Üzümçülüyün inkişafına dair mühüm qərar - ANALİZ

Prezident İlham Əliyevin "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı aqrar sektorun inkişafına necə təsir edəcək?

Ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə müvafiq proqramın təsdiq edilməsi qərara alınıb. Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Bu sərəncamın əhəmiyyətinin nə qədər böyük olduğunu vurğulamaq artıq olardı. Üzümçülük dünyada hektardan götürülən gəlirə görə 1-ci yeri tutur. Üzüm bağları bir dəfə salınır və 80 il məhsul verir. Bu məhsuldan müxtəlif təyinatda istifadə edilir və xeyli qazanc götürülür.


Dünyada ən dəyərli üzüm sortlarının Azərbaycanda yetişdirildiyi məlumdur. Amma biz bu məhsulu layiqli şəkildə dünya bazarına çıxara bilmirik. Halbuki, bir sıra Avropa ölkələrinin istehsalı olan şərab və konyakların bir neçə min dollara satıldığı məlumdur.


Üzümçülüyün inkişaf etdirilməsi hesabına Fransa, İspaniya, İtaliya, Portuqaliya, Argentina və bir çox başqa dövlətlərdə şərabçılıqdan külli miqdarda gəlir əldə edilir. Dünya bazarında Fransa, İtaliya konyak və şərabları şüşəsi minlərlə dollar qiymətinə satılır və həmin ölkələr bu sektordan milyardlarla gəlir götürürlər.


Sovet zamanında Azərbaycanda ən inkişaf etmiş sahələrdən biri də üzümçülük və şərabçılıq idi. Vaxtı ilə respublikamızda 250 min hektarlıq üzüm bağlarından böyük gəlirlər götürülərdi. Bu gəlirlər milyardlarla manat vəsait demək idi.


İttifaq dağıldıqdan və respublikamız müstəqilliyini qazandıqdan sonra ölkədə islahat adına çox səhv siyasət yeridildi. Kənd təsərrüfatının ənənəvi və gəlir verən, çoxillik bitkilər əkilmiş, bağlar salınmış torpaq sahələri ləğv edilmiş kolxoz və sovxozlardan kəndlilərə bölündü.


Ağır sosial durumda yaşayan kənd əhalisi sürətlə üzümlükləri qırıb-dağıtdı və yerində birillik bitkilər əkməyə başladı. Halbuki, birillik bitkilər isə hər il böyük xərclər və əziyyət tələb edir.


Bunu çox sonralar dərk etdik, amma indi üzümlükləri bərpa etmək üçün ağır zəhmət və böyük vəsaitlər tələb olunur. İndi yenidən bağlar salınır və şərabçılıq da inkişaf edir. Azərbaycan üzümünün dünyada ən yüksək dəyərliliyə malik olmasını nəzərə alsaq, dünya bazarında yüksək qiymətə konyak və şərab məhsulları ilə çıxa bilərik.


SSRİ dağıldıqdan sonra təsərrüfatçılığın yeni iqtisadi mexanizminin tətbiqi şəraitində bütövlükdə iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında bir sıra problemlər meydana çıxdı. Respublikada iqtisadi bazanın olmasına baxmayaraq naşı rəhbərlərin apardığı siyasət bütün sahələrdə olduğu kimi aqrar bölmədə də böhranı daha da dərinləşdirdi. 1990-95-ci illərdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalı bir çox əsas ərzaq məhsulları üzrə hətta 2-3 dəfə aşağı düşdü.


Tarixdən bildiyimiz kimi, iqtisadi vəziyyət ağırlaşdıqda, ölkədə xaos, hərc-mərclik və vətəndaş qarşıdurmasına şərait yaranır. Bu prosesin şahidi olduq və xalqın təkidi, tələbi ilə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etmək üçün Bakıya dəvət olundu.


1994-cü il martın 4-də prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə Heydər Əliyev demişdir: "Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini bürüyən bu böhran təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına mənli təsiri güclənir. Bu vəziyyət əhalinin həyat tərzinə mənfı təsir edir və ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxartmalıyıq".


Ulu öndər iqtisadi inkişafın strategiyasını hazırladı. 1995-2004-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görüldü və hazırki dinamik inkişafın əsası qoyuldu.


Bütün bunlara baxmayaraq, 2000-ci ilədək ölkə iqtisadiyyatında, xüsusən də aqrar sektorda çoxsaylı həll edilməmiş problemlər qalırdı. XXI əsrdə sanki bir inkişaf sunamisi baş verdi. Bəs bu prosesdə hansı faktorlar əsas rol oynadı? Təbii ki, əsas amillər iqtisadi siyasətin əsas konturlarının dəqiq müəyyən edilməsi və islahatların düzgün aparılması idi. Dövlət aqrar sektorun inkişafı üçün stimullaşdırıcı tədbirlər görməyə başladı. Məsələn, Prezident Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı ilə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel, yanacaq və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə, həmin fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olunmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.


Bu siyasətin davamı olaraq dövlət başçısı İlham Əliyevin 2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında və 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda aqrar sahəyə diqqət artırıldı.


Bu siyasətin nəticələri indi özünü aşkar şəkildə biruzə verir. Azərbaycan hazırda daxili istehsal hesabına dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracatçıya çevrilir. İxracın coğrafıyası, həcmi və çeşidi də dinamik olaraq genişlənir - ölkəmizdən 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir.


Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncam imzalayıb. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları" təsdiq olunub. 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarınm toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Prezident sərəncamı imzalanıb. "Aqrolizinq" ASC-yə 25 milyon manat vəsait ayrılıb.


Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir. Bu proqram demək olar ki, aqrar sahənin strateji xəttini tam müəyyənləşdirib.


Dövlət Proqramına görə, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət məhsulu istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,12 milyon ədədə, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulub.


Ümumiyyətlə, Prezident İlham Əliyevin aqrar sahə ilə bağlı sərəncamları əsasın qəbul edilən Dövlət Proqramları ölkəmizin inkişafında böyük roy oynayır. Üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı isə təkcə aqrar sahədə deyil, ümumiyyətlə sənayemizin inkişafına böyük təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə