onda xalqı da yada salacaqlar. Çünki müharibə etməyə xalq gedəcək, bu oyunları ortaya atanlar yox".
(www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru&NewsID=13563)
Amerika konqresində erməni hamisi kimi məşhurlaşan Frenk Pallone Dağlıq Qarabağ ərazisində qurulan seçki oyunlarını demokratiya kimi dəyərləndirib və bu oyunu demokratik proses adlandırıb. O, hətta bu oyunların bölgənin stabilliyinə töhfə verdiyini də bildirib. Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan üzvü İvan Suxarev isə Dağlıq Qarabağdakı qanunsuz seçkiləri "təmiz, ədalətli və heç kimin mənfi rəy verə bilməyəcəyi bir seçki" adlandırıb. Bolqarıstandan gəlmiş qonaqlardan biri – Georgi İvanov-Kolarov da Dağlıq Qarabağdakı seçki oyununu əsil demokratik seçki adlandırıb. O da bu "seçkiləri" Dağlıq Qarabağda dövlət quruculuğu prosesinin davamı kimi qiymətləndirib. Ştatlı erməni təbliğatçılarından olan Modest Kolerov da bəyan edir ki, Dağlıq Qarabağda "seçkilər" azad, şəffaf və açıq rəqabət şəklində təşkil edilib. O bu "seçkilərdə" müxalifətin səs qazanmasını da uğur sayıb.
Bu tipli bəyanatların sayını artırmaq da olardı. Belə bəyanatlara və iddialara erməni politoloqlarının dili ilə cavab verilməsi daha doğru mənzərənin ortaya gətirilməsinə kömək etmiş olardı. Erməni politoloqları özləri etiraf edirlər ki, Qarabağda müxalifət və müxalifətçilik yoxdur. Dağlıq Qarabağda ümumiyyətlə müxalifətdə olmaq faydalı deyil. Helsinki Təşəbbüs Komitəsinin Qarabağ üzrə koordinatoru Karen Oqacanyan isə qeyd edir ki, Qarabağ hazırda bütünlüklə Ermənistandan asılı vəziyyətdədir. Dağlıq Qarabağ Respublikasının prezidentinin kim olmasını məhz Ermənistan hakimiyyəti müəyyənləşdirir.
(http://www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru&NewsID=17450)
Dağlıq Qarabağ ərazisində yaşayan və qeyri hökumət təşkilatının rəhbəri olan Ayk Xanımyan isə Dağlıq Qarabağ ərazisində demokratik ortamın olması haqqında deyilənlərə öz münasibətini belə bildirir: "Burada avtoritarizmin nəfəsi hər yerdə duyulur, müxalifətin, azad mətbuatın olmaması, mülkiyyət hüququnun kobud şəkildə pozulması, qorxudulmuş cəmiyyət Dağlıq Qarabağın bu günkü reallığıdır".
(http://www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru?NeüsİD=60847)
Ayk Xanımyan erməni mediyasında çap olunan başqa bir yazısında Dağlıq Qarabağda rastlaşdıqları haqqında daha qorxunc bir mənzərə yaradıb. Düşünmək olar ki, Dağlıq Qarabağda yaşayan şəxsin bu bölgədə baş verənlərə verdiyi qiymət bir neçə günlüyə bura gətirilib və maşınla gəzdirilmiş "müşahidəçilərin" söylədiklərindən daha obyektivdir. Ayk Xanumyan yazır ki, Bako Saakyan "demokratik" şəkildə
"prezident" seçildikdən sonra "azadlığın məhdudlaşdırılması, korrupsiyanın mərkəzləşdirilməsi, dövlət vəsaitlərinin qeyri-səmərəli məsrəfi, maliyyə terroru, tənqidin neytrallaşdırılması" hər tərəfdə rəvac tapıb. O bildirir ki, Arsaxda total kontrol həyata keçirilir, təhlükəsizlik qurumu total kontrolun vasitəsinə çevrilib. Bako Saakyan "bizneslə qarışmış olan hakimiyyətini xilas etmək naminə ölkəni polis dövlətinə çevirir" Onun sözlərinə görə, Dağlıq Qarabağda əsil hərbi rejim yaradılıb. Burada seçki komisiyasının sədri keçmiş generaldır. Dağlıq Qarabağdakı 7 rayondan beşinin rəhbəri də yenə keçmiş hərbçilərdir. 2012-ci ildə nəzərdə tutulan "prezident seçkiləri" haqqında isə Ayk Xanımyan yazırdı ki, Dağlıq Qarabağda polis rejimi ilə oliqarxlar rejimi arasında seçki aparılacaq. Alternativ seçim kimi isə oliqarx-polis rejimi ola bilər. Ayk Xanımyan öz fikrini belə davam etdirirdi: "Bütün bu kombinasiyalarda xalq yoxdur. Bu da onun qərar qəbul edilməsinə təsir etmək imkanından uzaqlaşdırır".
(http://www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru&NewsID=54657)
Dağlıq Qarabağ ərazisində qurulan "dövlətçiliyin", "demokratiyanın" mahiyyəti bundan ibarətdir. Başqa cür ola da bilməz axı. İşğalın, kütləvi terrorun və etnik təmizlənmənin aparıldığı, Azərbaycan xalqına məxsus mədəni-mədəniyyət abidələrinin başdan başa məhv edildiyi, etnik dözümsüzlüyün baş alıb getdiyi bir quruma haqq qazandırmaq istəyənlər əslində bu qanunsuzluqların və qeyri-insaniliklərin iştirakçısı da saymaq olar. Bunu işğalı, işğal olunmuş ərazilərdə oyuncaq "seçkiləri" dəstəkləməklə elə Dağlıq Qarabağ ərazisinin bugünkü sakinlərini də iqtisadi çətinliklər girdabına düçar edənlər unutmamalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB