İran İslam Respublikasınn Yaxın Şərqdə baş verənlərə göstərdiyi münasibətin görünməyən tərəfləri get-gedə açılmaqdadır. Açığı, bölgədə yer alan dövlətlər İran hakimiyyətinin yürütdüyü siyasətin mahiyyəti barədə çoxdan xəbərdar idi. Lakin zaman-zaman İranın mövcud hakimiyyətinin təcavüzkar, diktator rejimlərinə aşkar dəstək siyasəti, beynəlxalq birliyi bu dövlətlə ehtiyatlı olmağa sövq edirdi. Amma bir sıra ərəb ölkələrində başlanmış və davamlı xarakter almış iğtişaşlar, inqilablar vəziyyəti bir qədər dəyişməyə məhkum edib. Dünya birliyi, beynəlxalq aləm və qonşu dövlətlər İrana qarşı münasibəti konkretləşdirmək qərarına gəliblər və qarşıda da müəyyən addımların atılacağı artıq qaçılmaz hal almaqdadır. Beləki, İran dövləti ərəb ölkələrində baş vermiş inqilablara mane olmaq niyyətini güdür. Artıq bir neçə aydır ki, Suriyada inqilab prosesi gedir. Suriya xalqı Bəşər Əsəd iqtidarının hakimiyyətdə qalmasını arzulamır və insan itgiləri bahasına baxmayaraq, rejimə qarşı mətin mübarizə aparır. Məlum olduğu kimi, Suriyada kütləvi aksiyalar səngimir, əksinə daha da kütləviləşir. Əsəd hakimiyyətinin bütün fırıldaqları, əldəqayırma müxalifətlə danışıqlar şousu, digər imitasiya xarakterli siyasəti nəticəsiz qalır. Xalq isə öz tələbini və mövqeyini birmənalı olaraq qətiləşdirirb: Bəşər Əsəd hakimiyyətdən getməlidir. Əsəd rejimi beynəlxalq aləmdəki bütün müttəfiqlərini itirib. Suriya prezidentini dəstəkləyən yeganə dövlət isə İran İslam Respublikasıdır. Məsələ ondadır ki, İran hakimiyyəti qonşu Suriyada vəziyyətin normallaşmasına hər vəchlə mane olmağa səy göstərir, iqtidara dəstək nümayiş etdirərək, ölkədə başlamış demokratikləşmə prosesinə müxtəlif əngəllər törədir. Bütün bunların əsnasında qeyd etmək mümkündür ki, İran hakimiyyəti ərəb ölkələrindəki inqilabların İslam Respublikasına da da təsirsiz ötüşməyəcəyini çox gözəl analayır. İrana qonşu olan Suriyada vəziyyətin gərgin qalması isə ilkin olaraq, Türkiyə üçün ciddi təhlükə mənbəyidir. Artıq Suriya hadisələri nəticəsində yaranan qaçqınlar ordusunun Türkiyə üçün humanitar fəlakət yarada bilməyəcəyinə heç kim zəmanət verə bilməz. Türkiyə Respublikası isə cərəyan edən problemlərin tez bir zamanda həll olunmasını istəyir. Lakin rəsmi Tehranın belə desək, təxribatçı fəalliyyəti sülh prosesinin baş tutmasına ciddi maneçilik törədir. Rəsmi Ankara isə təbii ki, İranın hakimiyyətinin təxribatlrına heç də dözmək firində deyil. Bu Tehran səfərində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun səsləndirdiyi bəyanatdan da görünür. Xatırladaq ki, Türkiyə xarici İşlər naziri Tehran səfərində prezident Mahmud Əhmədinejad ilə danışıqlar aparıb. Sözügedən görüşdə ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Davudoğlu öz çıxışında Suriyada baş verən hadisələri yanğına bənzədərək deyib ki, hansısa evdə yanğın baş verərsə, kimsə yanğının təkcə o evdə qalacağını fikirləşməməlidir: "Qeyri-sabitliyi dəstəkləsəniz, bunun cavabını verməli olacaqsınız".
Türkiyəli nazir ərəb dünyasını əhatəyə alan üsyan və inqilablar dalğasına da toxunaraq qeyd edib ki, etirazların keçirildiyi ölkələrdəki mövcud rejimləri hazırda üç yerə ayırıb: "Bunlardan birincisi, rejimin dəyişməsi istəklərini nəzərə almayanlar, ikincisi, dəyişiklikləri başqa istiqamətə yönəltməyə çalışanlar və nəhayət, xalqın dəyişiklik istəklərinə müsbət cavab verənlər."
Əhməd Davudoğlu ikinci sırada yer almış ölkələr haqqında deyib ki, bu axın onları da apara bilər. Türkiyə XİN başçısı Suriyadakı gərginliyin artırılmasına, etirazçılara qarşı zorakılıq göstərməkdə Bəşər Əsəd rejiminə dəstəkdə ittiham olunan İranın ünvanına üstüörtülü xəbərdarlıq ünvanlayıb:"Əsla bölgədə aranı qarışdırmayın".
Davudoğlunun məlum bəyanatı Suriya problemi ilə yanaşı daxili problemləri də özündə ehtiva edir. Belə də qəbul edilə bilər ki, Türkiyəli nazir İranın PKK məsələsini qarışdırdığını nəzərdə tutur.
Məsələni araşdırsaq, belə qənaətə gəlmək mümkündür ki, Türkiyəli diplomatın İrana qarşı səsləndirdiyi hədə tipli bəyanatı qarşı tərəfdən yetərincə ciddiyə alınmalıdır. Həqiqətən də İran hakimiyyəti bu çərçivədə oyun oynasa zərəri qazancından daha çox ola bilər. Əgər qardaş Türkiyə Respublikası təkcə qonşu İranda 35 milyon Azərbaycan türkünün məsələsini qabartsa, həmin dövlətdə vəziyyət həddini aşa bilər. Onu da qeyd etmək mümkündür ki, Türkiyədə əsasən kürd mənşəli olan PKK-lıların hərəkətləri separatçılıq kimi dəyərləndirilir. İranda yaşayan soydaşlarımız isə milli kimlik mübarizəsi aparırlar. Eyni zmanada, qardaş Türkiyə bu hərəkata nəinki dəstək verib, 35 milyon Azərbaycan türkü faktorunu bir növ görməzdən gəlib. Və əgər Türkiyə kimi böyük dövlət bu faktoru qabartsa, İranda başlanacaq inqilabı kimsə söndürə bilmək iqtidarında olmayacaq. Məhz bu amillərin gerçəkləşməsi baxımından İran hakimiyyəti mövcud Suriya siyasətini köklü şəkildə dəyişməyə məcbur qalacaq. Yəni Bəşər Əsəd rejiminin qanlı, anti-demokratik və antixalq siyasətinə dəstək verməkdən imtina edəcək.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB