ABŞ və müttəfiqlərinin Cənubi Qafqaza diqqəti artır-TƏHLİL

Rusiya isə bundan narahatdır

ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycana rəsmi səfəri Amerikanın təkcə regiona deyil, burada yerləşən hər bir ölkə ilə ikitərəfli münasibətlərə ayırdığı diqqətdən xəbər verir.

İkitərəfli əlaqələr uğurla inkişaf edir

Birləşmiş ştatların regionda strateji maraqlarının olduğu heç kəsə sirr deyil. Sözsüz ki, rəsmi Vaşinqton Azərbaycana xüsusi əhəmiyyət verir. Müstəqil Azərbaycanın ötən 20 il ərzində keçdiyi inkişaf yolu, dünyada getdikcə artan nüfuzu, bir çox sahələrdə aparıcı dövlətə çevrilməsi, BMT TŞ-yə üzv seçilməsi ABŞ-ın Azərbaycana olan marağını daha da artırıb. Təbii olaraq Azərbaycan da ABŞ-la qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündə də xanım diplomatın Azərbaycana növbəti səfərindən məmnunluğunu dilə gətirib və bunu ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycanla ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Münaqişənin həllində söz sahibi kimdir?

Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi isə ölkəsinin Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla vurğulayıb. O, Azərbaycanın regionda mühüm rolunu qeyd edib.

Xanım Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, ABŞ mövcud münasibətlərin daha da inkişafında maraqlıdır və Azərbaycanın da eyni mövqedə olduğuna əmindir.

ABŞ dövlət katibinin regiona, o cümlədən Azərbaycana səfərini dəyərləndirən politoloq Elman Nəsirovun sözlərinə görə, xanım Klintonun gəlişi siyasi baxımdan regiona bəzi nüanslar verdi: "2008-ci ildən bəri ilk dəfə münaqişənin tənzimlənməsində əsas söz sahibinin Rusiya olduğu hər kəsə bəlli idi. Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilir. Sanki digər iki həmsədr Fransa və ABŞ kənar müşahidəçi statusunda çıxış edirlər. Bəzən insanlar haqlı olaraq deyirlər ki, Fransa ilə ABŞ həmsədrlikdən imtina etsinlər və etiraf etsinlər ki, tək bir sədr var, o da Rusiyadır, ya da həmsədr funksiyasından istifadə edib, onlar da real söz sahibləri olduqlarını ortaya qoysunlar".

ABŞ üçün həyati əhəmiyyətli zona

Politoloq onu da diqqətə çatdırıb ki, Hillari Klintonun regiona indiki səfəri, artıq birləşmiş ştatların bu istiqamətdə fəaliyyətinə xüsusi diqqət yetirəcəyindən xəbər verir: "Nəzərə alsaq ki, region ABŞ üçün həyati əhəmiyyətli zonalardan biri, Fars körfəzinin qonşuluğundadır və ABŞ - İran münasibətlərinin indiki vəziyyətini diqqətə alsaq, Cənubi Qafqaza sıradan olan bir region kimi baxmaq, bunu diqqətdən kənarda qoymaq Amerikanın milli maraqlarının ziddindədir. Belə olan təqdirdə birləşmiş ştatlar və onun müttəfiqlərinin bundan sonra regiona diqqəti artacaq. Bu artma fonunda münaqişənin tənzimlənməsi ilə bağlı müəyyən taktiki gedişlərin baş verməsi istisna deyil. Əks halda Qazax istiqamətində baş verən hərbi insident bir daha təsdiqlədi ki, hadisələrin müharibə müstəvisinə transformasiyası son dərəcə realdır və tərəflərdən heç biri bundan sığortalanmayıb".

Rusiya narahat olmağa başlayıb

Cənubi Qafqaz, o cümlədən Azərbaycan ABŞ üçün çox vacib bir regiondur. Regionun ABŞ üçün vacib olmasının əsas səbəbi Azərbaycanın yanacaq ehtiyatları və geosiyasi mövqeyi, İranla qonşu olmasıdır. Bu kimi amillər Azərbaycanı ABŞ üçün mühüm ölkəyə çevirib. ABŞ-ın regionda sabitliyin bərqərar edilməsində maraqlı olması və bu istiqamətdə səylərini artırması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistana təsir göstərməsi təbii ki, Rusiyanı narahat etməyə başlayıb. ABŞ dövlət katibinin Cənubi Qafqaz səfəri əsnasında məhz Rusiyanın təkidi ilə ermənilər cəbhə bölgəsində gərginlik yaradıb, hərbi insidentlər törədiblər. Bununla da Rusiya ABŞ-ın bölgədəki nüfuz artırma cəhdlərini iflasa uğratmaq niyyəti güdür.

Putin prezidenti seçildikdən sonra Rusiyanın Dağlıq Qarabağla bağlı apardığı son siyasi proseslər onu deməyə əsas verir ki, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Putin bölgədə vahid güc olaraq yalnız Rusiyanı görmək istəyir. Putin iqtidarı Rusiya xarici siyasətində artıq yeni siyasi kursunu müəyyənləşdirib. Bütün bunlar isə Rusiya ilə ABŞ arasında fikir ayrılığına gətirib çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə