Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
SİA-nın məlumatına görə, partlayıcı qurğu quraşdırılmış \"itəbənzər\" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblərmiş.
Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində 2 azyaşlı uşaq həlak olmuş, 1-i isə yaralanmışdı.
Ümumiyyətlə ermənilərin uşaq qatilliyinin tarixi çox qədimlərə gedib çıxır. Ötən əsrlərdə ermənilər tərəfindən öldürülən uşaqların sayı 100 mindən az olmaz. Ötən əsrin sonlarında bu proses daha böyük vüsət alıb.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 soydaşımız qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. Aparılan araşdırmalar göstərdi ki, bu rəqəm daha böyükdür. Elə kənd var ki, qətlə yetirilən uşaqların sayı 23-dən yuxarıdır. Sadəcə olaraq daşnakları üstümüzə qızışdıranların bu etirafı da diqqət çəkməlidir.
1988-ci ildə şovinistlərin yaratdığı qara tufan nəticəsində soydaşlarımızın Ermənistan adlanan, amma əslində türklərin dədə-baba yurdu olan yerlərindən sürətlə, vəhşiliklə qovulması həyata keçirildi. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü. Körpələr qurd-quşa yem oldu.
Bu, azmış kimi, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi.
70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Elə bölgələrimiz, kəndlərimiz var ki, orada ilk şəhidlərimiz məhz körpələr olub. Jurnalist həmkarımız M.Nərimanoğlunun \"Dağların sinədağı\" adlı kitabında oxuyuruq: \"Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü\". Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, hansı \"harsını\"na güllə atmışdılar?
Ağır döyüşlərdə, yerdən, göydən atılan atəşlərdən həlak olanlar arasında təsadüfən uşaqların olması mümkündür. Amma 1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicatın ermənilər tərəfindən güllələnməsi hansı insanlığa sığır? 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğublar.
Cari ilin martında cəbhə xəttində erməni əsgərlərin açdığı atəş 9 yaşlı azərbaycanlı uşağın həyatına son qoymuşdu. Erməni snayperçilərinin açdığı atəş nəticəsində həyatını itirən 9 yaşlı Ağdam rayon sakini Fariz Bədəlovun ölümü çoxlarını təəssüflərdirməklə yanaşı, ermənilərin iç üzünü bir daha dünyaya nümayiş etdirdi.
Təəssüflər olsun ki, Azərbaycan xalqı öz yaxın tarixində erməni tərəfin bu tip insanlıq əleyhinə cinayətlərini onlarla körpələrin qətlə yetirildiyi Xocalı faciəsi zamanı yaşamaq məcburiyyətində qalıb. Bu kimi əməlləri çox sadalamaq olar. Lakin dünya birliyi erməni terroruinu sanki görmür.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda keçirdikləri görüşdən cəmi bir neçə gün sonra erməni tərəfin belə vəhşi aksiyanı həyata keçirməsi əslində onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son 23 ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırım siyasətinin ən bariz nümunəsidir.
Bu hadisə erməni silahlı ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi. Separatçı ölkəni müdafiə edənlər bir daha şahidi oldular ki, Ermənistan hakimiyyəti vəhşiliklərdən əl çəkməyərək, hətta uşaqlara belə qıyırlar.
13 yaşlı uşağın qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir. Azərbaycan ictimaiyyəti erməni tərəfin belə qanlı əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünə və uşaq qatillərinə \"dur\" deməyə çağırıır.
Bütün xəbərlər Facebook səhifəmizdə