Osmanlı dövlətinin süqutundan sonra Ərəb dünyası ilə Türkiyə arasında siyasi-iqtisadi əlaqələr zəiflədi. Belə ki, bir neçə əsr Osmanlı dövlətinin himayəsi altında olan ərəblər milliyyətçilik hisləri ilə 19-cu əsrin axırlarından etibarən Osmanlıya qarşı baş qaldırdı və nəticədə müstəqil ərəb dövlətləri yarandı.
Hal-hazırda, yəni son 8 ildə isə Ərəb dövlətləri ilə Türkiyə arasında ciddi siyasi-iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr müştərək tarixi dəyərlərə istinad edərək daha da inkişaf etməkdədir. Məhz son bir-neçə ildə "ərəb baharı" adlanan üsyanlarda Türkiyənin rolu daha da artır. Belə ki, Türkiyənin xarici siyasətində regionda güclü bir dövlət, yəni siyasi cəhətdən söz sahibi ola bilmək üçün ciddi addımlar atılır. Bu siyasi gücün təzahürünü ilkin olaraq İraqın Nato-Amerika hərbi qüvvələri tərəfindən işğal edilməsi prosesində görə bildik. Amerikanın tələbi ilə Türkiyə sərhədlərindən qoşunların keçməsi üçün 2003-cü ildə Türkiyə Böyük Millət Məclisində sənədin radifikasiyası millət vəkilləri tərəfindən qəbul olunmadı. Buna görə də qoşunlar İraqa Türkiyə sərhədlərindən deyil, digər istiqamətdən daxil oldu.
Digər tərəfdən Fələstin probleminə Türkiyənin hər zaman güclü dəstək verməsi və Baş nazir R.T.Ərdoğanın "Fələstinin acısı bizim acımızıdr" deməsi Türkiyə və AKP hökümətinin nüfuzunun ərəb dünyasında güclənməsinə səbəb oldu. 2011-ci ildə Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail əsgərlərinin hücum edib 9 şəxsi öldürmələri də İsrail-Türkiyə əlaqələrinə ciddi mənada zərər verərək Türkiyənin siyasi gücünü ərəb dünyasında daha da artırdı. Məhz Türkiyənin dünya miqyasında güclü bir siyasi nüfuza malik olma istəyinin siyasi-strateji təhlili hal-hazırda Türkiyə xarici işlər naziri olan Prof. Əhməd Davudoğlunun "Strateji Dərinlik " adlı kitabında öz əksini təfərrüatlı bir şəkildə tapmışdır.
Ərəb üsyanları və ya baharı adlanan prosesdə Türkiyə öz bəyanatları ilə aktiv rol almağa, Yəmən, Tunis, Misir, Livan və Suriya müxalifətçilərini siyasi cəhətdən dəstəkləməyə davam edir. Məhz Türkiyə Misirdə "ət-Təhrir" meydanında başlayan üsyanlara dəstək verərək Hüsnü Mübarəkə daha çox ölümlərin qarşısını almaq üçün hakimiyyətdən getməsi istiqamətində xəbərdarlıqlar etdi. Hüsnü Mübarək hakimiyyətdən getdikdən sonra Misirə ilk səyahət edənlərdən biri də Baş nazir Erdoğan oldu. O burada Misirin demokratik hüquqa malik bir dövlət strukturunu təşkil etməsinin vacibliyini vurğulayaraq "Müsəlman Qardaşları" tərəfindən qəbul edilməyən bir bəyanatla çıxış etdi. O, Misirin dünyəvi dövlət olmasını istəyərək dünyəviliyin çox böyük imkanlara malik olduğunu və bunu qəbul etmələrini tövsiyyə etdi.
Liviyada cərəyan edən hadisələrdə isə Türkiyə-Liviya əlaqələri özünəməxsusluğu ilə seçildi. Belə ki, üsyanların başlaması ilə Liviyada olan Türkiyəli inşaatçılar və işləyən vətəndaşlar təhlükə altına girdilər. Məhz Türkiyəni səyi ilə heç bir təhlükə olmadan vətəndaşlar Liviyadan dəniz və təyyarə yolu ilə vətənlərinə gətirildi. Həm xarici işlər naziri, həm də Baş nazir dəfələrlə Liviya lideri Qəddafiyə üz tutaraq ölkədə demokratiyanın qurulması, seçkilərin keçirilməsi istiqamətində addımlar atmasını tələb etdilər. Ancaq Türkiyənin bu haqlı tələbləri nəticə vermədi və Qəddafi hakimiyyətdən qanlı şəkildə getdi.
Suriyaya gəldikdə isə hal hazırdakı AKP höküməti bir il bundan əvvələ qədər Suriya höküməti ilə möhkəm dostluq və strateji əməkdaşlıq proqramı çərçivəsində güclü əlaqələrə malik idi. Hətta xarici işlər naziri Ə. Davudoğlunun "qonşularla sıfır problemi" siyasi strategiyası kontekstində də Suriya ilə Türkiyə arasında viza qaldırılmışdı. Ancaq son zamanlarda Suriyada baş verən hadisələr Türkiyə-Suriya əlaqələrinə ciddi zərbələr vurdu. Belə ki, Suriya başçısı Bəşər Əsədin inadkar siyasəti nəticəsində minlərlə suriyalı öldürülür və demokratik hüquqlar tapdalanır. Türkiyə bu hadisələrə mənfi reaksiya verdi və hətta bir neçə ay bundan əvvəl xarici işlər naziri Ə.Davudoğlunun ziyarəti əsnasında müxalifət ilə hakimiyyət arasında dialoqun başladılması məsələsi üzərində durulsa da, Bəşər Əsəddən bu məsələyə dair ciddi cəhd görülmədi. Nəticədə Ərəb Liqasının və dünya dövlətlərinin dəfələrlə Bəşər Əsədə ölkədə demokratik seçkilərin keçirilməsi və üsyanların silahla susdurulmaması istiqamətindəki çağırışları öz əksini tapmamaqda davam edir. Hal-hazırda Ərəb Liqası dövlətləri Suriyanın üzvlükdən çıxarmış və ona qarşı sanksiyalara başlamışdır. Türkiyə də öz növbəsində bu həftə başında xarici işlər nazirinin açıqlaması ilə Suriyaya qarşı doqquz maddəlik sanksiyaya başladığını açıqladı.
Ancaq son günlərdə baş verən hadisələr, yəni Türkiyə və Suriya arasında ziddiyyətli hala gələn əlaqələr regionda çox təhlükəli nəticələr yaranacağını xəbər verir. Belə ki, PKK terrorçuları Suriyada da çoxluq təşkil edir və hər zaman Suriya höküməti bu terrorçulardan Türkiyəyə qarşı istifadə edə bilər. Bu mənada regionda atılan ciddi siyasi səhvlər Türkiyə ilə Suriyanın qarşı qarşıya gətirə bilər. Məhz Suriyanın əlində Rusiyadan aldığı uzaq mənzilli raketlər vardır və məlumatlara görə, Suriya artıq bunları Türkiyə ilə olan sərhədə yerləşdirib. Nəticədə isə Türkiyəyə zərər vermə düşüncəsi NATO-nun Suriyaya müdaxilə etməsinə gətirib çıxaracaqdır.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Türkiyənin Ərəb Liqası ilə də əlaqələri çox müsbətdir. Ərəb Liqası Orta Şərqdəki problemləri Türkiyə ilə məsləhətləşərək və onun da tövsiyyələrini alaraq həll etməyə çalışır. Bu yaxınlarda məhz Ərəb Liqası ilə Türkiyə arasında müştərək konfrans təşkil olundu və xarici işlər naziri Ə.Davudoğlu bu addımın siyasi olaraq əhəmiyyətli olduğunu vurğuladı.
Digər tərəfdən İslam Ölkələri Konfransı Təşkilatının direktoru Prof. Əkmələddin İhsanoğlu və İslam Konfransı Təşkilatı Parlamentlər Assembleyası sədri Prof. Mahmud Erol Kılıçın da bu vəzifələrdə yer alması Türkiyənin ümumiyyətlə, İslam ölkələri, xüsusilə ərəb ölkələri arasında nüfuzunun artdığını göstərir. Ümumiyyətlə, Türkiyə Ərəb dövlətləri baxımından modern, insan hüquqlarını qoruyub inkişaf etdirən və demokratik dəyərlərin cəmiyyət içərisində kök salmasına səy edən bir dövlətdir. Məhz bunlara istinad edərək Türkiyə xarici siyasətində bu xətti əsas alaraq illərdi öz xalqlarını diktatorluq rejimi ilə idarə edən Ərəb dövlətlərinə artıq dünyanın dəyişdiyini və demokratik dəyərlərə malik dövlətlərin qurulmasını təlqin edir. Bu məhz Türkiyəni həm Avropa birliyinə və mədəniyyətinə inteqrasiya olması baxımından həm də Ərəb dövlətləri baxımından model olması baxımından əhəmiyyətlidir. Bu kontekstdə qeyd etməliyəm ki Türkiyənin nüfuzu gündən-günə ərəb dövlətləri arasında artır.
Rəşad İlyasov,
Fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB