Avropa İnsan Haqları Məhkəməsi qaçqın və məcburi köçkünlərin şikayətinə ikili standartlardan yanaşır - FAKT
1988-ci ilin fevralında Ermənistan SSR Ali Soveti "Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında" hüquqa zidd qərar qəbul etdikdən sonra, erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və ətraf yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl işğal edilib, 10 minlərlə insan kütləvi qırğınların qurbanı olub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, minlərlə soydaşımız, o cümlədən, hərbi qulluqçular, uşaqlar, qadınlar, qocalar əsir və girov götürülüb, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. Beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının ərazi bütövlüyü, qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnamə, AŞ PA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamələrini qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir, hökumətin səylərinə baxmayaraq bu sahədə problemlər qalmaqdadır. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində məcburi köçkün düşmüş bir milyondan artıq vətəndaşın hüquqları kütləvi şəkildə pozulub. Müharibə ölkə iqtisadiyyatına milyard manatlarla hesablanan dəhşətli bir zərbə vurub, 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsi,1000 iqtisadi obyekt dağıdılıb.
Xalqımıza vurulan maddi və mənəvi ziyan ödənilməlidir
Məlum olduğu kimi, beynəlxalq qurumlar tərəfindən insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi üçün vahid standartların hazırlanmasından ötrü bir çox illər sərf edilib. Bu prosesdə qarşıya qoyulan əsas vəzifə insan hüquq və azadlıqlarının yerinə yetirilməsi üzərində beynəlxalq öhdəliklərin təkmil institutunun hazırlanması olub ki, bunun da bariz nümunəsi 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasıdır. Bu Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2001-ci ilin dekabrın 25-də təsdiq edilib və sənəddə müəyyən olunmuş prosedurlara müvafiq olaraq 2002-ci ilin aprelin 15-də ölkəmizə münasibətdə qüvvəyə minib. Nəzərə almaq lazımdır ki, məcburi köçkün həmvətənlərimizin ərizəçi qismində pozulmuş hüquqlarının bərpası ilə bağlı Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsinə çəkməsi üçün hüquqi əsas verən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası ilə təsbit edilən bir sıra norma mövcuddur. Avropa Konvensiyasında Ermənistan tərəfindən işğal nəticəsində Dağlıq Qarabağ və ona yaxın ərazilərdə yaşamış soydaşlarımızın itirdikləri mülkiyyət hüququnun tanınmasını və buna görə də işğalçı dövlətdən müvafiq pul təzminatının alınmasını tənzimləyə biləcək bir sıra normalar əks olunub.
Müvafiq qurumlar nə deyir?
Qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququ ilə bağlı Respublika Prokurorluğunun hüquqi təminat şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Rəşad Qasımovun fikrincə, qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət etmələrində kifayət qədər əsaslar mövcuddur. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi mülkiyyət hüququnun davam edən pozuntusu konsepsiyasının mövcudluğunu təsdiq edir: "Bu prinsip Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını Azərbaycan Respublikası tərəfindən tanındığı tarixdən öncə baş vermiş mülkiyyət hüququnun pozuntularına da şamil edilir (Təbii ki, pozuntular hələ də davam edərsə-R.R.). Göründüyü kimi, beynəlxalq hüquqla təsbit edilmiş belə humanist bir mövqe məcburi köçkünlərimizin hələ 1994-cü ilə qədər itirdikləri mülkiyyətləri ilə əlaqədar hazırkı vaxtda Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistan dövləti tərəfindən bu hüququn pozulması iddiası ilə bağlı müraciətə əsas verir".
Qeyd edək ki, hazırda Ermənistandan məcburi köçürülmüş azərbaycanlıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsi üçün Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutuna 200-dən artıq müraciət ünvanlanb. Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfərin məlum "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmənin ilkin qərarının isə ilin sonuna kimi məlum olacağı bildirilir. Hazırda Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı daha 600 işin olduğu və bu şikayətlərin sayının gündən-günə artdığı bildirilir. Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə iclası yekunlaşıb. İndi məhkəmə öz mövqeyini bildirməlidir. Xatırladaq ki, şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. AŞ PA qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta keçirdiyi mətbuat konfransında "Çıraqov və başqaları Ermənistana qarşı" işinə dair sualı da cavablandırmışdı. O, 2010-cu ilin 15 sentyabrında məhkəmədə simmetrik xarakter daşıyan iki şikayətlə bağlı dinləmələrin keçirildiyini bildirmişdi: "Bilirsiniz, həmişə münaqişələrin acı nəticələrini mülki, sadə insanlar çəkir. Ötən əsrin 90-cı illərində başlayan münaqişələrin bəziləri "dondurulmuş" və ya "soyuqlaşdırılmış" vəziyyətdə qalır. Sözügedən şikayətlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsi bir neçə aydan sonra çox güman ki, bu ilin yayına qədər qərar verəcək. Tarixlə bağlı öhdəlik götürmək istəmirəm".
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda səfərdə olarkən, məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub. O, Azərbaycanın məcburi köçkünlərin layiqli həyatının təmini üçün çox səy göstərdiyini vurğulayıb. Həqiqətən də ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə xeyli iş görülüb və bu davam edir. Amma BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. BMT, ATƏT və digərləri kimi Avropa İnsan Haqları Məhkəməsi də qaçqın və məcburi köçkünlərin iddiasına ikili standartlardan yanaşır, laçınlı məcburi köçkünlərdən onlara daxil olan şikayətlərin dövlətlərarası şikayətlərə oxşadığını bildirərək qərar verməkdə çətinlik çəkirlər. Baxmayaraq ki, məhkəmənin praktikasında oxşar iddialar və çıxarılan qərarlar kifayət qədər çox olmasına rəğmən, yerindəcə həll edilib. Ümid etmək olar ki, sözügedən iddiaya da ədalətli mövqe sərgilənəcək və soydaşlarımızın şikayətləri təmin olunacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB