İran silahlı qüvvələrinin baş qərargah rəisi, general Seyidhəsən Firuzabadi Azərbaycanı antiislam siyasəti aparmaqda suçladı. Əslində xəbər ötən həftə deyilsə də öz effektliyini itirməyib. Çünki bu rəsmi Tehranın Azərbaycanın ünvanına səsləndirdiyi ilk yersiz və iftira dolu bəyanat deyil. İslamçılıq ideyalarını öz konsitutsiyasına köçürən və reallıqda Quranda yazılanları şəxsi maraqları xətrinə istifadə edən İran rəsmilərini narahat edən nədir?
Xatırlatma
Bəyanatın arxasınca Azərbaycan cəmiyyəti, eyni zamanda rəsmi Bakı Firuzabadinin ünvanına kəskin etiraz bildirdilər. Öncə Azərbaycan İrana nota verdi. Belə ki, Xarici İşlər Nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində qısa müddətdə müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə aydınlıq gətirilməsini tələb etdi.
Ardınca İranın Bakıdakı səfirliyi: "İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin Azərbaycanla bağlı hər hansı fikir söylədiyini təkzib edir. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə etiraz notasından sonra məlumat yayıb ki, sözü gedən çıxışın Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər KİV-nin anlaşılmazlığının nəticəsidir", - deyə bildirib. Daha sonra İranın xarici işlər naziri Əli Əkbər Salehi İran Ordusunun Baş Qərargah rəisi Həsən Firuzabadinin adından yayılan fikirlərin həqiqətə uyğun olmadığını bəyan edib. O, bildirib ki, kütləvi informasiya vasitələrində yer alan xəbərlər əsassızdır və onları yayanlar digər məqsədlər güdürlər.
Söz ağızdan çıxır
Bütün bunlara baxmayaraq söz ağızdan çıxıb. Hər bir şəxs dediyi sözün arxasında durmalıdır. Çünki istənilən şəxs dediyi sözünün arxasından qaçırsa, bu, həmin adamın sözünün çəkisinin tərəzidə görünməyəcəyinə dəlalət edir. İstər o general olsun, istər sıravi. Məsələn götürək qardaş ölkə olan Türkiyəni. Qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrənin Davos qəsəbəsində hər il keçirilən ənənəvi Dünya İqtisadi Forumuna qatılmayacağını bəyan etdi. R.T.Ərdoğan yerli media mənsublarına açıqlamasında "söz ağızdan bir dəfə çıxar. Mən bir daha oraya getməyəcəyəm", - deyib. Yəni "söz üstündə durmaq" söz sahibinin çəkisini ortaya qoyur. Və ya kiminsə sözünün dolayı yolla başqasının dili ilə izhar etmək də düz deyil. Deməli sən vasitə kimi istifadə edilən bir şəxsən.
Və ya bu günün xəbəri. PKK liderlərindən biri olan Murat Karayılanın İran tərəfindən həbsini ötən gün təsdiqləyən İran parlamentinin Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik Komissiyasının rəhbəri Əlaəddin Burucerdi İHA-ya xüsusi açıqlamasında bu məlumatı verdiyini təkzib edib. Əlaəddin Burucerdi Murat Karayılanın tutulduğunu söyləmədiyini, tutulması lazım gəldiyini dediyini vurğulayıb: "Karayılan həbs olundu demədim, həbs olunması gərəkdiyini söylədim",- deyə Əlaəddin Burucerdi bildirib. Uzun sözün qısası. Bu keyfiyyətlər söz deyən şəxsin dil sahibi olmasının bir başa göstəricisidir.
Məqsəd
Son verilən bəyanat ötən ilin sonundan İran dövlətinin qəbul etdiyi və hazırda da yürütdüyü siyasətin bariz nümunəsidir. Əslində bu ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin xaricə sızmaması üçün atılan bir addım olması heç bir şübhə doğurmur. Bunu rəsmi Tehranın açıq və gizli şəkildə Azərbaycana qarşı yürütdüü siyasət Azərbaycan-İran münsibətlərində gərginlik həddinə çatdırmaqla edir. Şübhəsiz, daha çox ictimai zəmində özünü göstərən vəziyyət sonda rəsmilər səviyyəsində siyasi narazılığa gətirib çıxara bilər. Xeyli müddətdən bəri davam etməkdə olan gərginlik hələ də ortadan qaldırılmadığı üçün mövcud durumun kəskinləşmə ehtimalı böyükdür. Qonşu və müsəlman dövlətin ünvanına aqressiv bəyanat molla rejiminin daxilində hələ də çaxnaşmanın kritik həddə çatdığını və vəziyyətin İranın zəifləməsini səbirsizliklə gözləyən müəyyən qüvvələrin fikrini yayındırmaqdan başqa bir şey deyil
Həmçinin rəsmi Tehran Azərbaycanda baş verə biləcək hər hansı bir neqativ haldan şəxsi məqsədləri üçün, xüsusən də sütunu olmayan molla rejiminin dağılmaq üzrə olan ilkin daş-qalaqlarını gizlətmək və diqqəti kənara çəkmək üçün istifadə etmək niyyətindədir. Üstəlik də İran daim dini məsələlərlə bağlı Azərbaycanda "dini təşkilatları", dindarları hərəkətə keçirməklə vəziyyəti gərginləşdirməyə çalışır. Bir çox hallarda hətta kobud şəkildə Azərbaycanda gedən proseslərə müdaxilə etməklə. Bütün görülən işlər isə heç bir bəhrəsini vermir. Eyni zamanda bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan xalqı rəsmi Tehranın bütün region üzrə hansı oyun oynamasından xəbərdardır.
Eyni zamanda Azərbaycanın yürütdüyü siyasətlə İranın siyasəti daim ziddiyyət təşkil edir. Çünki, Azərbaycan İranın apardığı siyasətdən həmişə narazı olub. Belə ki, 20 il ərzində ərazilərimizi işğal edən Ermənistana davamlı olaraq olduqca aktiv yardım göstərib. İrəvanın iqtisadi, enerji problemlərini həll etməklə onu təcrid olmaqdan xilas edib. Azərbaycan və İran qonşu, müsəlman ölkələri olmalarına rəğmən Tehran Dağlıq Qarabağ məsələsində obyektiv rol oynamayıb. Bununla da Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin haqlı narazılığına səbəb olub.
İranda yaşayan milli azlıqlar
Son 1 ildə İranda insan haqları sahəsində vəziyyət daha da pisləşib. Artan beynəlxalq təzyiqlər qarşısında İran hakimiyyəti xalqa təzyiqləri daha da artırır. Bu müddətdə qadınlara qarşı ayrı-seçkiliyin artması, milli haqları uğrunda mübarizə aparanların həbsi, hüquq müdafiəçilərinə qarşı təzyiqlər çoxalıb. Çox sayda siyasi fəala şallaq vurulub, internet klubları, tələbə dərgiləri bağlanıb, erməniləri çıxmaq şərti ilə dini azlıqlar təhdidlərə məruz qalaraq təhlükəsizlik qüvvələrinin hədəfinə tuş gəlib. Hüquq müdafiəçisi Şirin İbadi isə Beynəlxalq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə gunahlandıraraq İranda gündən-günə artan insan haqları pozuntularının qarşısını almaq üçün yeni metod axtarmağa çağırıb. O, qeyd edib ki, Ermənilərdən başqa dini azlıqlar təhlükəsizlik qüvvələrinin hədəfindədir
Dini durum
İrandakı mövcud siyasi islam ideologiyası böhran içərisindədır. Məhəmməd Xatəminin prezidentliyi illərində ölkənin ali rəhbəri ayətulla Xamneyi \"İranın birlik amilinin islam dini\" olduğunu söyləmişdi. Onun çıxışından bir gün sonra o vaxtkı prezident Məhəmməd Xatəmi ali rəhbərinə cavab verirmiş kimi, \"İranın milli birlik amili fars dili və mədəniyyətidir\" demişdi. Hazırda isə dəyişən heç bir şey yoxdur.
Ən azında mövcud durumu yenidən sübut etmək üçün bir müddət öncə Mahmud Əhmədinejadın İranın \"Amerika, İsrail\" kimi başqa \"düşmənləri qarşısında arəşlərin, rüstəmlərin, isfəndiyarların duracağını\" söyləməsı yetərdi.
Belə ki, \"İran təlimi\" anlayışı altında müşavir İsfəndiyar Rəhim-Məşşai əslində \"İran mərkəzli fars düşüncə sistemini\" nəzərdə tutur. Firdovsidən gələn bu ideologiyanı müşavir \"yeni ideya\" adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayıb. Müşavir təbliğat zamanı fars şovinisti Firdovsinin uydurma qəhrəmanlarının adlarını çəkərək, \"bu gün iranlıların hamısı \"Arəş\", \"Rüstəm\", \"İsfəndiyar\"dır - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB